ŞEİR OLMUŞ ŞƏKİLLƏR (Zaur Ustacın “Şeir şəkillər”i haqqında düşüncələr) Ədəbiyyatın ən möcüzəli cəhətlərindən biri odur ki, sözlər bəzən bir fotoaparatın (şəkilçəkənin) çəkdiyi kadrlardan daha aydın, daha təsirli təsvirlər yarada bilir. Şairlər bəzən bir şeir vasitəsilə elə canlı mənzərələr qururlar ki, insan özünü həmin o məkanda, həmin o anın içində hiss edir. Zaur Ustacın “Şeir şəkillər” adlandırdığı bu kiçik həcmli şeirlər toplusunda onun müxtəlif vaxtlarda kitabda da təqdim olunmuş dörd fotodan ilhamlanaraq yazdığı dörd şeir yer alıb (dörd foto – dörd şeir):
-“Qucağını geniş aç”,
-“Dünya bir pəncərədir”,
-“Can ay ana”,
– “Bu axşam”.
Onu mütləq qeyd etməliyəm ki, şeirlərlərin bəzilərilə əvvəlcədən tanış idim. Hətta ikisi haqqında ətraflı məqalə də yazmışam. Kitab Azərbaycan Milli Qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Pəncəli Teymurovun səmada çəkilmiş fotoşəkili və Zaur Ustacın bu fotodan təsirlənib qələmə aldığı “Qucağını geniş aç” şeirilə başlayır. Sonra digər şəkillər və şeirlər gəlir. Kitabın adından da məlum olduğu kimi Zaur Ustac bu dörd şeiri məlum dörd fotodan ilhamlanaraq qələmə alıb. Birinci üç şeir (“Qucağını geniş aç”, “Dünya bir pəncərədir”, “Can ay ana”) hərbçi həyatının bütün məqamlarına toxunur desək, yanılmarıq. Azərbaycan Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın sadəcə bir kadrda donub qalan baxışını Zaur Ustac çox təsirli təsvir edib. Bu şeirdə o, təkcə hərbçinin həyatını deyil, ona həyat verən, Vətən üçün igid-ər oğul böyüdən ananın mükəmməl obrazını yaradır: Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… Bu üç şeirdə elə məqamlar var ki, həmin ştrixləri ancaq hərbçi həyatına dərindən bələd olan qələm sahibləri edə bilər. Bu işdə şübhəsiz ki, Zaur Ustacın köməyinə peşəkar hərbçi olması gəlib. Mənə ən maraqlı gələn “Bu axşam” şeiri və bu şeirin ilham qaynağı olan foto oldu. “Bu axşam” şeiri duyğuların rənglərlə, əşyaların isə hisslərlə danışdığı bir şeirdir. Şeir boyu bircə cümləlik motiv var: “Bu axşam yenə də gəlmədin, gülüm…” Amma bu motiv adi bir giley və ya sevgi yanğısı deyil. Bu ifadə əslində şair-fotoqrafın “mənzərə dəyişən” düyməsi rolunu oynayır. Hər dəfə təkrarlananda şair başqa bir mənzərəni, başqa bir detala hopmuş kədəri işıqlandırır. Sanki otaqda sakitcə gəzir və hər əşyanın ruhuna toxunur. Üstündə sarı qələm, ağ kağız, öləziyən şam, pəncərə önündə soyuyan çay… Bir masa bu qədər danışa bilərmi? Bu əşyalar həmişə, hər yerdə gözümüzün önündə olsalar da şairin dilində canlı obrazlara çevrilirlər. Hətta sarı yarpaqlar belə kədəri duyub xiffət çəkir. Pəncərə şüşəsinin “ağlamağı”, şalın “üşüməsi”… Bunlar əşyalaşmış hiss deyil, hissləşmiş əşyadır. Bu, Zaur Ustac poeziyasının özünəməxsusluğudur. Şeir göstərir ki, evin içində heç nə susmur. Gözləyən insanın tənhalığı gəlməyən insanın həsrətinə qarışır və yalnız şairin qəlbini deyil, bütün məkanı bürüyür. Ocaq üşüyür, odun ağlayır, yorğan büzüşür, külqabı qəmgin dayanır. Bu görüntülər sadəcə təsvir deyil – bunlar fotoya (rəsmə, şəkilə, tabloya) çevrilmiş duyğulardır. Sanki otaqda görünməyən fotoqraf gəzir və hər detalın şəkilini çəkir. Bu fotoqraf – şairin öz qəlbidir. Şeirin ikinci hissəsində məişət əşyaları bir-bir insan xarakteri qazanır, sanki səhnə rekvizitinə çevrilir. Mütəkkənin bir qol, masadakı külqabının və rəqqasın bir toxunuş üçün darıxmağı şairin uğurlu tapıntısıdır. Burada şairin incə poetik müşahidəsi baş qaldırır. Sevgi yalnız sevənlərin iç dünyasını deyil, ətrafındakı məkanı da dəyişə bilir. Gəlməyən insanın yoxluğu (həsrəti, intizar) yalnız insanın ruhunda, əhval-ruhiyyəsində deyil, ətrafda (əşyalarda) da duyulur. “Bu axşam” şeiri sanki fotoalbomdur. Amma albomun səhifələri kağız deyil, xatirələrdir. Şəkilləri kamera yox, hisslər çəkir. Buna görə də Zaur Ustacın poetik dilində adi əşyalar belə ruhlanır, nəfəs alır, danışır. Bu şeirdə hadisə çox sadədir – birinin gəlməməsi. Amma poetik baxış bu sadəliyi obrazlarla genişləndirib böyük bir dünyaya çevirir. Hər misra yeni şəkildir, hər təsvir yeni kadrdır, hər epitet yeni rəngdir. Zaur Ustac bu şeirdə oxucuya göstərir ki, bəzən insanın içindəki boşluq ətrafdakı hər şeyi kölgələyir, bəzən bir insanın yoxluğu otağın ən kiçik detalına qədər hiss olunur. “Bu axşam” sadəcə kədər şeiri deyil. Bu, incə müşahidə qabiliyyətnin, detalların poetik dildə canlanmasının bariz nümunəsidir. Beləcə, şeir bütöv bir fotoalboma çevrilir – şeir olmuş şəkillərə.
Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü
(“Qələmdar – 3 kitabına ön söz)
Azərbaycan ədəbi mühitində öz imzası və öz nəfəsi olan Zaur Ustac təkcə şair, yazıçı, nasir kimi deyil, həm də publisist kimi diqqəti cəlb edən qələm sahiblərindəndir. Onun publisistik məqalələri müasir dövrün ağrılarına, ictimai həyatın ritminə, milli kimlik və vətəndaşlıq duyğusuna xüsusi bir həssaslıqla toxunur. O, eyni zamanda klassiklərin və öz müasirlərinin yaradıcılıqları barədə də məqalələrlə tez-tez mətbuatda çıxış edir. Zaur Ustac yazının enerjisini yalnız poetik duyğulardan deyil, həyatın gerçək nəbzindən alır. Bu səbəbdən onun publisistik yazıları həm sənəd, həm düşüncə, həm də çağırış xarakteri daşıyır.
Zaur Ustacın məqalələrinin başlıca özəlliyi – həyatla birbaşa təmasdır. O, hadisələri uzaqdan müşahidə edən publisist deyil; əksinə, gördüyünü, yaşadığını, duyduğunu dərhal sözün içində əridir. Cəmiyyətin sosial problemlərindən tutmuş milli-mənəvi dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərindən tutmuş müasir insanın psixoloji durumuna qədər geniş bir sahəni əhatə edir. Onun məqalələrində oxucu daim “hərarət” hiss edir – sanki yazı bu gün yazılıb, bu gün yaşanır və bu gün də oxucuya təsir edir.
Zaur Ustacın publisistik üslubunun özünəməxsus tərəflərindən biri də dilinin aydınlığı və əlçatanlığıdır. O, mürəkkəb ictimai-siyasi məsələləri belə sadə və konkret şəkildə ifadə edir. Bəzi məqalələrində poeziya nəfəsi, digərlərində hekayə üslubu, üçüncüsündə isə sanki tribunadan səslənən nitq tərzi duyulur. Bu üslub müxtəlifliyi müəllifin həm sözə hakimliyindən, həm də oxucu ilə yaxın olmaq niyyətindən doğur.
Zaur Ustacın məqalələrində əsas xətt – milli mövqedir. O, Azərbaycan tarixinin ağır dönəmlərini, Qarabağ savaşının dərdlərini, şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin gücünü ardıcıl şəkildə qabardır. Yazılarında milli kimliyi yalnız bir anlayış kimi deyil, gündəlik həyatın formalaşdırıcı elementi kimi təqdim edir. Bu səbəbdən Zaur Ustac publisistikası həm maarifləndirici, həm ruhlandırıcı, həm də vətəndaş mövqeyi ortaya qoyan bir publisistikadır.
Zaur Ustacın 50-69-cu yazılarının toplandığı “Qələmdar – 3” (sizə bir sirr açım ki, müəllifin “Qələmdar -4” məqalələr toplusu da artıq çapa hazırdır) adlı kitabına ön söz kimi yazdığım bu yazımda adı çəkilən kitabda 51-ci yazı kimi yer almış İmadəddin Nəsimi haqqında olan yazısını və 69-cu yazı kimi yer alan gənc bəstəkar Vəfa Bağırzadə haqqında olan yazını qeyd etmək istəyirəm. Zaur Ustacın bu kitabda da hərb mövzulu yazılara aid bir yazısı yer alıb.
Məqalələrdə tez-tez müəllifin öz müşahidələri, şəxsi həyat təəssüratları yer alır. Amma Zaur Ustac bu müşahidələri yalnız şəxsi təcrübə kimi vermir – onları ümumi fikrə, geniş nəticələrə çevirir. Bir insanın yaşadığı bir məqamdan bütöv bir xalqın obrazını yaratmaq bacarığı Zaur Ustac publisistikasının əsas cazibə nöqtələrindən biridir.
Zaur Ustac yalnız hadisələri təsvir etmir, həm də oxucuya bir mesaj, bir düşüncə, bir istiqamət verir. Bu çağırış bəzən açıq şəkildə – “bunu etməliyik”, “vətənə xidmət hər kəsin borcudur”, “milli dəyərlər unudulmamalıdır” formasında olur. Bəzən isə daha yumşaq, bədii və simvolik şəkildə verilir. Elə məhz bu iki yanaşmanın harmoniyası onun publisistikasını həm effektli, həm də oxunaqlı edir.
Zaur Ustacın publisistik məqalələri Azərbaycan publisistikasının müasir xəttində özünəməxsus bir cığır açır. Bu məqalələr həm dövrün aynasıdır, həm xalqın düşüncəsinin ifadəsi, həm də bir qələm sahibinin öz xalqına, Vətəninə sevgisinin yazılı izləridir. O, sözün məsuliyyətini dərk edən, yazını cəmiyyətə xidmət vasitəsi kimi görən publisistdir.
Onun məqalələrini oxuyan hər kəs həm məlumatlanır, həm düşünür, həm də ruhlanır. Bu isə həqiqi publisistikanın başlıca məqsədidir.
İnanırıq ki, “Qələmdar -3” də bu silsilədən olan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin rəğbətini qazanacaq. Təbrik edirik, Zaur Ustac!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Alqışnamə — Azərbaycan ədəbiyyatında və folklorunda işlənən bir anlayışdır. Sözün kökü “alqış” (алғыс, алхыс, алхыш, alxış, алкыш) dan gəlir. Alqış — xeyir-dua, uğur diləyi, yaxşı söz, bərəkət arzusu deməkdir. Ona görə də alqışnamə (алғыснама, алкышнама) — alqışların toplanmış halda verildiyi mətn, kitab və ya şifahi söyləmələr toplusudur.
Digər türk dillərində:
Алғыснама – Qaraqalpaq (Қарақалпақ) dilində
Алкышнама – Qırğız (Кыргыз) dilində
Əsas xüsusiyyətləri:
İnsanlara, təbiətə, əməyə və gözəl işlərə yönələn xeyir-dualar, arzular toplusudur.
Əks-mənalı “qarğış”a qarşı qoyulur. Qarğış nifrət və bəd dua kimi qəbul olunursa, alqış isə müqəddəs söz, bərəkət çağırışı sayılır.
Folklorumuzda toy mərasimlərində, körpə doğulanda, yola çıxanda, ev tikiləndə, yeni işə başlayanda deyilən alqışlar geniş yayılıb.
Məsələn, ənənəvi alqışlardan bəziləri:
“Allah səni xoşbəxt eləsin!”
“Yolun açıq olsun!”
“Ocağın uca olsun!”
“Bərəkətli ömrün olsun!”
“Xeyirli olsun!”
“Uğurlu olsun!”
“Bərəkətli olsun!”
“Eviniz abad olsun!”
“İşiniz avand olsun!”
Beləliklə, alqışnamə həm folklor nümunəsi, həm də mənəvi-mədəni sərvətimizdir.
Qeyd:
ALQIŞNAMƏ – “Yazarlar” jurnalı tərəfindən ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində fərqlənən şəxslərə təqdim olunan mükafat kimi də bilinir.
Ədəbiyyat dünyasında hər bir yaradıcı insanı müəyyən bir simvol, bir obrazla təsəvvür etmək olar. Kimisə şeir adamı, kimisə qələm adamı, kimisə də söz adamı adlandırırıq. Zaur Ustac isə bütün bunlarla yanaşı, xüsusilə “Kitab Adam” obrazı ilə seçilir. Bu təsadüfi deyildir. Çünki onun yaradıcılığına, həyatına və ictimai fəaliyyətinə diqqət yetirdikdə, kitab anlayışının onun üçün sadəcə yazılı söz deyil, bütöv bir yaşam fəlsəfəsi olduğu aydın görünür.
Zaur Ustac kitabı həm müəllif, həm oxucu, həm də təbliğatçı mövqeyində yaşadır. O, yazdığı əsərləri ilə oxucunu düşündürür, klassik irsi təbliğ etməklə milli-mənəvi dəyərləri qoruyur, gənclərin kitaba marağını artırmaqla isə gələcəyin maarifçi yolunu işıqlandırır. Bu baxımdan “Kitab Adam” ifadəsi onun şəxsiyyətini və yaradıcılıq missiyasını ən dolğun xarakterizə edən anlayışdır.
Onun qələmindən çıxan əsərlər müxtəlif mövzuları əhatə etsə də, hər birinin mərkəzində insan, insanlıq və milli kimlik dayanır. Kitab onun üçün sadəcə oxunacaq mətn deyil, həm də gəncliyin mənəvi mayası, düşüncənin güzgüsü, yaddaşın qoruyucusudur. O, bu amal uğrunda çalışaraq, kitabın sadəcə rəfdə qalmasına razı olmur, onu oxucu ilə ünsiyyətə gətirir, canlı dialoqa çevirir.
Zaur Ustacın “kitab adamlığı” həm də bir maarifçilik missiyasıdır. O, müasir dövrdə informasiyanın sürətlə dəyişdiyi, virtual dünyanın insan şüuruna hökm etdiyi bir zamanda kitabın əhəmiyyətini xatırladır, onu əbədi dəyər kimi təqdim edir. Onun fəaliyyəti göstərir ki, kitabdan uzaqlaşmaq insanı öz kökündən, öz yaddaşından uzaqlaşdırmaq deməkdir.
Obrazlı şəkildə desək, Zaur Ustac kitabı sadəcə oxumaz, kitabla nəfəs alar, kitabla danışar, kitabla düşünər. Onun hər bir çıxışı, yazısı, təşəbbüsü sanki bir çağırışdır: “Kitab oxu, çünki kitab insanın özü qədər vacibdir.” Bu mövqeyi ilə o, həm müəllif, həm oxucu, həm də təbliğatçı olaraq kitabı yaşadan bir şəxsiyyət kimi cəmiyyətə nümunə olur.
Beləliklə, Zaur Ustacın “Kitab Adam” adlandırılması sadəcə bir metafora deyil, onun həyat tərzini, yaradıcı yolunu və milli-ictimai fəaliyyətini əks etdirən reallıqdır. Çünki o, sözün, qələmin və kitabın gücünə inanır və bu inamla cəmiyyətin düşüncə sərhədlərini genişləndirir.
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, üslubu və mövqeyi ilə seçilən şair və yazıçı Zaur Ustac, təkcə poetik sözün sehrində deyil, həm də gənclərin düşüncə dünyasında xüsusi bir yer tutur. Onun yaradıcılığına gənclərin gözü ilə baxdıqda, bir neçə əsas məqam üzə çıxır: vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərə sədaqət, sözə və kitaba bağlılıq, həm də müasir çağırışlara cavab verən düşüncə azadlığı.
Gənclər üçün Zaur Ustac hər şeydən əvvəl “kitab adam” obrazıdır. Bu sadəcə bədii epitet deyil, onun həyat tərzini və yaradıcı dünyasını ifadə edən bir anlayışdır. Çünki Ustacın fəaliyyəti həm də oxu mədəniyyətinin, kitab sevgisinin, sözə ehtiramın təbliği üzərində qurulub. Bugünkü gənclik, sosial şəbəkələrin, qlobal informasiya axınının təsiri altında bəzən kitaba arxa çevirdiyi bir zamanda, Zaur Ustac “sözün abidəsini” gənclərə təqdim edir. Onun şeirləri, publisistik çıxışları və kitabları yeni nəslə həm ədəbiyyat sevgisi aşılayır, həm də milli kimliyi xatırladır.
Zaur Ustacın əsərlərində ana mövzusu daima ön planda dayanır. Gənclərin gözü ilə baxanda bu motiv, onların gündəlik həyatında unudulmaq üzrə olan ən böyük dəyərlərə – valideyn sevgisinə, ailə bağlarına, insani münasibətlərə qayğı göstərmək çağırışı kimi qəbul olunur. Onun “Ana” mövzusunda yazdıqları, gənclərdə həm duyğu dərinliyi yaradır, həm də onları ailəvi dəyərlərin qorunmasına yönləndirir.
Digər tərəfdən, Zaur Ustacın yaradıcılığında “Bütöv Azərbaycan” ideyası xüsusi bir xətt kimi keçir. Gənclərin dünyagörüşündə bu ideya yalnız siyasi və ya tarixi anlam daşımır, həm də milli birliyin, dilin, mədəniyyətin qorunmasının, qloballaşma qarşısında özünü itirməməyin çağırışı kimi qəbul olunur. Onun bu istiqamətdəki fikirləri gənclərə öz milli kimliklərini unutmadan dünyaya açılmağı öyrədir.
Gənclərin Zaur Ustaca baxışında bir mühüm məqam da onun sadəliyidir. O, mürəkkəb ədəbi formullarla yox, sadə, aydın, anlaşılan dildə danışır. Bu isə gənclərə özlərini ifadə etmək üçün nümunə rolunu oynayır. Onun şeirlərindəki səmimiyyət gənclərin daxili dünyası ilə üst-üstə düşür, onları düşünməyə, yazmağa, yaradıcılığa təşviq edir.
Əslində, Zaur Ustac gənclərin gözü ilə həm bir müəllimdir, həm bir dost, həm də bir yol göstərici. Onun sözü gənclərə “öz kökünü unutma”, “kitabı sevin”, “dilinizi qoruyun”, “Vətəni sevin” mesajı verir.
Bugünkü Azərbaycan gəncliyi üçün Zaur Ustac, sözün gücü ilə milli düşüncəni, milli sevgini yaşadan, eyni zamanda müasir dünyada öz mövqeyini qorumağa çağıran bir yaradıcı şəxsiyyətdir.
Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi, jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız? Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi. Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi? Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm. Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib? Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin. Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz? Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım. Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar? Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam! Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız? Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır. Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb? Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik. Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir? Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram. Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi? Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.
Şeirin mərkəzi mövzusu ana obrazıdır. Ancaq bu obraz sırf bioloji və ailəvi anlamda ana deyil, xalqın yaddaşını, tarixini, sözünü, dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən “Böyük Ana” arxetipidir. Müəllif ana simasında həm də mədəniyyətin, folklorun, xalçaçılığın, ənənəvi dünyagörüşün təcəssümünü görür.
Əsas ideya:
Ana həyatın özüdür, o, dünyanı övladlarının ayağı altına palaz, gözləri önünə gəbə kimi sərir.
Ana həm də xalq tarixinin sirrini daşıyan bir toxucudur: ata sözünü ilmə-ilmə xalçalara, palazlara, xurcunlara köçürür, yaddaşın unudulmaması üçün işarələr, nişanələr qoyur.
Dünya keçicidir, amma ana sözündə və ana ilməsində əbədilik gizlidir.
2. Bədii təsvir vasitələri və simvollar
Şeirin bədii dəyəri əsasən metaforik obrazlar sistemi üzərində qurulub.
Palaz, gəbə, xalı, ilmə, naxış, arğac, kirkid – xalçaçılıqla bağlı terminlər burada məcazi məna qazanır. Həyatın özü, tarix və yaddaş ilmə-ilmə toxunan xalça kimi təqdim olunur.
Ata sözü – milli irs və mənəvi dəyərlərin simvoludur. Ananın vəzifəsi bu sözü qorumaq, saxlayıb gələcəyə çatdırmaqdır.
İpin ucunun biləyə bağlanması, kələfin itirilməməsi – xalq yaddaşının qırılmaması, nəsillərin bir-birinə bağlı qalması ideyasını ifadə edir.
Qulağa sırğa olunmuş nişanə – yaddaşda qalacaq, unudulmaz öyüd-nəsihətlərin rəmzidir.
Dünya gəbədir – həyatın toxunmuş, naxışlanmış, ancaq dəyişməyə və yenidən qurulmağa açıq bir məkandır.
Bu obrazlar vasitəsilə müəllif həm xalq poeziyası ilə bağlılığı, həm də modern poetik düşüncəni birləşdirir.
3. Poetik üslub xüsusiyyətləri
Təkrirlər və paralelizm: “Hər ilməsində, hər naxışında, hər palazında, hər gəbəsində” kimi təkrarlanan ifadələr həm ritmi gücləndirir, həm də fikrin vurğusunu artırır.
Alliterasiya və assosiasiyalar: “İlmə-ilmə, fərş-fərş, xalı-xalı” söz birləşmələri poetik musiqililik yaradır.
Xalq ədəbiyyatı ilə bağlılıq: Şeir xalq deyimlərinə, nəsihət ruhuna, arxaik obrazlara (xurcun, kirkid, ilmə) əsaslanır. Bu, Zaur Ustacın poeziyasının folklor köklərini göstərir.
Simvolik dil: Məişət predmetləri (palaz, xurcun, ilmə) yüksək fəlsəfi mənalar daşıyır.
4. Fəlsəfi və estetik qat
Şeirdəki fəlsəfi məqam budur ki, insan və dünya xalça kimidir – ilmə-ilmə toxunur, naxış-naqış formalaşır. Ananın əlində bu proses həm yaradılış aktı, həm də tarixin yaddaşı kimi təqdim olunur.
Eyni zamanda müəllif zaman və məkan anlayışlarını nisbiləşdirir: kim bu sirri indi anlayacaq, kim yüz ildən sonra – fərq etməz, çünki hər halda fayda var. Bu, həm tarixi davamlılığı, həm də sözün əbədiliyini göstərir.
5. Nəticə
“ANAM” şeiri Zaur Ustac yaradıcılığında ana mövzusunun fəlsəfi-estetik zirvəsi hesab oluna bilər. Burada ana obrazı sadəcə ailə simvolu deyil, xalqın tarixini, sözünü, yaddaşını qoruyan müqəddəs varlıq kimi təqdim olunur. Xalçaçılıqla bağlı folklor elementlərinin poeziyaya gətirilməsi isə həm milli köklərə bağlılığı, həm də şairin bədii təxəyyülünün zənginliyini sübut edir.
Ana torpağı qarış-qarış ziyarət edən Zaur Ustacın qızıl tacı – Qızılqaya
Hər xalqın taleyində zamanla yaddaşlara hopan, tarixə möhür vuran insanlar olur. Bizim millətimizin qürur duyduğu, sözün yükünü daşıyan, qələmiylə millət ruhunu yaşadanlardan biri də Zaur Ustacdır. O, sadəcə bir şair, bir yazıçı deyil. O, torpağın harayına, dağların sükutuna, çeşmələrin nəğməsinə könül verən, torpağı qarış-qarış gəzən, hər addımında tarixlə danışan bir fikir əsgəridir.
Zaur Ustac üçün ana torpaq – müqəddəs kitab kimidir. Hər daşda bir dua, hər qayada bir iz, hər çayda bir səs var onun üçün. Onun qəlbindəki Vətən sevgisi heç bir çərçivəyə sığmır. Bu eşqin qızıl tacı isə, bəlkə də, Qızılqayadır…
Qızılqaya – təkcə bir təbiət möcüzəsi deyil, o, ruhun çağırışı, keçmişin sədası, gələcəyə verilən mesajdır. Zaur Ustac üçün Qızılqaya bir zirvə deyil, bir dəyərdir. Bu dağın ətəyində dayandıqda o, sözün ruhuna enir, millətin hafizəsinə toxunur. Qaya kimi möhkəm iradəsi ilə xalqının ağrılarına sinə gərən Zaur Ustac bu qayanı qələmiylə daha da ucaldıb – sözün qızıl heykəlinə çevrilib.
Zaur Ustacın yolu – sadəcə yolların izi deyil, bu yol könül yoludur, ruhun izidir. Onun qələmində torpaq danışır, tarix susmur, şəhidlərin ruhu pıçıldayır, bayraqlar dalğalanır. Vətən onun sözündə yaşar, Qızılqaya isə bu sözün zirvəsi, simvolu, tacıdır.
Zaur Ustac kimi dəyərli ziyalımız var deyə, ana torpaq hələ də nəfəs alır, söz hələ də yaşar.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.