QURBAN BAYRAMI DİVANI

QURBAN BAYRAMI DİVANI

Müsəlman aləmi hər il “Qurban bayramı” adı ilə tanınan müqəddəs bir ayini qeyd edir. El arasında buna bəzən “İsmayıl qurbanı” da deyilir. Hicri təqviminin ritmi ilə hər il on gün əvvələ çəkilən bu bayram, adətən iki gün davam edir və min illərin yaddaşını bu günə daşıyır. Elə buna görə də həmin günlərdə dünyaya gələn oğlan uşaqlarına çox vaxt Qurban və ya İsmayıl adı verilir — sanki qədim bir hekayətin izi yeni doğulan körpələrin taleyinə hopur.
Bu bayramın kökündə insanlığın ən qədim və ən təsirli hekayətlərindən biri dayanır — İbrahimlə İsmayılın hekayəti. Rəvayətə görə, İbrahim peyğəmbər Tanrıya sədaqətinin sınağı olaraq ən əziz varlığı — oğlunu qurban verməyə hazırlaşarkən, ilahi mərhəmət yerə enir və insanın yerinə bir qoç göndərilir. Deməli, həmin günə qədər Tanrı yolunda insanlardan qurban kəsirmişlər. O gündən bəri isə dəvə, qoyun, keçi və inək qurbanlıq simvoluna çevrilir; qurban ayini isə əsrlərin içindən keçərək bu günə gəlib çatır.
Lakin zaman dəyişir, insan düşüncəsi də onunla birlikdə dəyişir. Əsrlər öncə müqəddəs sayılan bir ayin, XXI əsrin vicdanında yeni suallar doğurur. Adi günlərdə ərzaq ehtiyacı üçün müəyyən sayda heyvan kəsildiyi halda, bayram günlərində bu mənzərə dəfələrlə böyüyür. Küçələri bürüyən qan qoxusu, həyətlərdən yüksələn mələşmə səsləri bəzilərinə ibadətin nişanəsi kimi görünür, digərlərinə isə mərhəmətin susduğu bir səhnəni xatırladır.
Qurban bayramı İslam dünyasında paylaşmağın, ehtiyacı olanın əlindən tutmağın, fədakarlıq və mənəvi yaxınlığın rəmzi hesab olunur. Bayramın mahiyyəti təkcə qurban kəsməkdə deyil; insanın nəfsindən keçməsində, əlindəkini bölüşməsində və başqasının dərdini öz qəlbində hiss etməsindədir. Bunu hamı, xüsusən də varlılar edə bilirmi?
Bununla bərabər başqa bir baxış da mövcuddur. Müasir dünyanın bir çox insanı heyvan hüquqları və etik düşüncələr baxımından bu ənənəyə etiraz edir. Onlara görə, yardımlaşmanın və mərhəmətin yolu artıq yalnız qan üzərindən keçməməlidir. İnsanlıq inkişaf etdikcə, xeyirxahlığın da yeni formaları yaranmalıdır.
Məncə, heyvanlara qarşı soyqırımın dayandırılması vaxtı gəlib çatmışdır. Bundan o tərəfi yoxdur.
27-28 may 2026, Xırdalan şəhəri

Əli bəy Azəri,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir