
Sevgi haqqında
(esse)
Bu yaxınlarda messencerimə bir mesaj gəldi: “Niyə sevgi haqqında yazmırsınız?”
Sevgi haqqında düşünməyə, ürəyimin dərinliklərinə enib oralarda sevgi axtarmağa başladım. Sevgi nədir?! Beynim bu sualı ürəyimə, ürəyim isə beynimə ötürürdü. Nəhayət, axtarışlarım məni ürəyin incə bir damarına və beynin sağ yarımkürəsindəki o mistik paya aparıb çıxardı. Şüuraltı işə düşdü:
“Könüldən könülə yollar görünür…” Bu ifadəni ilk dəfə on səkkiz yaşımda, qrup yoldaşımdan eşitmişdim. Avtobusa mindiyimiz anda demişdi. Bir anlıq dayanıb ona tərəf boylanmış və dediklərini astaca təkrar etmişdim. Yolboyu bu haqda düşünmüşdüm… Sonra illərlə xatırlamadım heç.
Bunu mənə xatırladan isə İnstaqramda qarşıma çıxan bir videoçarx oldu;
Lorens Entoni adlı bir qoruqçu Afrikadakı evində ürək tutmasından vəfat etmişdi. O, ən vəhşi filləri belə əhliləşdirməkdə usta idi və buna görə yerli əhali arasında çox tanınırdı. Camaat onu fillərə pıçıldayan adam adlandırırdı. İnsanlara hücum edən fillər belə Entonini görəndə sakitləşərdilər. O bir çox filin həyatını xilas etmiş, onlarla dost olmağı bacarmışdı. Ən təəccüblü hadisə isə Entoninin ölümündən 12 saat sonra baş vermişdi.
Bir sürü fil meşənin dərinliklərindən gələrək uzun bir məsafə qət etmiş, onun evinin önündə dövrə vuraraq iki gün orada qalmışdı. Daha sonra qoruqçunun ölümünü uzaq məsafədən duyub iki günlük yol qət edərək gələn yeni bir fil sürüsü də onlara qoşulmuşdu. Bu iki fil sürüsü öz qoruqçularına sadiq qalaraq ona yas tutmuşdu. Onlar ürəkdən bağlandıqları bir qəlbin dayandığını ən uzaq məsafədən belə hiss etmişdilər.( Qəlbin ritminə bir bax.)
Səməd Vurğunun “Vaqif” dramındakı o məşhur misranın – “Gözüm gözünüzdən uzaq olsa da, könüldən könülə yollar görünür” – kökü əslində bir Quran ayəsinə və qədim hikmətə əsalanır: “Minəl-qəlbi iləl-qəlbi səbil”.
Qəlbdən qəlbə yol vardır…
Müəllif: Nurlana İŞIQ
Oxuyun >> Gözündə tük var