Gecələrin səssiz möcüzəsi

Gecələrin səssiz möcüzəsi

(esse)

Bəzən həyatın dalğaları insanı sahilə çırpır.  Həyatın ağır yükü, insanların saxtalığı, yaşanan xəyal qırıqlıqları insanı yavaş-yavaş özündən uzaqlaşdırır.  Heç kimin hiss etmədiyi o səssiz yorğunluq gecələr daha çox üzə çıxar. Çünki gecə insanın özü ilə baş-başa qaldığı ən səssiz zamandır.

Elə gecələr olar ki, insan aynaya baxanda özünü tanımır. Gözlərində əvvəlki işığı görmür, üzündəki təbəssümün saxta olduğunu anlayır. Düşüncələr bir-birinə qarışar, keçmişin peşmanlıqları ilə gələcəyin qorxuları arasında sıxılıb qalar. İnsan özünü suallar içində tapar: “Mən kim oldum?”, “Nə üçün dəyişdim?”, “Nə vaxt bu qədər yoruldum?” Bu sualların cavabı isə çox vaxt dərhal tapılmaz. Çünki insan özünü bir anda itirmədiyi kimi, bir anda da tapa bilmir.

Qaranlıq gecələr bəzən insanın ən böyük müəllimi olur. Həmin qaranlıq gecələrdə insan öz yaralarını görür, qorxuları ilə üzləşir, həqiqətlərlə qarşılaşır. Bəzən bir damla göz yaşı, bəzən uzun bir sükut insanın içində illərlə gizlətdiyi duyğuları üzə çıxarır. Anlayırsan ki, həyatda ən çətin mübarizə başqaları ilə deyil, insanın öz-özü ilə apardığı mübarizədir.

Özünü itirmək bəzən həyatın insana verdiyi ən ağır dərs olur. Çünki insan özünü itirdikcə əslində nələrin vacib olduğunu anlamağa başlayır. Həqiqətlər insanı ağrıtsa da, onu daha güclü edir. Çünki insan ən çox qırıldığı yerdən böyüyür. Ən dərin yaralar bəzən insanın ən böyük dəyişiminə çevrilir.

 İnsan nə qədər yorulsa da, nə qədər qırılsa da, bir gün yenidən ayağa qalxmaq istəyir. Özünü tapmaq da məhz həmin anda başlayır. İnsan öz səsini yenidən eşidəndə, öz dəyərini anlayanda, başqalarının deyil, öz qəlbinin istəkləri ilə yaşamağı öyrənəndə dəyişir. O zaman anlayır ki, xoşbəxtlik uzaqlarda deyil, insanın öz daxilindədir.

Özünü yenidən tapdığı gecələr insan üçün yeni başlanğıca çevrilir. O gecələrdən sonra insan əvvəlki insan olmur. Daha sakit, daha güclü və daha anlayışlı olur. Çünki həyatda hər itki insana bir həqiqət öyrədir. İnsan bəzən dağılmadan toparlana bilmir, qırılmadan güclənə bilmir, itirmədən isə özünü tapa bilmir. Buna görə də insanın yaşadığı ən qaranlıq gecələr onun həyatındakı şöləyə çevrilir.

Müəllif: Dəniz Aslanlı

Dəniz Aslanlının digər yazıları

Atakişiyeva Həcəin yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir