MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

Seyran Səxavət – 75

Min İlin Doğması…

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa  bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü –  çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”,  “Qatil”, “Haram pul”,  “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…

Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…

Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…

Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…

Dədəm, Gözün aydın olsun!  Bir gün nisgillə deyirdin ki, Şuşanın  ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad! 

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

2 thoughts on “MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir