AYRILIR
Nə vermişdin, nə də alım,
Ruhuma dustaq olanım,
Cismimi tərk edib canım,
Qopub, sol yandan ayrılır.
* * *
Bülbül nalə çəkib gedir,
İzində qəm əkib gedir,
Fələk qəddin büküb, gedir
Gül xiyabandan ayrılır.
* * *
Sevgi həsrət salır, niyə?
Yarı yolda qalır, niyə?
Məcnun Leyli deyə -deyə ,
Çöl-biyabandan ayrılır.
* * *
Dünya sirlə dolu saray,
Buludlardan qopur haray,
Göy səmada dolanıb Ay,
Süb çağı dandan ayrılır.
* * *
Nakam qalsa ömür yarı,
Olmaz çarə dünya varı,
Üzü yaradana sarı,
Lalə cahandan ayrılır.
Müəllif: Lalə İSMAYIL
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “LALƏ İSMAYIL – AYRILIR”