Akif ABBASOV,   ATAMI EVLƏNDİR

Akif ABBASOV, professor, yazar.

                                   ATAMI EVLƏNDİR

                                           (hekayə)

         Talıbla Səkinə bir-birini sevərək evlənmişdilər. Neçə illərdir can deyib, can eşidirlər. Qohum-qonşu bu sevgiyə, bu istəyə alqış deyir, onları nümunə göstərirdi.   Bu sevgidən 3 qız, bir oğul dünyaya gəlmişdi.  Hamısı da yaxşı ev-eşik sahibi idi.   Nəvələri də vardı. Amma Talıbla Səkinənin məhəbbəti tükənmək bilmir, günü-gündən qüvvətlənir,  aşıb-daşırdı.

         Bax, eşqi, sevgi, məhəbbət belə olar!

        Səkinə Talıbı evdə qoyub harasa getməzdi, getsəydi də darıxıb tez evə dönərdi. Talıb da eləcə. İşdən sonra heç yerdə ləngiməzdi. Səkinəsini görməyə tələsərdi.

         Qızlar  qanadlanıb uçmuş, ərə getmiş, öz sevgilərinə qovuşmuşdular. Axır vaxtlar gileylənirdilər. Səkinə arvad  onlara baş çəkə bilmirdi. Öz Talıbının yanını kəsdirib durmuşdu, onun qulluğunda idi. Bacılar bir-birinə:

         -Nə edək ki, anamız bizə tez-tez gəlsin. Elə hey biz gedib onu əziyyətə salırıq.

         Balaca bacı böyük bacısına:

         -Deyəsən mən çarəsini tapmışam.

          O, bacısının qulağına nə isə pıçıldadı. Gülbəniz başı ilə razılığını bildirdi.

         Çinarə anasına zəng etdi:

         -Necəsən, anacan? Nə zaman görünəcəksən? Uşaqlar darıxıb nənələrindən ötrü.

         Səkinənin səsi gəldi:

         -Ay qızım, axı sənin xəbərin var, atan məzuniyyətdədir. Bütün günü evdədir. Qulluğunda durmaq, çayını, çörəyini vermək lazımdır. Onu tənha qoyum hara gedim?

         Çinarə:

        -Düz deyirsən, anacan. Atam işdə-gücdə olanda həftə səkkiz, mən doqquz bizdə, bacımgildə olardın….

         Qızının kinayəsini başa düşən Səkinə özünə haqq qazandırmağa çalışdı:

         -Nə edim, ay qızım, atan darıxır. Mənsiz qala bilmir.

         Bunu eşidən Çinarə atmaca atdı: 

     -Ay ana, elə isə, sən atamı evləndir. Qoy onun yanında bir arvad olsun. Yanında başqa arvad olsa,  kişi səndən əl çəkər. Biz də sənin üzünü görərik! 

     Qızının sözü Səkinəni tutdu:

    -Ay qızım, bu nə danışıqdır?

    Telefonda Çinarə ilə Gülbənizin  qəh-qəhəsini eşidən Səkinə başa düşdü ki, qızı onunla zarafat edir. Onu da gülmək tutdu.

                                Bakı şəhəri, 12 aprel 2021-ci il

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir