ŞAMİLİN HƏDİYYƏSİ – HİKMƏT ƏLİYEV

ŞAMİLİN HƏDİYYƏSİ
Sizə kimdən xəbər verim? Şamildən. Kafirləri Qafqaza ayaq basmağa aman verməyən Şamildən danışmıram. Söhbət yeniyetmə çağı gördüyüm ütük fərasətli Şamildən gedir.
Şamilin dünəndən evinə alıb gətirdiyi kərə yağı bir çətən külfətin illik azuqəsinə də bəs edərdi. Onun bu qədər yağ almağını bəlkə də qonum-qonşusu da qınamazdı. Axı kərə yağı o vaxt qəhətə çəkilmişdi. Dünən axşam çağı aldığı kərə yağını arvadı Toma (əsl adı tünzalə idi) deyəsən, tez-bazar əritmişdi. Şamil dəmir darvazanı itələyib həyətə keçəndə ayaq saxlayıb təzəcə yaşıl dona, örpəyə bürünmüş ərik ağacının, sanki çətir açmış qol-budağının altından mətbəxin pəncərəsinə tərəf boğazını uzadıb boylanaraq yağın ətrafı bürümüş ətrini qoxudu…
Günorta gözünün acısını alıb mətbəxə girər-girməz qəflətən tappıltı səsinə diksindi. Bu, özünü su qarışıq yağlı tiyanın içinə çırpan bülbül idi. Hansısa yırtıcı bir quşun caynağından qurtulub, nazik dəmir barmaqlı məhəccərin arasından zorla keçərək canını güc-bəlaynan xilas edə bilmişdi. Şamil bir an xatirəyə daldı. Gör ey! Meşədə, çəməndə, bulaq başında görə bilmədiyi bülbülü indicə tiyanın içində üzbəsurət halda tortaya düşmüş halda gördü. Şamil bülbülü əlinə aldı və həyəcanla Tomanı səslədi:
– Ay Toma, bir bura gəl!..
Şamil arvadını ev dustağı etsə də, Toma elə də bədbəxt görünmürdü. Bəlkə də bunun bir sirri-səbəbi arvadını daş-qaşla, qızılla təmin etməsi idi. Ev-eşiyində hər cürə şəraiti, xalısı-xalçası, gəbəsi, necə deyərlər ağzınacan tıxılı-təpəli idi. Lap top vursan da dağılmazdı. Şamil Tomaya tərəf:
-Toma, sən ateyin goru bir bura bax.
Əlini arvadına uzadaraq yağa bulaşmış bülbülü ona göstərdi. Şamil ovcunun içində köksündə ürəyi çırpınan bu zərif quşun ürək döyüntüsünü sanki hiss edirdi. Təbiətin sehrinə bir bax. Zalım, həriskar, yaramaz, xeyriaz üzüdönüklər də təbiətin ən zərif quşunun nəğməsini, kim bilir, bəlkə də naləsini dinləməkdən yəqin ki, heç imtina etməzlər.
Şamil çoxdan bəri həyətdə ağacdan asılı qalmış köhnə qəfəsin içini, yan-yörəsini silib təmizlədi. Bülbülü qəfəsə saldı. Ağlına belə bir fikir gəldi: çağırılmayan qonağı cavanlıq dostu Əjdərə sürpriz etsin. Əjdər Şamilin təzəcə yağlı, yüksək vəzifəyə keçmiş yeznəsi Qulamla son vaxtlar lap cici-bacı olmuşdu. Bu da səbəbsiz deyildi. Axı Qulam həm də Əjdərin müdiri idi. Təzə müdir də Əjdərin işinə yaxşı yarıyırdı.
Təzə yeznə Qulamın bəxti ayaq üstə imiş. O, neçə illərdi ki, bir qulluqda qalıb pas atmışdı. Böyük bacanağının güclü təkanı hesabına yeri indi olub cənnət-məkan. Bu işləri həll edən, Şamilə düzüb-qoşan bacısı idi. Məqamı gələndə bacısının ərinə qarşı ədası-nidası, hökmü-hikkəsi, bu yandan da qardaşı Şamilin min bir hiyləsi önündə nəinki yeznə, heç xanın vəziri də duruş gətirə bilməzdi.
Şamilin güvəndiyi böyük yeznəsi nazirlikdə yüksək çinli rütbə, rəhbər işdə artıq uzun müddət idi ki, yerini möhkəmləndirə bilmişdi. Şamil yeznəsinin sayəsində yaranmış fürsətdən mahir ovçu kimi istifadə edərək şikarından bəhrələnmiş, özünə yaxşıca gün ağlamışdı. Nə isə…
Əjdər həvəslə Şamildən qəfəsi qəbul etdi, onu evinə gətirdi. Pilləkənlə eyvan arasında boy atıb ucalan gilas ağacının heç uf da demədən cavan budağını dəhrə ilə kəsdi. Qəfəsi kəsdiyi yerdən asdı. Bəlkə də Əjdər ömrü boyu torpağa heç bir kol da basdırmayıb. Hər şənbə-bazar Əjdərgildə müdiri Qulamla yeyib-içər, nərd şaqqıldadardılar. Əjdərin oğlu Vəli də onlara xidmət edərdi. Vəli yuxarı sinif şagirdi idi. O, həvəslə dədəsinin qonağına kabab çəkər, samovar qaynadar, pürrəngi çay dəmləyərdi. Dik pilləkənlərlə üzü yuxarı elə hey qabırğa və quyruq kababı, Ağ göl balığı, göy-göyərti, ardınca da xrustal stəkanda çay daşıyardı. Hərdən oğrun nəzərlərlə dədəsi ilə yeyib-içən bu pəzəvəng xaşalqarına baxar, gülməkdən özünü birtəhər saxlayardı. Nədənsə elə o an Vəlinin xəyalına bəyəsilli Köçəri müəllimin işlətdiyi kəlmələr düşdü: – Harın, danaqarın, el malını yeyib-eşən, boynuyoğun, kəlpeysər pəzəvənglər deyərək, belə ünsürləri elə hey dönə-dönə lənətləməkdən yorulmazdı. Elə bil hədəfə aldığı, lənətlədiyi o tipin biri də dədəsinin müdiri Qulama bənzəyirdi. Öz-özünə sanki sual edirdi: “Yemək-içmək, bəlkə də müftədir deybən bu xaşalqarın Qulamın qarnı qalxıb stola dəysə də, hələ də nə gözü, nə də qarnı doymaq bilirdi.”
Dədəsi Vəlini səslədi: – “Adə, a bala” – səsinin tonunu bir az da artıraraq: sənnən deyiləm? – başını oğluna sarı çevirib: arabir o bülbülə bir bax gör. Nəsə səsi gəlmir, oxumur-deyə dilləndi. Pəzəvəng qonaq da donquldanaraq xırıltılı səslə:
-Doğrudan ey, görəsən niyə oxumur?
Bülbülün oxumağı, guya Vəlinin istəyi, sifarişi ilə idi? Vəli ona verilən belə boş və dayaz suala cavab vermədi. Bu pəzəvəng qonağın gəlişi Vəliyə yamanca sərf edirdi. Dədəsinin onunla yeyib-içib kefi saz, məst olan məqamını gözləyirdi. Dədəsi məst olan kimi dərhal başının üstünü kəsdirib ondan maşının açarını alaraq əylənməyə gedirdi.Vəlinin bu dəfə maşın sürməyi, əylənməyi çox çəkdi. Evə qayıdarkən dədəsinin həyətdə əl-qolunu yellədərək hirslə danışdığını gördükdə elə o an gözünü gilasdan asılmış qəfəsə zillədi. Qəfəs boş idi. Zəriflik çiləyən şeyda bülbülün köksündəki al-əlvan naxışlı çəmən-çiçəyinə bənzər tükləri ətrafa səpələnmişdi…
Yırtıcı quşun caynağından qurtulan bu bağrı qan, zərif quş bu dəfə pişiyin pəncəsinə qurban getmişdi.
HİKMƏT ƏLİYEV.
Mart, 2017-ci il, Bakı.


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir