
YAZDIĞIM ƏŞAR
Çatacaq dadına yığdığın pulun
Əzrail başının üstün alanda?
Çatmayıb dadına, inan, bir qulun
Sərvəti… Məzarda tənha qalanda.
Qolunun gücünə güvənmə, bəndə,
Bu dünya minlərlə pəhləvan görüb.
Gün gələr, dönərsən bir leşə sən də,
Bənna var padşahın məzarın hörüb.
Təkəbbür əhlindən olma həyatda,
Fironu görmədin, hardadı indi?
Çingiz xan çürüyüb torpağın altda,
Sanma ki, nəyin var burda, sənindi.
Sadə ol, yüksəldər sadəlik səni,
Qalarsan yadında hər kəsin o vaxt.
Dahilər sadəlik etməyib yəni?
Yüksəltməz insanı əyləşdiyi taxt.
Bu dünya anidir, bil, sonu vardır,
Fürsətdir sağlığın, bəndətək yaşa.
Zahiran genişdir, məzarsa dardır,
Namazla, orucla ömrü vur başa.
Fikriyəm, ibrətdir yazdığım əşar,
İlahi, niyyətim bəllidir sənə.
Qıyma mən nə vaxtsa edim ahu-zar,
Lütf elə daima mömin bəndənə.
Müəllif: Tahir Fikri
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında