
Noyabr günü
(hekayə)
Səhər idi. Noyabr ayının hələ ilk günləri olsa da, payız indidən öz vəzifəsinin icrasına başlayaraq təbiəti qışa təslim etməyə hazırlaşırdı. Havada qalın duman duyulurdu. Sanki bu duman yarasa kimi qanadlarını açıb Günəşin önünü kəsirdi. Göy üzünü tutan nəhəng buludlar Günəşin qızıl saçlarını qara örpəyə bürümüşdü. Şiddətli yağış alçaq tavanlı evlərin qapı-pəncərələrindən içəri damırdı. Evdən çıxıb eşikdə dayandım. Arxadan anam məni səsləyərək qapıya çıxdı:
- Qadası, çox ehtiyatlı ol, yağışdır, yaman tökür! – dedi.
Anam bu sözləri elə şəfqətlə, nəvazişkarcasına söylədi ki, bir an onu bağrıma basıb bərk qucaqlamaq istədim, özümü güclə saxladım. Bizdə belə idi, anamla mənim aramda aşılmaz bir məsafə, bir sədd var idi. Ən son nə zaman anamı qucaqladığımı, atamın əllərindən öpdüyümü, düzünü desəm, heç xatırlamıram. Bu, bəlkə də, yaxşı deyildi, amma hər halda, yaxşı olmasa da, belə idi. Gülümsədim, anamın mərhəmət və narahatlıq dolu gözlərinə dərin nəzər salaraq: - Narahat olma, ana, sağ ol, – deyə bildim.
Həyətdən çıxdım. Yağış, həqiqətən də, şiddətli yağırdı, daha doğrusu, yağışı elə bil göydən atlı qovurdu. Damlalar sürətlə məhəlləmizin, az qala, əsrlik daş evlərinin, orda-burda tez-tez gözə dəyən insan siluetlərinin və ən itaətkar təslimiyyətlə göy üzü səltənətinin hökmünə müntəzir, çılpaq yolların qoynuna şütüyürdü. Bu mənzərə məni riqqətə gətirir, xoşbəxtliyimi daha da artırırdı… Dünən brayl əlifbasını öyrənməyə başladığımdan bir ay ötürdü. İki yeni hərf öyrəndim. Bu hərflərdən biri dünyanın ən gözəl nəsnəsi ola bilərdi. Bu hərf həmin hərf idi ki, o hərfin köməyilə, nöqtələrin dilində onun adını ilk dəfə yaza bilirdim. O hərfi əmələ gətirən dörd nöqtə bu gün mənim üçün səadət mücəssəməsi idi. Uşaq kimi sevinirdim, üzümü göy üzünə tutub sevincimdən ağlayırdım. Sevinən tək mən deyil idim, yağış da mənim kimi sevinirdi, sevincindən ağlayırdı… göz yaşım damlalarla əl-ələ verib havada süzürdü. Kənardan görən olsa, dodaqaltı nə isə dua oxuduğumu zənn edərdi. Yanılmazdı da, əslində elə idi, ancaq mənim oxuduğum nə əfv, nə də arzu duası idi, bu, Allaha şükür duası – Ona təşəkkürnamə idi. Bir adamın adının yazılışını öyrənmək, bəlkə, o qədər böyük hadisə deyildi, hətta bəzilərinə əhəmiyyətsiz də görünə bilərdi, lakin başqalarına nə qədər əhəmiyyətsiz görünsə də, mənim üçün bir o qədər əhəmiyyətli, bir o qədər sevindirici idi. Məndə həmişə belə olub; həmişə adi bir sözə, balaca bir hadisəyə elə şövqlə sevinmişəm, xoşbəxt olmuşam ki, o anda soruşsalar, adımı belə yadırğaya bilərəm. Əvvəllər bir neçə dəfə belə sevinclərimin olduğunu indi də xatırlayıram. Bir gün dərsə gedərkən avtobusda dayanacaqları sayırdım. 13-14 yaşlarında bir oğlan yaxınlaşaraq yer göstərdi: - Əyləşin, – dedi.
Mən başımı bulayıb: - Düşəcəyəm, – dedim.
Bu, yalan idi. Düşəcəyim dayanacağa hələ çox var idi. Mən avtobuslarda yolum nə qədər uzaq olsa da, heç vaxt əyləşməzdim. Bunu təsadüfi olaraq deyil, məqsədli şəkildə edirdim. Əyləşərkən qarşımda yaşlı bir adamın ayaq üstə dayanmasından və mənim onu görməyib yer verməyəcəyimdən ehtiyat edirdim. Ona görə yox ki, ictimai qınağın hədəfi olacaqdım, sadəcə bunu hiss etmək mənim özümə ağır gəlirdi. İnsanlara gəlincə, mən bir şeyi dəqiq bilirdim ki, nə etsəm, nə cür davransam, yenə onları razı sala bilməyəcəyəm. Hər kəs görmək istədiyini görür, eşitmək istədiyini eşidir. İnsanın xilqəti belədir. Bir də axı üzərində heç bir əlamət, heç bir yara izi olmayan, sağlam kimi görünən dəri qatının altında illərdir, hər yerindən qan sızan yaranı kim görə bilərdi? Dostlarım həmişə mənə deyirdilər ki: “Zəif gördüyünü hiss etdirmirsən, kənardan baxanda görmə məhdudiyyətinin olduğu başa düşülmür”. Həmişə bu sözləri eşidəndə bilmirdim, buna sevinimmi, üzülümmü… Avtobusda mənə əyləşməyə yer göstərən oğlan etiraz etdiyimi görcək keçib özü əyləşdi. Onu qınamaq olmazdı, yaxşılıq etmək istəmişdi, amma özü də bilmədən pislik etmişdi; mən dayanacaqların sayını itirmişdim. Ən son ağlımda tutduğum rəqəmi – dörd, beş, altı, ya da… xatırlaya bilmirdim. Düşməli olduğum dayanacaq isə on dördüncü dayanacaq idi. Ümidsizcə pəncərədən çölə baxdım. Tanış bir əlamət, bir işarə axtarırdım. Hər həftə bu yolu gedərkən avtobus eyni küçələrdən, eyni binaların, dükanların yanından keçirdi, ancaq maraqlı idi ki, hər həftə bu yolları elə bil ilk dəfə görürdüm. Rəqəmləri ağlımdan keçirdim: dörd, beş, altı… “əslində bunların bir əhəmiyyəti yoxdur, ” – düşündüm, onsuz hər həftə on dördüncü dayanacağa qədər sayaraq çatdığım halda, fikirli olub sayı səhv saldığımdanmı, yoxsa avtobusun arada hansısa dayanacaqda saxlamadığındanmı, bilmirəm, həmişə avtobusdan ya bir dayanacaq geri, ya da bir dayanacaq irəlidə düşürdüm. Sonra ordan kollecə piyada getməli olurdum, bu da ən az yarım saatımı alırdı. Bu gün isə o yarım saat bir saata kimi uzana bilərdi. Qar gecədən yağır, dayanmırdı. Günəş də olmadığından yolların buzu əriməmişdi. Rəqəmləri təkrar ağlımdan keçirdim: dörd, beş, altı… “bu gün bu rəqəmlərin bir saat qədər, həmin bir saatda qaçıra biləcəyin dərs qədər və həmin dərsdən alacağın qayıb qədər əhəmiyyəti var!” – özümə dedim. “Dörd…” – düşündüm. Niyəsə bu rəqəm mənə uzaq gəldi, sanki dördüncü dayanacaq geridə qalıb, onu keçmişəm, hiss elədim. “Altı…” – düşündüm. Bu rəqəm isə mənə bir az yad gəldi, sanki hələ olmamışdı, saymamışdım, altıncı dayanacaq qarşıda olmalı idi. Sonra “beş… – düşündüm, – beş, hə, bu ola bilər. Ola bilər ki, oğlan yaxınlaşanda mənim saymadığım dayanacaq elə beşinci dayanacaq imiş”. Növbəti dayanacağı gözləyib altıncı dayanacaqdan saymağa başladım. Nəhayət, on dördüncü dayanacağa çatanda çıxış qapısına yanaşdım, avtobusdan düşdüm. Gördüyüm mənzərə qarşısında donub-qaldım. Səhv eləməmişdim, doğru dayanacaqda düşmüşdüm. Bu on dördüncü dayanacaq mənim düşməli olduğum həmin on dördüncü dayanacaq idi. Hər dəfə sayı itirib ya ondan əvvəl, ya da ondan sonra düşdüyüm həmin on dördüncü dayanacaq… “İlahi, bu ki həmin o dayanacaqdır! mənə lazım olan, düşməli olduğum, kollecin yanındakı… hə, özüdür ki var!” – öz-özümə dedim. Onda da uşaq kimi sevinmişdim, gözlərimi göyə dikərək sevincimdən ağlamışdım. Sağımdan, solumdan adamlar keçir, mənə maraqla baxırdılar. Bəlkə, bəzilərinin yazığı da gəlirdi, yəqin düşünürdülər, yolumu itirmişəm, azmışam, ona görə ağlayıram. Mən isə yolu düz gəldiyimə, azmadığıma ağlayırdım… Bir dəfə də yadıma gəlir, hələ on birinci sinifdə oxuyurdum. Qış idi. Hər gün dərsdən çıxanda qaranlığa düşürdüm. Adətən, gündüz getdiyim yolları əzbər bildiyimdən axşam qayıdanda o qədər də çətinlik çəkmirdim, buna baxmayaraq, mənim bütün narahatlığım, həyəcanım evimizə çatmağa iki-üç küçə qalmış başlayırdı. Bu küçələrdə, ümumiyyətlə, işıq yox idi ki, bu da adi hal idi, o vaxtlar Bakıda gecələr tək-tük işıqlı küçəyə rast gəlmək olardı. Belə qaranlıq axşamlardan biri idi. Fikirli idim. Qaranlıq küçələrdən keçəndə həmişə addımlarımı yeyinlədər, yubanmazdım, amma bu gün, deyəsən, özüm də fərqində olmadan ağlımdakı fikirlər addımlarımı yavaşıtmışdı. Təxminən yarım saat sonra qəflətən fikirdən ayıldım. Mənə elə gəldi ki, çox irəli gedib evimizi keçmişəm, çünki metrodan evimizə qədər on beş dəqiqəlik yol idi. On beş dəqiqə sonra isə qonşuluqda yaşayan qocanın qapısındakı işığı görməli idim, bu, evimizə çatdığıma işarə idi. Dayandım, fikirli olduğumdan qonşu evin işığının diqqətimdən yayındığını düşünərək geri qayıtmaq istədim, arxaya döndüm, ancaq sanki içimdə hansısa qüvvə mənə yanlış yolda olduğumu təlqin edirdi. Çox keçmədi, həmin qüvvənin təsiri ilə əvvəlki yoluma – qarşıya döndüm. Bu vaxt: “bəlkə, heç hələ evimizə çatmamışam, qonşunun evi hələ qarşıdadır, bəlkə, fikirli olduğum üçün yol mənə uzun görünür…” – düşüncəsi iradəmə üstün gəldi. İki-üç addım irəli getdim və yenə özümü bayaqkı qüvvənin hökmü altında hiss edərək dayanmalı oldum. “Yaxşısı budur, gözləyim,” – düşündüm. Kimi? Nəyi? Yoldan keçəcək olan hər hansı maşının küçəni işıqlandırmasını… Gözlədim, vaxt keçdi, bir azdan uzaqdan boğuq bir uğultu eşidildi. Yenə səhv eləməmişdim, gələn maşın idi. Səs yaxınlaşdıqca yola səpələnən xırda işıq şuaları küçəni hissə-hissə aydınladırdı. Maşın mənim dayandığım yerə yaxınlaşanda ətraf gözlərimdə işığa qərq oldu. Vaxt itirmədən hər tərəfə göz gəzdirdim. Maşının getdiyi istiqaməti, sol tərəfi, sağ tərəfi mümkün qədər tez surətdə əzbərləməyə çalışdım. Sağ tərəfi nəzərdən keçirəndə gözlərimə dolan parıltıdan üzümün yandığını hiss elədim. Bu parıltı maşın işığının zəif şöləsində işıldayan həyət qapımızın dəmir dəstəyi idi… Heç demə, bayaqdan evimizin qarşısında dayanmışammış, qonşunun işığı isə bu axşam yanmırmış. Onda da indiki kimi məni ağlamaq tutmuşdu, sevincimdən ağlayırdım. Evə çatana qədər sakitləşməyə çalışdımsa da, olmadı. Anam qapını açar-açmaz ağladığımı başa düşdü. İçəri girdim. Anam xəbər aldı: - Nə olub? Ağlamısan?
- Heç nə, – deyib otağıma qaçdım.
Otağımın qapısından yapışcaq anamın mənə doğru gəldiyini gördüm: - Düzünü de! Nə olub?! Bu nə haldır?! – anam həyəcanla soruşdu.
Yəqin elədim ki, vəziyyətdən çıxa bilməyəcəyəm. Üzümü anama tutub: - Bu gün sinifdə Azərbaycan dili dərsindən ən yüksək qiyməti mən almışam, ona görə sevincdən ağlayıram, – dedim və daha səsimi boğmadan hönkürtü ilə ağlamağa başladım. Anam da mənə qoşuldu, ikimiz də ağladıq… İkimizi də ağladan eyni duyğu idi – sevinc duyğusu. Mən yoldan keçən maşının qapımızı işıqlandırdığına, anam isə mənim ən yüksək qiymət aldığıma sevinirdi. Yoldan keçən maşının qapımızı işıqlandırması doğru olsa da, mənim o gün ən yüksək qiymət almağım xalis yalan idi. Həmin gün, bəlkə, on bir illik məktəb həyatımda ilk və son dəfə idi ki, Azərbaycan dili dərsindən ən aşağı qiymət almışdım. Bunu anama deyə bilərdimmi? Əlbəttə, deyə bilməzdim.
Metroya çatmağıma on addım qalmış yağış daha da şiddətlənmişdi. Mən də hamı kimi paltomun papağını başıma keçirdim, boğazını möhkəm bağladım, əllərimi cibimə qoyub bədənimə qısdım. Gözlüyümün şüşələri əməllicə islanmışdı. Digər yağışlı günlərdə olduğu kimi bu gün də evdən çıxanda əl yaylığımı götürməyi unutmuşdum. Havadakı qalın duman daha da qatılaşmışdı. Ətraf gözlərimdə get-gedə tutqunlaşır, yeriməyim çətinləşirdi. Göz-gözü görmürdü. Dayanmalı oldum, hesablamama görə burada – metroya çatmağa on addım qalmış aşağı düşən üç pilləkən olmalı idi. Yeri yoxladım, pilləkənin başladığını hiss etmədim. Tərəddüd içində bir addım atdım, yeri yoxladım, yenə pilləkən yox idi. Daha bir addım atdım. Elə bu anda arxadan həyəcanlı bir səs: “Hə, indi düşün, pilləkəndir!” – dedi. Bu səs təşviş dolu idi. Sanki adam cümləsini bir an olsun, gec bitirməkdən ehtiyat edirmiş kimi sözləri bir-birinə bitişik şəkildə tələffüz etmişdi. Mən isə fikirdən beynim donmuş halda idim. Səsi eşidirdim, lakin sözlərin mənasını dərk etmirdim. Bu zaman daha bir addım atmaq istəyirdim ki, arxadan gələn səs bir az yaxınlaşaraq daha yüksək həyəcanla: “Düşün! Düşün! Pilləkən var!” – dedi. Sövqi-təbii ilə üç pilləkən aşağı düşərkən qulaqlarımda ildırım çaxdığını hiss elədim. Bu səs nə qədər tanış, nə qədər yaxın, nə qədər mehriban idi. O idi… o idi… onun özü idi. Adını yazmağı öyrəndiyim o həmin adam idi. Yenə özünü yetirmişdi. Orda idi – arxada… hələ getməmişdi, baxırdı, baxışlarının hənirtisi çiyinlərimə toxunurdu. Elə bil yolu düz getdiyimdən əmin olmaq, baxışları ilə məni metroyacan ötürmək istəyirdi. Yenə həmin səs eşidildi: “Indi düz gedin! Pilləkən yoxdur!” Bu, üçüncü səsləniş idi. Maraqlı idi, görəsən, adam bu leysanda, bu qiyamətdə məni tanımışdımı? Mən evdən çıxandan iki-üç dəqiqə xaric yol boyu başımı aşağı dikərək gedirdim. Yağış yağsa da, yağmasa da, adətim belə idi, başımı dik tutaraq yeriməyi sevməzdim. Görəsən, üzümü görmüşdümü? kim olduğumu bilmişdimi? Ehtimal ki, bəli, tanımışdı, bilmişdi. Odur ki, yaxınlaşmadan, aralı dayanaraq səsini yüksəltməklə kifayətlənmişdi. O hər zaman belə edirdi. Axı nəyə görə?! Səbəbini anlaya bilmirdim. Hərçənd, nə vaxtsa onunla yanaşı dayanmağı, çiyinlərimi çiyinlərinin bərabərində görməyi həmişə elə arzulamışam ki… Sürətli addımlarla irəliləyərək metronun giriş qapısında toplaşan insan kütləsinə qarışdım, camaatı yara-yara içəri yüyürdüm. Bəd niyyətli olmasa da, kiminsə nəzərləri altında yerimək məni narahat edirdi. Özümü ağır xəstə kimi hiss edir, artıq düz yolumu sərbəst gedə bilmədiyimi düşünərək qəhərlənirdim. Kütləyə qarışdığım andan etibarən həmin adamın izimi itirdiyinə əmin ola bilərdim. İndi dəqiq bilirdim, məni heç kim izləmir. Azad nəfəs aldım. Elə başa düşülməsin ki, kiminsə kömək etməsi ilə mən özümü alçalmış, çarəsiz yaxud tənha hesab edirdim və buna görə əzab çəkirdim. Əlbəttə, belə deyildi. Kiminsə mənə kömək etməsi nə mənim alçalmağım, nə çarəsiz olmağım, nə də tənha qalmağım demək idi. Bu sadəcə ağrı idi ağrı… Əziz oxucu, sən bəlkə də, bu ağrını hiss etməmisən, görməmisən, bilməmisən, bəlkə də, heç vaxt bilməyəcəksən, bilməyini arzulamıram da! Amma bu ağrı elə ağrı idi ki, onun əzəməti özlüyündə ürək parçalayan bir dəhşət idi. O yağışlı noyabr günü bu gün də yadıma düşəndə hər dəfə özümə sual verirəm: “Görəsən, o adam, həqiqətən, o idimi? Əgər o idisə, məni tanımışdımı? bilmişdimi?” – susuram. Bir neçə dəqiqəlik sükutdan sonra içimdən qəti bir səs: “Bəli,” – cavabını verir. Bu yerdə keçmişdə baş vermiş, həmin adamla bağlı tutqun xatirəyə işıq salmağımız yerinə düşərdi. Yenə on birinci sinifdə oxuyanda, yenə qış axşamlarından birində və yenə Bakının zülmət küçələrilə yol gedirdim. Əksər vaxtlar – kefsiz və ya fikirli olmadığım axşamlar məktəbdən qayıdanda evə çatana kimi sabahkı dərsləri öz-özümə danışır, təkrarlayırdım. Həmin axşam da belə axşamlardan biri idi. Metrodan aralandığım on beş dəqiqəni keçəndə addımlarımı yavaşıtdım. Bu, evimizə yaxınlaşmağımın birinci əlaməti idi. Ikinci əlamət qapısı bizim həyət qapımızla yanaşı olan qonşunun axşamlar evinin kandarında yandırdığı zəif işıq idi. Bu gün də o işıq yanmırdı. Yəqin qoca ya işığa qənaət edirdi, ya da evdə yox idi. Əslinə qalırsa, qocanın evdə olmaması daha ağlabatan fikir idi. Adətən, işığı yandırdığı axşamlarda özünün də evinin qapısı ağzında oturub qəzet oxuduğunu, ya radio dinlədiyini görərdin. İndi yeganə ümidim üçüncü əlamətə qalmışdı. Üçüncü əlamətə gəlincə, bu əlamət sağ tərəfdəki divarı əlimlə yoxlayaraq üç-dörd addım irəli getdikdən sonra hamar səth üzərində həyət qapımızın dəmir dəstəyini tapmaqdan ibarət idi. Sağ əlimi yenicə qaldırıb divarı yoxlamağa başlayanda sol qolumun dirsəkdən yuxarı sarsıldığını hiss elədim. Bir əl qolumdan tutaraq irəli getməyimə mane oldu. İki addım geri çəkildim və geri çəkildikcə qolumdakı əlin tədricən yumşaldığını, məni buraxdığını hiss elədim. Bəlkə, qolumda o sarsıntını duyduğum anda qorxudan dəli qıvraqlığı ilə geri atılar, hara getdiyimi özüm də bilmədən nəfəsim tükənənə qədər qaça bilərdim, amma qaçmadım, çünki yenə o səsi eşitmişdim, yenə eyni həyəcanla: “Dayanın!” – demişdi. Bu səsin sahibindən mənə zərər gələ bilməzdi. Bu səsdə ağrı, yoğun təngənəfəslik, yenə gecikmək qorxusu ilə tələsməkdən doğan mübhəm bir təşviş duyğusu aydın başa düşülürdü. Dəqiqələr keçdi. Uzaqdan maşın səsi eşidildi. Maşın yaxınlaşdıqca ətrafa yayılan solğun işıq küçənin sağ tərəfində, divar dibindəki boşluğu işıqlandırırdı. Nəzərlərimi ora çevirdim və iki əlimlə başımı tutaraq dəhşət içərisində yerə baxdım. Hər gün evimizə çatmağa az qalmış sağ divarın dibi ilə getdiyim yolda bu gün yeri qazmışdılar. Gündüz məktəbə gedəndə burdan keçmişdim, heç bir dəyişiklik yox idi, görünür, hansısa tikinti işi ilə əlaqədar olaraq yerin qazılması mənim məktəbdə olduğum vaxta təsadüf etmişdi. Maşın bizdən xeyli uzaqlaşıb tini burulanda yenə qaranlıq küçəyə hakim kəsildi. Zəif baxışlarımla zülmətin bədheybət abidəsini yıxmaq, məhv eləmək istəyirdim. Gözlərimi dərin iztirabla qaranlığa zillədim. Adam orda idi – qarşıda, qaranlığın içində… amma susurdu, qaranlıq kimi susurdu… axı nəyə görə?! Onda da susmağının səbəbini anlaya bilməmişdim. Bəlkə, danışarsa, onu səsindən tanıya biləcəyimi düşünürdü, ona görə susurdu… qaranlıqda görmədiyimi bilirdi, bunu necə öyrəndiyini, kimdən soruşduğunu, hardan eşitdiyini kəsdirə bilməsəm də, hər halda, bilirdi və bu gedişlə onu görərək tanımağımın qeyri-mümkün olduğunu əvvəlcədən hesaba almışdı. Maraqlıdır, gözlər görməsə də, ruhun öz sevdiyini ruhundan, adicə hənirindən, toxunuşundan, bir kəlmə də olsa, o bir kəlmə sözündən, o sözə can verən, bir kəlməlik dirilik səsindən tanıdığını o anlamırdımı? bunu anlamaq çətin idimi? Heyhat… Mən ki onu bağışlamışdım. Mən onu öyrəndiyim, adını hecalara bölüb əzbərlədiyim, üz cizgilərinin şəklini xatirimdə naxış-naxış işlədiyim gün bütün olacaqlara görə bağışlamışdım. Bütün uzaqlıqlara, bütün ayrılıqlara görə mən ki onu bağışlamışdım… O axşam üz-üzə dayandığımız on dəqiqəyə yaxın vaxt mənə bir əsr qədər uzun gəlmişdi. Sonra önündən keçərək evimizə doğru addımlamışdım. Əlimi divarda gəzdirib, həyət qapımızı və dəmir dəstəyini tapıb ondan yapışanda qonşu həyət qapısının da açılma səsini eşitmişdim. Bu o idi. Şübhəsiz, mənim evimizə doğru addımladığımı görüb o da səssiz, sözsüz evlərinə gedirdi. Mən içəri keçib qapını örtəndə bayırdan qonşu həyət qapısının da örtülmə səsini eşitmişdim.
Bu gün kollecimizdə Zəfər Gününün ildönümünə həsr edilmiş tədbir təşkil olunacaqdı. Gecikməməli idim. Akt zalının girişində yoldaşlarımla qarşılaşdım. Salamlaşıb görüşdük, saatı xəbər aldım, on iki tamam idi. Vaxtında çatmışdım, ancaq mənə dedilər ki, mövcud hava şəraiti ilə əlaqədar bəzi qonaqların gecikə biləcəyini nəzərə alaraq tədbirin başlanması yarım saata qədər yubadıla bilər. Gözəl tədbir olacaqdı, buna şübhəm yox idi; müəllimlərin Zəfər tariximiz barədə bir-birindən maraqlı məruzələri, ard-arda maarifləndirici çıxışlar, 44 günlük Vətən Müharibəsi şəhidlərinin əbədi xatirəsini təcəssüm etdirən videoçarxlar, vətənpərvər ruhlu şeirlər, nəhayət, sonda kollecimizin musiqi şöbəsinin müəllim və tələbə heyətinin birgə təşkilatçılığı ilə reallaşacaq konsert proqramı. Bugünkü tədbirdə mənim parta yoldaşım Nailənin də çıxışı var idi. Buna xüsusilə sevinirdim, səbirsizliklə onun çıxışını gözləyirdim. Onu düşünəndə mənə elə gəlirdi, tədbir başlamayacaq. Vaxt keçmək bilmirdi. Nailənin şeir söyləmək istedadına yeni bələd olmuşdum. O, vətənpərvər ruhlu şeirləri əlahiddə bir ahənglə söyləyirdi. Mən onun səsindəki ən çox zil nöqtələri sevirdim. O zil nöqtələri ki, bir azdan bütün zalı inlədəcəkdi. O zil nöqtələri ki, bir dərdlinin fəryadını andıran yanıqlı nalə idi, adamın illərdən bəri ürəyində özünün belə toxunmağa qıymadığı yaralara birbaşa təmas edirdi…
Tədbirdən bir gün əvvəl idi. İkinci dərs bitmiş, uzun tənəffüs başlamışdı. Sinif boş idi. Nailə də digər yoldaşlarla çıxmışdı. Mən nadir hallarda tənəffüs vaxtı sinifdən çıxardım. Bu da çox vaxt hansısa sənəd işimlə bağlı olardı. Yoldaşlarımla qaynayıb-qarışmazdım. Bunun səbəbi o deyil idi ki, onlar mənə qarşı yanlış etmişdilər, özləri bilmədən bəzi mülahizələrində yanılmışdılar… buna görə onları mühakimə edə bilməzdim, əksinə anlamağa çalışırdım, bəzən haqq da verirdim. Susurdum, doğrudur, susduqca ağrı içimdə böyüyürdü, ancaq yenə də, yenə də mən yoldaşlarımı sevirdim… Onlara qarışmamağımın əsas səbəbi hər kəslə məsafəli olmağı, insanları uzaqdan sevməyi xoşlamağım idi. Müəyyən toplum içərisində çox qalanda, hamı ilə eyni vaxtda gülüb-danışanda ürəyim dəhşətli dərəcədə sıxılırdı. Bir müddət sonra isə bu sıxıntı ürəyimdə fiziki ağrıya çevrilirdi. Ehtimal ki, elə bununla əlaqədar idi, heç vaxt yoldaşlarıma qoşulub onlarla gülə-gülə, danışa-danışa bufetə belə düşdüyüm olmamışdı. Yeməyi həmişə evdən özümlə aparırdım – şirin kökə, lavaş arası pendir… Mənə elə gəlirdi ki, ev yeməkləri hər zaman hər yerdə, xüsusilə, evdən qeyri yerlərdə daha ləzzətli olur. Hələ bəzi uzun tənəffüslərdə bir neçə qızın toplaşıb kollecin yaxınlığındakı mağazaya getdiklərini, ordan əli dolu zənbillə qayıtdıqlarını görəndə gülüşümü gizlədə bilmirdim. Onlar da mənə baxıb gülürdülər. Bu gülüşlər sadə idi, qərəzsiz idi. Tədbirdən əvvəlki həmin günə qayıdaq… o gün yeməyə heç nə gətirməmişdim. Sinifdə gəzişməyə başladım. Bu vaxt Nailə əlində vərəq içəri girərək vərəqi şadyanalıqla əlində yellədi. - Hə, necə gedir? – mən soruşdum.
- Əla, tam hazıram! – dedi.
- Afərin, – deyə gülümsədim.
- Bircə o müəllimdən nigaranam, – Nailə sinif qapısından çölə göz gəzdirərək heç kimin gəlmədiyinə əmin olub əlavə elədi, – o hər tədbirdə birinci sırada, tribunanın qarşısındakı oturacaqda əyləşən müəllim vare, onu deyirəm. Ondan heç gözüm su içmir…
- Hə, tanıdım. Ondan? Niyə?
- Həmişə tədbirlərdə mən şeir deyəndə düz gözlərimin içinə baxır. Özü də baxışları elə kəskindir, adamın ürəyinə lap titrəmə salır. Sanki baxışı ilə demək istəyir ki: “bax ha, özünü gözlə, birdən şeirdə nə isə səhvə yol verərsən!!”
- Elə bu? Budur səni narahat eləyən? – zarafatla qoluna vuraraq güldüm.
- Hə. Bu bəyəm elə-belə şeydir?! Yadında, keçən il bir tədbirdə dediyim şeirin bəndlərinin yerini səhv salmışdım, bax onda da o müəllimin üzümə zillənən baxışlarının əsarətində idim. Qorxuram, sabah da belə ola! O qədər müəllimlərin, qonaqların qarşısında… – cümləsini tamamlamadı, gözləri yaşarmışdı.
- Bax, Nailə, – əlini tutub sözə başladım, – keçən ilki tədbirdə şeirin bəndlərinin yerini səhv salmağın məncə elə böyük qəbahət deyildi. Əsas odur, müəllifin fikirləri təhrif olunmamışdı.
- Yenə də. Müəllifin fikirləri ardıcıl söylənməlidir, mən bu ardıcıllığı pozmuşdum.
- Ola bilər, amma, fikrimcə, şeirin bəndlərinin yerini səhv saldığına heyifsilənməkdənsə, həyəcandan müəllifin fikrinə və ya öz qiraətinə xələl gətirmədiyin üçün sevinə bilərsən. Bundan başqa, sən şeir deyən vaxt müəllim sənin gözlərinin içinə baxanda sən də müəllimin gözlərinin içinə baxma, nəzərlərini başqa səmtə çevir. Digər müəllimlərə, qonaqlara, tələbələrə, zalın döşəməsinə, nə bilim, bir sözlə, başqa tərəfə bax…
- Olmur axı, hara baxsam, axırda yenə baxışlarım müəlliminkilə toqquşur.
- Onda, – zehnimdə işıq parıldadı, – gözlərini yum, – dedim.
- Aa, doğrudan da! Bu lap əntiqə fikirdir! Niyə indiyə kimi mənim ağlıma gəlməyib?! – məni qucaqladı, başını çiynimə dayayaraq: – sağ ol, bacı, – dedi.
- Hər şeyin çarəsi var, – mən dedim, – bircə…
- Bircə?!
- Hə… heç, heç…
Dünyada elə ağrılar var idi ki, onların çarəsi mövcud deyildi. O ağrılar yaradılanda onlara çarə yaradılmamışdır. Yaradıla bilməzdi. Təbiətin qanunu belə idi. İndi Nailənin dərd elədiyi şey onların yanında nə idi ki? Balaca bir nöqtə, bir zərrəcik, ya da ümumiyyətlə, heç bir şey. Elə dərdlər var idi ki, səhər Günəşinin zərrin şəfəqləri altında dünyanın hər küncünü qarış-qarış axtarsan, o dərdlərin çarəsini tapa bilməzdin. Daha bunları Nailəyə deyib qanını qaraltmağın yeri yox idi. Mövzunu dəyişməklə həm öz kədərimi, həm də Nailənin təəccübünü dağıtmağa çalışaraq: - Bəs mən? Mən şeir dediyim tədbirlərdə necə? Müəllim mənə də elə baxır? – maraqla soruşdum.
Burda kiçik bir təfsilata ehtiyac var. Mən kollecimizdə keçirilən tədbirlər içərisində yalnız müəyyən bir şairin həyatı və yaradıcılığına həsr olunmuş bədii gecələrdə çıxış edərdim. - Hə! Bəs necə! Özü də sənə daha diqqətlə, daha iti nəzərlə baxır. Sən şeir deyəndə təkcə o müəllimin yox, zalda əyləşən bütün müəllimlərin baxışları sənə zillənir. Bir də müəllimlərin sənə baxışında qəribə bir ifadə olur; qürur dolu, sevgi qarışıq, bir az da kövrək ifadə…
Nailə sözünü qurtarana kimi məni elə həyəcan bürüdü ki, elə bil sabahkı tədbirdə Nailə yox, mən şeir deyəcəkdim. Dərin minnətdarlıqla: - İlahi, nə yaxşı ki, görmürəm!! – dedim.
- Aman Allah, bir də görmədiyinə sevinirsən, – Nailənin təəccübdən böyümüş gözlərində nisgilli ifadə vardı.
- Hə, sevinirəm, necə məgər?! – uşaq sadəlövhlüyü ilə dedim.
- Heç… – ah çəkərək susdu. Mən də susdum.
Doğrudan da, o gün ilk dəfə idi ki, uzağı görmədiyimə sevinirdim. Tədbirlərdə şeir deyərkən gözlərimə zillənən gözləri, şeirin sonunda havaya yüksəlib zalın hər yerinə alqış yağdıran əlləri görmədiyimə sevinirdim. Öz-özümə deyirdim: “yaxşı ki, görməmişəm, indiyəcən bilməmişəm”. Mən görməsəm də, tədbirlərdə şeiri bitirər-bitirməz həmişə gözlərimi yumar, baş əyib təşəkkür edərkən bütün baxışları gözlərimdə, yüksələn əllərin hər birini öz əllərimdə hiss elərdim, duyardım, onda da uşaq kimi sevinərdım… Birdən Nailənin mızıldanaraq nə isə oxuduğunu eşitdim. Sabahkı şeirini təkrarlayırdı. Nailə yoldaşlarım içərisində mənə ən yaxın, ən sevimli olanı idi. “O məni bilir, o məni anlayır, ” – belə düşünürdüm. Tənəffüslərdə ya da dərs qurtardıqdan sonra sinifdə ikimiz qaldığımız vaxtlar mühazirələri mənə aramla oxuduğu və mənim də həmin mövzuları onun səsində dinləyib öyrəndiyim az olmamışdı. Hətta dəfələrlə olmuşdu ki, mən bir müəllimdən nə isə soruşanda və ya dəqiqləşdirəndə müəllim başı ilə təsdiq cavabı vermişdi. Mən isə onu görmədiyimdən sualımı təkrarlamışdım. Belə vəziyyətlərdə Nailə əlimdən tutaraq pıçıltılı səslə: “Müəllim cavab verdi, bacı, doğru bilirsən, sənin dediyini başı ilə təsdiqlədi,” – deyərdi. O mənim görən, oxuyan gözüm idi. O mənim canlı səsli dərsliyim idi. Elə bir dərslik ki, bütün fənlərimizin ön sözündən mündəricatına kimi hər səhifəsi bir-bir orda toplanmışdı. O həmişə deyərdi: “Elə istəyirəm, bizə gələsən, gecəni yatmayaq… səhərəcən bütün dərsləri sənə oxuyum, oxuyum… hamısını mənim səsimdən öyrənəsən… vallah oxumaqdan yorulmaram da!” O “vallah oxumaqdan yorulmaram da!” Ifadəsini elə amiranə tərzdə söyləyirdi ki, bir an ondakı balaca ürəyin böyüklüyünə, sərhədsiz oxumaq eşqinə şiddətli heyranlıqla baxırdım. Bəzən də zarafatla deyərdi: “Bir gün sənə oxuduğum dərsləri unutsan, mənim səsimi heç vaxt unutma”. Mən də gülərək deyərdim: “Yaxşı, unutmaram”. Bir dəfə ilin son seminarlarından biri idi. Müəllimimiz semestrin əvvəlində keçdiyimiz mövzulardan suallar verir, yaddaşımızı yoxlayırdı. Müəllimin verdiyi qısa, qarışıq suallara mənim geniş, əsaslı və aydın izahlarım, deyəsən, müəllimi təəccübləndirmişdi. Bu vaxt Nailənin şən səsi eşidildi: “Müəllim, təəccüblənirsiniz?! Nahaq yerə! – sonra dirsəyi ilə qolumu dümsükləyərək, – o, danışan arxivdir, ” – dedi. Nailənin bu sözünə qızlar astadan gülüşdülər. Yadımdadır, o gün müəllim də ciddiyyətini pozmadan gülümsəmişdi. Biz Nailə ilə belə idik. Heç kim, heç bir şey aramıza girə bilməzdi. Nə zaman məyus olsam, səsi yel kimi qulaqlarımda əsər, fikirlərimi sağa, sola dağıdardı. Onun yanında kədərli olmaq mümkün deyildi, hökmən bir səbəb tapmalı, nəsə danışıb üzümü güldürməli idi. Onu görəndə ağrılarımı unudardım, amma…
İnsanın yaxşılıq etməsi, ətrafına xeyirxahlıq saçması təqdirəlayiq xüsusiyyət olsa da, bu axı ona həmin insanlara qarşı istənilən yanlışa yol verə bilmək hüququ qazandırmamalı idi. Elə yanlışlar var ki, insan gərək onları etməsin. O yanlışları etmək yanmaq deməkdir – sənə olan etibarın, güvənin, etimadın yanması… bu elə bir yanmaqdır ki, ondan qalan külləri toplamaq olmur. Lap insan belə bir yanlış etsə də, gərək yeri gələndə etdiyini danmaya. Bu axı ümumiyyətlə, yoldaşlıqda sədaqət anlayışına ziddir. Bir həqiqəti inkar edə bilmərəm ki, Nailənin yanlışı olsa da, vəfasız deyildi, bununla belə o da məndəki ağrını görmədi, hiss eləmədi, bilmədi. Necə bilə bilərdi, axı o mənim ağrımı yaşamamışdı… mən də yaşamasını istəməmişdim. Əslində məsələ sadə idi; mən ona bu ağrını yaşamağı arzulamadım, o da yaşamadı. Yaşamadığı üçün də məni bilmədi. Belə yaxşı idi, eybi yox, qoy ağrımı yaşamasın, məni bilməsin. Mən axı öz dərdimi sevirdim, insan da özünə sevimli olanın başqasına verilməsinə razı olardımı?!
Son
Müəllif: Sevinc İbrahim
Sevinc İbrahimin digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında