- GƏLİRƏM
Duyğuların zirvəsinə baş vurub,
Uca sözün ucasından gəlirəm.
Gör nələr var üçcə hərfin canında,
“Söz”ün bircə hecasından gəlirəm.
* * *
Ömür üzən, gün qocaldan, yaş yoran,
Dincəlməyə aman verə, kaş, yoran.
Sualların saç ağardan, baş yoran,
“Neyçün”ündən, “necə”sindən gəlirəm.
* * *
Danışdırdım hər pərdəni, hər simi,
Dərk eylədim avandımı, tərsimi.
Məktəb açdı, Tanrı verdi dərsimi,
Ustadından, xocasından gəlirəm.
* * *
Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
Hünərin var qapısından gir ömrün.
Yuxusuna haram qatmış bir ömrün,
Min yuxusuz gecəsindən gəlirəm.
* * *
Süzülmüşəm tarixlərin ruhundan,
Od almışam yananların ahından.
İnsanların Adəmindən, Nuhundan,
Cavanından, qocasından gəlirəm.
* * *
Qorxusu yox nə amanın, nə ahın,
Günəşi var hər açılan sabahın.
Qapısında xidmətçiyəm Allahın,
Qapısından, bacasından gəlirəm.
Mənbə: Zəlimxan Yaqub
Müəllif:Zəlimxan YAQUB
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “ZƏLİMXAN YAQUB – GƏLİRƏM”