RAHİLƏ QARALOVA – GÖYÇƏDƏDİ

RAHİLƏ QARALOVA

SAZIM
Dağı yerindən oynadıb,
Sinəm üstə duran sazım,
Meydanlarda at oynadıb,
Toy məclislər quran sazım.
* * *
Yandırıbdi “Kərəmiylə”
Qəm veiribdi “Dilqəmiylə”,
“Koroğlunun cəngi”siylə,
Qılınc-qalxan vuran sazım.
* * *
Məhəbbəti eldən aldın ,
Çox dövranlar yola saldın.
Şahlar ilə qonaq qaldın,
Namərdləri qıran sazım.
* * *
Dədə Oorqud yadigarı,
Qoruyubsan düz ilqarı,
Yol alıbsan bizə sarı,
Əsrləri yoran sazım!
* * *
İlham verdin yenə mənə,
Alqışladım dönə-dönə.
Rahilə də olub sənə,
Lap əzəldən heyran, sazım.

DAĞLARIN
Qəlbimə hakimdi ruhuma qənim,
Məni məndən alır, gülü dağlarin,
Ürəyi coşdurur qəlbi coşdurur,
Sinəsindən axan seli dağların.
* * *
Çoban tütəyidi ana laylası,
Zirvəsində qarı olub aynası,
Gözəlliyi bir bir deyib sayılası,
Çeşməsi, bulağı ləli dağların.
* * *
Baharda al yaşıl dona bürünər,
Ətəyində lalə nərgiz görünər,
Zirvəsində sazaq, çiskin sürünər,
Dumandan çəkilmiş tülü dağların.
* * *
Ayrılıq həsrəti nədir bilirəm,
Vətən, həsrətindən hər an ölürəm,
Qəm çəkir, ağlayıb hərdən gülürəm,
Eyləyib məni də dəli dağların.

ELƏ BAĞLIYAM
Şəhərdə olsam da nə vaxtdan bəri,
Çəmənə bağlıyam, çölə bağlıyam,
Sevdim çiçəkləri, sevdim gülləri,
Çiçəyə bağlıyam, gülə bağlıyam.
* * *
Havasız şəhərdə gəzə bilmirəm,
Əlimi dağlardan üzə bilmirəm,
O təmiz havasız, dözə bilmirəm,
Sonalar üzüşən gölə bağlıyam.
* * *
Vətəndən uzaqda həsrət dəmliyəm,
Toydada, yasdada kədər qəmliyəm,
Toxunmayın mənə zilli, bəmliyəm,
Şırmayı saz üstə telə bağlıyam.
* * *
Rahilə, uzaqdan vətənə baxar,
Coşqun çaylar kimi düzlərə axar,
Sevgi çələngini telinə taxar,
Harda yaşasamda elə bağlıyam.

ATA
Dilimdə söhbətim, dilimdə sözüm,
Aləmə nur saçan gözümsən, ata!
Sənsənsəcdəgahım, dünya əvəzim,
Ətirli baharım, yazımsan, ata!
* * *
Cavan köçdün, bu həyata dözmədin,
Baxça saldın, bir doyunca gəzmədin.
Dar günümdə əllərini üzmədin,
Müqəddəs çörəyim, duzumsan, ata!
* * *
Verdiyin nəsihət çatır dadıma,
Xatirən çox şeyi salır yadıma.
Şəkərim deyərdin hər gün adıma,
Sönməyən ocağım, közümsən, ata!
* * *
Xudam heç baxmadı cavan yaşına,
Qurbanam çiçəkli məzar daşına.
Oğlun, qızın hey and içir başına,
Könlümdə susmayan sazımsan, ata!

ATA DEYİB KÖVRƏLTMƏYİN SİZ MƏNİ
Ata dedin, alt-üst etdin binəmi,
Fikrin dərdi çatdırmaqdı minəmi?
Ah-nalənlə sən dağladın sinəmi,
Ata deyib, kövrəltməyin siz məni.
* * *
Ata dedin, bağrım başı köz oldu,
Dərdim artdı, bir idisə yüz oldu,
Yoxluğuna inanmırdım, düz oldu,
Ata deyib, kövrəltməyin siz məni.
* * *
Dərdim, qəmim karvan kimi düzülür,
Göz yaşlarım, ürəyimə süzülür,
Ata dedin, canım candan üzülür,
Ata deyib, kövrəltməyin siz məni.
* * *
Ata mənim candan əziz canımdı,
Ata mənim zülmət sökən danımdı.
Ata mənim şöhrətimdi, şanımdı,
Ata deyib, kövrəltməyin siz məni.
* * *
Canım ata, kaş olaydın yanımda,
Dolanırsan, damarımda, qanımda,
Unutmaram səni heç bir anımda .
Ata deyib, kövrəltməyin siz məni.

AY ANA
Qurban olum sənin qəmli gözünə,
Bəstəm olan şirin-şirin sözünə,
Darıxmışam, bir baş qoyum dizinə.
Anaların anasısan, ay ana,
Sonaların, sonasısan, ay ana !
* * *
Sığal çəkim qoy dağılan telinə,
Qulluq edim çiçəyinə, gülünə,
Qurban olum o titrəyən əlinə…
Anaların anasısan, ay ana,
Sonaların sonasısan, ay ana!
* * *
Oğlun-qızın qoy həmişə şad olsun,
Nəvələrin ömrə-günə dad olusn.
Kədər sənə qoy həmişə yad oslun!
Anaların anasısan, ay ana,
Gözəlliyin sonasısan, ay ana!

KƏLAĞAYI
Ulu nənələrdən yadıgar qalan,
Kəlağayı gözəlin qeyrət örtüyü.
Yaşmanıb gələrdi ağbirçək anam,
Xanım anaların ısmət örtüyü.
* * *
İndi muzeylərdə tarixə dönüb,
Günəşə tamarzı, kölgəyə enib,
Elə bil nənəmin çırağı sönüb,
Bir vaxtlar xalqımın şöhrət örtüyü.
* * *
O namus rəmzidir, həm də ki, qeyrət,
Başı papaqlılar edibdir hörmət,
Ortada olanda bitibdir söhbət,
Heç zaman olmayıb qiybət ortüyü.
* * *
Rahilə, bu deyil adi bir geyim ,
Bu gözəl örtüyü nə qədər öyüm?
İsmətdi, abırdı, qeyrətdi deyim
Mərifət, ləyaqət, hörmət örtüyü.

GÖYÇƏDƏDİ
Bülbül kimi qəfəsdəyəm,
Mahnılarda xoş bəstəyəm,
Uzaqdan gələn səsdəyəm,
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.
* * *
Ellərdən ayrı nəsdəyəm,
Dərdləri dəstə-dəstəyəm,
Vətəndən uzaq xəstəyəm.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.
* * *
Dağlarının başı qarlı,
Ocaqları sönük qorlu,
Səmaları ahu-zarlı.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.
* * *
Turanım uzaq, aralı,
Təbrizim bəxti qaralı,
Göycəm də yaslı, yaralı.
Xəyallarım Borçalıda,
Yuxularım Göyçədədi.

Müəllif: Rahilə QARALOVA

RAHİLƏ QARALOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – QADIN!

ŞAHNAZ ŞAHİNİN YAZILARI

Fransanın görkəmli yazıçı-dramaturq və filosofu Deni Didronun qadınlar haqqında söylədiyi fikirlər o qədər xoşuma gəldi ki, yazıma da elə bu sözlərlə başlamaq istədim, özü də elə Didro sayağı: “Qadınlar üzərinə yazı yazarkən qələmi göy qurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız”.

Onda əvvəlcə gəlin görək qadın özü kimdir. Bilirəm, sualım bitməmiş cavablarınız hazırdır, belə ki, ana, övlad, bacı, həyat yoldaşı və daha kim… Onu da bilirsiz ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadın uca tutulur və onun şəninə üzü sevgili peyğəmbərimizdən bura dəyərli sözlər deyilmişdir.

Cənnətin məhz qadının ayaqları altında olmasını isə lap cəhalət dövründə Allahın Rəsulu söyləmiş, onadək doğulan qız uşaqlarının diri-diri torpağa basdırılmasının böyük günah olduğunu içindən çıxdığı qövmünə anladaraq qadını yüksək qiymətləndirmişdir.

Gözəllik və zəriflik göstəricisi olan qadınlar sonralar da tarixin müxtəlif mərhələlərində yüksək mövqe sərgiləmiş, öz ağıl və bacarıqlarından istifadə edərək quruculuq işlərində də uğurla iştirak etmişlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, biliyi, zəkası, iradəsi, səbri ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında özünəməxsus və yaddaşlarda qalan xidmətlər göstərmişdir. Azərbaycan tarixinə adı şəxsiyyət kimi yazılan ən mütxtəlif peşə sahibi, hökmdar, alim qadınların adını sadalamaq kimi bir fikrim yoxdur, amma ilklərə imza atan bəzi qadınların adını çəkməsəm olmaz… Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, ilk azərbaycanlı kimyaçı qadın İzzət Orucova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya…. Əminə Dilbazi, Şəfiqə Axundova və daha kimlər, kimlər… Heç bilirsiniz, ilk olmaq nə deməkdir?! Hələ bunu indiki, yaşadığımız 21-ci əsrin söz və hüquq azadlığı şəraitində belə etmək birmənalı qarşılanmaz, o ki, ola cahillik dövrü.

Qadın, ona dəyər verdikcə, onu sevdikcə güclənir, özünə güvən qazanır, göstərilən etimadın, etibarın, qoyulan hörmətin, verilən sevginin birə yüzünü, minini qaytarır cəmiyyətə.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir…


Qadın sevildikcə gözəlləşir, gəncləşir, dünya qadının qolları üstündə rahat uyuya bilir, sular nəğmə oxuya, küləklər güləşə bilir. Günəş hər gün qadın qəlbindən doğur məncə, Ay gecələr qadın baxışlarıdır göydə, dolanıb baxır Yer kürəsinə, sabaha salamat çıxması üçün Tanrıya dualar edir… Allahın müxtəlif “təyinatlı” elçilərinin sonuncusu olan Məhəmməd peyğəmbər qadına güvənmiş, qadına verdiyi yüksək dəyərlə onların yorğun, yaralı qəlbinə məlhəm olmuş və qarşılığında onların sevgi və məhəbbətini qazanmışdı. Gətirdiyi dinin yayılmasında məhz o qadınlar, başda da xanımı Xədicə olmaqla vəsilə olmuşdular.

Qadın gülərsə şu issiz mühitimiz güləcək.
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
(H.Cavid

İndi bütün dünyanın “gender bərabərliyi” deyib hay saldığı məsələni, hələ çox qabaqlar türk qadınları həyata tətbiq etmişdilər, o qadın kişilərlə bərabər kənd təsərrüfafatının müxtəlif sahələrində, zavod və fabriklərdə çalışır, evdə isə ailə qayğılarını çəkirdi. Harda ki, qadın azaddır, fikri, düşüncəsi də azaddır, savadlıdır, həmin qadın ən nəhəng kəşflərə imza ata, cəmiyyət üçün xeyirli ola və tərbiyəli övladlar yetişdirə bilər. Yox, əgər bir ölkənin qadını savadsız, öz hüquqlarını bilməyən cahil biridirsə onda vay o millətin halına! Bəlkə də hamınızın bildiyi nümunədir, ağıl zəifliyi sindromundan əziyyət çəkən, bu səbəbdən də oxuduğu məktəbdən uzaqlaşdırılan Tomas Edison kimin sayəsində dahi ola bildi, əlbəttə anasının!

Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.
(S.Vurğun)

Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmişlər. İkinci Dünya müharibəsində, Qarabağ savaşlarında qəhrəmanlıq göstərərək adlarını tarixə yazan nə qədər qadınlarımız var. Hələ çox-çox ziyalı insanların həyatının üstündən qara xətt çəkən zalım 37-ci ilin qurbanı olan, ağır zülm və məşəqqətlərə dözərək “cəhənnəmi gözlərilə görən”, ömrünü sürgündə başa vuran, amma namus və şərəfini qoruyan qadınlarımızın hər birindən saatlarla, günlərlə danışmaq olar.

İnsan dünyaya ilk gözünü açdığı dəqiqədən etibarən özünü tapmağa, onunla təmasda olanlardan özünü hər cür qorumağa, öz mənliyini təsdiq etməyə çalışır. Amma çox təəssüf ki, hələ də dünyada və elə yaşadığımız cəmiyyətdə də azadlığı əlindən alınaraq hüquqları pozulan, bəzən bu və digər səbəblərdən zorakılığa məruz qalan, evdə əşya hesab edilən qadınlar vardır. Azadlığı yolunda basqılara məruz qalan, öldürülən, şikəst edilən qadınlar da az deyil. Nə qədər ki, dünyada bir qarın çörək üçün axşamacan işləyən, yurdu talanan, qovulan, əzilən, yaşamaq üçün ən adi şəraiti belə olmayan, küçələrdə gecələyən qadınlar var, gərək dünya qadınları susmasın. Amma gərək bunu qadınlar özü də istəsin, hüquq və azadlığı uğrunda mücadilə etməyi bacarsın. Bütün vəzifələrinin öhdəsindən hünərlə gələn, kiminsə qızı, anası, bacısı olmaqdan başqa bir qadın olduğunu isə unudan qadının birinci növbədə düşüncəsi dəyişməlidir.

Çünki əsl inqilab zehni inqilabdır!
Şairlər bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazmışdır, bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır, heykəltaraş ana heykəlini sevərək, oxşayaraq yonur, müəllim birinci sinfə ayaq basan uşağa ilk olaraq məhəbbətlə “A” hərfini öyrədir və “Ana” sözü yazdırır. Qadını Yaradan ona ən uca məqam-ana olmaq şərəfi də bəxş etmişdir, ana isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır, dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır… Onun önündə əyilən baş Tanrının qarşısanda ucalar. Qadın –vətən, torpaq, sülh, qadın azadlıq, əmin-amanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq, torpağının da qədrini biləcək. Son anda da düşmənə arxa çevirməyəcək, biləcək ki, arxasında dayandığı vətənidir, anasıdır, bacısı ya sevgilisidir. Anaya xitabən: “Cahanda yox elə bir qüvvə ki, baş əyim ona mən…”- söyləyirdi C. Cabbarlı…

Qadınla kişi dünyanın iki fərqli və bir-birini cəzb edən cəhəti kimidir. “Kitabi- Dədə Qorqud” dastanında qadın kişinin “başının baxtı, evinin taxtı” kimi xarakterizə edilir.

Qadın, ilin dörd fəsli kimi dəyişkən xarakterə malikdir.

Sənin sevgilin olmaq deyil asan, sevgilim,
Ömrümün dörd fəslinin baharısan, sevgilim…
(S.Rüstəm)

O, gah qış kimi qar yağa bilər, gah yayda günəş təki yandırıb yaxar. Gah əlvan çiçəkli yaz olar, gah da payız, solub saralar… Hər halını sev qadının, sev.., sev…, sev!

..Qadınam, qadın, ana..
Hər dərdə sipər qadın!..
…Tanrının yaratdığı,
ən gözəl əsər-
Qadın!..

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həyatın iki üzü – Damət SALMANOĞLUNUN hekayəsi

DAMƏT SALMANOĞLU

Gözəl yay gecəsi idi. Sərin meh əsdikcə həyətdəki qovaq ağaclarının yarpaqları bir-birinə toxunub sanki gecəyə layla çalırdı.
Fəridə eyvanda əyləşib bu həzin səsin sehrinə düşüb, xəyallar qatarında yol gedirdi. Sərnişini olduğu bu qatar onu dörd il öncəki həyatına qonaq aparırdı.

Uzaq qohumları olan Nəsibə Fəridənin anası ilə şirin söhbət edirdi.
– Ay Nazilə bacı, nə əcəb bu qızları saxlayıbsan vermirsən getsinlər birinə.
Bir az yüngələşərdiniz, bir otaqda dörd nəfər yaşayırsınız.
– Nəsibə bacı, bəyəm kimsə gəlib istədi ki, qızları, bizdə vermədik?
– Bizim qonşuda bir oğlan var. Özlərinin dükanları var. İmkanları da yaxşıdı. Oğlan subaydır. Ona, halal süd əmmiş qız axtarırlar.
O gün bacısıyla yolda rastlaşdım. Deyir, ay Nəsibə, soraqlaş, bəlkə, sizin qohum- əqrabada subay qız olar.
Qardaşım Rafiqi evləndirmək istəyirik. Özün görürsən də, dükanları var, qazancı yaxşıdır, kimnən evlənsə yağ-bal içində üzəcək.
Nə olsun bir az yaşı çoxdu. Belə baxanda otuz altı yaş nədir ki? Əsil evlənəsi vaxtıdır əslində. Mən də söz verdim ki, qız taparam. Nə yalan deyim, sənin qızlarını düşündüm o dəqiqə.
Nazilə həyat yoldaşı və iki qızı ilə birlikdə bir otaqlı şəraitsiz evdə yaşayırdı. Həyat yoldaşı tikintidə usta işləsə də qazandığı pul ancaq gündəlik tələbatlarına yetir, qənaət edib ailəsi üçün şərait yarada bilmirdi. İki qızı təkadamlıq çarpayıda yatır, həmişə də sabah oyananda narahatlıqdan şikayətlənərdilər. İndi Nəsibənin bu təklifini eşidəndə çox sevmişdi. Ən azından qızlarından biri bu özü çəkdiyi əziyyəti çəkməyəcək, yaxşı şəraitdə yaşayacaq. Ancaq hardan biləydi ki, düşündükləri xəyala dönüb qalacaq.
Fəridə uşaqlıqdan çox şən qız idi. Rəfiqələri onun sadə geyiminə rəğmən səliqəlilyinə, gözəlliyinə, üzügülərliyinə həmişə həsəd aparırdı. Oxuduğu texnikomda hər kəs onu “mehriban, gülər qız” deyə çağırırdılar. Hamı ilə gülüb-danışar, mehriban və qayğıkeşliyi ilə seçilərdi. Qrup yoldaşlarının bahalı geyimlərini görüb heç vaxt həsəd aparmaz, kimsəyə qarşı ürəyində kin bəsləməzdi.
Nazilə Fəridəyə evlilik məsələsini deyəndə razılaşdı və dedi:
– Bir şərtlə, ana. İcazə ver özüm söhbət edim oğlanla və öz şərtlərimi söyləyim. Əgər razılaşsa mənim şərtlərimlə hə deyərəm.
Günortaya az qalmış Fəridə telefonuna zəng gəldiyini görüb əlinə aldı. Zəng edən Rafiqin bacısı idi.
– Alo, Fəridə salam, biz qonşu küçədədə səni gözləyirik. Əynini geyin gəl, səni qardaşımla tanış edəcəm. Bir kafedə əyləşib söhbətləşək.
– Salam, gözləyin hazırlaşım 15 dəqiqəyə gələrəm təxminən.
– Oldu, gözləyirik.
Fəridə maşına yaxınlaşanda Rafiqin bacısı maşından düşüb onu qarşıladı .Fəridə istər-istəməz maşının salonuna nəzər saldı. Sürücünün yanında əyləşən Rafiqi görüb düşündü ki, bacısının yoldaşıdır. Çünki Fəridənin gözlədiyindən daha yaşlı görünürdü. Maşına əyləşəndə isə bacısının, “hə, Fəridə, tanış ol, qardaşım Rafiqdir”,- deməsi Fəridənin bütün xəyal budaqlarının qırılıb düşdüyü an oldu. Ancaq yaşadıqları şəraiti düşünüb özünə təsəlli verdi. “Yaşlı olması önəmli deyil, ailəsinə bağlı olsun yetər ki”
Şəhərdə kafelərin birində əyləşib çay içə-içə söhbət eləməyə başladılar.
-Eşitdim ailə qurmaq üçün bir neçə şərtləriniz var. Buyurun, dinləyirəm şərlərinizi.
-Bildiyiniz kimi mən texnikom bitirmişəm, yəni öz sənətim üzrə işləmək istəyirəm. İstəmirəm gələcəkdə həyat yoldaşım mənə qadağalar qoysun.
Beləliklə bütün şərtlərini söylədi. Rafiq Fəridənin bütün şərtləri ilə razılaşdığını bildirdi.
Vağzalı sədası gələndə Fəridə sevinirdi. Çünki uşaqlıqdan çəkdiyi əziyyətlərdən, kasıblıqdan, atasının deyingənliklərindən ayıran, yeni bir həyata aparan qatarın vağzalı idi bu vağzalı sədası. O an, o qatarın birtərəfli olduğunu düşünürdü. Düşünürdü ki, bu vağzaldan yola düşüb onu fərqli bir dünyaya aparan qatar bir daha geri dönməyəcək. Fəridə o gün hardan biləydi ki, bu vağzaldan ayrılan qatar çox keçmədən yenidən bu vağzala dönəcək…
Bakı kəndlərinin birinə gəlin köçən Fəridə sanki əzablarını da cehizlik kimi özü ilə birlikdə gətirdi. İlk günlərdən soyuqluğu hiss etdi. Axı Fəridə bilmirdi ki, Rafiqin illərdi birlikdə olduğu qadın var. Fəridə ilə sırf bacısının “Rafiq, yaş ötür, ailə qur, övladların olsun. Sənə demirəm o qadından ayrıl. Çünki bilirəm desəm də sözümü yerə salacaqsan. Amma o qadın, sənin ailən deyil, öz ailən olmalıdır. Sənə ailə qurmağa qız tapmışam mən. Gedək qızı gör, bəyənməsən evlənmə, məcbur deyil” deməsi ilə ailə qurub. O gün ilk dəfə Fəridəni görəndə gözəlliyi onunla ailə qurmasına və şərtlərini qəbul etməsinə səbəb olur. Ancaq ailə məhz gözəlliyin və ehtirasın üzərində qurulmur. Əgər ailədə qarşılıqlı sevgi olmursa onun təməli çox zəif olur. Elə Fəridənin ailə təməli də cəmi bir həftəyə titrəməyə başladı. Cəmi bir həftə ərzində Rafiq yad adam kimi davranır, Fəridə ilə soyuq münasibət bəsləyirdi. Fəridə fikirləşirdi ki, ola bilsin nəsə maadi sıxıntısı var, o səbəbdən soyuqluq göstərir. Buna rəğmən Fəridə onu isti qarşılayır, işdən gələndə gülümsəyir, danışır, halın soruşur, işləri ilə maraqlanırdı. Ancaq Rafiq əksinə hər gün bir az daha soyuqlaşır, qaşqabağını tökür, Fəridə ilə demək olar ki, kəlmə kəsməyə tənbəllik edirdi. Bütün bunların başında isə Fəridədən öncə həyatında olan qadın dururdu. Hər gün Rafiqi tənbeh edir, Fəridədən ayrılmağı tələb edirdi. Hətta vəziyyət o yerə çatdı ki, toydan 1 ay ötməmiş Rafiq ilə Fəridə başqa-başqa otaqlarda yatır, bununla da aralarında olan ailə bağını tamamilə üzüləcək vəziyyətə gətirmişdilər. Rafiqin hərəkətlərindən şübhələnən Fəridə çox keçmədi şübhələrinin əbəs olmadığını gördü. Rafiq açıq-aşkar həyatında olan qadınla telefonla danışır, pıçıltıya belə gərək görmürdü.
-Narahat olma, canım, çox çəkməz bezər. Bir-iki aya qaçıb gedər evlərinə.
Bu sözləri Fəridə eşidəndə elə bil başına qaynar suyu tökdülər, dünya gözlərində qaraldı. İlahi, mən necə dönəcəm evə, onsuz da atam əzazil adamdı, mənə gün verib işıq vermirdi.
Deyəcək görürsən bütün günahlar səndədir.
Ər evində də özünü apara bilmədin geri göndərdilər.
Məcbur bu əzaba tab gətirib dözməliyəm. Ancaq zaman keçdikcə Rafiq daha da laqeydləşir, Fəridəyə qarşı ən ağır şəraiti yaradırdı. Evə bazarlıq eləmir, ac-yalavac saxlayır, nə yolla olursa-olsun bezdirir ki, çıxıb getsin öz xoşuyla. Kim soruşsa da niyə getdi gəlin, cavab versin ki, şəhərdə böyümüş qızdır, alışa bilmədi kənd həyatına. Amma Fəridə bütün bunlara rəğmən dözürdü bütün çətinliklərə. Həyətlərində əkdiyi tərəvəzlərdən, istifadə edərək gündəlik yemək təlabatını qismən də olsa ödəyirdi. Yanaqları payız çiçəyi kimi solmuş, əvvəlki təbəssümün izi-tozu qalmamışdı. Rafiq ata anasının onlara gəlməsinə qadağa qoymuşdu. Hətta bir dəfə Fəridə buna qarşı gələndə cavabında “gəlməsinlər, lazım olar sən gedərsən birdəfəlik”,-demişdi.
Əzab-əziyyətlə dolu bir il keçdi. Zaman ötdükcə Fəridənin taqəti də tükənir, hər gün bir az həyatından küsürdü. Nəhayət çox götür-qoy etdikdən sonra ata evinə geri dönməyi qərarlaşdırdı. Ancaq getməmişdən bu ağrı-acılı bir ilin ürəyində yaratdığı vulkanı Rafiqin üzünə püskürtməyi yəqinləşdirdi.
Sabah təzə açılmışdı. Rafiq yerində bir az o yan, bu yana döndükdən sonra ayağa qalxıb hamam otağına keçmək istəyirdi ki, qapını açanda Fəridə ilə üz-üzə gəldi. Fəridə paltarını geyinib hazır vəziyyətə Rafiqi gözləyirdi.
– Sabah-sabah hara belə?
Fəridə sakit-sakit dedi:
– Artıq arzunuza çatdınız hər ikiniz. Sən də, sənin fahişən də. Mən atamın evinə gedirəm. Ancaq getməmişdən əvvəl sənə bir iki kəlmə sözüm var. Əgər sən mənimlə ailə kimi yaşamayacadınsa niyə mənim həyatımı məjv elədin? Niyə mənim arzularımı yarıda qoydun?
Elə bilirsən ki, mənə çəkdirdiklərini Allah götürəcək? Yox, O, hökmən sənin cəzanı verəcək.
Ay bədbəxt, sən heç düşünmədin o fahişə bu gün sənin ailəni dağıdırsa sabah da başqasının ailəsini dağıdacaq, onun fahişəsi olacaq. Sən düşünmədin ki, o qadın səndən bir neçə yaş böyükdür, onun öz uşaqları var yaşlanannan sonra çəkiləcək nəvələrinin yanına başını qatacaq. Amma sənin həyatda heç nəyin olmayacaq, nə bir övladın, nə bir nəvən. Sənin kimi insanlar insanlıq adına qara ləkədir,- deyib qapıdan çıxaraq həyatın bir çətin üzündən digər çətin üzünə tərəf yol aldı. Bir il öncə vağzalı havası sədaları altında çıxdığı vağzala bu gün geri dönürdü. Yenə atasının dedi-qodusu, yenə təkadamlıq çarpayıda bacısı ilə gecəni sabahlamaq.
Bacısının səsinə xəyallardan ayrıldı,
– Fəridə, ay qız eşitmirsən? Atam deyir eyvanın işığını söndürüb yatsın, gecə keçir. Boşuna işıq yazır, onun pulunu ödəmək də var…

Müəllif: Damət SALMANOĞLU

DAMƏT SALMANOĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayşə Xəlilli – Ana

AYŞƏ XƏLİLLİ

ANA

Hamımız bilirik II Qarabağ müharibəsində nə qədər şəhidimiz, qazimiz oldu. Hamımız onlara “Allah rəhmət eləsin”, “Allah köməyi olsun” deyirik və iş burada bitir.

Heç fikirləşmirik şəhidlərin, qazilərin ailəsi, qohumaları, dostları necə olur?! Əsasda analar…

Ana dedikdə nə düşünürük, sadəcə bizi dünyaya gətirəninsan.

Xeyir. Ana müqəddəsidir, ana sevgi deməkdir, ana alov kimi yanmaq deməkdir, ana buz kimi ərimək deməkdir, övladı üçün.

Heç fikirləşmirik uşaqlıqda 4-5 yaşımız olanda, yıxılırdıq. Anamız gəlir, qucağında evə aparır, yaramıza şəfalı əlləri ilə yaramızı sarıyır, öpüb təsəlli verirdi.

Şəhid anaları bəs…

Bizim dizimiz yaralanır anamız narahat olur, bəs şəhid anaları…

Övladları dünyada yox olur. Biz onları görmürük. Amma ana onu hər zaman gözünün önündə yaşadır. Hər zaman ana övladının yanında olmağa çalışır.

Ana övladı üçün canını verər.

Ananln qolları mələyin qanadlarıdır. Bizi qanadının altında saxlayır. Biz onun qanadlarının içini görür, sağlamdır deyirik. Amma onun qanadlarının təmiz yaradır.

Niyə?

Sırf bizi qorumaq üçün.

Müəllif:Ayşə XƏLİLLİ

Naxçıvan şəhəri, Qızlar liseyi, VA sinif şagirdi

AYŞƏ XƏLİLLNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru