ZAUR USTAC – TORPAQ BİZİ GÖZLƏYİR

ZAUR USTAC “QƏLƏMDAR-2”

TORPAQ BİZİ GÖZLƏYİR

İYİRMİ SƏKKİZİNCİ YAZI

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha. Hər ötən an, hər saat, hər gün üçün min dəfə şükürlər olsun! Sizlərlə yeni bir görüşə imkan verib, zaman tanıdığına görə nə qədər minnətdar olsaq da yenə çox azdır, çox az… Necə deyərlər, dəryada damcı qədər.

1993-cü ilin fevral ayının 24-ü Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində qış imtahan sessiyasını yola verib orduya yollanandan sonra bir də 12 mart 2002-ci ildə ordudan ayrıldıqdan sonra yenidən Bakı şəhərinə yerləşdim. Subay vaxtı tək, evləndikdən sonra uşaqlarla həmişə bütün 20 Yanvar, 26 fevral,  Məhərrəmlik ayında Aşura günləri Hüseynin qəbrini ziyarət etməklə qeyd edirdim (indi də belədir, sadəcə olaraq İlqar, Vüqar, Şükür, Həmdəm, Qərib, Hikmət, Polad da bu siyahıya əlavə olunub…– 20.02.2022).

Hüseyn kimdir? – Hüseyn mənim ana tərəfdən (Əfkarlı-Əfkərli) qohumum, Qara Hüseynin nəvəsi, anamın dili ilə desəm doğmaca Əkbər dayımın oğludur.  Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində də məndən bir sinif yuxarı oxuyub. (Rəhmətlik adı çəkilən məktəbi 1990-cı ildə, mən isə 1991-ci ildə bitirmişik)

QISA ARAYIŞ

Hüseynov Hüseyn Əkbər oğlu (Əfkərli) 18.09.1973-cü ildə Ağdam rayonunun Yusifcanlı (“Sufcannı”) kəndində Əfkərli Qara Hüseynin ocağında ziyalı ailəsində dünyaya göz açıb. Anasının adı Məleykə, atasının adı isə Əkbərdir (Allah hər ikisinə rəhmət eləsin). Atası Əkbər dayı (ana tərəfdən Əfkərlilərdən qohum olduğumuza görə dayı deyirdik, əslində anamın dayısı oğlu idi (Əfkərli Qara Hüseynin oğlu)). Hüseyn evin sonbeşiyi idi. Ona  babası Qara Hüseynin adını qoymuşdular. Hüseyngil üç qardaş (Misir, Məhəmmədəli, Hüseyn) və bir bacı (Arzu – uzun illər Bakı ş. A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə müəllim işləyib) olmaqla ailədə dörd uşaq olublar. Hüseyndən başqa hamısı ali təhsil alıb, müxtəlif sahələrdə ixtisaslarına uyğun fəaliyyət göstəriblər. Hüseyn də yaxşı oxuyurdu. Ağdam rayon, Yusifcanlı kənd tam orta məktəbində tarix-coğrafiya müəllimi olmuş Əkbərov Yusifin onun haqqında qeydlərindən: “…Balaca Hüseyn, (babası Qara Hüseynə görə belə yazıb. Burada “Qara” sözü barədə bir neçə kəlmə yazmağa ehtiyac duydum. Ümumiyyətlə, bizdə ana tətəfdə qara adam yoxdur. Əksinə hamı ağbəniz (sarıyanız yox), göygöz (ala-yaşılaçalan) insanlar olub. Elə Balaca Hüseyn, onun qardaşları Məhəmmədəli, Misir, ataları Əkbər dayı, Babası Böyük – Qara Hüseyn də ağsifət, bədəncə iri cüssəli, zəhmli, sayılıb-seçilən, istər hakimiyyət orqanları, istərsə də əhali arasında xüsusi çəkiyə malik şəxs olublar. Yusif müəllimin burada nəvə Hüseyni “Balaca Hüseyn” kimi təqdim etməsi, əslində ağ bənizli, iri bədənli sözün bütün mənalarında böyük kişini niyə Qara Hüseyn adlandırdıqlarını ortaya qoyur. Burada ləqəb, ayama kimi işlənən “Qara” sözü rəng deyil, böyük mənasında işlənib. Təxminən yüz il əvvəl “Qara Hüseyn” ifadəsi “Böyük  Hüseyn” anlamına gəlirdi. (Ağdam rayonu, Yusifcanlı kəndi. Qarabağ bölgəsi, Qarqar çayının dağlara tərəf sahili, Əfkərlilər.)) sən axı əlaçı oxuyurdun…  …hər hansı bir sənətin kamil bilicisi olasan. Lakin çərxi-fələk tərsinə dövran etdi. Sən universitet əvəzinə cəbhəyə getdin…. Öz-özünə söz verdin ki, yalnız Vətən (Yurd) azad olandan sonra, qələbədən sonra təhsil alacaqsan…” Yusif Əkbərov, Şahin Qasımov. “Qarabağda bir kənd var -Yusifcanlı” kitabından, s.93.

Hüseyn 1980-ci ildə Ağdam rayon Yusifcanlı kənd tam orta məktəbinin birinci sinfinə getmiş, bütün təhsil illəri boyu dərs əlaçısı olmuş, tarix fənnindən olimpiadalarda iştirak etmişdi. 1990-ci ildə elə həmin məktəbdə təhsilini baş vurduqdan sonra (bu 20 yanvar hadisələrindən sonrakı ən qarışıq dövrlərə, xüsusi ilə gənclər üçün qəbuledilməz hadisələrin cərəyan etdiyi bir vaxta təsadüf edirdi) Yusif müəllimin də qeyd etdiyi kimi hamı onun da ali məktəbə sənəd verəcəyini gözləsə də o bütün oxuyub öyrəndiyi tarix kitablarını  (“SSRİ tarixi” kitablarını) yandıraraq, Azərbaycanın yeni yaranmaqda olan Milli Ordusunun ilk əsgərlərindən biri oldu…

Hüseynov Hüseyn Əkbər oğlu 09.07.1994-cü ildə (atəşkəsdən sonra) Ağdam rayonu, Yusifcanlı kəndi istiqamətindəki cəbhə xəttində həm əraziyə yaxşı bələd olan, həm də təcrübəli döyüşçü kimi kiçik kəşfiyyat qrupu ilə düşmənin dərinliyində yerləşdiyi mövqeləri dəqiqləşdirmək məqsədi ilə yerinə yetirməyə getdiyi döyüş tapşırığını icra edən zaman qrup üzvlərindən biri düşmən tələsinə – minaya düşür. Qrup üzvlərinin hamısı yaralansa da təkcə Hüseyn şəhid olur. Onun daha çox qəlpə yarası almasının əsas səbəblərindən biri həm bədəncə digər qrup üzvlərindən çox böyük olması, həm də partlayış anında digər qrup üzvlərini sanki qucaqlayırmış kimi özünü onlarla partlayışın arasına atması olub…

Hüseyn Bakı şəhəri, İkinci Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Ruhuna Fatihə (oxuyun):

Bu qeydləri təsədüfən və ya nəyinsə xatirinə buraya yazmıram. Belə geniş girişin öz səbəbi var. Deməli, yuxarıda qeyd etdiyim kimi, Hüseynin məzarı Bakı şəhəri, İkinci Fəxri Xiyabanda (Vətən Müharibəsi şəhidlərimizin uyuduğu yeni – İkinci Fəxri Xiyabanın davamına tərəf – indi köhnə hasar qalsa da aranı tağvari keçidlə açıb birləşdiriblər) hərbçilərin dəfn olunduğu yerdədir. Hər dəfə Hüseyni ziyarət etdikdən sonra, digər sıraları da gəzir, bütün şəhidlərimizin ruhuna dualar oxuyurduq. 2010-cu ildə Mübarizi də orada dəfn etdilər. Hər dəfə ziyarətə getdikdə müxtəlif səbəblərdən həyatını itirmiş hərbçilərin yeni məzarlarının olduğunu görməyə adət etmişdik…

Nəhayət xiyabanın qonşuluğunda, İkinci Fəxri Xiyabanla qəbiristanlığın arasında Yasamala tərəf ayrıca hasarın içərisində yerləşmiş  sovet dönəmindən qalma köhnə anbarların sökülərək  yerində  yeni xiyaban salınmasına şahidlik etdik. İlk vaxtlar bu işləri adi hazırlıq, tikinti-abadlaşdırma işləri kimi qəbul etmişdim. Ancaq 2020-ci ilin yazında pandemiya səbəbindən karantin günlərində məhdud vaxt çərçivəsində bu yerləri məsafədən ziyarətim mənə tamam başqa təsir bağışlamışdı… Həmin gün oradan gəzə-gəzə M.Müşfiq küçəsi ilə üzüaşağı düşəndə artıq qeyri-iradi dilimdən ey dili-qafil “Torpaq bizi gözləyir” ifadəsi çıxmışdı…

Bir də həmin gün – İlqarla Poladı (Azərbaycanın Milli Qəhrəmanları şəhid polkovnik İlqar Mİrzəyev – BABKM–da bölük komandirim olub, şəhid general-mayor Polad Həşimov – onu özüm kimi yaxından tanısam da şəxsi tanışlığımız olmayıb) orada, yeni salınmış İkinci Fəxri Xiyabanda dəfn etdikləri gün çox heyrətlənmişdim. Mənzərə çox dəhşətli görünürdü mənə. Döyüş sahəsində saman bağları kimi cərgə ilə düzülü qalmış cəsədləri görmüş bir şəxsdə boş məzar yerlərinin niyə, hansı səbəbdən bu qədər heyrət doğurduğunu hələ də özüm üçün tam aydınlaşdıra bilməmişəm. İlk vaxtlar pandemiya ilə əlaqədar karantinə  və xiyabanda aparılan təmir işləri ilə bağlı müxtəlif səbəblərə görə uzun müddət ziyarətə icazə vermirdilər… Neçə dəfə elə darvazadan və ya Hüseyni ziyarət etdikdən sonra hasarın üstündən heyrətlə boş məzar yerlərini seyr edərək, “Torpaq bizi gözləyir”i dəfələrlə təkrarlamışdım…  “…Tək qalıbdı, iki paşa, Hanı qoşun, hanı ləşkər!?…” demişdim… Nəhayət, o gün yetişdi – 27 sentyabr 2020-ci il oldu. Bu tarixdən sonra digər mərd vətən övladları da İlqarın, Poladın yanında özlərinə yer qazandılar… Yavaş-yavaş məni bürümüş heyrət hissi şeirlərə çevrilməyə başladı…

Burada geniş bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Haşiyəyə daxil olan bu sətrlər 16.08.2021 –ci ildə qələmə alınınb…

Əlavə çox söhbətlə yazılar oldu…

Görüşlər keçrildi…

“Torpaq bizi gözləyir” adlı şeir də yazdım…

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Əlavə olaraq İlqara və digər şəhidlərimizə həsr olunmuş silsilə şeirlər yazdım… Ancaq günü bu gün də (20.02.2022) hələ o istədiyim sözü deyə bilməmişəm. O söz, o yazı hələ doğulmayıb. “Torpaq bizi gözləyir”.

Bu baxımdan İyirmi səkkizinci yazım hələ də  tam sayıla bilməz…

17.07.2020 – 20.02.2022. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ SƏKKİZİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qərargah  rəisi-Əsəd…

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Qərargah  rəisi-Əsəd…

İkinci Qarabağ  müharibəsində  şəhidlik  zirvəsinə      ucalan   igidlərimizdən  biri  də  Əsəd oldu.  O, Əsəd  ki, bütün  varlığı ilə  vətəninə  bağlı idi .

Bütün   şəhidlərimiz kimi   o, da  öz  evinə  qayıtmaqdan  əvvəl  cənnəti  seçdi.

Həsənov  Əsəd  Fərhad   oğlu  16 aprel  1988-ci  ildə İmişli   rayonunun   Şahverdili   kəndində  anadan  olmuşdur.

1995-ci  ildə  Şahverdili  kənd  orta məktəbinin  1-ci  sinifinə  qəbul olunmuş,  2003-cü  ildə  həmin məktəbin  8-ci  sinifini  bitirib sənədlərini  C.Naxçıvanski  adına  hərbi  liseyə verərək  oraya  qəbul olunmuşdu.  2006-cı  ildə həmin  liseyi  bitirib  Heydər  Əliyev   adına  Ali Hərbi Məktəbə  qəbul  olunmuş  və  2010-cu  ildə  oranı  bitirmişdi.

            Bir  il   təcrübə  keçərək  ona   zabit  sertifikatı  və  leytenant rütbəsi  verilmişdir.

2011-ci ildə  təyinatla  Naxçıvan   Muxtar  Respublikasının   N  saylı  hərbi hissəsinə  göndərilmişdir. Üç il orada  xidmət  etmiş  və baş   leytenant  rütbəsi  almışdır.

            2014-cü ildə Bakı  şəhərində  N  saylı  hərbi  hissəyə  batareya  komandir  vəzifəsinə  göndərilir.

            2017-ci ildə ona kapitan  rütbəsi  verilir.  Ard-arda  müxtəlif rayonlarda müxtəlif  vəzifələrdə  xidmət  edir.

2020-ci ilin  iyun  ayında  Ağdam rayonundakı  N saylı  hərbi  hissəyə  qərargah  rəisi  vəzifəsinə  göndərilir. 2020-ci ilin  27  sentyabrında  başlamış 2-ci Qarabağ  müharibəsində Ağdamın  müdafiəsi  uğrunda  gedən  qızğın  döyüşlərdə  oktyabrın  birində  düşmən snayperinə tuş gələrək,  qəhrəmancasına  şəhid olmuşdur.

Vətənə  Mələk  və Hüseyn adlı iki övladı əmanət olaraq qalmışdır.

Şəhid  qərargah  rəisi  kapitan  Əsəd Həsənov hərbi  xidmətinə görə  sağlığında “Azərbaycan Respublikasının  95 illiyi”, “ Azərbaycan  Ordusunun  100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə  görə 3-cü dərəcəli medal”ı  ilə  təltif olunmuşdur.

 Şəhadətindən  sonra isə  “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın  azad olunmasına  görə”  medalları  və  “Rəşadət ordeni ilə təltif olunmuşdur. Anası Mələk xanımı  şeirlərində  öz dərin  kədərini  belə bildirir.

 Balama  deməyin, dərdli biriyəm,

Baxmayın canlıyam, diri kimiyəm.

 Mən yaşasamda ölü kimiyəm,

 Basımı  qoymağa  məzarım yoxdu.

 Gəzdiyin  yerlərdə izlərin qalıb,

Baxdığın  hər şeydə   gözlərin qalıb.

 Mən necə  dözürəm, vallah bilmirəm,

Sənə  deyiləcək  sözlərim  qalıb.

Qaranlıq  gecələrin  yolçusuyam mən,

Yüyürürəm tikanların üstündə.

 Bir  ümidin,  bir həsrətin ovçusuyam mən,

 Yeriyirəm tikanların  üstündə.

 Bala adlı yaman  dərdə  düşmüşəm,

Yaşadığım bu dünyadan  küsmüşəm.

 Aldadıram hər gün özüm, özümü,

Eşidən yox,  fəryadımı, sözümü.

Mən  doymadım balamın gül ətrindən,

 Torpaq aldı onu mənim əlimdən.

 Bir quş kimi elimdən,

 Oğul sözü heç düşmür  ki, dilimdən.

Gəldi yenə çərşənbə,

 Balalarım gəlmədi.

 Neyləyərəm bayramı ki,

 Ürəyimiz gülmədi.

 Hanı mənim  Əsədim?

 Hanı igid Səbuhim?

Hanı mənim  Rəşidim?

 Hanı körpə  Ülvinim?

 Hanı Sənanım mənim?

Heç  görmürəm Sübhanı?

 Hanı Azadım, Eldarım?

 Hanı Vüsalım?

 Orucum da gəlmədi,

 Yasəfim  də gəlmədi.

 Ağladı anaların,

Gözləri heç  gülmədi.

Sən  getdik qəlbimin  sevinci getdi,

Sən getdin həyatım səninlə bitdi.

 Sən getdin ömrümə  gəldi qış,  boran,

 Dünyanın  dəyəri gözümdə  itdi…

PS. Bu günlərdə Mələk ana Həsənova  “Natəvan” diplomuna  layiq  görülüb.>>> LAUREATLAR

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

31 MART – Azərbaycanlıların Soyqırımı Günü

AKİF ABBASOVUN YAZILARI

“ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ….”
(“Aldanma sözlərə” romanından)

Fatma ilə Gözəl yorulub əldən düşmüşdülər. Bərk qaça bil¬mədiklərindən uzağa getmək mümkün olmadı. Maşınlarda gələnlər meşəyə dağılışdılar. Az sonra qaçqınların izinə düşüb Nizam kişini yaraladılar. Sonra hər üçünü əsr götürdülər. İki pəzəvəng erməni Nizam kişinin ayaqlarından yapışıb sürüyə-sürüyə gətirib ağaca sarıdı. Qolu sarıqlı Sergey yaxınlaşıb onun üzünə tüpürdü:
– Ara, qoca tülkü, sənə adam kimi söz dedik, qulaq asmadın. Elə bilirdin əlimizdən qurtaracaqsan?! Ay sən öləsən! Sən bir ermənini öldürmüsən, məni də yaralamısan. Cəzan ağır olacaq. Özün fikirləş, sənə nə cəza verək?.
Sonra Sergey Gözələ yaxınlaşdı:
– Ay qancıq, sən niyə bu ağılsızlara qoşulub qaçırdın? Çətin idi səninçin?
Sergey bunu deyərək dartıb zorla gəlinin plaşını əynindən çıxartdı. Donunu parçalayıb döşlərinə əl atdı. Qayınatasının gözləri qarşısında döşləri açıq qalmış Gözəl dəli nərə çəkdi. Hələ indiyədək o, evdə corabsız, yaylıqsız belə gəzməmişdi. Gözəl həyasından qıpqırmızı qızarmışdı. O, Sergeyin əlini cırmaqlamağa, dişləməyə başladı. Ermənilər hərəsi bir tərəfdən gəlinə yaxınlaşdılar. Fatmanın fəryadı qalxdı. Nizamın bağırtısı meşəni götürdü:
– Alçaqlar! Binamuslar! Əclaflar Heç olmasa, məni öldürün sonra. Onu eşidən olmadı. Gözəli yerə yıxdılar. Kim isə özünü onun üstünə saldı. Fatma arvadın ürəyi gedib yerə sərildi. Nizam kişi gözlərini yumub, başını ağacın gövdəsinə çırpmağa başladı.
Gözəl çırpınır, ermənilərin əlindən qurtulmağa çalışırdı. Bir¬dən o, əlində tutduğu lezvanı ermənilərdən birinin – Surenin üzünə çəkdi. Suren əli ilə sifətini tutub bağırdı və ayağa qalxdı. Aşot təpiklə Gözəlin əlindən vurdu, lezva yerə düşdü, gəlin ağrıdan qıvrıldı.
– Qancıq!
Bunu Suren dedi.
Ermənilər qalan paltarlarını da dartıb əynindən çıxarmaq istə¬yəndə Gözəl imkan tapıb birtəhər ayağa qalxdı. Geri çəkilib əlində olan balaca şüşədəki mayeni başına çəkdi:
– Alçaqlar, əclaflar! Bizim ismətimiz yox, meyitimiz sizə qis¬mət olar! – deyib yerə yıxıldı və ilan kimi qıvrılmağa başladı. Ser¬gey təpiyi ilə şüşəni vurub kənara atdı:
– Qancıq sirkə içdi…
Fatma özünə gəlmişdi. Yerdə uzanıqlı qalıb, Gözəlin meyitinə key-key baxırdı. Sonra saçlarını yolmağa başladı:

Bala dağı,
Göy dağı, Bala dağı.
Oy, xain. Balan ölsün,
Yamandır bala dağı.

Eləmi, üzüm, fələk
Sızıldar üyüm, fələk
Çəkdin sinəm üstünə,
Çal-çarpaz düyün fələk.

Nizam kişi için-için ağlayırdı. Sergeylə yoldaşları ona yanaş¬dılar. Sergey üzünü Nizam kişiyə tutaraq dedi: – dincəldin, Nizam? Bunu istəyirdin? Öz əlinlə gəlini verdin güdaza… sonra: rişxəndlə soruşdu:
– Ara, dinmirsən? İndi pikirləş indi sənə hansı cəzanı verək?… Dilin yoxdur?… Onda özümüz seçərik… Deyin, görək, ay uşaqlar…
– Başını kəsək.
– Yandıraq.
– Gözlərini çıxardaq.
– Dilini, qulaqlarını, burnunu kəsək, ovub gözlərini çıxaraq, sonra buraxaq, getsin…
– Qollarını, qıçlarını baltalayaq…
– Diri-diri yerə basdıraq.
– Ağaca mismarlayaq.
– Qarnını yaraq…
Ermənilər saydıqca Fatma fəryad qoparır, ağı deyir, göz yaşı axıdırdı. Suren ona acıqlandı:
– Səsini kəs qancıq! Bu gündən sizin hamınız üçün var. Növbənizi gözləyin.
Sergey:
– Mənim fikrimdə tutduğun heç birinizin ağlına gəlməyib. Bu əclaf erməni qanı axıdıb, ən ağır cəzaya layiqdir.
Sergey ağacın aşağıya enən budağına müştəri gözü ilə baxıb qımışdı:
– Ara, Nizam, sən məni yaraladın, Samveli öldürdün. Adamı elə öldürməzlər. Sənə elə cəza verəcəyəm ki, bu, tarixə düşsün. Açın onu… Vazgen, Albert, yapışın bu murdar oğlu murdarın ayaq¬larından. Aqambek, Zori, siz də qollarından yapışın. İndi ar¬xası üstə atın bunu ağacın üstünə.
Ermənilər Nizamın çabalamasına məhəl qoymayıb onu bu¬da¬ğın üstünə aşırdılar. İki nəfər ayaqlarından, iki nəfər qolla¬rın¬dan yapışıb növbəti əmri gözlədilər. Sergey qaliblərə məxsus əda ilə:
– İndi isə sındırın bu əbləhin belini…
Əmr yerinə yetirildi. Qırılan belin xırçıltısı aydın eşidildi və eyni zamanda dəhşətli ağrıya tablaşa bilməyən Nizam kişinin bağırtısı bütün meşəni başına götürdü, yeri-göyü lərzəyə gətirdi. Fatma arvad çığıraraq bayıldı. Bir erməni yaxın gəlib ayağı ilə onu o tərəf, bu tərəfə itələdi, tərpənmədiyini görüb:
– Bu da mundar oldu, – dedi.
Sergey irəli yeriyib ayağı ilə yoxladı:
– Düz deyirsən, gəbərib.
Sergey dəstəni başına yığıb təntənə ilə:
– Samvelin qanını aldıq, – dedi. – Qoy bu türklər görsünlər ki, erməniyə əl qaldırmaq olmaz. İndi isə, haydı, gedək.
Ermənilər hay-küylə, düşmən ordusu üzərində zəfər çalmış adamlar kimi maşınlara doluşdular. Sergey də maşına sarı addım¬ladı. Birdən Nizam kişinin sözlərini yadına salaraq ayaq saxladı: “Bütün kənd bilir ki, Samvel arvadın Siranuşun aşnasıdır”.
Sergey sanki yatmışdı, ayıldı. Bayaqkı, şən əhval-ruhiyyə yoxa çıxdı, qanı qaraldı: “Mənim qancığımı görürsən?! İndi yadıma düşür. Hərdən bəzənib-düzənib yekə dalını yelləyə-yelləyə hara isə gedirdi. Məni də aldadıb. “Bir dükan-bazara dəyim” deyirdi. Samvelin artıq öldüyünü xatırlayıb yenidən kefi kökəldi: “Amma Nizam Samvelin anasını yaman ağlatdı. Yoxsa, gərək onunla mən haqq-hesab çürüdəydim. Bu da başağrısı olacaqdı. Bu gün iki düşmənimin dalından dəydim”

MüəllifAkif ABBASOV
Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru