STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin dosenti
dr.zarifbabayeva@yahoo.com
 

STEAM YANAŞMASI – VAHİD ELEKTRON SİSTEM (VES)

XXI əsr ilə birlikdə istehsalat  toplumundan elm toplumuna keçid sürətlənmişdir. Artıq fiziki gücə əsaslanan istehsal modelinden elmə və yüksək texnologiyaya dayanan məhsullar və xidmətlərin istehsalı öncəlik qazanmışdır. Kompüter və sistem (yazılım) texnologiyası, kosmik biliklər, süni zəka, gen mühəndisliyi kimi bir çox sahə bu yüzilin önə çıxardığı örnəklərdir. Bu sahələrdə elm və mühəndislik təməlli çalışmalara və bunları edə biləcək intellektə, işçi gücünə ehtiyac artmışdır. STEM təhsili ilə bu sahələrdə maraqlı, əlaqəli və gələcəktə bu sahələrdə çalışmağa istəkli olacaq gənc nəsil yetişdirmək faydalıdır. STEAM Yanaşması: Sual yarat;  Məhsul/yenisini tasarla; Məhsulu test et; Nəticələndir; Dəyərləndir; Paylaş; Yenidən düşün. Bu yanaşmanın, addımların  mütəmadi olaraq həyata keçirilməsi ilə öyrənən­lərin müvəffəqiyyətli məhsullar/nəticələr ortaya qoyabilən fərdlər kimi formalaş­dırılması hədəflənməktədir. STEAM təhsili təhsilə interaktiv təlimlə gətirilən canlı­lığı, yaradıcılığa, kreatif fəaliyyətə, məntiqi-tənqidi düşüncənin inkişafına, istehsala yönəltmişdir. Ümimi­likdə, STEAM tədris prosesinə cəlb olunmuş müəllim və şagird fəaliy­yə­tinin izlən­məsi, tədris materiallarının həmçinin bu istiqamətdə istifadə edilə bilinəcək müxtəlif resursların toplandığı Vahid Elektron Sistem (VES) vasitəsilə həyata keçiriləcəkdir. XXI əsr yaradıcı-məntiqi düşünən, tənqidi təfəkkürü yüksək inkişaf etmiş, öyrəndiyi biliklər bazasından istifadə edərək yeni biliklərin kəşfinə yönəlmiş, analiz-sintez qabiliyyəti, fərqli fəaliyyət poten­sialına sahib olan, xəyal qurmağı bacaran və ona çatmağa çalı­şan mütəxəssislərlə ciddi rəqabətə davam gətirəcəkdir. Lakin bütün sə­viy­yə­lər­də istənilən inkişafı təmin etmək üçün təkcə ən müasir, yeni texnologiya­la­rın tətbiqi kifayət et­mir. Təhsildə, cəmiyyət­də keyfiyyət dəyişikliyinə nail olmaq üçün İnsan amilini yüksək qiymət­lən­dirmək, təhsil taksono­miya­larından düzgün is­tifa­də etmək vacibdir. Təhsil işçilə­rinə, öyrədən­lərə sərbəst fəaliyyət im­kan­la­rının veril­məsi, lazımi maddi-texniki bazanın təmin edilməsi də nəzərdən qaçırılmama­mlıdır.

Amerika kosmos yarışında zirvəyə çıxmaq üzrə 1958-ci ilde NASA’nı quraraq bu sahəyə olan marağı artırdı. NASA-nın Aya gedişi ilə kommunikasiya sahəsində dəyişikliklər yarandı. Bu sahədə çalışacaq potensiala malik insan qaynağı ehtiyacı zərurətə çevrilincə 1990-cı illərdə elm və texnolo­giya ilə əlaqəli təh­sil sahələrinin, tədris fənlərinin məktəblərdə yayılmasına qərar veril­di. Bu sahəni əhatə edən qısalt­ma ad olaraq ilk SMET olarak qısal­tıl­mış, zaman içərisində STEM, sonradan isə STEAM şəklində işlədil­məyə başlandı. Hesb edilir ki, STEM təhsili ölkələrin, regi­o­nun və övladların gələcəyi üçün çox vacibdir. Bundan əlavə olaraq, STEAM hər yerdədir, o bizim gündəlik fəaliyyətimizin bütün sahələrin əhatə edir. Texnologiya komputer və smartfonlar demək­dir, lakin bu həm də geriyə baxdıqda televiziya, radio, mikroskop, teleqraf, teleskoplar, kompas və hətta ilk təkərin istehsalı demək­dir. Mühəndislik binaların, yolların, körpülərin dizaynı, günü­müz­də rastlaşdığımız nəqliyyat, qlobal istiləşmə və ətraf mühitə ziyan vurmayan maşın, texnika və sistemlərə dair problemlərin həlli deməkdir. Biz riyaziyyatla ərzaq dükanında, bank­da, vergi formalarında, investisiya və ailə büdcəsi ilə bağlı məsələri həll edərkən qarşılaşırıq. STEAM hər bir adam üçün vacibdir, çünki o bizim həyatımızın hər sahəsini əhatə edir. STEAM gənc nəslin ya­şa­yacağı texnoloji dövrdə ən yaxşı karyera imkanı və müdrik qərarlar, kreativ bacarıqlar üçün açardır.

         Müəllim­lərin bir-biri ilə işbirliyi edərək STEAM mövzusunda təhsil-tədris materiali hazırla­ma­sı və mü­əllimlərin savad, bilgi və bacarıqlarının artırılması hədəf­lən­məkdə, müx­təlif festivallar, təhsilə aid fərqli təşkilolunmuş tədbir­lər və yarışmalar keçirilmək­dədir. Azərbay­can da son illər öz nailiyyətini təsdiqləyən STEAM təhsil metodunun geniş yayılmasında maraqlı ölkələr sırasına daxildir. Yaxın gələcəkdə istər təh­sil, iş sahələri, istərsə də məişətdə layihə əsaslı öyrənmənin töhfələri görüləcəkdir. STEAM-in təməl məqsədlərindən biri olan həll edib həyata keçirmək prinsipinə uygun şəkildə layihə yarış­ma­larına qatılmaqla öyrənənlər bu ölkədaxili və beynəlxalq yarışmalarda təcrübələr və nailiy­yətlər qazanacaqlar. Bütün bunların fonunda hazırda tələb olunan XXI əsr bacarıq və vərdişlərinə malik olan yeni gəncliyin formalaşdırılmasına nail ola bilərik:

Bütün dövrlərdə əlverişli yeniliklər cəmiyyətlərin marağını çəkmişdir.  XX əsrin 90-cı illərində Mark Tilden BEAM robotlar konsep­si­yasını ixtira etmişdir. BEAM Biology, Electronics, Aesthetics, Mechanics ingilis sözlərinin abreviaturasıdır. Bu dörd, ilk baxışdan əlaqəsi olmayan anlayışları nə əlaqələndirir?

  • Biologiya – BEAM robotlarının  dizayn və funksiya aspekt­lə­ri­nin bir çoxu canlı təbiətdən götürülür, bu robotlarda adətən vallar və çarxlar kimi mexaniki ixtiralar istifadə olunmur.
  • Elektronika – robotlarda hərəkətlərinin müəyyən olunmasına imkan verən sadə analoq sxemlər istifadə olunurlar.
  • Estetika – robotlar nümayiş olunmaq üçün cəlbedici xarici görünüşə malik olmalıdır.
  • Mexanika – robotun hərəkət etməsi üçün zəruridir.

Mark Tilden tərəfindən təklif olunmuş konsepsiyanın əsas fərqli xüsusiyyəti insandan asılı olmayan, “müstəqil yaşayan” robot­ların hazırlanması idi. 30 il öncə Mark Tilden hazırkı dövrdə süni zəka, süni inttellektin zərurətə çevriləcəyini görmüş, tədqiqatlarını bu istiqamətdə aparmışdır.

STEAM metodu ilə müxtəlif layihələrin həyata keçirilməsi məhz Yeni Dünya Düzəninə uymaqda, gələcək nəsilləri qarşıya çıxan çətinliklərin həlli istiqamətində hazırlamaqda səmərəli təhsil metodudur. Məsələn, şagirdlərə müxtəlif növ robotları necə düzəltmək, yeriyən, şəkil çəkə bilən, insanlara yardım edən intellektual maşın­lardan istifadəni öyrətmək onların intellektual inkişafında mühüm rol oynayacaqdır. Bu robotlara Bristol robotu, Cizgi çəkən robot, Kəpənək robot, Böcək robot, Spiro robot, Avatar, Scuttle robot, Katapult robot, Bağ gözətçisi, Yeriyən robot, Döyüşçü robot, CNC yazıcı, Marsda hərəkət edən və s. aiddir.

Beləliklə, Müasir dövrdə STEAM müəllimi, STEAM şagirdi, STEAM əsaslı dərsin quruluşu, STEAM təhsilinin mahiyyətinə nəzər salaq:

STEAM müəllimi – inteqrasiya olunmuş layihə əsaslı öyrən­mədən istifadə edən, çevik uyğun­laşan, lider, ünsiyyətcil, tənqidi düşünən, fasiləsiz təhsil alan və komanda işini təşkil edəndir.

STEAM şagirdi – sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, öyrəndik­lə­rini yoldaşları ilə bölüşür, özünün və yoldaş­larının fəaliyyətlərini qiymətləndirir, yazılı və şifahi effektiv ünsiyyət vasitələrindən istifadə edir, müxtəlif yarışlarda və layihələrdə iştirak edir.

STEAM əsaslı dərsin quruluşu –  STEAM dərslərində: elm, texnologiya, mü­hən­dis­lik, incəsə­nət və riyaziyyat sahələrində əldə olunan biliklər gündəlik həyatda qarşıya çıxan problemlərin həllində fənlərarası inteqrasiya və layihə əsaslı öyrənmə vasitəsilə reallaş­dı­rırlır.

STEAM təhsili – şagirdlərə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. Nəticədə şagirdlər rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həlli vərdişlərini öyrədir.

      Son beş ildə təhsil sisteminə, təlim prosesinə tamamilə yeni texnologiyalar, avadanlıqların daxil olması müasir təhsil prosesi iştirakçılarından əvvəllər malik olmadıqları bilik və bacarıqları tələb edir. Səmərəli tədris prosesinin təşkili üçün innovativ tevnologiyaların iş prinsipini mənimsəmək, təcrübə mübadilələrindən yararlanmaq faydalıdır. Məsələn: Mimiotech lövhəsi, Promethcan lövhəsi, Labdisk-phyusio rəqəmsal laboratoriya avadanlığı, Dyumo-phyusio aləti, Phywe- laboratoriya avadanlığı və s.

Beynəlxalq təcrübədə texnologiyanı tədrisə inteqrasiya etmək üçün müxtəlif modellərdən istifadə olunur. Bunlardan biri də SAMR modelidir.

Cədvəldən göründüyü kimi texnologiyanı tədrisdə müxtəlif formada tətbiq etmək olar. SAMR modeli texnologiyanı hansı səviyyədə dərslərə inteqrasiya etdiyimizi başa düşməkdə bizə kömək edir.

       STEAM təhsilinin əsas məqsədləri sırasında – Təhsilalanların təlim tap­şırıq­la­rının həlli prosesində innovativ yaradıcılığının inkişaf etdirilməsi; Elmi və texnoloji tərəqqinin sosial və etik aspektləri haqqında təsəvvürlərin formalaşdırıl­ma­sı; Təlim prosesində tədqiqat apara bilmək və layihə icraetmə bacarıqlarının artırılması; İdeyaların reallaşdırılmasında, problem­lə­rin həllində uyğun texnologiya, proqram təminatının seçilməsi və tətbiq edilməsi; Elmi təd­qi­qat və layihə fəaliy­yətlə­rinin metodlarını mənimsəmək, məhsulların modelləşdiril­məsi, di­zay­nı, əmək məhsul­la­rının təhlükəsizliyinin təmin edilməsi; Qarşıya qoyulan texnoloji tapşırıq və problemlərin həllin­də müxtəlif fənlər üzrə əldə olunan biliklərin əlaqəsini yaratmaq ba­ca­rıqlarının formalaş­dıırılması; İnformasiyanın araşdırılması, analizi, arqu­ment­ləş­dirilməsi, əldə olunan məlumatların təqdim edilməsi, uyğun texnolo­giya­ların tətbiqi, İKT vasitələri alətl­ər­inin müasir istehsalat və ya xidmət sektorunda tətbiq imkanlarını qiymətləndirmə bacarıq­la­rının for­ma­laşdırılması; Müasir texnolo­gi­yalar haqqında təməl biliklər formalaşdırıl­ması, öyrənilən texnologiyalarla əlaqəli peşələr, onların əmək bazarın­dakı yeri və bu sahələrə olan tələbatın mövcud durumu haqqında təsəvvürlərin formalaşdırılması və həyata keçirilməsi dayanır.

İnkişaf etməkdə olan və getdikcə mürəkkəbləşən dünyada informasiya da sürətlə artır. Bilik ilə birlik sayəsində cəmiyyətlərin inkişafını müsbət istiqamətə yönləndirmək mümkün olacaqdır. Aydındır ki, indiki şəraitdə uğurlu iş görmək üçün tək bir sahədə ixtisaslaşmaq kifayət deyil, biliyi/intizamı müxtəlif biliklərlə/fənlərlə dəstəkləmək lazımdır.   XIX-XX əsrlərdə torpaq və xammal çox vacib olduğu halda, XXI əsrdə – dəyişiklik nəticəsində istehsal və savadlı insan resursları ön plana çıxdı. Hazırda qlobal rəqabət, inkişaf və rifah da bununla bağlıdır. Bu gün keyfiyyətli insan resurslarına əsaslanan innovasiya və sahibkarlıq yarışı başlayıb. Sənayedə islahat hərəkatı da təhsil siyasətində sürətli və nəticəyönümlü dəyişikliklər tələb edir. Sürətlə artan təlabatların öhdəsindən gəlmək isə uzaqgörənlik, zəhmətkeşlik, inadlı və dayanmadan inkişafa bağlıdır. İnkişaf, dəyişmək, yaradıcılıq olduğun mühiti düzgün qiymətləndirib, digərləri ilə müqayisə apara bilmək bacarığından asılıdır.

    Məsələn belə bir deyim var: Kiçik balıq Böyük Balıqdan soruşur:

            – Okeana necə gedə bilərik?

            Böyük balıq:   – Biz okeandayıq…. – deyə cavab verir.

Yəni – olduğumuz məkana, yaşadığımız həyata, fəaliyyətimizə kənardan baxıl­dıq­la olub-bitənlərin  fərqinə vara bilərik. Nəzərə alınmalıdır ki, təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyalarının tədrisə tətbiqi, müasir təlimlər, fərqli metod, üsul və vasitələr yerində və səviyyəsində tətbiq olu­narsa səmərə verəcəkdir. Hər bir işdə qazanmaq üçün mütləq risk, motivasiya, məqsədə çatmaq üçün israrla çalışmaq, dəyişikliklərə rtalon kimi yanaşmayaraq maraqlı, yaradıcı təfəkkürə malik olmaq vacibdir.

    Hazırda STEAM metodu vasitəsilə əldə olunan nailiyyətlərdən bəzilərinə nəzər salaq:

  • Autodesk, altı xüsusi uşağa öz super güclü 3D çap protezləri vermək üçün, qeyri-kommersiya şirkəti olan KIDmob ilə tərəfdaşlıq etdi! 
  • Hər hansı bir mağazada tapılması mümkün olmayan bir oyuncağı yeni bir dizaynla özünüz düzəldə bilərsiniz. STEAM derslərində yeni Tinkercad hərəkətlərini öyrənmək və əvvəlki dərsdən olanları tətbiq etmək üçün yeni məhsullar düzəldə bilərik.

Əyləncəli Faktlar

  • Transformerlərvə “Ulduz Döyüşlərioyuncaqlarını yaradan Amerika şirkəti  Hasbro, məhsul istehsal etməzdən əvvəl yeni 3D çap modellərini yaradır.
  • GeorgiaTech tədqiqatları tamamilə 3D çap edilmiş mikrorobot yaratdı. Ölçüsü cəmi 3 mm-dir və onun mühərrikləri və ya elektrik hissələri yoxdur. Yüksək tezlikli səslərdən istifadə edərək hərəkət edir!
  • Çin, Rusiya və ABŞ-da real ölçülü evlər və digər quruluşları 3D çap etmək üçün nəhəng qolları olan 3D çap robotlarından istifadə olunur.
  • 3D printerlərin və CAD (Komputer əsaslı dizayn)-ın ən böyük üstünlüyü məhz özümüzə məxsus dizaynda vasitələr yaratmağın mümkünlüyüdür. Hətta bəzi mexaniki hissələri də çap etmək mümkündür.

           Maraqlı faktlar

  • Artıq Michelin şirkəti 3D çap olunmuş təkərlər istehsal etməyə hazırlaşır. Bu təkərlər ənənəvi təkərlərdən fərqli olaraq ekoloji təmizdir, daha dayanıqlıdır və dairəvi formasını saxlamaq üçün şişmə şin mexanizminə ehtiyac duymur.
  • Ferrari isə öz yarış maşınlarının mühərriklərində 3D çap olunmuş hissəciklərdən-pistonlar­dan istifadə edir.
  • 3D printerlər yeganə komputer əsaslı dizayn vasitəsi deyil! Müasir zavodlarda CAM yəni digər komputer əsaslı manufaktura cihazları geniş tətbiq olunur. Plazma kəsicilər, CNC dəzgahları bunlara nümunədir. Hətta Waterjet adlı cihaz  su vasitəsi ilə titanium kimi bərk metalları kəsə bilir.
  • Təbii yuyucu vasitələrin hazırlanması, qalıqlardan gübrələrin alınması və s. bu layihələrdə nəzərə alına bilər.

Müəllif: Zərövşən BABAYEVA

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQİL ABBAS

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Aqil ABBAS

Aqil Abbas (tam adı: Aqil Məhəmməd oğlu Abbasov; 1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

HƏYATI
Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda “Ədalət” (1990-cı ildən), “Boz qurd” (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir (2003).

2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.


MÜKAFATLARI
Azərbaycan komsomolu (1987) (“Ən yaxşı adam” kitabına görə)
Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı (1993)
“Məmməd Araz” adına ədəbi mükafat (1994)
“Dan ulduzu” (1993)
“Yaddaş”
“Zeynalabdin Tağıyev”
01.04.2013 — Azərbaycan “Şöhrət” ordeni.

KİTABLARI
Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.
Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.
Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.
Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.
Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.

FİLMOQRAFİYA
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Dolu (film, 2012)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BB

ZAUR USTACIN HEKAYƏLƏR KİTABI – “BB”

BB
(hekayə)
20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:
– Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın.
– Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum.
– Xeyr. Soruşdular işçilərdən orada kim var?
– Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:
– Olar, sizə elə kəsədən Əli müəllim deyim?
– Bəli. Olar. Buyurun. Eşidirəm sizi.
– Sizi “BB”-dən İlahə xanım narahat edir.
– Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim.
– Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?
– Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?
– Bəli. Zəhmət olmasa, qeyd edin.
– Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:
– Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.
– Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.
– Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:
– Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:
– Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:
– Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı.
– Əli Mülayim.
– Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.
– Elədir.
– Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.
– Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.
– Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.
– Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.
– İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm?
– Nə mənada?
– Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?
– Əlbəttə.
– Onda başlayaq.
– Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.
– Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.
– Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın.
– Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?
– Bəli. Bəli. Yaxşı yadımdadır.
– Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.
– Üzr istəyirəm, niyə məhz belə?
– Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.
– Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?
– Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.
– Bəs onlar nə iş görürdülər?
– “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.
– Bəs sökməyiblər oranı?
– Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.
– Üzr istəyirəm, belə niyə?
– Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.
– Bu işlə yalnız Bakıda məşğulsunuz?
– Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.
– Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?
– Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.
– Bəs Ballı xanımdan başqa?
– Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:
– Evlisiniz, subay?
– Subay.
– Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?
– Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.
– Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.
– Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.
– Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!
– Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.
Son.
06.12.2021. Bakı.

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru