Hüseynli Şəms Ehtiram qızı – Novruz bayramı

HÜSEYNLİ ŞƏMS EHTİRAM QIZI

Novruz bayramı

Novruz təbiətin oyanışını,baharın gəlməsini,ilin tamam olmasının,gecə ilə gündüzün bərabərləşməsini Tanrını  özündə təcəssüm əks etdirən  türklərin ulu bayramıdır. Novruz bayramı əsrlər boyu ulu babalarımızdan bizə qalan qədim milli bayramımızdır. Bu bayram  baharın gəlməsi,gecə ilə gündüzün bərabərləşməsi,xeyrin şər üzərində qələbəsi,Ahurəməzdanın rəmzi sayılan işığın,günəşin zülmətə,şərə,qara qüvvə olan Əhrimənə qalib gəlməsi əsas xüsusiyyətlər kimi izah olunur.Novruzun yaranmasını İslamla bağlamaq düzgün deyil,çünki bu bayram heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır.İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruzu xoş sözlərlə qeyd edirlər. Rəvayətə görə, Həzrət Əli ibn Əbu Talibin xilafəti illərində möminlərdən biri ona Novruz hədiyyəsi gətirir.  İmam Əli bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söyləyirlər. İmam hədiyyəni qəbul edib buyurur: ”Hər günümüzü Novruz edin“.

“Novruz”un mənşəcə bir fars sözü olub-“yeni gün” mənasını ifadə edir. Novruza “Bozqurd”,”Çağan”,”Nevruz” və.s də deyilmişdir. Novruz bayramı haqqında məlumatlara qədim türk mənbələrində Mahmud Kaşğarlının “Divanü Lügət-it Türk”,Balasaqunlunun “Qutadqu bilik”,Ömər Xəyyamın “Novruznamə”,Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində rast gəlmək olar. 

Novruz bayramının qədim türklərin “Ərgənəkon” bayramının davamı olmasıyla bağlı mülahizələrdə günümüzə qədər gəlib çatmışdır.  Bu mülahizələrə görə türklərin qədimdən bəri qeyd etdikləri “Ərgənəkon bayramı” müəyyən zaman kəsiyindən sonra “Novruz” adı ilə davam etdiyi və günümüzədək gəlib çıxdıgı qeyd edilir.

Novruz bayramı haqqında  islam miflərinin yaranmasını dinlə bağlamaq olar. Ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə-Novruzda yaratmışdır. İlk insan olan Adəm məhz bu gündə yaranmışdır. Adəm və Həvvanın nəfsini məğlub olub  Tanrı tərəfindən qadağan edilən meyvədən yediklərinə görə cənnətdən yer üzünə qovulan Adəm məhz Novruz bayramında Həvvasına qovuşub.

Bu bayram əlbəttə ki,farslar tərəfindən də qeyd olunur,amma farslara məxsus bayram olduguni qeyd etmək doğru olmaz.

Farslarda Novruz bayramının qeyd edilmə tarixi bununla bağlı rəvayətlərdə öz əksini tapmışdır. Belə ki,Novruz bayramını yeni ilin ilk günü kimi qeyd edilməsinə Sasani və Əhəmənilər dövründən rast gəlinir. Bəzi mənbələrdə Novruz Cəmşidin taxta çıxmasıyla da bağlıdır.

Ömər Xəyyam ” Novruznamə” əsərində Novruz bayramının yaranmasıyla bağlı bəzi fikirlər var. “Novruzun yaranmasının ilkin və başlıca səbəbi budur ki,həmin gün Günəş dövrə vurmuş və 365 gün keçmişdir”. Bəzi rəvayətlərə görə bu bayram İran şahlarından biri olan Cəmşidin vətənimizə gəlməsiylə bağlıdır. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində də bu haqda qeyd olunur.

Bu bayramla bağlı adətlərin yaranması

Yaz mövsümünün gəlişini “Səməni” təmsil edir. Bu ənənə təbiətin oyanmasını,dirçəlməsini təsvir edir. Bunun da əsas mövqeyini “tonqal” tutur. Tonqal qədim türklərdə od,alov,atəş mənasını verir. Tonqal günəşi simvolizə edir. Qədim türklərdə günəş müqəddəs Tanrı kimi izah olunur. Tonqal üzərindən tullanarkən deyilən “ağırlığım,uğurluğum burda qalsın” deyimi türklərin bədii təfəkkürünə görə odun arındırıcı funksiyaya sahib olması ilə başa düşülür.

Novruz qədim türkün təbiətə bağlılığından və oda olan inamdan irəli gələn bir bayramdır. Çin qaynaqlarında ilk və son baharın rəsmi dövlət olmasıyla bağlı məlumatlar var.

Novruzun gəlişi Şərqdə Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Azərbaycan ədəbiyyatında xüsusəndə lirik poeziyamızda  Novruz bayramına  həsr olunan şeirlərdən  Hüseyn Cavidin “Novruz bayramı” və Mikayıl Müşfiqin “Bayram axşamı” şeirlərinə rast gəlmək olar.

Yazıçı İsmayıl Şıxlı “Dəli Kür” romanınında bu bayramı adət-ənənələriylə təsvir etmiş və Azərbaycan xalqının milli adət-ənənəsi olan  Novruzu qeyd etməyə hazırlaşan bir kəndin həmin kəndin əhalisinin bayrama hazırlıq təlaşını, həyəcanını,sevincini və dini inanclarını da ustalıqla qələmə almışdır.

  Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın.

Göründüyü kimi Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu yaşatdıgı və gələcək nəsillərə ötürdüyü milli bayramımızdır.

Müəllif: Şəms HÜSEYNLİ

HÜSEYNLİ ŞƏMS EHTİRAM QIZNIN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Qeyri-adi tətqiqat

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Qeyri-adi tətqiqat
Bu evə təzə köçmüşəm. Yarım il olar. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, günüzlər də özəl klinikada çalışıram. Həkiməm. Evlənmədim. Qadınlara, qızlara heç vaxt ayıra bilmirəm. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb.
Ev telefonuma zəng gəldi.
-Axşamınız xeyir
-Salam
-Sizinlə söhnət etməliyəm, doktor.
-Buyurun. Kimdir?
-Qonşunuz. Üzbəüz binada yaşayıram.
-Çox gözəl. Buyurun. Dinləyirəm sizi.
-Yox. Gəlin görüşək. Telefon söhbəti deyil.
-Görüşək. Harda? Nə vaxt?
-Sabah axşam saat 7 də sizi həyətdəki kafedə gözləyirəm.
Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş stolların birində əyləşib məni buraya çağıran adamı görməyə tələsirdim.
Arxadan gələn səsi tanıdım.
-Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız.
– Buyurun, mən sizi ilk dəfədir görürəm. Və…
– Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər.
– Bağışlayın. Anlamadım.
– Məsələ burasındadır ki, mən çox maraqlı bir tətqiqatla məşğulam
Qarşımdaki cavan oğlanın psixikasında problem olduğunu dərhal hiss etdim və
– Mənim sizin tətqiqatda rolum nə?
– Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm.
– Siz dəlisiniz
– Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir.
– Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək belə istəmirəm.
Nə istəyirsiniz edin mənim burada nə işim var?
– Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm.
– Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm?
-Bilmirəm. Ancaq mənim tətqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz.
Mən əsəbi halda ayağa qalxdım
-Sağ olun. Mən getməliyəm.Xahiş edirəm məni bir daha narahat etməyin!
Bu olanları çox fikirləşdim. Və qərara gəldim ki,həqiqətən sərsəmin birinə rast gəlmişəm və maraqlısı da odur ki, o mənim qonşuluğunmda yaşayır.
Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı bir qadın açdı. O oğlunun halının qəfil pisləşməsini dedi və bizi içəri dəvət etdi.
Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim.
– Salam doktor.
– Nə olub Avraam?
– Avraam deyil adı, ay doktor – deyə ana ağlamağa başladı.
Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda ona elə deyrik.
Qadın sakitləşib geri çəkildi.
– Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən…
– Siz sağlamsınız. Ağrayan yeriniz varmı?
– Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır.
Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim.
Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri isə qulağımda səslənirdi. “Məni siz öldürəcəksiniz”
Tibb bacısının əlindəki şpritsə baxıb
– Dayan – dedim- Lazım deyil! Vurma!
– İsti su gətirin! Limon sıxın!
Bir neçə adi tədbirlərdən sonra o özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı.
Mən tərimi silib ayağa qalxdım
– Yaxşısınız artıq. Biz gedək.
– Doktor mən səhv edə bilməzdim axı.
– Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz.
Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik.
Maşında siqaret çəkə- çəkə fikrə getdim:
“Birdən həqiqətən o iynədən ölsəydi?”
Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım.
Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni narahat etmədi daha.
Bir gün işdən qayıdanda qonşuların bir yerə toplandıqlarını gördüm. Maraqlanıb onlara yaxınlaşdım.
Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu həmin mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbiylə maraqlandım.
Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib.
Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi.
Yorğun halda pilləkənləri qalxıb evə getdim və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti sonra onu necə xilas etdiyimi yada saldım.
Telefon zəng çaldı. Dostum idi.
– Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb.
– Hə.Bilirəm. Bilirsən kim vurub?
-Yox
– Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI


PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sözün düz adamı – Əli Bəy AZƏRİ – Mahir CAVADLI yazır

Əli Bəy Azəri

Sözün düz adamı – Əli Bəy Azəri

Mətbuatda naşı deyiləm. Çap olunmağa orta məktəb illərindən başlamışam. Paytaxta baş alıb varmamın məğzində mütaliə edib bəyəndiklərimin həmkarı -jurnalist olmaq, ondan da əsas – yazıçı, şair kimi tanınmaq həvəsi dayanıb. Bu arzunun ucundan tutub çox çətinlikləri dəf etmişəm. İlk cəhdlərim uğursuz alınsa da, sonradan dövrü mətbuatda məqalələrim, şeir və hekayələrim, publisistik yazılarım dərc olunub. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüyəm. Qələm əhli kimi ölkə daxilinə və xaricə səfərlərim də az olmayb. Bu gün çap olunmaq problemi yaşamasam da, mətbuatı “külliyyatımla” zəbt eləmək fikrindən uzağam. Hər dəfə düşüncələrimi ictimailəşdirmək istəyəndə yüz yol götür-qoy edirəm, ağır məsuliyyətin altına girməkdə ehtiyatlı davranıram. Həm də yazımın qəhrəmanı, bu günlərdə 55 yaşını qeyd edəcəyimiz Əli bəy Azərinin rəhbərlik etdiyi “Xəzan” jurnalına hekayə və şeirlərimi çapa göndərəndə!..

Vətəndaş kimliyində sadəcə Əli Rzaquliyev adı və soyadı qeyd olunmuş, çağdaş Azərbaycan yaradıcı mühitində həm yazar, həm də naşir kimi tanınan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, dostumuz Əli bəy Azərinin ədəbi KİMliyinə işıq salmaq haqqıma özümütanıdımla ayaq verməyim oxucuya qəribə gəlməsin. Xalqımızın “dostunu tanıt, deyim sən kimsən!” misalını bilərəkdən belə baş-ayaq nizama çəkməyim də yaradıcı dostumun orijinallığa meyilliliyinin qarşılığı səbəbindəndir. Sözün doğrusu, Əli bəy Azəri ilə dost da olmaq mənim üçün həm bir qədər çətin, həm bir o qədərdən çox asandır. Məsələ mənim bir neçə bahar böyük olmağımda deyil, sadəcə onun sadəliyində və səmimiyyətindədir. İstənilən və istənilməyən yerdə və məqamda haqsızlığı şax, çəkinmədən üzə çırpa bilər. Tezliklə də günahını başa düşənin könlünü almağı bacarır. Yaxud haqqında deyilən fikirlə (mənfi, ya müsbət) anındaca razılaşmaq meylindən uzaqdır, düşüncə süzgəcindən keçirər, sakit, yaxud çılğın şəkildə münasibətini bildirər. Cəmiyyətdəki hər hansı problemə, yaxud uğurlu perspektivə biganə qala bilmədiyindən, bu və ya digər məsələ barədə çox götür-qoy etdiyindəndir ki, ən optimist qərar vermək bacarığı ilə dostlarının rəğbətini qazanıb. Kini, küdurəti tez soyuyan hirs və qəzəbindən o yana keçmir.

Haşiyə: Azərbaycan Yazıçılar Birliyi nəzdində sayı heç də az olmayan zəngilanlı yazarların təşkilatlanması fikri çoxdandır ki, hər ikimizin diskussiyasına çevrilmişdi. Hər dəfə söz salır, sosial şəbəkələrdə ağzına gələni yazan və deyənlərə qarşı müəyyən tədbirlərin görülməsi haqqında arzularımızı bəyan edirdik. Ancaq konkret iş görməyə vaxt və məqam tapa bilmirdik. Nəhayət, yeni yaradılmış AYB Qubadlı Regional Birliyi tərkibində təşkilatlanmağa razılaşdıq. Yadımdadır ki, təsis yığıncağına getməzdən əvvəl aramızda tam başqa bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yarandı, mən sözümü deyib, necə deyərlər, otağı tərk elədim. Sabahısı gün 20 nəfərədək Zəngilan qələm əhlinin iştirakı ilə keçirilən tədbirdə kimin təşkilatlanmamıza rəhbərlik edəcəyi təklifinə hamı bir-birinin üzünə baxdı. Bu vaxt Əli bəy Azəri əlini qaldırıb tribunaya çıxdı və mənim namizədliyimi irəli sürərək fikrini əsaslandırmağa çalışdı. Sözsüz ki, dünənki mübahisəmizi xatırladıb bir xarakter kimi təqdir etməklə!

Əli bəy Azəri oxuya-oxuya güclü qələmi olan yazara, yaza-yaza mükəmməl oxucuya, redaktə edə-edə təcrübəli naşirə doğru peşəkar yaradıcı insan ömrünü yaşayır. O, Azərbaycan tarixini dərindən öyrənib, hər bir dövrə dair, xüsusən torpaqlarımızın yadellilər tərəfindən zəbti ilə bağlı zəngin mənbə və tutarlı qaynaqlara söykənən faktlardan geniş və izahlı məlumat vermək, yazmaq bacarığına malikdir. Müasir Azərbaycan hərb tarixmizin həm iştirakçısı, həm də salnaməçisidir. Bir neçə kitabın müəllifi, almanaxın tərtibçisidir. Həyatı haqqında dövrü mətbuatda, sosial şəbəkələrdə məlumat bol olduğundan aşkar faktlara yer verməyərək, bu insanın güclü vətəndaş mövqeyinə malik ziyalı, eyni zamanda, çağdaş ədəbi mühitdə özünü və sözünü təsdiqləmiş qələm sahibi kimi dəyərli olduğunu vurğulamaq xüsusilə yerinə düşərdi. Əli bəy Azərinin həyatı onun nəsrində, hekayə, povest və romanlarında öz əksini tapıb. Publisistik düşüncələri təsisçisi və naşiri olduğu, oxucularının və müəlliflərinin coğrafiyası respublikamızın hüdudlarını aşan gözəl tərtibli və dərin mövzulu “Xəzan” jurnalının “Baş redaktordan” səhifəsində real hadisələr, aktual məsələlər barədə obyektiv mövqeyində oxucuya çatdırılır. Sosial şəbəkələrdəki paylaşımlarında hər hansı mənfi meyllər və ünsürlər barədə yumoru, sarkazmı öldürücü xarakter daşıyır.

Əli bəy Azəri müasir Azərbaycan mətbu və ədəbi mühitinin fəal simalarındandır. Əminəm ki, onun gördüyü işlər, həyata keçirdiyi layihələr ədəbiyyat tariximizdə əbədiyyət qazanacaq və gələcək müzakirələrin aktual mövzuları sırasında yer alacaq – müəllifi olduğu və redaktor kimi xeyir-dua verdiyi kitablar, çoxlu sayda aktual mövzulu, məzmunlu publisistikası, təsisçisi və naşiri olduğu nəfis tərtibli “Xəzan” jurnalı… və bir də bu yığcam səmimi dost yazısı!

Müəllif: Mahir CAVADLI

MAHİR CAVADLININ YAILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru