MURAD MƏMMƏDOV. TÜRKÜN QILINCI.

MURAD MƏMMƏDOVUN YAZILARI

TÜRKÜN QILINCI
Türkün qılıncıyla yoğrulan torpaq,
Onun namusudur əl vurmaq olmaz!
Türkün nəfəsindən titrəşər yarpaq,
Onun qabağında sədd qurmaq olmaz!
* * *
Kimsənin malında gözü yox onun,
Malına toxunsan peşiman edər.
Nəfsinə hakimdir gözü tox onun,
Süfrəsi açıqdır ürəyi qədər.
* * *
Türkün nifrəti də sevgisi qədər,
Düşmənə zalımdır, dosta mehriban.
Onu əyə bilməz qüssə qəm kədər,
İnamı sarsılmaz sınmaz heç zaman.
* * *
Tanrıdan güc alar çətin anında,
Nə dala çəkilər, nə qorxu bilər.
İlahi yanğı var onun qanında,
Qanı qaynadısa özünə gələr.
* * *
Torpağı uğrunda canından keçər,
Namusu qeyrəti hamıya bəlli.
Nə yurdu dəyişər nə yurddan köçər,
Nəyə sahibdisə tutar beşəlli.
* * *
Türkün canındadır əzəmət vüqar,
Heç kəsə baş əyməz bu minnət deyil.
Onun qanındadır sədaqət ilqar,
Dostuna sadiqdir müxənnət deyil.

OLUR
Sular tərsə axarmı heç?!
Ömür sözə baxarmı heç?!
Tək əldən səs çıxarmı heç?!
Təlatümlər çoxdan olur.
* * *
Yatan bəxti açan olmur,
Heç qədərdən qaçan olmur,
Öz xoşuyla köçən olmur,
İnsanlar var-yoxdan olur.
* * *
Nə səhv elə, nə də ki çaş,
Can ağrıdar gözdəki yaş,
Ağılsıza gülmə, qardaş,
Bu, qismətdən, baxtdan olur.
* * *
Yaşamaqdan yorulanda,
Candan bezib, xar olanda,
Haqq divanı qurulanda,
Demə ki, nahaqdan olur.
* * *
Yaxşı övlad baş ucaldar,
El içində eyləməz xar,
Ac yazığın imkanı var?!
Hər fırıldaq toxdan olur.
* * *
Gəl ağlama, yana- yana,
Dostum, girmə min bir dona,
Asi olma, Yaradana,
Nə olursa, haqdan olur.

VƏTƏN
Bu torpaq hamıya Vətəndi, qardaş,
Hamı bu torpaqdan qüvvət, güc alır.
Bu ömür nə vaxtsa bitəndi, qardaş,
Bəs niyə kasıblar vaxtsız qocalır?!
* * *
Dünyanın dərd-səri bunamı qalıb?!
İlahi, kasıbın Allahı yoxmu?!
Dərd elə boğub ki gözləri dolub,
Göz yaşı quruyub, damcı yaş axmır.
* * *
Ruzini harına, çörəyi toxa,
Dərdi toxum bilib əkənə verdin.
Nə əkir cücərmir, çıxardır yoxa,
Əzabı göz yaşı tökənə verdin.
* * *
Vətən dara düşür, dərdini çəkir,
Özünə qəsd edir, canına qıyır.
Özüylə bərabər dördünü çəkir,
Nə işdən soyuyur, nə qorxu duyur.
* * *
Bir oğul böyütdü min bir əzabla,
Düşündü nə vaxtsa nəvə görəcək.
Bir oğlu varıydı, oğulsan tabla,
Onu da Vətənə qurban verəcək.
* * *
Ay Allah kasıba az zülüm eylə,
Vətənin dərdini alır kasıblar.
İlahi, bəndənə düzünü söylə,
Nədən üzüyola olur kasıblar?!

YADDAŞA ƏLAVƏ
Yaxşılığı duymaq, görmək,
Borcumuzdur, ad, san deyil.
Günahsıza torba hörmək
Hörən kimsə, insan deyil!
* * *
Əziz olmaz kimsə sənə,
Qanı qanından olmasa.
Canı yanmaz bir dərdinə,
Canı canından olmasa.
* * *
Dəyər vermə hər yetənə,
Nə soyuq ol, nə yandırma.
Kimsə dəyər versə sənə,
Yüz ölç bir biç, utandırma.
* * *
Yoxlamamış tez güvənmə,
Çiy süd əmib insan oğlu.
Səviyyəndən qəti enmə,
Yaxın qoyma dayaz ağlı.
* * *
Dərd eləmə gələn dərdi,
Öz vaxtı var, keçib gedər.
Tanrı bizə ömür verdi,
Çalış qoyma getsin hədər.
* * *
Doğru sözün yükü ağır,
Baş ağrısı, eh, çox olar.
Doğru danış olma fağır,
Qorxun, hürkün tam yox olar.
* * *
Kobud olma, mərd ol işdə,
İnsanlığı düşün hər an.
Kimisə də ilk görüşdə
Cahil bilmə, ağıllı san.
* * *
Həya umma həyasızdan,
Abır, ismət, arın gedər.
Uzaq dolan ağılsızdan,
Malın, mülkün, varın gedər.

YOXSA
Dünya, mənlə nə işin var?!
Mənə çatan varın yoxsa!
Dərələrdə bulaqların,
Dağ başında qarın yoxsa.
* * *
Qan ağlayır yaylaqların,
Yiyəsizdi oylaqların,
Geri dönməz qonaqların,
Təmiz, düz ilqarın yoxsa.
* * *
Nə sirdi ki, biləmmərik?!
Biz nəşənə bələnmərik,
Hüzuruna gələmmərik,
Bizlə bir simsarın yoxsa.
* * *
Çarəsi yox deyinməyin,
Ora-bura tüyünməyin,
Yeri varmı öyünməyin?
Bir namusun, arın yoxsa.
* * *
Murad, illər yol salacaq,
Sinən üstən ,iz qalacaq,
Əziyyətin puç olacaq,
Bir dil bilən yarın yoxsa.

NƏ XOŞ…
Ömür nə tez keçir fəsillər kimi,
Gah isti, dözülməz bir yaya bənzər.
Bəzən səmt dəyişən sərt yellər kimi,
Bəzən də lal axan bir çaya bənzər.
* * *
Mənasız günləri ömürdən silsək,
Bu ömrün mənası heç nəyə dəyər.
Mənalı, mənasız günlərə bölsək,
Həm ömür inciyər, həm gün inciyər.
* * *
Yaxşısı yaxşısa, pisi də pisdir,
Hamısı keçilmiş bir yolun sonu.
Hər bir yaşanan gün ötəri hisdir,
Sonradan anlayıb duyarsan bunu.
* * *
Ömür yollarında şütüyən mənəm,
Amma hər əzaba dözən ürək var.
İstədim həmişə nəfsimi yenəm,
Göz açdım qarşımda yenə çörək var.
* * *
Ömür İlahidən paydı bizlərə,
Bu ömrün cəfası da, səfası da xoş.
Tanrı elə cığır qoydu bizlərə,
O yolun sonunda qaldıq əli boş.

KEÇİR
Niyyətin pak olsa, qəlbin ağrımaz,
Çəkdiyin dərd-azar ürəkdən keçir.
İnsanın qaməti niyə əyilsin?
Çünki əzabların kürəkdən keçir.
* * *
Dolğunluq dövründən öncə dərilən,
Əksər günahları Tanrıdır silən.
Qiyamət günündə sənə verilən,
Nə qədər sual var gərəkdən keçir.
* * *
Murad dinməsə də hər şeyi görür,
Gündəlik özünə hesabat verir.
İnsanlar əyilir min dona girir,
Ən ağır imtahan çörəkdən keçir.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir