Bir gün özümü o işıqda tapdım. Bu işığın parıltısı gözümü qamaşdırırdı, amma heç nə görə bilmirdim. Qəribədir ki, işıqda gözlərimin kor olduğunu zənn etsəm də,əslində,göz yaşlarım axırdı. İnsan kor olduğunda göz yaşları necə axa bilər?
Bir an özümü dərin boşluqda hiss etdim.Çiyinlərimdə qanadlar vardı. Bu qanadların biri mavi, biri isə bəyaz rəngdə idi. Mavi və bəyaz rənglər elə bil göy üzündəki parçalanmış buludlara bənzəyirdi. Bu buludlara toxunmağa çalışsam da,toxuna bilməyib əllərimi qəfil geri çəkirdim.
Bir an gözlərimin önünü daha da uca bir işığın qapladığını hiss edib kiçik barmaqlarımla göz bəbəklərimi ovuşdurdum.Siz bilirsiniz göz bəbəklərinin daxilində neçə insan yaşayır? İnsan,xatirələr,hadisələr,bir sözlə,hər şey.Bu zaman göz bəbəklərim böyüdü və qarşımda çarx peyda oldu.Çarx fırlanır,mən isə rəngləri seçməyə çalışırdım. Bu dərin boşluqda kimsəsiz körpənin fəryadı necə olarsa,mən elə idim. Hönkürtüm belə o qədər yavaş,incə idi ki,məni duyan belə yox idi.
Çarxın fırlanması,sanki göz bəbəklərimin daxilindəki insanları da incidirdi,çünki onlar qulağıma nəsə pıçıldayır və bu pıçıltılar sönməyən atəşin istisi kimi qulağımda cingildəyirdi.
“Yetər!!!” -deyə qışqırdım.Bu an qanadlarımdan birinin qopduğunu hiss etdim.Qopduğu an uçurumdan atlanmaq istəyən ayağım məni daha da qorxuya saldı. Daha da ucadan qışqırdığımda 3 mələk peyda oldu.
Bu mələklər insan cildində olsalar da, gözləri və qanadları mavi idi.Arxama dönüb baxdığımda da gördüm ki, qanadlarımdan yalnız bəyaz qopub düşüb. Niyə axı?
Bunun səbəbini bilməsəm də, 3 mələk də qolumdan tutub məni ayağa qaldırdı. Dərin boşluqdan qurtulub yaşıllığa boyanan ağ divarların içində pərvanələrin ətrafımda dövr etdiyini hiss edirdim.
Qəfildən Tanrıdan səs eşitdim:
-Sənin 2 qanadın var,ancaq onun birini aldım ki, sən bütün qəlbinlə duyğularını hayqırasan. Hayqırdığında mən biləcəyəm ki, sənin mavi qanadının kimə ehtiyacı var? Sən indi fırtınalı,amma sevgi dolu dünyanda təlatümdəsən.Bu təlatümdən qurtulmağına 3 mələk səbəb oldu…
Bu mələklərin kim olduğunu ilk başlarda bilməsəm də,artıq kainata geri döndüyümdə qələmim onların kim olduğunu qulağıma pıçıldadı. Bu gizli hadisəni yalnız 3 mələk və Tanrı bildi…