PAYIZ Gözəllik, təntənə, qızıl taxt, saray, Çıxmısan taxtına, şahmısan, payız?! Mən ki, sevməmişəm səni heç zaman, Bəs niyə ruhuma hopmusan, payız?! * * * Sevən könüllərin toyu, büsatı, Qızıla döndərib vaxtı, saatı, “Murad” dediyimiz o köhlən atı, Səyirdib arxamca çapmısan, payız! * * * Bahardan uzaqsan, yaydan uzaqsan, Bir az nisgillisən, bir az sazaqsan, Öz qızıl taxtından düşmə uzaq sən, “Fil qulağında”mı yatmısan, payız!? * * * O dağ zirvəsindən əzəmət gətir, Sevən urəklərə mərhəmət gətir, Təzə meyvələrdən yığ, səbət gətir, Yoxsa köhnələri atmısan, payız!? * * * Durub qabağından qaça bilmirəm, Durna qatarıyla uça bilmirəm, Nə sirrdir, sehirdir aça bilmirəm, Məni qabağına qatmısan, payız! Deyəsən ruhuma hopmusan, payız!
QARDAŞ Zaman qəlpə- qəlpə sökür hamını, Dizi üstə çökmək, yamandı qardaş! Hərlədib, fırladıb elə yıxır ki, Sanırsan gözündə dumandı, qardaş! * * * Dünən yığışardıq hamı bir evə, Daha ələ düşməz belə girəvə, İndi canımıza düşüb vəlvələ, Böyük saraylar da zindandı, qardaş! * * * Təndirin iyinə kənd bürünərdi, Nənəm nehrə töküb, yağ əridərdi , Süfrəyə şor qoysaq,bal görünərdi, İndi çörəyimiz yavandı, qardaş! * * * Qonşunun dərdini qonşu bilərdi, Tapıb dərmanını , əlac edərdi, Qonşu biri gəlib, biri gedərdi, İndi qonşular da düşmandı, qardaş! * * * Yığılıb oynayan şirin oyunlar , İndi oyunçunu özü aldadar, Qovula-qovula mərd namərd olar, Həqiqət nə yaman yubandı, qardaş! * * * Nə qədər uzatsan, uzanar dünən, Sözdən də bezməsin oxuyan, bilən, Bir az dodaq büzüb, bir az da gülən, O dünya qorxulu yalandı, qardaş!
GƏLMƏ OLDUĞUN YERƏ Səni elə aradım, kitabın varağında, Açılan çiçək idim, kəpənək sorağında… Daha gəlməz o fəsil, bir gəlin duvağında, Xəyallar uydururam, hər gecə cürbəcürə, Gəlmə ki, aldanarsan, gəlmə olduğun yerə… * * * Hər aydınlıq gecədən bir zərrə işıq düşdü, Payız qəhqəhə çəkdi, nə uğursuz gedişdi, Fikrim durna köçünə qoşulubdu nə işdi? Yenə öz havanı çal, nəhs gətirmə ömürə, Qoşul, külək səmtinə, gəlmə olduğun yerə… * * * Zamana ölçü olmur, qurulmayan saatda, Hey qaçdım arxasınca, mən piyada, o atda, Çox aldatdım özümü, cəhənnəmlə, ” sırat” la, Günahı çidarlayıb, bağlamışam zəncirə, Batarsan günahıma, gəlmə olduğun yerə… * * * Çəkə bilsən yükümü, dəyişək yerimizi, Ətəyindən uzunsa, tutmayaq əlimizi, Qay Allah bağışlasın, ən böyük səhvimizi! Axtarma bundan belə, yalvarıram min kərə, Axı özün burdasan, gəlmə olduğun yerə…
YAŞAYAN ŞƏHİD (…bütün qazilərimizə ithaf edirəm…) Sənə nəğmə qoşuram, gücü çatmır qələmin, Ölümə həyat qatıb, canda daşıyan şəhid! Qanı da, vətən olub axır damarlarında, Ölümün pəncəsindən, qopub yaşayan şəhid! * * * Bəlkə də, əl – ayağı harda qalıb, bilməyir, Bəlkə itən gözünü yolda salıb, gülməyir, Ruhu sağ qalanların, itirdiyi ölməyir, Məkkəyə, Mədinəyə, Pirə oxşayan şəhid! * * * Qəlpəli sinəsinə çəkilmişdı yaman dağ, Şəhidimiz baş tacı, qazimiz zirvəli dağ, Bizə ərməğan etdiz, bağrıyanıq Qarabağ, Dar gündə , vətən deyib elə qoşulan şəhid! Ölümün pəncəsindən, qopub yaşayan şəhid!
ŞEİRLƏR Ruhumdan süzülüb gələn harayım! Kədərim, nisgilim, sevgi, eşq payım! Kərpic- kərpic hörüb, quran sarayım! Şagird dəftərində qalan şeirlər! * * * Üzünə baxmağa utanır üzüm, Siz mənim ilk nəğməm, ilk ürək sözüm! Qürura sığınıb bükülü, büzüm, İçindən dağılıb, solan şeirlər! * * * Kəlməsi zamantək məsum misralar, Baxdıqca qəlbimi min hala salar, Ağlımı, huşumu, başımdan alar, Həzin bir xatirə olan şeirlər! * * * Gizlində yazılıb ünvan tapmayan, Həyatın dadını heç çıxartmayan, Üzülü əlləri kama çatmayan, Həyası içinə dolan şeirlər! * * * Hər sətir içindən bir tənə baxır, Kövrək hislərimi yandırır, yaxır, Dəyişən zamantək süzülüb axır, Gerçəyə dönərmi, yalan şeirlər?! Gerçəyə dönərmi, yalan şeirlər?!
GƏLİM Xatirə soraqlı izdi dönüşüm, Gözümü yollara, qoy asım gəlim! O vaxt bizi sevən bağça- bağların, Qəhər kəndirini , qoy kəsim gəlim! * * * Hanı xan çinarlar, salxım söyüdlər!? Qara kölgəsində, ağ düşüncələr, Yollar havalanıb, ayaqdan düşər, Görməsin izimi, qoy qısım gəlim! * * * Bəlkə son sevincim, son həyəcanım, Ümidsiz səhərim, dolan axşamım, Qorxuram, bu yollar qaraldar qanım, Tozunu bağrıma, qoy basım gəlim! * * * Göyərir içimdə səssiz hıçqırıq, Bulud, gözlərimdən düş, qırıq -qırıq, Bəlkə durnalardan gəldi muştuluq, Bir əsim yel kimi, qoy əsim gəlim! * * * Bir qatar fitinə açılsın səhər, Çəkilsin ağlımdan boz düşüncələr, Çətin ki, biryolluq gedənlər gələr, Qorxuram özümdən, qoy susum gəlim!
“NAĞIL BİLƏK DÜNYANI” (…qarışıq dünya fonunda düşüncələr…) Şair dedin, “nağıl bilək dünyanı”, Nağıl bildik, göydən alma düşmədi. Düşüncəmiz “Cırtdan” olub, kiçildi, Nənəmizin arpa aşı bişmədi. * * * Məlikməmməd qartal kimi şığıyır, Tıq-tıq xanım özünə dost arıyır, Göyçək Fatma saçlarını darıyır, “Siçan bəylər” xan evində kefdədi. * * * Div çevirib dünyamızı zindana, Ha deyirsən, nə anlaya , nə qana, Qadir Allah qoyma bizi yamana, Bilməsin ki, özü şeşi-beşdədi. * * * Tələsirik işıq gələn tərəfə, Çatacağıq div oturan hədəfə, Tanrı qoymaz haqq olanı tələfə, O divlər də, nağıl kimi heç nədi. * * * Yaz gəlsə də ellərimə qar yağır, Göydən gələn pislikləri qar yığır, Təbiət də bədəmələ qarğıyır, Qulağımız bircə sözə təşnədi. * * * Koroğlular qılınc beldə gələcək, Keçəl Həmzə yad atından enəcək, Div deyilən əməlində yenəcək, Qarşılayın!… Atlarımız kişnədi!
YARIMÇIQ MƏKTUBLAR Qorxuram bir gecə Əzrayıl gələ, Qonub sinəm üstə, evimi yıxa. Qorxuram balışın altından sənə, Yazdığım yarımçıq məktublar çıxa. * * * Hələ kəlmələri sətirlənməyib, Gül, bənövşə düzüb ətirlənməyib, Hələ göz yaşıma çətirlənməyib, Qorxuram üstündən göz yaşım axa. * * * Üstündə nə möhür, nə ünvanı var, Qapımı qış döydü, görmədi bahar, Hüzünlü, həsrətli, qəmli misralar, Qaldı kürəyimi yandıra, yaxa. * * * Zaman üstümüzdən adlayıb keçir, Əcəl badəsini bilməyən içir. Haqqın dərgahını kim özü seçir? Bir gözü arxaya hey baxa-baxa. * * * Qorxuram bir gecə Əzrayıl gələ, Qonub sinəm üstə, evimi yıxa. Qorxuram balışın altından sənə, Yazdığım yarımçıq məktublar çıxa.
ARZULARIM DƏNİZ İDİ Qolu- budağı qırılmış, Bir azca da unudulmuş, Ağacların sırasıyla Yolum gedir sənsizliyə Aram- aram! Bütün itmiş xəyalları, Şələləyib kürəyimə, İnadıma dirəşirəm! Qarşımdakı tənha qalan Bir çinarla dərdləşirəm! Təzələnir yenə yaram! Bu yolun da üzü bozdu! Mənə gələn ağır gələr! Kökü yanmış ağacların Dibində olmaz pöhrələr! Yol üzümə yorulduqca, Ümidlərim çilik- çilik! Tikan cırır əllərimi Əynim- başım didik- didik. Kola – kosa ilişirəm, Öz- özümlə didişirəm. Yollar yorğun, yollar ağrın! Qəlbimdəki suallarım Bir az dəli , bir az çılğın! Onsuz cavab gözləmirəm! Cavabsız qalan suallar, Bəzən bizdən müdrik olur! Gəlişi gözəl olmayan, Hikmət olur, böyük olur! Böyüklüyün arxasınca boylandıqca, Mənim kiçik arzularım Ya hüzursuz, ya puç olur. Yavaş – yavaş sonuc olur. Anladığım bircə budur! Arzularım dəniz idi! Sənsizliklə aramızda, Dərya durdu, dəniz durdu. ” Dəli qız” ın ürəyini Çox sevdiyi dəniz qırdı.
KAŞ Kİ… Sən mənim nisgilli yazdığım şeir, Mən sənin nəyinəm, hələ bilmirəm. Payızın rənginə oxşat bəxtimi, Neyləyim, satılmır, ala bilmirəm. * * * Bəxtəvər söyləyir, tanıyan, bilən, Tərsimlə, düzümlə, bağlanmış setəm. Nə sən yaşayansan, nə də mən ölən, Bəlkə orbitində yad planetəm? * * * Bütün bənd- bərələr bağlı qalıbsa, Günahı deyildir bu dünənimin. Qorum tüstülənib yanğın olubsa, Necə üzü gülsün şeirlərimin? * * * Möhtəşəm olurmuş sevilən kədər, Varlığı təsəlli, yoxluğu əzab. Fəsillər dövr edib dəyişən qədər, Ürəyim ağlımla çəkir haqq-hesab. * * * Zamana oxşayır, xəyalımız da, Bağlısı mürəkkəb, açığı müşkül. Fələyin yazısı var alnımızda, Qələmlər təzədən yonula kaş ki…