Jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar. Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər.
Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar?
Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu “hamını” jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək.
Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq.
Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil, belələri yaşlılar arasında da var.
Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşgul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “ЛИК Азербайджана» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan “Söz dünyası” beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir.
Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar, əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır.
Dünəndən mətbuatda, sosil şəbəkələrdə AYB-nin XIII qurultayına münasibət bildirən cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərini izləyirəm və bir məsələyə aydınlıq gətirmək istəyirım: AYB-nun qurultayı, sədrin və katiblərin seçilməsi sırf qurum üzvlərinin daxili məsləsidir. Onları seçmək qurultayda nümayəndə kimi iştirak edən AYB üzvlərinin səlahiyyətinə daxildir. Yəni cəmiyyətdə müxtəlif yaradıcı və qeyri-yaradıcı oxşar təşkilatlar, birliklər fəaliyyət göstərir, onlar da öz qurultaylarını keçirir, sədr və müavinlərini seçirlər, amma vətəndaşlarımızın bəzən bundan heç xəbəri də olmur. Niyə AYB-nin daxili məsələləri cəmiyyətdə bu qədər rezonans doğurmalıdır? Bu bir daha onu göstərir ki, Azərbaycan yazıçısı bütün dövrlərdə olduğu kimi yenə cəmiyyətin üst qatındadır və onları gözdən salmaq istəyən qüvvələr olsa da bunu bacarmırlar. İllər əvvəl televiziyada şou proqramı aparan, xəbər aparıcısı kimi nünfuz qazanıb, bu gün müxalif fikirləri ilə özünü cəmiyyətə sırımağa çalışan, ciddi aparıcı imici qazanmağa səy göstərən adamlar da Anarı hədəf götürür, onu tənqid edirlər. Keçmiş aparıcılardan (şoumen) biri deyir ki, Anar son 30 ildə nə yazıb ki, AYB-yə sədr olsun?! Ay adam, Anarın 30 il əvvəl yazdığı da onun sədr olmağına yetər. Anar 30 il əvvəl sadəcə sizin dediyiniz “Təhminə və Zaur”u yazsaydı (indi xatırladacağam onun 30 il əvvəl yazdıqlarını da) belə yenə şəxsiyyət kimi, böyük kimi, öz həmkarları, qələm yoldaşları arasında ən nüfuzlu yazıçı kimi sədr seçilməyə haqqı çatan insanlardan biri olacaqdı. O ki qaldı Anarın yazdıqlarına məmnuniyyətlə xatırladım: Anar Azərbaycan kinosunun şah əsərlərindən sayılan “Gün keçdi”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Üzeyir ömrü” (kino tariximizin ilk publisitik bəddi filmi), “Qəm pəncərəsi”, “Cavid”, “Sübhün səfiri”, “Ötən ilin son gecəsi” və onlarla yadda qalan filmin ssenari müəllifidir. Anarın müəllifi olduğu “Şəhərin yay günləri” tamaşası illərlə dövlət tetarlarında anşlaqla gedib. “Adamın adamı”, “Qaravəlli” və s. pyesləri də eləcə. Onun aftobioqrafik “Siz”siz romanı əl-əl gəzirdi. “Əlaqə”, “Macal”, “Ağ liman” povestləri 70-ci illərdə kitab mağazalarının rəflərində qalmırdı. “Molla Nəsrəddin 66” öz satirik, ironik, yumoristik ruhu ilə tabularla bol olan sovet cəmiyyətindəki ənənəvi ədəbiyyata demokratik ruh gətirmişdi. Məncə Anar bu saydıqlarımın sadəcə birinin müəllifi olamqla da yazıçı kimi sədrliyə haqq edir.
Anar ictimai xadim kimi nüfuzlu simadır. Öz sözünü Kreml tribunalrından sovet rəhbərlərinə deməyə cəasrəti çatan, təmsil olunduğu xalqın problemlərini dilə gətirməyə çəkinməyən biri kimi yaddaşlarda qalıb. Türk xalqları arasında da, Avropada da, keçmiş sovetlərdə də Anar bir yazıçı kimi tanınır, sevilirdi. Getdiyim yaxın-uzaq xarici səfərlərdə bunun şahidi olmuşam. Dünya yazıçılarının, oxucuların Anara olan sevgisini öz gözlərimlə görmüş, qulaqlarımla eşitmişəm. Bu gün Anarın bir cümləsi qədər ola bilməyənlər də meydan tutub, Anarı, Çingiz Abdullayevi, Rəşad Məcidi tənqid edirlər. Olsun. Demokratiyiadır, olsun! Heç kəsin tribunasını əlindən almaq gücündə deyilik. Amma əgər AYB-nin XIII qurultayına nümayəndə seçilmiş tanınmış yazıçılar, şairlər, tənqidçilər, akademiklər, ziyalılar özlərinə məhz Anarı sədr seçirlərsə, bunun Azərbaycan yazıçısına dəxli olmayan adamlara nə isti-soyuğu var? Bir-iki dedi-qoduçunun məqsədi Azərbaycan yazıçısını gözdən salmaqdırsa, bu mümkün deyil. Əsrlərlə tarixi olan ədəbiyyatımız demək olar bütün dövrlərdə bəlkə də haqlı olaraq hər şeyi öz şairindən umub: düşmən qabağına da, dost qabağına da öz şairini, yazıçısını çıxarıb. 1990-cı ilin qanlı 20 yanvar günlərində də, meydan hadisələrində də bunu çox gördük.
Heç nə demirəm, bircə 44 günlük zəfər savaşımız, haqq savaşımız dövründə Çingiz Abdullayevin dəfələrlə rusdilli kanallardadkı çıxışları, ermənilər bir yana qalsın, Rusiyanın tanınmış insanları ilə ağıllı, savadlı, ürəkli debatlarını nə tez unutdunuz? Hə, Çingiz Abdullayev ana dilində qüsrulu danışır, amma onun bütün əsərlərinin baş qəhrəmanı azərbaycanlıdır. O, bütün əsərlərində doğma Bakını, Qarabağı, Xəzəri, Abşeronu, milli mətbəximizi, uğurlarımızı təbiğ edir və bu əsərlər dünyanın hər nöqtəsində tirajlanır, oxunur. O, ki qaldı Rəşad Məcidə, mən onu otuz ilə yaxındır tanıyıram. Onun üçün vəzifənin ən son sırada gəldiyini dəqiq bilirəm. Azərbaycanın gənc imzalarının tanınmasında, onların AYB-yə üzv olmaqlarında, təqaüd almaqlarında Rəşad Məcidin rolunu, mövqeyini danmaq olmaz. Mənim gənc dostlarım, AYB sədrliyinə namizədliyini vermək istəyən Emil də, Fuad da əslində Rəşad Məcidin xeyir-duası ilə AYB-yə üzv qəbul olunanlardır. Rəşad Məcidin onlara həm də ərki var. Əgər xalq yazıçısı Elçinin təklifi ilə çıxışların dayandırılması səs çoxluğu ilə qəbul edilirsə, artıq çıxış etmək gecdir. Hə, məndən olsaydı, o gənclərə mütləq çıxış etməkləri üçün 5 dəqiqə şərait yaradardım. Məncə bununla heç nə dəyişməyəcəkdi. Amma qurultay nümayəndələri artıq çıxışların dayandırılmasına qərar verirlərsə, iki-üç nəfərin etiraz etməsi, yaxud, bitərəf qalması mahiyyəti dəyişmir.
Gənclər… Bizim nəslimizi onlardan sadəcə 10-15 il ayırır. 15 il əvvəl mən də ilk yaranan AYB gənclər şurasının üzvüydüm. Mən də hər şeyə çılğınlıqla reaksiya verirdim, zaman keçdikcə doğrularımı da, səhvlərimi də analiz etməyə imkanım oldu. Emil də, Fuad da çox isteadlı gənc şairlərdir. Hər ikisinə sayğım sonsuzdur. Bəlkə məni də topa tutacaqlar, inciyəcəklər, qınayacaqlar. Bəlkə heç əhəmiyyət verməyəcəklər; öz işləridir. Biz öz sədrimizi seçdik. O bizim gəncliyimizin sevilən imzası, bizim kumirimiz, qürur yerimiz olub və bu gün də mühafizəkarlıq edib, onu qoruyuruq. Vaxt gələcək biz olmayacağıq, o zaman siz də öz içinizidən liderinizi seçib, onun arxasınca gedəcəksiz. Amma bunun zamanı yetişməlidir.
P.S.Mənim nə AYB-dən, nə Anardan, nə Rəşad Məciddən asılacağım yoxdur. 15 ildən artıqdır yazıçı, tərcməçi, ssenarist kimi rəsmi heç yerdə işləmədən sadəcə yaradıcılıqla məşğul olur, dolanıram və bundan məmnunam. Artıq bir ildir “Ədəbiyyat qəzeti”ndəki layihələrimi də dayandırmışam. Oxucuların istəyinə, xahişinə hörmətlə yanaşsam da, layihəni davam etmək barədə hələ ki, düşünmürəm. Yəni, mənim AYB-dən üçdə alacağım, beşdə verəcəyim yoxdur… Ürəyim istəsə, təzə layihəm, yazım olsa yenə AYB orqanları ilə işləyəcəyəm.
Salam olsun, dəyərli qələmdaşlar və çox dəyərli oxucular! Həmd olsun Uca Yaradana! Bugünkü söhbətimiz “Nə məsləhət verirsiniz?” sualına cavab olaraq qələmə alınmışdır. Söhbətə başlamazdan əvvəl onu qeyd etmək istəyirəm ki, bu suala əsasən gənc yazarlar və ya canında yazmaq həvəsi olub, bir türlü başlaya bilməyənlər, bir də hər şeyə maraqlı oxucular müxtəlif görüşlərdə, oxucu məktublarında cavab axtarırlar. Yazı, kitab aləmi haqqında bu cür şikayətlərlə dolu bir fonda ilk addımlarını atmağa tərəddüd edən gənc yazarlar kimi, eyni zamanda diqqətli oxucular da eyni suala cavab axtarışındadır. Qələm adamları “nədən yazım”, “necə yazım”, “necə başlayım”, “kimdən örnək alım” kimi suallara cavab axtararkən, oxucular da həmən-həmən ekvivalent “nə oxuyum”, “kimi oxuyum” kimi sualların cavabını arayırlar. İstənilən cavabı diqqətlə dinləyir və ya oxuyurlar. İnanıram ki, hamımız nə vaxtsa bu suallarla üzləşmişik. Şəxsən mənə gəlincə bu sual ətrafında şifahi olaraq dəfələrlə danışıb fikir bildirmişəm (bu mövzuda internetdə bir neçə variantda video material da var). Hətta o qədər təkrar-təkrar danışmışam ki, artıq danışdıqlarımı özüm də əzbərləmişəm. Sual aktual olduğuna görə və həm də bu günün, bu yaşımın fikirlərini qeyd etmək məqsədi ilə məlum sual ətrafında olan, dəfələrlə təkrarladığım fikirlərimi yazı şəklinə salmaq istədim. Keçək mətləbə.
Tarixə söykənməyən gələcək yoxdur və ya qol-budaqlı ağaca sağlam kök lazımdır düşüncəsi ilə adətən bu mövzuda olan söhbətlərimə ötən əsrdə qələmə alınmış Makulunun “Səttarxan” və müəllifinin kimliyinə belə ehtiyacı olmayan “Əli və Nino” kitablarını misal çəkməklə başlayıram. Müasir dövrümüzdən Aqil Abbasın “Dolu” sunu nümunə kimi təqdim edir və hələ elə də böyük auditoriyanın tanımadığı rəhmətlik Qələndər Xaçınçaylının “Güllə işığında” povesti, Əli bəy Azərinin “Hərbi Zəngilan”ı haqqında məlumat verirəm. Aydın məsələdir ki, danışanda müxtəlif sualları yazar üçün ayrı, oxucu üçün daha uyğun formada cavablandırmaq imkanı geniş olur. Çalışacağam ki, “Nə məsləhət verirsiniz?” sualına ümumi fikirlərimdə dəyişikliyə yol vermədən hər iki tərəf üçün yığcam və əhatəli şəkildə 22 mart 2022-ci il üçün olan qeydlərimi sizlərlə bölüşüm. Birinci onu bildirmək istəyirəm ki, fikirlər subyektivdir, əksini düşünənlərin fikrinə hörmətlə yanaşıram. İkinci yazıya “ondan xəbəri yoxdur”, “bundan xəbəri yoxdur” düşüncəsi ilə yanaşanlara xatırlatmaq istəyirəm ki, istər elektron, istərsə də ənənəvi qaydada ortalığa çıxmış nümunələrlə tanışam. Üçüncü hər hansı bir suala cavab verəndə istənilən şəxs elə örnəklərdən istifadə etməlidir ki, ən azından bu nümunə müsahibinə tanış olsun. Məsələn, Azərbaycan reallığında ağaclardan söhbət gedirsə, “palıd”, “qoz”, “nar” ağacları daha çox hamı tərəfindən tanınır, nəinki, “evkalipt” və ya “baobab”. Belə bir əhatəli girişdən sonra yazının əhatə edəcəyi dövrlər və meyar kimi götürülmüş kriteriyalar barədə də qısaca məlumat vermək istəyirəm. Çünki bu vacib məsələlərin mətləbə birbaşa dəxli var. Mənim sizlərə təqdim edəcəyim örnəkləri seçməmdə əsas meyarlarım faydalılıq, tanıtmaq və tanınmaq, özünə yer tutmaq bacarığı, müstəqil olmaq qabiliyyəti, ən əsası heç kimə, heç nəyə fikir vermədən yaxşıları öyrənib tətbiq etməklə öz işi ilə məşğul olmaq, daim axtarışda olmaq, təkmilləşmək, görünə bilmək, seçilməyi bacarmaq. Bu sadaladığım qabiliyyətlərlə seçilmək, fərqlənmək 1920-ci ilə qədər birinci, 1920-1990 ikinci və 1990-dan sonra üçüncü (bu dövrü də 1990-2000, 2000-2010, 2010-2020, 2020-dən sonra) dövr olmaqla olduqca müxtəlif tələblər və şəraitdə baş verdiyini unutmamalıyıq. Bütün bu bölgülərin fövqündə dayanaraq müxtəlif dövrlərin keşməkeşlərinə sinə gərərib indi də mətin addımlarla sıralarımızda addımlayn bir qrup müasirlərimiz olan qələm adamları var ki, onlar çağdaş ədəbiyyatımızın məhəng daşlarıdır.
DÖVRLƏR VƏ TƏLƏBLƏR HAQQINDA
1920-ci illərə qədər bizim qənaətimiz üçün əsas olan meyarlar keyfiyyət baxımından təxminən indiki (1990-cı illərdən sonra) kimi idi. Yəni yalnız öz şəxsi keyfiyyət və bacarıqlarınız (həm yaradıcılıq, həm də maddi baxımdan) əsasında uğur qazana bilərdiniz.
1920-1990-cı illərdə vəziyyət bir az fərqli idi. Beləki, yaradıcılıqda müəyyən korrektələr olmaqla demək olar ki, maddi problem yox idi. Yəni yaradıcılıq qənaətbəxş olduqdan sonra, maddi həllə yol tapmaq (təbii ki, bu məqamda da şəxsi keyfiyyətlər, bacarıqlar əsas amil olub) mümkün idi.
1990-lardan sonra baş verənlər çoxumuzun göz qabağındadır. Məncə ən qarışıq dövr 1990-2000-ci illər hesab olunmalıdır. Bu həm fürsətlər, həm də çətinliklər baxımından eyni dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, istənilən sahədə uğur qazanmaq üçün şəxsi keyfiyyətlər önəmlidir. Bu mövzuda söhbətə məsələyə dolayısı ilə aidiyyəti olan “utananın oğlu olmur” atalar sözü ilə nöqtə qoymaq istəyirəm.
2000-2020 zəngin təcrübə və püxtələşmə dövrü kimi səciyələnməlidir.
Ən maraqlı və real vəziyyəti əks etdirən dövr indi başlayıb (2020-ci ildən). Necə deyərlər, “bu meydan, bu şeytan”.
Birinci dövrə baxdıqda kimləri xatırlayırıq, Abbasqulu Ağa Bakıxanovu, Mirzə Fətəli Axundovu, Nəriman Nərimanovu, Əbdürrəhim bəy Haqverdiyevi, Üzeyir Hacıbəyovu, Həsən bəy Zərdabini və b. Şərhə ehtiyac duymuram.
İkinci dövrün süzgəcindən keçib (birinci dövrlə əlaqəli şəxslər də daxil olmaqla) gələnlər; Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mir Cəlal, Mirzə İbrahimov, Süleyman Rəhimov, İsmayıl Şıxlı, Bayram Bayramov, İlyas Əfəndiyev, Cabir Novruz, Fərman Kərimzadə, Fikrət Qoca, o taylı-bu taylı Şəhriyar və b. Bu dövrün ortalarından və sonlarından ədəbi fəaliyyətə başlamış və çoxu bu gün də yaradıcılığını uğurla davam etdirən dövrlərin fövqündə dayanmış, çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız Bəxtiyar Vahabzadə (2009-cu ildə vəfat edib), İsa Muğanna (2014-cü ildə vəfat edib), Anar, Elçin, Çingiz Abdullayev yaradıcılığı Azərbaycan ədəbi irsində xüsusi yer tutur.
Çingiz Abdullayevi Azərbaycan ədəbi mühitində bu dövrlərin kəsişməsində möhkəm dayanaraq ədəbiyyatı cəmiyyətə, kitabı oxucuya qırılmaz tellərlə bağlayan mühüm fiqur kimi dəyərləndirmək lazımdır. Bu yöndə onun xidmətləri danılmaz və əvəzolunmazdır.
Bəxtiyar Vahabzadə, İsa Muğanna, Anar, Elçin və Çingiz Abdullayev kimi çağdaş ədəbiyyatımızın məhəng daşları adlandırdığımız örnək şəxsiyyətlərin üzərindən onların da içində olduğu üçüncü dövrə nəzər salsaq, Aqil Abbas, Akif Əlini, Sabir Rüstəmxanlı, Kamal Abdullanı, Yunus Oğuzu, Rəşad Məcidi, Elxan Elatlını, Varisi, Musa Ələkbərli, Səlim Babullaoğlunu, Vüqar Əhmədi, Azər Turan, Firuz Mustafa, Elçin Hüseynbəylini, Əli bəy Azərini, İlqar Fəhmini, Kənan Hacını, Sayman Aruzu, Fərid Hüseyni, Rövşən Abdullaoğlunu, Nicat Həşimzadəni, İntiqam Yaşarı görürük. Və təfərrüata keçməzdən əvvəl bir məqamı vurğulamaq istəyirəm. Necə ki, bu gün (22 mart 2022 – ci ildə) böyük əminliklə Çingiz Abdullayevi bir vaxtlar dahi Üzeyir Hacıbəyovun gördüyü işi ləyaqətlə və böyük əzmlə davam etdirərək ədəbiyyatla cəmiyyət, ədəbi-bədii yaradıcılıq məhsulu ilə kütlə-oxucu arasında möhkəm əlaqə, bağ yaradan şəxs kimi təqdim edirik, Rövşən Abdullaoğlu da eyni ilə gələcək nəsillər üçün bu vəhdəti qoruyacaq real namizəddir. Onun bu missiyanın öhdəsindən ləyaqətlə gələcəyinə inanıram. Xahiş edirəm ara-sıra bu tərz qeydləri oxuyarkən fiklərimizi əsaslandırıb, söykəndiyimiz meyarları unutmayaq. Mümkün qədər konkret və əhatəli izahatdan sonra “Nə məsləhət verirsiniz?” sualına cavab olacaq və yuxarıdakı qaydada əsaslandırılmış müasirlərimiz olan örnək yazarlar barədə danışmazdan əvvəl bir qeyd də etmək istəyirəm. Mənim yazdıqlarım tam subyektivdir. Və mən sadəcə fikirlərimi sizlərlə bölüşürəm. Bu heç vaxt məsləhət kimi qəbul edilməməlidir. Mən sualı eyni ilə eşitdiyim, oxuduğum kimi, mənə ünvanlanmış qaydada yazmışam. Ümumiyyətlə, bir şəxsin yaxınlıq və qohumluq, subardinasiya dərəcəsindən asılı olmayaraq digər şəxsə məsləhət verməsi qəbuledilməzdir. Bu ən yaxşı halda tövsiyə formasında ola bilər. Bu yöndə ən təqdirəlayiq hal örnək göstərməkdir.
ÇAĞDAŞ ÖRNƏK YAZARLARIMIZ:
Aqil Abbas – şair, yazıçı, siyasətçi. “Ədalət” qəzeti idarəçiliyindədir. Xalqla bağlı istənilən məsələyə söz adamı olaraq anındaca mövqe bildirir.
Sabir Rüstəmxanlı – şair, siyasətçi. Mövqe sahibidir. Nəzarətində nəşriyyat var.
Çingiz Abdullayev – yazıçı. Dünyanın müxtəlif yazar klub və dərnəkləri, nəşriyyatları ilə əlaqəsi var.
Yunus Oğuz – yazar, həm də “Olaylar” informasiya agentliyi və eyni adlı qəzet idarəçiliyindədir.
Varis (Varis Yolçuyev) – yazar, həm də “168 saat” qəzeti və digər mətbu orqanlarla, TV-lərlə birgə fəaliyyət göstərir.
Rəşad Məcid – şair, həm də “525-ci qəzet” idarəçiliyindədir. Bundan əlavə saytlardan, sosial şəbəkələrdən, TV-lərdən, müxtəlif internet kanallarından, bir sözlə fayda verəcək yazılı və görüntülü bütün dəstək variantlarından böyük ustalıqla istifadə edir.
Elxan Elatlı – yazar. Heç kimə, heç nəyə fikir vermədən öz işinə konsentrasiya olaraq fasiləsiz və nümunəvi fəaliyyət göstərir. Əsl müasir yazıçıdır.
Azər Turan – tənqidçi, publisist. Təyinatla “Ədəbiyyat qəzeti”nə rəhbərlik edir. Gücü çatdığı qədər bölgələrdə yaşayıb-yaradan yazarlar da daxil olmaqla bütün qələm adamlarına dəstək olmağa çalışır.
Musa Ələkbərli – şair, naşir. Bacardığı qədər yazarlara kitab işində dəstək olur.
Firuz Mustafa – nasir, dramaturq. Yazır yaradır.
Əli bəy Azəri – yazar, səlnaməçi. “Xəzan” jurnalı idarəçiliyindədir. Mümkün qədər ədəbiyyatımız, tariximiz üçün faydalı olmağa çalışır.
Səlim Babullaoğlu – şair, tərcüməçi. Kitabçılıq, tərcümə və tanıtım baxımından fəaliyyəti misilsizdir. ATV kitab – “Parlaq imzalar” layihəsi kimi dəyərli bir iş ortaya qoymuş şəxsdir.
İlqar Fəhmi – şair, yazıçı, kinodramaturq. Bir sözlə xalq üçün faydalı ola biləcək bədii yaradıcılıqla bağlı istənilən sahədə onu görmək olar.
Kənan Hacı – şair-publisist, mücadilə edir. Bir zamanların Sabiri, Hadisi kimi mücadilə aparır. İlk anlaşılmazlıqda vaz keçən gənclər üçün nümunə olacaq müasirimiz, çağdaş yenilməz qələm adamı.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, araşdırmaçı, səyyah. “Qədim Qala” nəşriyyatının qurucusu. Yorulmadan öz üzərində işləyən, təkmilləşən və öyrəndiklərini həyatına tətbiq edib, oxucusuna təlqin edən ən müasir, ən prespektivli çağdaş örnək yazarımız.
İntiqam Yaşar – şair, təşkilatçıdır. Həyatdan nə istədiyini bilir. Uğurları bol olsun!
Dəyərli oxucum, bu çəkdiyim misallar, gətirdiyim örnəklər sadəcə bir ipucu kimi dəyərləndirilməlidir. Müxtəlif yaş qruplarından olan, olduqca keşməkeşli həyat yolu keçərək uğura, misilsiz nailiyyətlərə imza atmış bu örnək şəxslərin həyat və yaradıcılıqları ilə tanış olmağınızda “Google” dostumuzun xidmətindən və kitabxanalardakı kitablardan istifadə edə bilərsiniz. Atalar yaxşı deyib: – “Gör, götür dünyasıdır.” Və inanıram ki, təqdim etdiyim bu “açar söz”lərdən istifadə etməklə özünüz üçün böyük imkanlar vəd edən geniş bir dünyaya qapı açmış olacaqsınız. Uğur bələdçiniz olsun. Bu yazının ancaq və ancaq bir məqsədi var faydalı olmaq. Vəssalam!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Çox sağ olun!
22.03.2022. Bakı.
Qeyd:
Məqalə müxtəlif saytlarda dərc olunmaqla yanaşı müəllifin “Qələmdar-2” (məqalələr), Bakı , 2022. səh. 160-165. və “Seçilmiş əsərləri” (ikinci cild), Bakı, 2022. səh. 395-403. kitablarında da yer almışdır.
Mustafa Kamal sabah Samsuna gedəcəkdi. Zübeydə xanım xəstə idi. Ürəyi ona rahatlıq, dinclik vermirdi. Həkim dava-dərman yazmaqdan başqa, məsləhət görmüşdü ki, yataq rejimini gözləsin, yoxsa vəziyyəti ağırlaşar. Məkbuləyə də tapşırmışdı ki, anasına göz qoysun, birdən peşmançılıq olar. Zübeydə xanım nə vaxtdan idi ki, həyət-bacaya çıxmırdı. Qızı qulluğunda durmuşdu, vaxtlı-vaxtında dərmanlarını, yeməyini-içməyini verir, otağı yığışdırır, onun əyin-başını, otağın havasını dəyişirdi.
Mustafa Kamal indi anasının Sişlidə yaşadığı evində idi. Qonaqlarını yola salıb qayıtdı. Onlara da demişdi ki, sabahdan İstanbulda olmayacaq. Vacib bir işdən ötrü şəhəri tərk etməlidir. O, bacısını çağırıb dedi:
– Məkbulə, bacıcan, acmışam, burada yox, anamın otağında bir süfrə sal. Sabah Anadoluya yola düşürəm. Sizə deyiləsi sözlərim var.
Süfrə salındı. Mustafa anasının üst mərtəbədə yerləşən otağına keçdi. Zübeydə xanımın əllərindən, üzündən öpdü:
– Anacan, gözümün işığı, narahat olma, qorxulu bir şey yoxdur. Özüm həkimlə danışdım. Sənə dinclik, sakitlik lazımdır. Əlinə-ayağına dolaşan yoxdur, istirahət elə.
Sonra Mustafa bardaş qurub yerdə əyləşdi. Xörəyini yedikdən sonra söhbətə başladı:
– Anacan, ölkəmizin durumu yaxşı deyil. Bu gün yunan dəniz piyadaları ingilis və amerikan zirehli gəmilərinin müşayiəti ilə İzmir sahillərinə çıxıblar. İzmirdə yaşayan türklərə divan tutulub. 300 türk qətlə yetirilib, 200 yaralı var. Aralarında şəhər valisi də olmaqla xeyli türkü əsir alıb Yunanıstana aparıblar.
İngilislərin iştahasından İstanbulu tutmaq keçir. İstanbul da Salonikin gününə düşə bilər.
Mustafa Kamal sinirli idi. Zübeydə xanım də həyəcanlanırdı. Bunu görən Mustafa özünü ələ aldı:
– Anacan, bunları ona görə sənə demirəm ki, təlaşa düşəsən. Mən hələ mətləb üstünə gəlib çıxmamışam.
Məkbulə fincanda qəhvə gətirdi. Mustafa Kamal qəhvəni qarışdırdı və dadına baxdı. İsti idi.
– Anacan, həyəcanlanırsansa, sözümü yarımçıq kəsim. Fəqət istəyirəm ki, mənim sözlərimi sən də, bacım Məkbulə də eşitsin.
Zübeydə xanım əli ilə işarə verdi ki, davam etsin. Mustafa Kamal qəhvədən bir qurtum içib dilləndi:
– Sabah Samsuna gedirəm. Bu millətə, bu xalqa, bu ölkəyə gün ağlamağa gedirəm. Düşmənlər üstümüzə yeriyir. Onlara qarşı duran yox, cavabını verən yox. Bu, nə qədər sürəcək?! Bundan sonrakı taleyimin necə olacağını heç özüm də bilmirəm. Bu yolda ölüm də var, itim də. Anacan, mən geri dönməyə bilərəm. Başıma bir iş gəlsə, özünüzü itirməyin, daralmayın, sarsılmayın. Allahın verdiyi candır, onsuz da bir gün alacaq. Özünüzə korluq verməyin. Pullarınızı xərcləyin, qurtarsa, xalıdan-xalçadan satın, ev əşyalarından satın…fəqət buralarda nə baş versə, yola çıxmayın, İstanbulu tərk etməyin. Yenə deyirəm: nəbadə buradan başqa yerə gedəsiniz.
Zübeydə xanım artıq özünü pis hiss edirdi. Mustafanın, yeganə oğlunun təhlükə qarşısında olduğunu görür və başa düşürdü ki, onu bu yoldan heç bir qüvvə döndərə bilməyəcək. Oğlunun xasiyyətini bilirdi. Planlaşdırdığı bir iş olurdusa, onu yerinə yetirməmiş rahatlıq, dinclik tapmazdı. Amma indi üzərinə götürdüyü işdən qan qoxusu gəlirdi, bu iş ölüm saçırdı. Məkbulənin də rəngi saralmışdı. Birdən Zübeydə xanımın halı qarışdı. O, ürəyini tutdu və özündən getdi. Məkbulə tez otağın pəncərələrini açdı ki, içəri təmiz hava dolsun. Mustafa anasının yanına qaçdı. Həkim Rasim Fərid bəyin dalınca adam göndərdilər. Rasim Fərid bəy vaxtında özünü çatdırmasayıdı, Zübeydə xanım ölə bilərdi.
Az sonra Zübeydə xanım özü xahiş etdi ki, oğlu söhbətini davam etdirsin. Mustafa Kamal boyun qaçırsa da, anası əl çəkmədi. Məcburiyyət qarşısında qalan Mustafa davam etdi:
– Ay ana, niyə üzülürsən. Nə ölən var, nə itən. Bax, mən sənin yanındayam, ayaq üstəyəm. Mən müqəddəs bir işə qatılıram. Siz gərək özünüzü elə aparasınız ki, mənim fikrim-zikrim burada – sizin yanınızda qalmasın, arxayın işimi, mübarizəmi başa çatdırım. Anacan, mən ölüm-itimdən danışdım, unudursan ki, bu yolda zəfər də var, ölkənin azadlığı, müstəqilliyi var. Düşmənin ana Vətənimizdən qovulması da var. Bəs nə üçün bunları düşünüb toxtaqlıq tapmırsan?! Anacan sabah, dediyim kimi, Anadoluya yola düşürəm. Haqqını mənə halal elə!
Zübeydə xanımın gözləri yaşarmışdı:
– Mustafa, oğlum, sən hərbi məktəbə gedən gündən haqqımı sənə halal etmişəm. Sənin həyatın asan keçməyib. Erkən yaşlardan atanı itirmisən. Həmişə çətinliklərin qoynunda, savaşlarda, mübarizələrdə olmusan. İndi də özünü oda atırsan. Amma xeyirxah iş üçün, vətən üçün, millət üçündür bütün bunlar! Yaxşıca başa düşürəm. Gəl səni öpüm, xeyir-duanı verim!
Mustafa Kamal anasına yaxınlaşdı. Zübeydə xanım sağ əlini onun başını qoydu, alnından öpdü:
– Mübarizən xeyirli olsun, oğlum! Allaha dualar edəcəyəm ki, sənin köməyində dursun!
Məkbulə də qardaşının boynuna sarılıb onu öpüşlərə qərq etdi. Həmin gecəni Mustafa Kamal anasının yatdığı otaqda keçirdi. Fəqət nə Zübeydə xanımın, nə Məkbulənin, nə də Mustafa Kamalın o gecə gözlərinə yuxu gəldi…
Mustafa Kamal Samsuna getmək üçün 1919-cı il mayın 16-da İstanbulda gəmiyə oturub yola düşdü. O, tək deyildi. Silahdaşlarından Müzəffər Qılınc, Rəfiq Saydan və başqaları onunla idi. Onlar mayın 19-da səhər saat 6-da Samsuna çatdılar. Sahildə xeyli adam toplaşmışdı. Haradansa onlara xəbər çatmışdı ki, Mustafa Kamal Samsuna gəlir. Sahildəkildər gələnləriin pişvazına çıxmışdılar. Aralarında əsgər və zabitlər, mülki və vəzifəli şəxslər də vardı. Qonaqlara Mıntıka Palas hotelində yer düzəltdilər. Hotelin restoranında nahar etdilər. Günortadan sonra Mustafa Kamal hökumət idarələrinə və bələdiyyəyə getdi, görüşlər keçirdi. Samsuna gəlməmişdən on beş gün əvvəl o, IX Ordu hissəsi müfəttişi təyin olunmuşdu. Bir hərbi müfəttiş kimi XV Ordunun Samsundakı bölməsindən istifadə edərək, jandarm və polisləri təftiş etdi.
Mustafa Kamal Samsundan Osmanlı dövlətinin Baş vəzirinə müraciət etdi: “Millət vəhdət təşkil edərək, hakimiyyətin əsaslarını, türklük duyğusunu hədəf kimi qəbul etmişdir”.
Sonra Amasiyadan bəyan etdi: “Daha İstanbul Anadoluya hakim deyil, tabe olmaq məcburiyyətindədir….Millətin qarşıya qoyduğu məqsədə çatana qədər sadiq nökəriniz kimi millətin sinəsi olan Anadoludan getməyəcəyəm və bu məsələdə millətin bir fərdi kimi axıra qədər vuruşacağım haqqında müqəddəs hesab etdiyim millətə söz vermişəm. Heç bir qüvvə bu milli qərara mane ola bilməz”.
Mustafa Kamal sonradan mülki və hərbi qurumlara son dərəcə mühüm mesaj göndərdi: “Vətənin və millətin istiqlaliyyətini yalnız millətin əzm və qərarı qurtaracaqdır. Bundan sonra müqəddəs milli məqsədimiz uğrunda fədakarlıqla çalışmaq üçün sevimli millətə bir fərdi mübariz rolunda olduğumu ərz və elan edirəm”.
1920-ci il mayın 11-də Damad Fərid paşa kabinetinin təşəbbüsü ilə hərbi məhkəmə Mustafa Kamalı və silahdaşlarını edama məhkum etdi. Həmin edam hökmü padşah VI Məhmət Vəhdəddin xan tərəfindən təsdiqləndi.
Bu xəbər Zübeydə xanıma da çatmışdı. O, bərk narahat idi. Oğlunu edam edə bilərdilər. Məkbulə anasını sakitləşdirdi: “Mustafaya heç nə olmayıb”.
Zübeydə səksəkədə idi. Bu ara Zübeydə xanım Mustafa Kamalla Samsuna gedən yoldaşlarından birinə rast gəldi. Mustafanı onun yanında görməyəndə qadın haldan-hala düşdü: “Yəqin Mustafanı edam ediblər, ona görə bu kişi İstanbula yalqız dönüb”. Həmin şəxs güc-bəla ilə Zübeydə xanımı inandıra bildi ki, Mustafa sağ-salamatdır, başladığı müqəddəs işlə məşğuldur və onu edam etmək heç də asan deyil. Ətrafında çoxlu hərbi qüvvə, silah var. Padşahın özündən çox-çox güclüdür.
Türkiyədə milli-azadlıq hərəkatı gedirdi. Qurtuluş mübarizəsinin başında Mustafa Kamal dayanırdı.
Hikmət MƏLİKZADƏ(Məlikzadə Hikmət Qəzənfər oğlu) 6 yanvar 1972-ci ildə Şamaxı rayonunda doğulub.1979-1989-cu illərdə Şamaxı rayon Qaravəlli kənd orta məktəbində orta təhsil alıb.1990-1992-ci illərdə sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olub.1993-cü ildən mətbuat sahəsində çalışır. İki şeir, yeddi publisistik kitabın, yüzlərlə məqalə, rəy və resenziyaların, onlarla elmi məqalənin müəllifi, yüzlərlə kitabın redaktorudur. Bir sıra mükafatların, təşəkkür və diplomların sahibidir. Hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür. “Ziyadar” Mükafatı laureatıdır. “Yeni Təfəkkür” qəzetinin əməkdaşıdır.