Ruh Adamı Və Digər Şeirlər. Azər Ağayev

AZƏR AĞAYEVİN YAZILARI

RUH ADAMI
Həyatdan yorulanda
Saçlarını küləyə,
Köksünü şeirə aç.
Ruh adamı, səninçün
Darıxmağa yolların
Əli yalın, könlü ac.
* * *
Yol yaxın, ömür uzaq,
Hicranı ovutmağa
Əllərin qucaq yeri,
Kirpiklərin üstündə
Bir arzu yandırmağa
Nəfəsin ocaq yeri.
* * *
Baxışın gün işığı,
Nəfəsin bahar yeli,
İsidir bu çəməni.
Saçlarından küsəndə
Şeirimin xətrinə
Sözə bağışla məni…

DİVARDAKI KÖLGƏLƏR
Bir addım məsafədə qıvrılan lal baxışlar
Çarmıxa çəkilirdi nəfəsinin odunda.
Səhərin gözlərində hicranı ovutmağa
Əllərin qucaq yeri göy üzünün çatında.
* * *
Ovuclarına sənin üç şeir pıçıldadım,
Ruhumun əzaları titrədi dodağında.
“Eşq” dediyin yanmaqdır bir qadın saçlarından
Ayaq ucuna qədər sükutun ocağında.
* * *
Sol yanın gün işığı düşməyən tərəfində
Əlim göyərçin kimi köksündə dən gəzirdi.
Saçının sünbül eşqin zaman dəyirmanında
Saatın əqrəbləri ovuc-ovuc əzirdi.
* * *
Ömrün laləzar vaxtı dil açır, ayaq açır
Dəli, havalı könlün körpə, ərköyün nazı.
Nəmli divarlar boyu kölgələr rəqs edəndə
Çiynində çırpılırdı ötən bir ömrün tozu…

DƏRDİN YAŞ GECƏSİ
Göy üzündə bir qərib ulduz darıxar yaman
Saçlarını oxşayıb əllərini tutmağa.
Qaranlıq gecələrin dərdli ay işığında
Əlim göylərə çatmaz, ruhunu ovutmağa.
* * *
Ömrümün sabahında dan yeri ağarmamış
Hicran yeli əsəndə yasəmən ətrin gəlir.
Kirpiklərin dolanda, için qan ağlayanda
Gözlərinin yaşını dodağından kim silir?
* * *
Nənəmin toxuduğu yun köynək təki ruhun
Məni isti saxlayır soyuq qış gecəsində.
Göy üzündə bir qərib darıxır yaman,
Ayın buz nəfəsində, dərdin yaş gecəsində…

İKİ NƏFƏRLİK BİLET
Taksinin arxa oturacağında
pəncərədən çiləyirdi
martın ilk yağışları,
Susurdu dodağının altında,
yanağında üşüyən bir neçə söz,
Ruhumun tozunu ələyirdi
gülüşünün can alan baxışları.
* * *
Sən evə tələsirdin…
Tərslikdən də,
yollar açıq idi,
Küləklər də dağıdırdı saçlarını çiynimə,
Gülümsədin yuxulu gözlərimə,
Susdun… susdun… Başını qoydun sinəmə…
* * *
Və sonra…
Qəfil “məni unut bu gecədə,
bu yağışlarda” dedin,
Bir yol arxana baxmadan getdin,
Getdin, əllərimi sıxmadan getdin,
Üşüdüm ovuclarında, bilmədin…
* * *
Gecələrdən ulduzlar sönməmiş,
Gündüzlərdən günəş çəkilməmiş
Nə olar, nə olar,
hələ getmə,
Bir az da qal…
Bağışla yolların tozlu xatirəsinə,
Yağışların kövrəlməsinə.
Əgər gedirsənsə,
bir düşün,
uzaq sahillərə
bir nəfərlik deyil,
iki nəfərlik bilet al…

POZULAN SÜKUT
Günəşin solduğu bir gündə
ümidlər dalğalara çırpılırdı.
Bir yelkənsiz gəmi kimi
sovrulurdu ruhum
Könlümün yaxası asılı qalmışdı
bir kor düyündən.
Gözüyaşlı qalmışdı arzular.
Və… Sən gəldin,
pozuldu sükut ömrü
Bir yanımda sən,
bir yanımda partlayışlar.
Saatın əqrəbinə son nəfəsini
tapışırırdı sükut.
Bulanıq ömrüm sənlə durulurdu.
Aydınlanırdı günəş soyuq dekabr səhərində.
Varlığımın tam solundan bir sızıltı,
bir üşütmə  keçdi  o anda.
Sənə qədər kirpiklərim –
ağrıların bulud ömrü…
Gecələrə dirsəklənib mürgüləyən gözlərim
gülüşündən bir ovuc səadət içdi.
Yasəmən ətirli saçlarında
uçurum dibində
tutundum həyata.
Elə gülümsədin ki,
titrədi ruhum, əsdi əllərim.
Yuxusu ərşə çəkilən arzularım
bəlkə dizlərində bir yuxu yata.
¹Bir az yaxın gəl, bir az da yaxın.
Qulağına pıçıldayım saçlarının nəfəsində:
“Sənsizliyi alnımın qırışlarında daşıdım,
Çatlamış dodaqlarımda yandı sənsizlik…”

AYRILIĞIN İLK GÜNÜ
Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Nəmli divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…
* * *
Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…
* * *
Unuduram təqvimlərdə günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…
* * *
Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…
* * *
Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?

Müəllif: Azər AĞAYEV

AZƏR AĞAYEVİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir