Pərvanə BAYRAMQIZI. “Bir görəydim ayrılığı kim saldı?”

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

“Bir görəydim ayrılığı kim saldı?”

Ayrılıq nə ayrılıq… ağrısını ifadə etməyə söz, sakitləşdirməyə məlhəm tapılmadı. Bu ayrılıq o ayrılıqdan deyil. Elə ayrılıq ki burda hər şey ananın bağrından balasının qoparılmasına bənzəyir. Yurdu bölüblər ee… Azərbaycanı. O Azərbaycanı ki zamanında  sərhədinin ucu-bucağı olmayıb.

“Bir görəydim ayrılığı kim saldı?”

Kim salmadı ki? Azərbaycanı parçalayanlar, talayanlar azmı olub?

Vətənimizin tarixində işğal “ənənəsini” sasanilər, (VI-VII əsr)  ərəblər, (VII əsr) monqollar, (1220-1222) teymurilər (XIV əsrin 80-ci illərində) və digər dövlətlər qoyublar. Sonrakı əsrlərdə bu arzuolunmaz “adəti” Rusiya davam etdirib. Azərbaycanın başına gələcək yeni bəlaların bünövrəsini 1723-cü ildə  işğalçı sələflərindən geri qalmayan I Pyotr qoyduğunu bilirsiniz. O da slavyanlar kimi Azərbaycana dönə-dönə yürüş edib.

Bakı gördüklərini, çəkdiklərini unutmağa macal tapmayıb. 1724-cü ildə rus komendantı knyaz Bryatinskinin idarəsinə keçən şəhərimiz general V.Zubovun,  sonrakı tarixlərdə I Aleksandrla çar I Nikolayın verdiyi zülümlər onunçün təkrar olub.

Başımıza gətirilən bəlaların acısını duyduqca folklordakı qarğışların hansı hisslərdən yarandığını anlayıram. Qarğış yaşadıqları müsibətlərin qarşısını ala bilməyən gücsüz insanların çəkdikləri nalədir. Bu məqamda ürəyimdə təəssüf dolu gecikmiş istək baş qaldırır. Bunu da qarğış saymaq olar: irəlidən öləydi I Pyotrı, ya da vəsiyyət etməyə dili söz tutmayaydı. Ağzı yanmış nə demişdisə, onu da elədilər. Məzhəb seçkinliyindən, torpaqlarımızın işğalından, bizə calaşdırdığı ermənilərin əlindən göz aça bilmədik. Onların törətdikləri qanlı əməllərin tarixləri xronologiya deyil, Azərbaycanın boynundan asılan sapa düzülmüş qara muncuqlardır. Ermənilərin Azərbaycana köçürülməsi ilə yurdumuzun xoş günləri yağlı əppək olub göyə çəkilib. O vaxtdan indiyə – 2020-ci ilin sentyabrın 27-dək bu millət qanımızı içməyə davam edir. Elə bil o qatilləri bağışlamaq üçün yaradılmışıq. Dəfələrlə qətliam törətməklərinə baxmayaraq, unudub barışmışıq. Yazıçılarımız, şairlərimiz xalqların dostluğundan, qardaşlığından bəhs edən əsərlər yazıblar, amma nə “Əsli və Kərəm” dastanı, nə də “Bahadır və Sona” ermənilərin kinli qəlblərini, xain xislətini tərbiyə edə bildi.

Bakının 1806-cı il oktyabr ayının 6-da Rusiya imperiyasının tabeliyinə keçdiyi vaxtdan başlayan qara günlərin rəngi getdikcə daha da tündləşdi. Qarşıdakı illərdə İranla Rusiya Azərbaycanı ata mülkütək tən böldü.

Dərdimizi təzələyəcəm.

Səməd Vurğun da bəlamıza səbəb olanlara ürəkdən qarğayıb:

Nədir bu həsrətin adı, ünvanı?
Baisin evində işıq yanmasın!
Ah, Araz, ah, Araz, vədimiz hanı?
Bir ürək ikiyə parçalanmasın.

Düşmənimiz təkcə erməni olsaydı nə vardı. Dərd təkcə Qarabağ dərdi deyil ki. Azərbaycan bir deyil, iki deyil; Şimali, Qərbi, Cənubi Azərbaycan… artırmaq olar, intəhası qurdlu “cahangir dövlətlər” (M.S.Ordubadinin təbirincə) ərazi iddiası kimi qəbul etməsinlər deyə susmuşuq. Qaş düzəltdiyimiz yerdə göz çıxarmaq istəmirik. “Həm suçlu, həm güclü” olanlar bizi qınayarlar. Yurdumun daşı elə ağırdır, yağılar qaldıra bilmirlər.

Ağrı-acısı da özü kimi çəkilməz Azərbaycanda:

“Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək”.

Dərdin ən gözəli Gülüstan. Rusiya ilə İranın müqaviləsiylə sənədə dönən “Gülüstan”, Bəxtiyar Vahabzadənin şah əsəri “Gülüstan”.

“Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın”.

Şimaldan müxtəlif siyasi iddiayla, yeni quruluş məqsədilə gələnlər o vaxt bizimkiərə fəhlə-kəndli təəssübkeşi kimi təqdim edildi. Bu ideya uğrunda soydaşlarımız bir-birinə qənim kəsildi, bir-birinin qanını tökdülər. Qan üzərində yaradılan yalançı qardaşlıqla yetmiş il milli kimliyimizdən uzaq qaldıq, sərvətimiz talandı. Həm Cənubi, həm də Şimali Azərbaycanda milli azadlıq hərəkatının, demokratik firqənin, cümhuriyyətin ömrünü bircə il, hətta ondan da az elədilər. Azadlığı “pepetkanın” ucunda damızdırıb siyasi quruluşu təzədən dəyişdilər. Bir ilin azadlıq dadı dünya durduqca xalqlar arasında qırğın törətməyə, azadlıq tələb edib müharibə başlamağa kifayət edəcəkdi, hegemon dövlətlərə də bu lazım idi, amma millətlərə azadlıq qismət olmağa qoymazlar. Həmişə aranı qızışdırıb, alovlandırıb sonra üzərinə su töküb söndürürlər.

Dodaqları qurumuş
Susuz bir torpağam mən.
Sinəmdə cadara bax.
Budağından ayrılmış
Yaşı bir yapağam mən.
Qopduğum çinara bax.

Bunu da növbəti sətirlərdə “İnqilab şairiyəm” deyəcək vətən oğlu yazıb.

1813-cü ildə oktyabr ayının 12-də  yurdun “Gülüstan” müqaviləsi ilə ikiyə bölünməsindən  gözü qorxan Söhrab Tahir çöpü də iki yerə bölə bilmədi. Ser Qor Ouslinin qolu quruyaydı müqavilənin mətnini hazırladığı yerdə. Siz Allah, belə dünya olar, sənin olan vətəni Böyük Britaniyanın nümayəndəsi pay-püş eləsin, Rusiya tərəfdən də Nikolay Rtişev Qacarlardan olan Mirzə Əbülhəsən xan Elçi ilə  müqaviləni imzalasınlar? Yurdun sahiblərinisə qətlə yetirsinlər, pərən-pərən salsınlar… Susanlar da olub, canını oda atanlar da, amma yenə Azərbaycana aidiyyəti olmayanlar istəklərinə çatıblar. Ciyərləri yanmışların ürəkləri soyumayıb on beş il ötəndən sonra 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində başqa bir müqavilə imzalayıblar.

Bu boyda dərdi olan xalqı ağı deməkdə, bayatı çağırmaqda, kədərli şeirlər yazmaqda qınayanların ürəyi yoxdur. 1905-ci ildə – Qacar dövlətində başlanan inqilabı 1908-ci ildən Cənubi Azərbaycanda milli hərəkata çevirən Səttar xan, Bağır xanla birgə silahdaşları Əli Müsyo, Heydər xan Əmioğlu, Şeyx Məhəmməd Xiyabani “vətən eşqi məktəbində can verməsəydilər” gələcək nəsillər yurdu üçün candan keçməyi öyrənməzdilər. Görmədiyimiz, ideyalarını isə yaşatdıqlarımız Bütöv Azərbaycan arzusu ilə ölümə gedənlərin hamısına yurdu yaşatmaq borcumuz var. Ruhlarını şad etməliyik.

“…Hökm etsə, bu sərsəm gediş dursa oy!”

Sərsəm gediş Azərbaycanın taleyində çox olub, sərsəmliyi durdura bilməyəndə acizanə surətdə Arazı günahkar çıxarmışıq. “Araz, suyun qurusun”, “lal Araz” və s. kimi ifadələrlə qəzəbimizi çayın üstünə tökmüşük.

Cəfər Cabbarlı da ayrılıqda günahı olmayan Araza acıqlanıb:

Araz, rədd ol aradan,
bir olsun Azərbaycan!
Kimdir səni yaradan?
Böldün böyük Vətəni,
Araz, böylə aradan…

(Deyilənə görə,  “Araz çayı” mənzum pyesinin əlyazması it-bata salınıb.)

“Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə çay yenə də sükutunu pozmur, yenə də çar qamıçılarının qorxusundan səsini çıxarmır və axırdı”. (“Dumanlı Təbriz)”

Yazıq dilsiz-ağızsız Araz…

Vikipediyada: Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın Qacar rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar” kimi qeyd olunan hadisəni M.S.Ordubadinin “Dumanlı Təbriz” əsərinin “Son iclas” bölümündə yazıçı dili ilə oxuyaq: “– Təəssüf olsun ki, bütün bu zəhmətlər rus kazaklarının ayağı altında tapdanıb gedəcəkdir…” Əsərin qəhrəmanı isə ümidini itirməyərək: “Müvəqqəti bir sükutdan sonra İran inqilabı daha geniş və daha yüksək, daha müstəqil bir surətdə alovlanacaqdır” söyləyir. Bu  1945-ci ilin 12 dekabr ayından 1946-cı ilin sonuna qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumətin quralacağına işarədir. Ümidlə reallıq çox vaxt bir-birinədən gen gəzir. Həmin anda heç kəs bilmirdi ki, Seyid Cəfər Pişəvərinin sədrliyi ilə qurulan Azərbaycan Demokrat Firqəsinin  fəaliyyəti uzun çəkməyəcək. Hər şey əsərdəki bölümün sonunda yazılan kimi bitdi: “Rəfiqlər, möhtərəm ağalar, cənablar! Pərdə enir. Təbriz inqilabının birinci səhnəsi qapanır”.

Nədir inqiliab? –

İnqilab inkişafdakı keyfiyyət dəyişikliyidir. Bir qayda olaraq islahatların ya keçirilmədiyi, ya da az keçirildiyi həlqələrdə baş verir.

“Hər mühitin doğduğu inqilabı o mühitin şəraiti ilə inkişaf etdirmək lazımdır. Hər məmləkətin inqilab rəhbəri o məmləkətin özündən doğmalıdır. Öz rəhbərlərini yetirməmiş bir ölkədə inqilab hərəkatını irəli aparmaq mümkün deyildir. Bu yalnız İrana məxsus deyil, hər bir məmləkətdə belədir”. (“Dumanlı Təbriz”)

İnqilaba bir də Balaş Azəroğlu gözüylə (sözüylə) baxaq: (oxuyaq)

Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana.
Bir bahar ətri vardır hər şerimdə sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq –
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

B.Azəroğlu Səttarxanı bir rəhbər kimi sevir, onun yolunda əmrə hazır olduğunu bildirir. Çünki o, yurdunu azad görmək istəmiş, bu müqəddəs amal uğrunda canından keçmişdir.

Təbrizsə nə bahar gördü, nə də dumanı çəkildi. Azərbaycanın dumansız yeri var ki? Bəlkə də, uğrunda ölənlər olmasaydı, Azərbaycan özü də olmayacaqdı. O qəhrəmanlar yurdu yox olmağa qoymayıblar.

“21 Azər Günü” ifadəsini tarixdən əvvəl ilk dəfə ədəbiyyatdan (şeirdə) oxuyub maraqlanmışam. Belə mövzular şeirə, nəsrə təhrif edilmədən bədii təsir gücü ilə gətirilməlidir.

O vaxt da, elə indi də Ana dili dərdimiz vətən həsrətilə qol-boyun olub.

“İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər.

– … lakin mən bir söz də soruşmaq istərdim. Əcəba, təbrizlilər türk deyildirmi?

–  Türkdür. İranda dörd milyona qədər türk vardır, – deyə cavab verdim. Qız yenə də:

-Elə isə onların ədəbiyyatı nə üçün türkcə deyildir?

Qız bu sualı ilə ortaya olduqca mühüm və çətin bir məsələ atdı. Hətta Şeyxov da:

-Xanım məsələni dərindən başlamışdır, – deyərək güldü.

(“Dumanlı Təbriz” )

Çox gecdir… amma heç olmasa, bundan belə iş görmək lazımdır.

Bu yaxınlarda yutubda Arazın o tayında adlı filmə baxdım. Baxmayanlar üçün keçidi göstərirəm.

Dünyanın bütün nemətləri düzülmüş süfrə təsəvvür edin. Əyləşmisən stulda, baxırsan. İstəyirsən, əlini hansınasa uzadıb götürəsən, qarşına çörək qırıntıları qoyub: “bunu yeməlisən” deyirlər. Etiraz etməyə, ağzını açmağa qoymurlar: – “başqa şansın yoxdur”.

– “Süfrə mənimdir, nemətlər zəhmətim sayəsində qazanılıb, çalışan, hazırlayan, düzən də mənəm, üstəlik neməti bitirən torpaq da mənimdir” deyə bilmirsən. Dərk edirsən ki, “balaca adamsan”– “Dəvədən böyük fil var”. Öhdənə düşən işləməkdir, idarəçilik sənlik deyil. Gücsüzlüyünü görürsən. Məcbur olub acından ölməməkçün qırıntıları yeyirsən. Öz süfrəndən sənə çatan başqasının verdiyi çörək olur. Yeyib təşəkkür edirsən.

Küçəyə çıxanda qəfil soruşan olsa, süfrənizdə nə vardı, deyəcəksən quş iliyi, can dərmanı. Eşidilən “quş iliyi”, “can dərmanı” olacaq. Hamı səni tox biləcək. Sənsə susacaqsan. Atalar sənə: “Susmaq qızıldır” deyib. “Sus ki varlanasan”.

Sərvətlərimizi çapıb talayanlara, çapıb-talatdıranlara əsrlərlə dinmədik, susduqca daha çox müti olduq.

Bədbəxtliyimiz Rusiya ilə eyni coğrafi ərazidə yerləşməyimiz olub. Bu azmış kimi Qərbin də gözü sərvətimizdədir. Bunlar bəs etmirmiş kimi “erməni xalqı” da düzəldib canımıza salıblar.

Susmaq, güzəşt etmək öyüd-nəsihəti, qardaşlıq, dostluq adlı yastıqdakı şirin yuxumuz yurdu talayanlara şərait yaratdı. Humanist olmağı da təkcə bizim boynumuza qoydular. Özləri belə deyillər.

Millətimizin bədbəxtliyi üzərində ucaldılan səltənətlər nə vaxt yıxılacaq?

Siyasətə qarışmaq kimi çıxmasın. Mən hara, siyasət hara? İnanmadığım, sevmədiyim sahədir. İntəhası sakit duranda elə bilirlər, baş verənlərdən başın çıxmır. Ağıllı olduğumu göstərməyə çalışmıram. Maşallah məmləkət dolub siyasi şərhçilərlə, mənə gərək yoxdur. Başımız çıxmadığı şeylərin yolunda gözümüzü çıxarmasınlar deyə 1988-ci ildən bəri  aramızda birlik yaranıb. Pozmağa çalışanlar da var, onlara kömək edənlər də. Amma bu xalqı bir yerdə, ayağa duran görmək hər zaman mümkündür. Araya xain əli girməsə, heç kim bir-birinin əlini buraxmaz. “Xain əl” şərtidir.

Birlikdən yanlış istiqamətçün istifadə etmək xainlikdir. Əzmimizi öldürməsələr, yaxşıdır.

“İnqilab və mədəniyyət” jurnalının 1950-ci ildə nəşr edilən nömrələrindən birində Jalə imzasıyla dərc edilmiş şeirlər oxudum. Mövzuyla əlaqədar olduğundan şeirlərdən birini diqqətinizə çatdırıram.

İran

İran xərabəzardır, könlüm qan olmasınmı?
Yurdu viran görəndə o, viran olmasınmı?
Bir kölgətək fəlakət İran xalqını izlər,
Zülmət olub İranda indi aydın gündüzlər. –
Bax Sədinin, Hafizin vətənindən nə qaldı?
Şən mahnılar yerində ah-nalələr ucaldı.
Bir gün gözümlə gördüm Abadanda bir səhər
Xurma çərdəklərini ruzi etdi körpələr.
Yad ellərdə İrandan neft çayları axanda,
Xalq öz dövlət-varına bir yad kimi baxanda,
Onun oğlu qızları sərgərdan qalmazmı bəs?
Bir gün düşmənlərindən intiqam almazmı bəs?
Xozıstan neft yurdudur, yadlar doyur varından,
Ancaq işıq gəlməyir yoxsul daxmalarından…
Könlüm qəmlər əlindən viranə qalmasınmı?
Ah, bu xalqın dərdinə bir dərman olmasınmı?
İndi tarix dəyişmiş, artıq yetişmiş zaman,
Çalış iranlı qardaş, qoy azad olsun İran.
Addımlayaq sürətlə, böyük addımlarla gəl!
Qoyaq xoşbəxt günlərçin sarsılmayan bir təməl.
İran, zəfər bizimdir, dəyişəcək bu dövran,
Qoca İran təzədən olacaqdır növcavan.

Qoca İranın çəkdirdiyi əzablardan Cənubi Azərbaycan gün görmədi.

Sonda “səsi tutqun” Arazdan şeir oxuyaq. Şeirin təsir, tərbiyə gücünə çox inanıram. Əslində, şeirdən çox arzudur. 1989-cu ildə həyata keçən arzu. Amma yarımçıq qalan məqsədlər var.

Böyüklər, böyüklər hörür çəpəri,
Uşaqlar, uşaqlar yarır çəpəri.
Böyüklər, böyüklər çəpər boyunca,
Qaratikan əkir, gicitkən əkir.
Uşaqlar, uşaqlar çəpər dibində,
Bənövşə axtarır, süsən axtarır.
Böyüklər, böyüklər – çəpər adlayan.
Qonşu kölgəsini əzməyə hazır.
Uşaqlar, uşaqlar biri-birinə,
Çəpər – deşiyindən pişik addadır.
Böyüklər, böyüklər – çəpərdə paya,
Uşaqlar, uşaqlar – çəpərdə qayçı…
Beləcə uşaqdı qonşu böyüklər,
Beləcə böyükdü qonşu uşaqlar.
Nə yaxşı yamanlıq öləziməkdə,
Nə yaxşı, yaxşılıq yanmağındadır.
İnandım: hər uşaq bir od parçası!
İnandım: səngiməz bu od, bu ocaq!
Təbrizlə Naxçıvan arasındakı
Çəpəri yıxan da bunlar olacaq…

Müəllif: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir