AKİF ABBASOV. HÖCƏT.

HÖCƏT

(hekayə)

         Səfalətlə Zemfira “Günəşli” sanatoriyasında müalicə alır, həm də istirahət edirdilər. Sanatoriyaya, adətən müalicə üçün gedirlər. Lakin buradakı – sanatoriyadakı sakitlik, həyət-bacanın yaşıllığa, gül-çiçəyə qərq olması, səliqə-sahman, vaxtlı-vaxtında yeməyin verilməsi,  günorta vaxtlarındakı “yatmaq” komandası  əsl istirahət idi. Müalicələr də öz qaydasında gedirdi.

         Səfalətlə Zemfira eyni ali məktəbi bitirmişdilər. Özü də 40 il bundan əvvəl. Daha cavan deyildilər, övlad-uşaq, nəvə sahibi idilər.  Yaşlarının üstünə yaş gəldikcə sümükləri sızıldayır,  hərdən ora-buralarını tuturdular. Sanatoriya Zemfiranın xoşuna o qədər gəlmişdi ki, telefonu götürüb gah Tovuza, gah Məlahətə, gah Zəhraya, gah da Həziməyə zəng edərək:

         -Bilirsiniz nə gözəl sanatoriyadır.  Putyovka tapıb buraya gəlsəninz, peşman olmazsınız, – deyirdi.

         Tovuz,  Məlahət, Zəhra,  bir də Həzimə  onların tələbə yoldaşları idilər. “Həm ticarət, həm ziyarət” belə yerdə deyirlər. Qrup yoldaşları sanatoriyaya gəlməli olsaydılar, həm müalicə alacaqdılar, həm də rəfiqələr bir-birlərini görəcək, neçə gün bir yerdə olub, ötən günləri anıb, tələbəlik illərinin xatirələri ilə yaşayacaqdılar.

         Əlqərəz, Səfalətin səsi gəldi:

         -Zemfira, telefondan nə yapışmısan?! Onlardan sanatoriyaya gələn olmaz. Özünü yorma. Çayımız qaynayıb, çayniki, qəhvədanı götürüb eyvana çıxıram. Sən də gəl stəkan-nəlbəkini, qəndi-konfeti apar. Eyvanda təmiz havada oturub çay içək.

         Zemfira:

         -Nə yaxşı, ay Səfalət. Vallah səndən yoxdur. Mənim də ağzım qızışıb bu qızlarla danışıram. Düz deyirsən, onlardan sanatoriyaya gələn olmaz. Öz işləridir.

Rəfiqələr eyvanda əyləşib şirin-şirin söhbət edə-edə çay içirdilər. Moruq və qarağat mürəbbələri də vardı. Evdən gətirmişdilər.

Onların otağı üçüncü mərtəbədə idi. Birdən yuxarı mərtəbələrdən, indiyə qədər heç olmamış kimi, acıqlı səslər eşidilməyə başladı.  Otaqlarının üstündə – dördüncü mərtəbədə bir qadın, ondan üst mərtəbədə isə bir kişi qalırdı. Səfalətlə Zemfira diqqət kəsildilər. Qadın kişinin qarasıycan danışırdı. Onun səsi acıqlı, kişinin səsi mülayim idi. Kişi nəyə görə isə üzrxahlıq edirdi:

-Ay bacı, başına dönüm, qurban olum, ay xanım, bağışla, bilmədim!

Qadın qəzəbli:

-Bağışlamıram e, bağışlamıram, – deyə təkrar edirdi.

Kişi elə hey:

-Ay bacı, başına dönüm, qurban olum, bağışla, bilmədim! – deməkdə idi. 

Qadının isə güzəştə getmək fikri yox idi. Ona cavab olaraq “Bağışlamıram e, bağışlamıram” , – deyə təkrar edirdi.

Səfalət Zemfiranın, Zemfira Səfalətin üzünə baxırdı: “Görəsən nə baş verib?!”

Axırda kişinin səbir kasası daşdı. Səsini qaldıraraq:

-Bağışlayırsan, bağışla, bağışlamırsan, çərə bağışla, cəhənnəmə bağışla! – deməyə başladı. Sonra qeyzlə:

-Al bu da sənin payın!

Səfalətlə Zemfira bir də onda gördülər ki,  başlarına su tökülür. Tez süfrəni yığışdırıb otağa qaçdılar.

Sən demə, necə olubsa, beşinci mərtəbədən dördüncü mərtəbənin eyvanına su tökülüb.  Bu qadını hiddətləndirib.  Buna görə başlayıb kişini suçlamağa,   günahlandımağa, kişinin üzrxahlığını da qəbul etməməyə! 

Kişi nə qədər mərifətli, nəzakətli, mədəni olsa da, axırda özündən çıxdı:

Bu dəfə qəsdən bir vedrə suyu beşinci mərtəbənin eyvanına əndərdi.   Su da, eləməyib tənbəllik, oradan dördüncü mərtəbənin, dördüncü mərtəbənin eyvanından da üçüncü mərtəbənin eyvanına tökülməyə başladı.

Qadının da səsi kəsildi.

 Bakı şəhəri, 21 aprel 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir