Sözü yaşayan və sözüylə yaşadan xanım – Gülşən Behbud yazır.

Sözü yaşayan və sözüylə yaşadan xanım

“Qərib payız” axşamlarında “Tənha sarı yarpaq” kimi duyğularını “Yarpaq-yarpaq” vərəqlərə köçürən, “Quruyan ərik ağacı”nın, “Ata evim”də “Bir ana köçünə çatmamışam” deyib, “Ana əlləri”nə “Ehtiyacım var”, “Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla, “Bu yağış mənə bənzəyir” deyib, “Yaman uzandı bu yaz yağışı” gileyi ilə “Səni sevdim Allahım” söylədi…

“Bu nə eşq sevdası necə möcüzədir” marağıyla, “Yollara yağış yağır” nəğmələriylə “Narın yağış” romantikliyi ilə, “Bir az günəş göndər” həsrətiylə “Sənsiz keçən bir günüm”ün acığına “Gəl gedək bu şəhərdən”, “Vallah gözə gəldi bu ilahi eşq”, “İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini “Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək, “Bir az möhlət ver Allah” deyib də, “Arazbarı” “Ay qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən, rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva “Zaman xəbərsiz ötdü” deyərək  “Bir əl qarışdırır  qoca dünyanı” deyib , “Üzü Tanrıya” doğru “Ömrün yaddaşı”nı vərəqlədi.

Vərəqlədikcə  “Darıxan  adam” a çevrilir, bəzən  də “Xəyanət”  edənlərə, “Çəkilin yolumdan, çəkilin” dedi və  “Söz yolu”na  davam etdi.

                  Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar  xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, ictimai xadiminə çevriləndə  daha çox tanınırsan. İctimai simaya çevrilib,  söz  ünvanı, güman  yeri olanda   xalqına   xidmət  etmiş olursan. Səlahiyyətin çərçivəsində  kiməsə dayaq,  arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur  sənin kimliyin, əməllərin,  addımların. Demək ki, bu dünyada ömrünü  yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan.  Eləsinə deyirlər ki,  elin  adamı, Allah  adamı.

 “Şerimizin, nəsrimizin ağıllı qızı”  adlandırır xalq şairimiz Nəriman Həsənzadə  onu.

    Bir neçə il qabaq  Həsən bəy Zərdabiyə həsr  edilmiş  tədbirdə şairimiz Nəriman Həsənzadə ilə  yanaşı oturmuşduq. Bir-birindən  fərqli  çıxışlar vardı. Zamanın necə keçdiyinin fərqində deyildik. Nəriman müəllim şirin təbəssümü ilə çıxışları izləyirdi. Uşaqların hazırladığı kompozisiyaları  heyranlıqla izləyirdi. “…Səmimi, sadə, xanımdır, gözəl qələmi var Sona xanımın. Qarşısındaki ilə o qədər incə- zərif danışır ki, səmimiliyinə heyran oluram. Gör nə  gözəl hazırlaşdırıb uşaqları, bax onun  təlimatı, onun ideyalarıdır. Keçmişə qaytardı məni….  o illəri yaşatdı mənə” demişdi.

      Tanınmış şair, yazıçı, publisist ,filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyini  üzvü, Prezidentimiz tərəfindən “Əməkdar jurnalist” fəxri adı  və  “Tərəqqi” medalı ilə  mükafatlandırılmış, Ümumdünya Türk xalqları  Konqresinin Qızıl, TÜRKSOYun “Molla Pənah Vaqif”, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin “Qızıl  qələm” mükafatı laureatı, Özbəkistan  Respublikası Ürgənc  Dövlət  Universitetinin  Fəxri professoru,  eləcə də  bir çox  milli və xarici mükafatlara layiq görülən Sona Vəliyeva  ölkənin mədəni həyatında  öz imzası, addımları, yazıları, kitabları ilə  fərqlənən  ziyalılarımızdandır.

       Azərbaycan milli ideologiyası, milli dövlətçilik mövzuları təkcə kitablarında deyil, həyat yaşamında, gerçəkləşdirdiyi daxili və xarici arenadakı layihələrində özünü hər  zaman göstərib. Xalqımızın dəyərli  ziyalısı, vətəndaşlıq ruhu ilə  yoğurulmuş  poeziyası ilə bizləri öz “Çəhrayı dünyasına”  aparan, diqqəti ilə ucaldan,  səmimiyyəti ilə sevdirən,  zərif əməlləri, davranışları ilə  gözümüzdə böyüyən  ziyalımız, şairəmizdir. İman, inanc, həyat  fəlsəfəsindən  bəhs  edən  şeirlərinin əksər misrasında,  cümləsində  Allahını unutmayan, unutdurmayan  güclü bir qadın  ruhu var. O ruh səmimiyyəti, diqqəti ilə çox ruhu sevindirmişdi, şadlandırmışdı, çoxlarının həyatını  dəyişmişdi. İnsana  sevginin  təmənnasızlığını, ruhunun və niyyətinin gözəlliyini, haqqa inamını, millətə bağlılığını  itirmədən yazmaq, yaratmaq Sona xanımın özəllikləridir. Qəlbimizdəki  səmimilik, düşüncələrimizdəki aydınlıq münasibətlərimizi dəyişmədi. Hörmət qarşılıqlı olanda,  məqsəd və təmənna olmadıqda insani sevgi  yox ola bilməz.

       Başqaları olsaydı fərqli davranardı. Laqeydlik, lovğalıq, özündənrazılıq edə bilərdi. Ətrafımızda kifayət qədər Sona xanım statusunda  olan bəziləri vardı və onların  davranışlarını görürük, bilirik. Amma söhbət ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu  vəzifədədir, bunun  adamı yoxdur, onun  adamı filankəsdir  anlayışını  qəbul  etməyən bir alicənab  xanım Sona Vəliyevadan danışırıq.   

   Səmimidir, sadədir, diqqətlidir. Allah  adamıdır və  əsl xanımdır. Dəyişmədi, görmədim. Eyni  sevgi, eyni  diqqət, “Çəhrayı dünya”sını adı kimi qorudu. Susdu  ürəyindən  keçənləri şeirə, sətirlərə çevirdi. Yaradıcı xanımdır. Şeirləri  ürəyimizdə Vətən havasını əsdirir, doğma ocağa, kökə bağlılığı  aşılayır, uşaqlıq dünyamıza aparır. Mənəviyyat, sevgi, nəciblik, xeyirxahlıq, təmənnasızlıq qığılcımları yaradır. İllər  qabaq “İşığa gedən yol” tarixi romanını oxumuşdum . Zaman darlığı olsa da,  iki günə  oxumuşdum kitabı. İlahi milli ruhu, milli düşüncəni, milli ideologiyanı o qədər maraqlı, o qədər səmimi işıqlandırmış, yazmışdı ki, Həsən bəy Zərdabini  yenidən sevdirmişdi, tanıtmışdı  oxuculara.  Həsən bəy Zərdabi haqqında   o cür mükəmməl əsər maarifçilik  işini mükəmməl bilən və sevərək qələmə   alan  Sona Vəliyeva ola bilərdi. Haqlı olaraq  xalqımız Sona xanımı  Həsən bəy Zərdabinin davamçısı, varisi adlandırırlar. Yaxşı ənənələri  davam  etdirmək, yaşatmaq da  ürək istər, cəsarət  istər, sevgi istər. Alimdir, publisistdir, şairdir, yazıçıdır və anandır, bir çox gənc xanımlara ailə nümunəsidir Sona xanım.

Allah sevgisinə sığınıb inancını imanla yaşayanlardan, vətən sevgisini imandan bilənlərdən olan Sona xanım Vəliyevanın  qələmindən  çıxan  sözlər  ürəklərdə  yer  tapır. Sadə sözlərin yaratdığı dəyərli misralar ürəklərə cığır açır, həzinləşir.  Ədəbiyyatımızda  milli  adət-ənənələrə  önəm verən,  milli   dəyərləri  ön plana çəkən, xalq mədəniyyətinin ruhunu  qorumağa çalışan müdrik  klassik milli və mənəvi  dəyərlərin daşıyıcısı olan yazıçı, şairədir Sona Xanım. Sən demə çəhrayı rəng xeyirxahlığın  rəmziymiş. Bu səbəbdən “Çəhrayı dünyam” deyən şairənin  misraları könlümüzə  hopur.

     Azərbaycançılıq  ideyalarının  yorulmaz  təbliğatçısı  və tədqiqatçısı  olmaqla yanaşı ədəbiyyatımızda  öz yeri, öz imzası  olan  qələm sahibidir.

Mən,  xalq  yazıçısı Anar müəllimi  “Xalqımızın Dədə Qorqudu”  adlandırıram. Özü də bilir, hətta   Şuşada  Vaqif poeziya günlərində  çıxışımda  demişdim. (O da zarafatca dedi Gülşən xanım Dədə Qorqud   300  il yaşayıb.)

     Şeirlərində  “Şuşam baş örtüyüm” ifadəsini oxuyanda Sona xanımı xalqımızın  Banuçicəyi  kimi  gördüm. Abır-ismət, milli düşüncə,  mənəvi dəyər, milli əxlaq, böyük-kiçik, hörmət, diqqət  Sona xanım Vəliyevanın insan, şəxs kimi əvəzedici  adlarıdır.  Zəngin ənənəsi, zərif və kövrək, bəzən də sərt və döyüşkən qələm sahibi olaraq poeziyası  ilə  ruhumuzu maarifləndirən  Azərbaycanın şairələri arasında seçilən, fərqlənəndir. Vətən məfhumunu ən yüksək zirvədə tutmuş  və  vətəndaşlıq mövqeyini  əməlləri  ilə  ortaya qoyaraq mənəvi dəyərlərin təbliğində ciddi addımlar atmış, ziyalı xanım, vətənpərvər insandır.  Sona xanımın vətən sevgisi,  Həsən bəy Zərdabi  sevgisi  “İşığa gedən yol” kimi işıqlı və ədəbiyyatımızın qalıcı əsərlərindən olan roman yazdırdı. Budur sevgi, budur milli  düşüncə, ideologiya. Özünəməxsus  yaradıcı  sevgisi ilə  insana, insanlığa, insani  dəyərlərə  qiymət verməyi bacaran   şairimizin  şeirləri  ilahi məhəbbətin, Allaha olan sevginin   təcəssümüdür.

  Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi, bağışlamağı da  bacaran  böyük  ürək sahibidir Sona xanım. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza  toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevriləndir Sona xanım. “Dünya Tanrı biçimdədir” deyən şairəmizin şeirlərini oxuduqca düşünürsən, saflaşırsan. Sona xanımın yaradıcılığı, mövzuları  bu gün də, sabah da  aktuallığını itirməyəcək  mövzulardır.  Şairi şair  edən,  sevdirən onun qələmi  ilə yanaşı humanistliyi və  insanlığıdır.  Allaha yaxın insandır Sona xanım Vəliyeva.   Ad gününüz mübarək Allahın sevdiyi və Allaha bağlı xanım…

Müəllif: Gülşən BEHBUD

GÜLŞƏN BEHBUDUN YAZILIRARI

SONA VƏLİYEVANIN YAZILARI

SİZİN ÜÇÜN DİGƏR FAYDALI KEÇİDLƏR


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir