HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI
Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri əvəzolunmazdır. O imperiya dövründə, istiqlalımız dövründə də həmişə lider olub. Otuz ildən artıqdır ki, Azərbaycan xalqının gözü qarşısında dahiləşən, ulu öndər Heydər Əliyevin ömür salnaməsini dönə-dönə oxumaq, öyrənmək və sevərək təbliğ etmək lazımdır. Çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycanın tarixidir.
Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.
Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.
İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı “Edelveys” kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. “Edelveys” planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən “Edelveys” planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.
Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
1970–1988-ci illərdə Azərbaycan neftçiləri (“Xəzərdənizneftqaz” İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda 1 milyard ton neft çıxarılmışdır. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanmışdır. 1980-ci ildə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə “Çıraq” yatağı kəşf edilmişdir. 1987-ci ildə “Azəri” yatağı kəşf edilmişdir. 1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanmışdır və “Kəpəz” yatağı aşkar edilmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev onun iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi- “Əsrin müqaviləsi” imzalandı.
Əsrin müqaviləsinin imzalanmasından keçən 20 ildən artıq müddət ərzində ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışı təmin edilmişdir. Əsrin müqaviləsinə əsasən xarici neft şirkətlərinin imzaladığı sazişlər, Azərbaycanın neft-qaz sənayesinə qoyduqları sərmayə respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir.
Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin çıxışıdır. Bundan başqa “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP qaz kəməridə istifadəyə verilmiş və “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəmərinin tikintisi də davam etdirilir.
Bakı-Novorossiysk, və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini vacib bildi. Çünki neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. Neft kəmərin açılışı 2006-cı ilin may ayının 28-də reallaşmısdı. Azərbaycanın Enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.
Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə alan ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” 1999-cu il dekabrın 29-da fərman imzalamışdır.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Heydər Əliyev öz ideyaları, Azərbaycanın sonrakı gələcəyini görən böyük planları, arzuları ilə daima bizimlə yaşayır və yaşıyacaq.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru