MƏŞHUR YAZARLAR

YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun)Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun)Hüseyn Abbaszadə (ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.

Qeyd:

İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Murad Məmmədov. Sən ruhumun işığısan… – Yeni şeirlər.

KİMİ
Bu dünyada şah olasan, bəxtin gülə ,sevinəsən,
Naümid olmayasan, əlacsız avarə kimi.
* * *
Qoyalar hökm edəsən,o sağlıq ola canında,
Ğözəl imkanın ola, küllü- ixtiyarə kimi.
* * *
Acı nədi unudasan, yaxınına qoymayasan,
Sirin söz eşidəsən, dərdlərinə çarə kimi.
* * *
Dərd gələndə yar olasan, inciməyə qoymayasan,
Aşıb-daşa qövr eləyə, ürəyində yarə kimi.
* * *
Dörd tərəfin qohum ola, kənar nədi bilməyəsən,
Sevəsən, seviləsən yaxın ciyərparə kimi.
* * *
Murad, sən də sadə dolan,qəti qoyma adına,
Ləkə düşə kirlənəsən, ağ üstündə qarə kimi.

YAZDIQLARIM
Baxıb od tuturam yazdıqlarıma,
Yadda qalacammı, anlayammıram?
Bəzən qaralayıb pozduqlarıma,
Gülürəm, özümü danlayammıram.
* * *
Kimdisə, məni də çıxartdı yoldan,
Bu sakit ömrümə vəlvələ düşdü.
Bəzən bezikirəm bu qeylü-qaldan,
İlahi, arxa dur, gör bu nə işdi.
* * *
Bacara bilmirəm özüm-özümlə,
Nə dala çəkilib boş duranmıram.
Tək-tənha qalanda gecə sözümlə,
Qalıram ortada çaş, duranmıram.
* * *
Bəzən qar-sazaqlı, soyuq bir qışam,
Sanki kimsə mənim qanımı içir.
Elə bil gecələr daş daşımışam,
Hər sözün ağrısı canımdan keçir.
* * *
Nə mala hərisəm, nə vara acam,
Söz yükü çəkirəm, sözdən halıyam.
Bilmirəm yazdığım nəylə qalacam,
Bir onu bilirəm sözün quluyam.

YAZ
Ay mənim ruhuma sığal çəkən yaz,
Niyə gecikmisən, bilmirəm niyə?
Tərslikdən canım da üşüyür bir az,
Ruhum ki, isinmir, qızışmır deyə.
* * *
Mən sənə vurğunam, sənə deyəsən,
Nəfəsini duysam, ruhum oynayır.
İlahi, elə bil dirilirəm mən,
Hər bahar gələndə qanım qaynayır.
* * *
Elə bil yox olur ağrı-acım da,
Gül açır könlümdə bənövşə, nərgiz.
Nə pislik, yamanlıq qalmaz yadımda,
Nə də üzülmərəm bunlardan hərgiz.
* * *
Bir qarlı, şaxtalı gündə doğuldum,
Mən qışı sevmədim, yaza vuruldum.
Günəşdən güc aldım, odla yoğruldum,
Mayam işıq oldu, axdım duruldum.
* * *
Nə yaman gecikdin, bu il nə yaman,
Gəl gözlər danışsın, dillər dayansın.
Tamam yoxa çıxsın çiskin, çən, duman,
Gül gülü çağırsın, ruhum oyansın.

QARDAŞ
(Avdı Qoşqara)
Deyirəm, dünyanın halal insanı,
Tək təmiz adamı sənsən, a qardaş.
Anlayıb bilənə əzizi, canı,
Qanmaza dumansan, çənsən, a qardaş.
* * *
Dumduru su kimi təmizdir adın,
Ağrımaz başını dərdə salmadın.
Halaldan doğuldun, halal yaşadın,
Haramdan uzaqsan, gensən, a qardaş.
* * *
Görəndə bar verir arzun, muradın,
Sevincdən uçmağa olmaz qanadın.
Böyründə, başında qohumun, yadın,
Sevincinə yarı, tənsən, a qardaş.
* * *
Üzündən bəllidir səmimiyyətin,
Baxıram hər kəsə xoşdur niyyətin.
Nə özün dəyişdin, nə xasiyyətin,
Bir azca dəyişsən, dönsən, a qardaş.
* * *
Səni mən hər yerdə misal gətirdim,
İzlədim, çox şeyi səndən götürdüm.
Yaxşı nə bildimsə ruha ötürdüm,
Ruhumda bar verən dənsən, a qardaş.

YAXINSAN
(Həzi Həsənliyə)
Ruhuma yaxınsan doğmalar qədər,
Bilmirəm bu yanğı haradan keçib?
Nə sənin Kəmərli ağlından gedər,
Nə Murad Faxralı suyundan içib.
* * *
Allahın işindən baş açanmarıq,
Biz adi bəndəyik, əmrə müntəzir.
Ay Həzi, qismətdən heç qaçanmarıq,
O, bizi axtarır, soruşur, gəzir.
* * *
Bir 9 may günü biz tanış olduq,
Sevindik pul tapan uşaqlar kimi.
Yüz dərdi adladıq, bax, yaşa dolduq,
Ağardı saçımız dümağ qar kimi.
* * *
Bəlkə də o fikrə, ağla düşməzdik,
Ümid də, Qorxmaz da bilir ən azı.
Onlar olmasaydı, biz görüşməzdik,
Bu da bir qismətdi, bu da bir yazı.
* * *
Həyatın pozulmaz qanunları var,
Ondan asılıyıq, tabeyik biz də.
Sən, mən icraçıyıq, ağadı onlar,
Onlara bağlıdı taleyimiz də.
* * *
Ay Həzi, darıxma, üzülmə bir də,
İncə dərəsinə səfər edərik.
Yaxşıca dincəlib o gözəl yerdə,
Doğma Faxralıya birgə gedərik.

NƏFS
İnsanı pis tamah, pis nəfs öldürər,
Bu yola düşdünsə, axırın yoxdur.
Bəzən sevindirər, bəzən güldürər,
Bəzən də bağrına sancılan oxdur.
* * *
Yağlı bir kəndirdir boynunda sənin,
Gah səni incidər, gah darıxdırar.
Nə qədər yığsan da doymaz gödənin,
Qoymaz dincəlməyə, hey qarıxdırar.
* * *
Kənardan eybəcər görünə bilər,
Amma ki, bu sənin ağlına gəlməz.
Baxarsan, başına min bəla gələr,
Nə olsun, ətrafda bir kimsə bilməz.
* * *
O, elə bir duyğudur, elə bir hissdir,
Uydunsa qaynayır, azalmır, itmir.
O, səni harama səsləyən səsdir,
Şeytana bağlıdır, başından getmir.
* * *
Nəfsinə hakim ol, ey bəni-insan,
Onun girdabında boğulma, ölmə!
Bax, nəfsin önündə əyilsən, sınsan,
Zəifsən, heç kimi günahkar bilmə!

KİMƏ NƏ?!
Arzu bitməz, ömür az,
Ölən ruhlar durulmaz.
Mənim kefim sazdan saz,
Ya da pisəm, kimə nə?!
* * *
Dünya böyük, naşı çox,
Ağlı kəmi, çaşı çox.
Dərdim köhnə, yaşı çox,
Ona bəsəm, kimə nə?!
* * *
Ruhum, ənbər qoxuyar,
Sözdən çiçək toxuyar,
Könlüm, sənsiz oxuyar,
Zil, ya pəsəm, kimə nə?!
* * *
Kasıb evdə doğulan,
Bulaq kimi soğulan,
Öz içində boğulan
Sakit kəsəm, kimə nə?!
* * *
Utanıb, sonda gələn,
Hər an yerini bilən,
Tutaq ki, çoxdan ölən,
Batan səsəm, kimə nə?!
* * *
Günah işə mən yadam,
Cəhd eyləmə, ay adam!
Öcəm, tərsəm, inadam,
Ya da nəhsəm, kimə nə?!
* * *
Öz içimdə azıram,
Hər gün nəsə yazıram.
Canım, qəbir qazıram,
Son nəfəsəm, kimə nə?!

YAĞIŞ
Yağışı sevirəm, islanmağı yox,
Sanki göz yaşıdı səbri daşanın.
Gurultudan, tappıltıdan daha çox,
Səsinə heyranam, bu tamaşanın.
* * *
Durub pəncərənin önündə bir an,
Baxıb seyr edərəm bu mənzərəni.
Yerin göylə bu təması hər zaman,
Xeyli düşündürər, cəlb edər məni.
* * *
Damlalar yagışın daş-qaşlarıdır,
İlahi, çox şükür cah- cəlalına.
Yağış da Tanrının göz yaşlarıdır,
Ağlayar həmişə yerin halına.
* * *
Bu yağış Allahın bir möcüzəsi,
Yağmasa, bu dünya saralar, solar.
Bəzən bezikdirər, yorar hər kəsi,
Ancaq suya həsrət canlar həzz alar.
* * *
Nə qədər yağsa da, görünməz gözə,
Dünyanı su basmaz, dünya sağ qalar.
Yağış da, dolu da, qar da möcüzə,
Vaxtında yağmasa dünya məhv olar.

ADAMLAR
Ey Allaha yaxın olan, əqli kamil sağ adamlar,
Qoymayın insanlıq ölə, qəlbi böyük, dağ adamlar.
* * *
Kömək olun, dayaq olun, sipər olun xurafata,
Bu torpağa yiyə duran, arxa, sütun, tağ adamlar.
* * *
Bir görmədim bəhsə girə, kömək ola kasıblara,
Ömrü boyu dalda qaldı, girəvədə ağ adamlar.
* * *
Baxıram ki, milçək kimi yaman artıb, lap çoxalıb,
Xeyrə, şərə yaramazlar, el içində lağ adamlar.
* * *
Bu Vətəni qoruyun siz, üzü gülsün Muradın da,
Ey yurduna bağlı olan, bir-birinə bağ adamlar.

AY ÜRƏYİM
Bənzəməzsən, heç kimə sən,
Yer üzündə, ay ürəyim.
Can evimdə bir dənəsən,
Əvəzin yox, mən nə deyim?
* * *
Sənlə nəfəs alıram mən,
Sənə baglı bir ürəyəm.
Sən olmasan, həmin gündən,
De görüm, nəyə gərəyəm.
* * *
Sən ruhumun işığısan,
Sönsən əgər, ruhum sönər.
Ömrümün yaraşığısan,
Solsan, canım buza dönər.
* * *
Tanrı sevən cüt bəndəyik,
Qovuşmuşuq yaşamağa.
Axır ki, bir bədəndəyik,
Daha nə qoruq, nə qadağa.
* * *
Tanrı bizə bir can verdi,
Dərdimizi bilə-bilə.
Salamladıq neçə dərdi,
Yola saldıq gülə-gülə.
* * *
Sanma, ömür əbədidir,
Daimidir bizdən ötrü.
Nə gedirsə, bizdən gedir,
İncimə hər sözdən ötrü.
* * *
Dünya, sirli bir müəmma,
Gözünü yum, bircə andır.
Yaşa, dolan, çalış, amma,
Sevmə onu, bir yalandır.
* * *
Nə yaşasaq, mükafatdır,
Üç il, beş il, ona kimi.
Bizə qalan təmiz addır,
Qorumuşuq sona kimi.
* * *
Məyus olma, heç vaxt, gülüm,
Nəvələrdir qalan sənə.
Nə ayrılıq, nə də ölüm,
Qaçılmazdır, inan mənə.

ÇƏKİR
İnsanı dərd boğur, qarışır başı,
Darda gah sıxıntı, gah ölüm çəkir.
Üzümü yandırır gözümün yaşı,
Gör, yazıq gözlərim nə zülüm çəkir.
* * *
Əlimi uzatsam, göylərə çatan,
Elə bir yerdəyəm, işvə, naz satan,
Gözəllər önümdə, əlimdə kətan,
Nə ruhum oynayır, nə əlim çəkir.
* * *
Allah pis tamahı nəfsindən asıb,
Ömrə qul olmuşam, özümü qısıb.
Duyuram, içimi tor, qurum basıb,
Nə içim isinir, nə çölüm çəkir.
* * *
Ay Murad, karvanın, köçün yoldadı,
Görəcək günlərin hələ daldadı,
Dilimin ucundan başım qaldadı,
Bu dərdi nə ağlım, nə dilim çəkir.

DEYƏN
Deyən soyuqlamışam,
Üşüdürəm səhərdən.
Sanki dinməz, sal daşam,
Düşdüm deyən təhərdən.
* * *
Ağrılarım başqadı,
Hamı bilir nədi bu.
Qara günlər başladı,
Limon, şirə, bir də su.
* * *
İştahım yoxa çıxıb,
Hamı bürünüb yasa.
Allah üzümə baxıb,
Şirə var heç olmasa.
* * *
Gur yağışın bazıyam,
Sel, su axır canımdan.
O qədər çox razıyam,
Hoya yetən xanımdan.
* * *
Neçə ildir dərdimi,
Çəkir ömür yoldaşım.
Mən bilmirəm sirdimi?!
Şükür, ağrımır başım.
* * *
Həkim deyil, ay canım,
Bir sadə müəllimdi.
Vallah, billah, nə danım,
Mənim vuran əlimdi.
* * *
Sizcə kimə borcluyam,
Tanrıya, ya xanıma?!
Bəlkə Tanrı qoruyub
Calayıb can canıma.

MƏHƏBBƏT
Kim deyir, ağlamaq, göz yaşı tökməkdir, məhəbbət.
Əzizim, can evində sevda əkməkdir, məhəbbət.
* * *
Sevda ki var, ağılla, ruhla idarə olunur,
Demirəm, ağlın alıb, sağ ruhu sökməkdir,məhəbbət.
* * *
Tələsməyib, min sehr ilə, ovsunla qəlb ovlayıb,
Bənna kimi kərpic-kərpic can tikməkdir, məhəbbət.
* * *
Həya, abır olmasa, qiyməti olmaz sevdanın,
Nə bilim, bəlkə də, abırı bükməkdir, məhəbbət.
* * *
Ay Murad, can verib, can aldığın şux baxışlının,
Tək nazını yox, həm qəhrini çəkməkdir, məhəbbət.

İNCİMƏRƏM
Səhvlərimi deyən olsa,
Tez silərəm, incimərəm.
Lap malımı yeyən olsa,
Tən bölərəm, incimərəm.
* * *
Söz verdimsə, mən sözümə,
Qul olaram, de üzümə.
Yalan çıxsam, mən özümə,
Ar bilərəm, incimərəm.
* * *
Düz işimi hey əyənə,
Arxamca nələr deyənə,
Mənə ölüm diləyənə,
Can dilərəm, incimərəm.
* * *
Üzünə maska geyənə,
Tam qaraya ağ deyənə,
Məni başa düşməyənə,
Off!!! Gülərəm, incimərəm.
* * *
Heç ərinmə, son halında,
Cəfa çəksən, yar yolunda.
Rahatca sənin qolunda,
Bax, ölərəm, incimərəm.
* * *
Murada can vermisən,can,
Sənlə nəfəs alır hər an.
Əzizim, dərdinə dərman
San, gələrəm, incimərəm.

DÜŞÜNCƏLƏR
Yuz fikir dolaşır beynimdə indi,
Azıram, yol tapıb çıxa bilmirəm.
Elə bir zamandı, elə bir gündü,
Dönüb dünənimə baxa bilmirəm.
* * *
O qədər qarışıq vaxta çatmışıq,
Dərd-azar içində çabalayırıq.
Ömür quş tək uçdu, sanki yatmışıq,
İndi ayılmışıq, ay, gün sayırıq.
* * *
Nə vaxta acıdıq, nə də ömürə,
Bir giley-güzara varmı vəsilə?
Düşünə bilməzdik, qurd tək gəmirə,
Zaman ömrümüzə qənim kəsilə.
* * *
Nə qədər səhvlərin günahı bizdə,
Niyəsə, tənbəllik canımızdadır.
Çox şey arzularıq fikirdə, sözdə,
Əməldən yayınmaq qanımızdadır.
* * *
Bu da bir həyatdır, səhvi, düzüylə,
Öyündük hər zaman öz pulumuzla.
O qədər səhv etdik yadın sözüylə,
Ərindik getməyə öz yolumuzla.
* * *
Bir dəfə gəlirik həyata yalnız,
Səhvləri düzəltmək imkanımız yox.
Tanrı qarşısında qalanda yalqız,
Bax, aciz oluruq onda daha çox.

RUHLARLA SÖHBƏT
İlk dəfə deyil ki, ayaq basıram,
Yenə üz tuturam məzarıstana.
İlk dəfə deyil ki, qulaq asıram,
Ruhlarla aramda olan dastana.
* * *
Yuxuda görərəm, uzaqdan baxar,
Mənə yaxın olan, simsar olanlar.
Ayılsam, elə bil yadımdan çıxar,
Gecə əhvalımı xəbər alanlar.
* * *
Deyirlər, ruhlar da izləyər səni,
Bəzən çevrilərlər dayaqlarına.
Elə hey qoruyar, gözləyər səni,
İstəməz daş dəysin ayaqlarına.
* * *
Ruhlar yol ölçərlər, gedib, gələrlər,
Göylərdən asılmış körpü salarlar.
Burda nə baş versə, orda bilərlər,
Çünki mələklərdən xəbər alarlar.
* * *
Bu fani dünyada ömrümüz qısa,
Bizim ruhlara da yer verər göylər.
Oğlumuz, qızımız gəlib nə vaxtsa,
Yəqin bizləri də anar, yad eylər.
* * *
Ruhum sakitdirmi, bilmirəm vallah,
Niyəsə rahatdır, məni incitmir.
Ruhumla yaxınam, dostam, ay Allah,
Hələ ki, yaşamaq həvəsim bitmir.

ÖLÜM YOLU
Ayılırıq hər səhər,
Yol tutub yeriyirik.
Dərdimizi bir təhər,
Unudub, kiriyirik.
* * *
Səhv eləsək ,bu yolda,
Bu yolu qısaldarıq.
Başımız qeylü-qalda,
Səhvlə həmişə varıq.
* * *
Baş qarışır gülməyə,
Həyasız bir bəndəyik.
Göz yaşını silməyə,
Əl yetmir, nə gündəyik?!
* * *
Hamı gedir bu yolu,
Sərt yoxuşu, enişi.
Nə sağı var, nə solu,
Nə də geri dönüşü.
* * *
Gedirik, gülə-gülə,
Arzu bitməz, kam çoxdur.
Nə arzula, nə dilə,
Bu yolun sonu yoxdur.
* * *
Ölüm yoludur, bu yol
Otunu biçəcəksən!!!
Şah ol, kim olursan ol!
Bu yoldan keçəcəksən!!!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru