ŞƏHİD ÜNVANLI ÖRNƏK ÖMÜR PAYIN MÜBARƏK, QADİRİM
“Şəhid balamız Qadir nişanlı idi. İndi də onun düyününün tortunu kəsək!”
Bu kəlmələr II Qarabağ müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adına bağlanan “El bərabəri Şəhid” kitabının təqdimat mərasimində səslənib.
Kitab elə təqdim etdiyimiz kəlmələrə uyarlı deyimlərlə də açılır. “Vətən”, “torpaq” istilahlarına aydınlıq gətirən yozumlarla, “Şəhid kimdir?”, “Şəhadət zirvəsinə ucalmaq hüququnda kimlər ola bilər?” sorğularını cavablandıran açıqlamalarla.
“Doğru deyiblər ki, şəhidsiz torpaq, itkisiz qələbə, qansız istiqlal olmur. Bu yolda öz canından keçənlər əbədi olaraq adlarını Vətən tarixinə qızılı hərflərlə həkk edirlər. Elə ona görə də şəhidlik insanın allaha, Vətənə, Haqqa olan sevgisinin həyat-ölüm astanasında şəhadət tapdığı ən ali məqam hesab edilir”.
Hər dünyaya gələn bir gün dünyadan gedir, hər doğulan bir gün ölür, Lakin şəhidlik ölümlərin ən gözəli, Vətən, torpaq, millət kimi müqəddəs amallar yolunda canından keçmək, özünü məqsədli şəkildə qurban vermək, ölümsüzlük qazanmaq deməkdir. Şəhidlik isə Tanrının verdiyi ömür payını bugünkü və gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs kitabımız Quranda göstərilir ki, şəhidlər peyğəmbərlərdən sonra gələn ən ali şəxslərdir. Şəhidlər diridirlər, onlar ölmürlər. müvəqqəti dünyadan əbədi dünyaya köç edir, cənnətlə mükafatlandırılırlar. Əslində cənnət bizim bildiyimiz kimi, şəhidlərin ən ali mükafatı yox, onlara verilmiş 72 mükafatın ən sonuncusudur. Deməli, şəhidlərin bizim bilmədiyimiz daha neçə-neçə
mükafatları vardır ki, həmin mükafatlar başqa ölülərə şamil edilmir.
Yaşadığımız adi günləri unudulmaz edən, şərəfli tarixə çevirən qəhrəmanlardır şəhidlər. Ömür payını hamıdan fərqli başa vurub həyata ən gözəl şəkildə vida etmıəkdir şəhidlik. Əsrlər, minilliklər keçsə də, unudulmayanlardır şəhidlər. Vətənin azadlığını şirin canı ilə qazanıb qəhrəmanlıq dastanını qanı ilə yazanlardır şəhidlər. Xalqın təkcə azadlığını deyil, kimliyini, mənliyini qoruyanlardır şəhidlər. Vətənin başı üzərindəki zülmətləri yaranlar, xalqı işıqlı gələcəyə aparanlardır şəhidlər. Kədərimiz, nisgilimiz, ağrı-acımız, həm də fəxrimiz, qürurumuz, vüqarımız, ölməzliyimiz, örnəyimizdir şəhidlər”.
***
II Qarabağ müharibəsi şəhidi Qadir Ədalət oğlu Heydərovun xatirəsinə həsr olunan kitab təqdimatı elə-belə də adlanırdı: “El bərabəri şəhid”. Təqdimat mərasimi Bakının Mehdiabad qəsəbəsində yerləşən “Qarabağ” şadlıq sarayında keçirilib. Müəlliflər Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri, filologiua üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova və birliyin həmsədri, filologiua üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanova, redaktoru filologiua elmləri doktoru, professor İslam Qəribli, məsləhətçi şair-publisist, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü İlham Qurbanoğludur.
Təqdimat mərasiminə şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələri, ziyalılar, Abşeron və Cəlilabad rayon icra hakimiyyətlərinin, eləcə də KİV və mətbuat nümayəndələri iştirak ediblər. Tədbiri gürüş sözü ilə Azərbaycan-Türk Xalqları Qardaşlığı Birliyinin sədri Səkinə Bayramaova açmış, təqdimat mərasiminə qatıldıqlarına görə, şəhidin ailə üzvlərinə, qonaqlara minnətdarlığını bildirmişdir. Birliyin sədri S.Bayramova və həmsədr Yeganə Qhrəmanova kitab yazılan zaman qarşılaşdıqları çətinliklərdən bəhs etmişlər: “Yeganə ana danışdıqca o səhnələr gözlərimiz önündə canlanır, göz yaşlarımızı saxlaya bilmirdik. Şəhid anası olmaq tək oğul övladının acısına qatlaşmaq nə qədər çətin imiş”.
Tədbirdə Qarabaq qazisi, II qrup əlil, Qarabağ Qaziləri İctimai Birliyinin Sabunçu rayonunda sədrin hüquqi işlər üzrə müavini Ruslan Əbilzadə, şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid Orxan Qəhrəmanovun anası, “Vətən Bağı” İctimai Birliyinin nümayəndəsi Arzu Qəhrəmanova, Cəlilabad RİH nümayəndəsi Füzuli Cəfərov, şəhid anaları, şəhidin tağım komandiri Rəşad Həsənov və digər döyüşçü yoldaşları iştirak etmiş, Qadir haqqında xatirələrini bölüşüblər.
Müğənnilərdən Yusif Mustafayev, Həsənağa Babayev və Nemət, gənc bəstəkar Yaqut Almaz şair Abil İslamın sözlərinə bəstələdiyi “Qadirimiz” və sözləri və musiqisi özünə məxsus “Qələbə” nəğmələri ilə, ADPU-nun III kurs tələbəsi Süleyman Haşımov şəhidlərə həsr etdiyi şeirlə, Bakı şəhər Nərimanov rn 73 saylı tam orta məktəbin şagirdləri Xəzangül Məhərrəmli, Fərman Məhərrəmov, Əli Haqverdiyev və Fatimə Bayramova təqdim etdikləri bədii qiraətlə tədbirə xüsusi ahəng bəxş ediblər.
Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),
Yazıçı-jurnalist, tədqiqatçı,
Azərbaycan yazıçılar və Azərbaycan jurnalistlər
birliklərinin üzvü.
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru