Həkim, şair, bəstəçi – Bu, Şahin Musaoğludur – Vaqif YUSİFLİ

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç,

Azadlığın şərbətin iç,

İgid əsgər, möhkəm dayan!

Şəhid qanı axan torpaq

Yad ayaqda qalmaz tapdaq.

Düşmənlərin qan qusacaq –

İgid əsgər, möhkəm dayan!

Neçə illərdir bizi qələbəyə səsləyən bu mahnını Şəmistan Əlizamanlının möhtəşəm ifasında eşidir, Azərbaycan əsgərinin qətiyyətini alqışlayırıq. Mahnı bizə o qədər təsir edir ki, bəzən onun müəlliflərinin kim olduğuna belə diqqət yetirmirik. Mahnının sözləri də, musiqisi də Şahin Musaoğlunundur…

Mənim üçün kimdir Şahin Musaoğlu sualını vermək yerinə düşməz, çünki bir şair və bəstəçi kimi o, artıq bütün sənətsevərlər arasında tanınır, sevilir. Amma şair və bəstəçi kimi tanınmamışdan öncə Şahin Musaoğlu həkim idi (indi də həkimdir). Tibb İnstitutunu bitirəndən sonra (1986-cı ildə) Biləsuvarda, Qədirli adına Mərkəzi Dənizçilik Xəstəxanasında, Müdafiə Nazirliyi tibb idarəsində çalışıb. Bu, o illər idi ki, Şahin Musaoğlu rahat iş yerlərində sakit dayana bilmirdi.

Çağırır Vətən,

Çağırır ana.

Xain düşməndən

Qisas almağa

Bu hərb:

Bu meydan,

Bu ölüm, bu qan:

Döndərə bilməz

Bizi bu yoldan

– deyib Qarabağda döyüşən, ağır yaralanan əsgərlərimizin imdadına yetişir.

Onun şairliyi də, bəstəçiliyi də həkimliyindən – yaralı Azərbaycan əsgərlərinin palatalarından başladı desəm, yanılmaram. Təbii ki, Şahin Musaoğlu o günlərə qədər şeir də yazırdı, musiqini də sevirdi. Amma bir gün… Milli qəhrəman Yusif Mirzəyev döyüşdə yara alıb, xəstəxanada müalicə alırdı. Şahin doktor Yusifə və o xəstəxanada yatan Şəmistana tez-tez baş çəkirdi. Şahinlə Şəmistan arasında bir-birini tam anlayacaq dərəcədə sənət birliyi yaranırdı. Və bu birliyin ilk töhfəsi “İgid əsgər, möhkəm dayan” savaş türküsü oldu. Bu türkünü onlar Azərbaycanın ilk batalyonuna və Yusif Mirzəyevə həsr etdilər. Yusif palatada gəzişəndə, öz-özünə oxuyurdu bu mahnını.

Şahin Musaoğlunun şairliyi ilə bəstəçiliyi əksər hallarda bir-birini tamamlayır. Şeirlərində musiqi, bəstələdiyi mahnılarda isə lirika yaşayır. “Yaşayır” demək azdır, onun şeiri də – musiqisi də bir kökdən boy atırlar.

“O zaman, deyəsən vaxt qovuşanda şeirlə musiqi bir ucalırdı”. Əli Kərimin bu misrası böyük kaman ustası Habil Əliyevə həsr olunub. Əslində, poeziyasız musiqi, musiqisiz poeziya yoxdur və ola bilməz. Hətta yüzlərlə, minlərlə şeir var ki, onları musiqiyə – mahnıya çevirə bilməzsən, amma onlarda musiqiyə məxsus ritm, ahəng yoxdursa, şeir hesab edilməz…

Dalğalansın üfüqlərdə

Aylı-ulduzlu bayraq.

Alovlansın ürəklərdə

Azadlıqdan bir ocaq.

Qalx, bir də qalx, Azərbaycan!

Atəşində qəmi yandır.

Nifrətini bayraq edib,

Başın üstə dalğalandır.

“İstiqlal marşı”dır bu şeir və o şeiri hissiz, həyəcansız oxumaq mümkün deyil. Amma onu təkcə şeir kimi yox, həm də mahnı kimi oxumaq gərək.

Şahin Musaoğlu 35 mahnı bəstələyib, 20 mahnının sözləri ona məxsusdur: “Cənab leytenant”, “Ağ ümid”, “Birinci batalyon”, “Səma şahinləri”, “Səfərbərlik marşı”, “Qvardiysa marşı”, “Şuşa marşı”, “Azadlıq yanğısı” şeirləri mahnılarda da öz ömrünü yaşayır… Amma Şahin Musaoğlu çox sevdiyi şairləri də unutmur – Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Hidayətin, Ramiz Rövşənin, Rüstəm Behrudinin, Leyla Əliyevanın şeirlərinə də mahnılar bəstələyib. Demək olar ki, bütün bu mahnılarda vətənpərvərlik duyğusu aşır-daşır. Onun “Ağ ümid” kitabına yazdığı ön sözdə Ramiz Rövşən deyir: “Bir bəstəkar kimi onun yaradıcılığının əhatə dairəsi daha genişdir; lirik sevgi nəğmələrindən milli, dini, mifoloji məzmun daşıyan mahnılaracan”…

Əgər Şahin Musaoğlunun sənət tərcümeyi-halının əvvəlində Şair sözü gəlirsə, onda bu şairliyi təkcə savaş türküləri ilə məhdudlaşdırmaq olmaz. Mən onun müxtəlif mövzularda yazdığı onlarla şeirini oxudum və bu şeirlərdə onu sözə poetik məna verən, özünəməxsus üslubu ilə diqqəti cəlb edən bir şair kimi də tanıdım… Şeirlərində bədii təsvir vasitələri (təşbehlər, metaforalar) sözün yeni məna çalarlarına yol açır. Məlum mövzularda yeni söz deməyə. Məsələn, “Eşq hekayəti” şeirində sevgi anlayışına diqqət yetirək:

Sevmək –

yalançı bahara aldanan çiçək –

elə ifacıq ki,

elə məsum ki…

doğulmadan ölən bəxtsizlər kimi –

boğuldu öz içində,

Qovuşmağa uzalı əlləri

havadan asılı.

yaşanmamış günləri taleyə təslim…

sevmək –

dayanmaq!

durmaq!

səbr etmək!

dözmək!!!

Dözə-dözə üzülmək;

Dərd sapına düzülmək…

Bu şeir sevginin hicranı – ayrılıq məqamını ifadə edir. Amma başqa bir şeirində – “Etiraf”da sevginin “Bahar yağmuru”nu, “Ay şöləsini görürük”.

Vücudu çiçək yatağı,

Qızılı saçları yarpaq-yarpaq…

Şahin Musaoğlu “Öyüd”şeirində sevgi haqqında daha maraqlı və poetik incələmələrlə diqqəti cəlb edir:

Sevmək – bulud kimi dolmaqdı,

Yağış olub yağmaqdı,

Can verib,

can almaqdı.

ruzi-bərəkətdi sevmək.

…bir bulud kölgəsində

Təpədən dırnağadək islanmaqdı.

Mən nəyə görə Şahin Musaoğlunun sevgi şeirləri üzərində dayandım? – deyərdim ki, o, içində, duyğularında yaşanılmış sevgidən söz açır…

Ümumiyyətlə, sözlərə, poetik məna vermək, təşbehlər silsiləsi yaratmaq Şahin Musaoğlunun şeirlərində nəzərə çarpan bir məziyyətdir. Onun fikrincə, “çiçək torpağın nəfəsi”, “tütək dərdin səs açarı”, “könül – qəmin həvəskarı” və s.

Şahin Musaoğlunun bir sıra şeirləri Şuşaya – Qarabağa həsr olunub. Amma “dəstədən geri qalmaq” naminə yazılmayıb bu şeirlər, savaş türkülərinin davamıdır bunlar.

O dağ bizim dağımız,

Zirvəsi vüqarımız.

Gözləyir bayrağımız

Onu xeyli zamandı

Zaman bizim zamandı.

Azərbaycan Qarabağ,

Qarabağ Azərbaycandır!

Şahin Musaoğlunun 60 yaşına həsr etdiyim bu yazıda onun yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı da söz aça bilərəm. Şahin Musaoğlunun gözəl təbiət şeirləri var. (“Payız”, “Qızılağac melanxoliyası” və s.) – təbiət gözəlliklərini poeziya diliylə ifadə edir.

Şahin Musaoğlu yapon şeirindən gələn haykular yazır, pis də yazmır. Müasir həyatın, cəmiyyətdə baş verən mənfi – neqativ hallardan söz açır. Nizami Gəncəvinin 880 illiyinə “Beş qapı” pyesini qələmə alır – bu pyesdə onun qəhrəmanlarını Nizami ilə görüşdürür. Şairin fəlsəfi dünyasına “səyahət” edir. Şahin Musaoğlu Mübariz İbrahimovun döyüş yolunu işıqlandıran “Mübariz” pyesini də yazıb – özü də mənzum şəkildə və Milli Qəhrəmanımızın xarakterini bir pyes daxilində dramatikləşdirir. Təqdim etdiyi obrazlar real və həyatidir.

Nəhayət, onu da qeyd edim ki, Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyində Hərbi Vətənpərvərlik Komissiyasının sədridir.

Şahin Musaoğluya uğurlar arzulayıram – yolu, məramı Vətən sevdalısı belə bir insana…

İlkin məbə:/edebiyyatqazeti.az/

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

ŞAHİN MUSAOĞLUNUN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Zaur Ustac təbrik etdi:

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Başda Anam, qəhrəmanlar anası yoldaş Qəhrəmanova olmaqla yanaşı şəklim olan və olmayan bütün ağ xalatları peşə bayramı günü münasibətilə təbrik edirəm. Var olun Allah Sizləri qorusun!!! Gününüz mübarək olsun əziz və gözəl insanlar!!!

Hörmətlə: Zaur Ustac

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” i bu gün də aktualdır. Müzəffər Məzahim.

İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” i bu gün də aktualdır.

Kitabxanamı zənginləşdirən və tez-tez məni təkrar mütaliə etməyə vadar edən kitablarım çoxdur. Bu gün məni cəlb edən belə kitablardan biri də mərhum alimimiz, müəllimimiz, filiologiya elmləri doktoru İmamverdi Əbilovun “Könül dünyamıza səyahət” elmi-publisistik kitabıdır. Elmi-tənqidi əsərlərlə yanaşı gənclərə tərbiyəvi ruhda yazılmış əsərləri ilə də oxuculara tanınan İmamverdi Əbilov öz müdrik qələmini yaşıl işığa döndərib hər dövrdə gənc nəslə zamanın tələblərinə uyğun yaşam yollarını göstərir və onları “könül dünyasına səyahət”ə çıxaran kapitan rolunu oynayır. Hər kəsin könül dünyasını özünə tanıtdıran bu kitabın doğulduğu qəlbin sahibi xoşbəxtdir. Xoşbəxtdir ona görə ki, müəllifin özünü bir müəllim kimi dəfələrlə dinləmişik və dinlədikcə həyata, insana yenidən vurulmuşuq. Bu kitabı oxuduqca elə zənn edirsən ki, yenə də İmamverdi Əbilovla üz-üzə oturub onun səmimi söhbətlərini dinləyirsən. Bu söhbətlər isə bizim qəlbimizin daimi mənəvi sərvətinə çevrilir.

Şəxsiyyətin özü estetik zövqə, tərbiyəyə, mənəvi könül dünyasına malik deyilsə başqasını necə inandıra bilər? İnsanın daxili nə qədər təmiz olarsa cəmiyyətə bir o qədər xeyri dəyər, insanlar arasında nüfuzu artar.

İmamverdi müəllim danışığından tutmuş yerişinə, gülüşünə qədər başdan-ayağa estetika nümunəsi idi. Bəs estetika nə deməkdir? Mən “Könül dünyamıza səyahət” kitabını oxuyub gəldiyim qənaət daxilində bu suala cavab verə bilərəm ki, “estetika daxili gözəllik, mənəvi saflıq, əxlaqi təmizlik və bütün insani keyfiyyətlərə malik” olmaq deməkdir. Bu kitab yenə də öz aktuallığı ilə böyük əhəmiyyətə malikdir. Gənclərin həyatında müdrik məsləhətçi rolunu oynaya bilər. Müəllif məktəb yaşından tutmuş, həyatda müstəqil addım atana qədər insanın qarşısına çıxan çətinliklərdən danışırsa bunların səbəblərini xırdalıqlarına qədər açmaqla yanaşı onları aradan qaldırmaq yollarını da göstərir. Müəllif həyatı gözəlləşdirən, onu mənəvi aləmə çevirən insanı tərənnüm edərkən, “ehtiraslı istedadın” vəhdətindən yaranmış sənət əsərlərindən söhbət açarkən, əməyin insana bağışladığı zahiri və daxili sağlamlıqdan danışarkən, nemətlər bolluğu yaradan torpağın köksündə rəssam təbiətin yaratdığı əsrarəngiz gözəllik axtarışlarından aldığı nəticədən – “Gözəllik – həyatdır” fəlsəfi hökmünü verir və oxucunu həyatın doğurdan da gözəllikdən yarandığına inandırır.

Müəllif “Soyuq dostların vəfasından” – kitablardan danışarkən kitabın insan aləmində nə qədər qiymətli olduğunu dəlillərlə, sübutlarla göstərir. İnsanı vəcdə gətirib özü isə soyuq-soyuq baxan kitablar olmasaydı dünya boş və mənasız olardı. Kitab insanı keçmişlə bağlayan ən əlverişli vasitədir. Keçmişi öyrənmədən isə irəli getmək mümkün deyil. İmamverdi Əbilov bu baxımdan çox doğru demişdir: “İnsan ona görə keçmişlə yaşayır ki, maariflənsin, bu günlə yaşayır ki, zövq alsın, gələcəklə yaşayır ki, gələcəyi həm özü üçün, həm də yaxın adamları üçün daha gözəl, daha ləyaqətli etsin.”

Ailə münasibətlərindən söhbət açarkən müəllif müxtəlif hadisələri şirin nağılçı dili ilə danışır, fikirlərini olmuş hadisələrlə əsaslandırır. Bəzən bir xoşbəxt ailədən söhbət açanda onun sevincini duyub biz də sevinirik. Bəzən isə dağılmış və ya dağılmaqda olan ailələrdən danışarkən onun keçirdiyi iztirabları, ürək ağrılarını özümüzdə hiss edirik. Bunları oxuduqca isə “özülü eşq, namus olan ailələr” heç vaxt dağılmaz! qənaətinə gəlirik. Bu qənaəti bizə verən müəllifin ağıllı, müdrük mülahizələri və özünün çıxartdığı tərbiyəvi nəticədir: – “İradə sədaqətə, səlahiyyət səmimiyyətə, eşq namusa xidmət edəndə gözəldir, mənalıdır!”

Vətəni, Vətənin qəhrəmanlarını bizə bir müəllim, qayğıkeş ata kimi sevdirən, bu gündan sabaha qanadlandıran, qəlbimizi arzuların varlığı ilə vəcdə gətirən bu kitab gənc oxuculara ən böyük hədiyyədir. Gözəl, həyati, rəngarəng mövzularla əhatə olunmuş bu kitabı oxuduqca mənən saflaşır, büllurlaşırsan. Nikbin ruhlu, iti qələmli, hər cür anlaşılmazlığa, antipodluğa, eqoizmə qarşı barışmaz olan İmamverdi Əbilov öz saf könül dünyasından oxucuların könül dünyasına səyahətə çıxaraq öz qayğıkeş, səmimi, lakin qəti sözlərini ürəklərin sərvətinə çevirməkdə ən böyük insani bir iş görmüşdür. Kitabı oxuduqca onun yüksək ensiklopedik biliyə, məlumata malik olduğu aşkar görünür.

Öz aktuallığını bu gün də saxlayan bu kitabın yenidən çap olunması və gənc nəslə çatdırılması vacibdir. Böyük alimimizə, müəllimimizə Allah rəhmət eləsin, ruhu şad olsun.

Hörmətlə: Müzəffər MƏZAHİM

MÜZƏFFƏR MƏZAHİMİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC


                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şip-şirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki obrazlar toplusu. Atakişiyeva Həcər.

İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki obrazlar toplusu

(resenziya)

İsmayıl Şıxlı 22-i mart 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində anadan olmuşdur. İsmayıl Şıxlının yaradıcılığı olduqca zəngindir. Onun “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerkləri Azərbaycan ədəbiyyatı nəsrinin zənginləşməsində birbaşa rol oynamışdır. Ədibin “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanları həm məzmun, həm də forma gözəlliyinə malikdir. İsmayıl Şıxlı Azərbaycan nəsrinin uğur qazanmasında əvəzsiz rola malikdir. İsmayıl Şıxlı 26 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Ədib Fəxri xiyabanda dəfn olunmuşdur. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir. Əsər 1957-1967-ci illər aralığında yazılmışdır. Ədib romanın üzərində illərlə çalışmışdır. İsmayıl Şıxlı “Dəli Kür” romanında XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərədə geniş şəkildə toxunmuşdur. Ədib əsərində Azərbaycan xalqının həyatında baş verən əsaslı dəyişikliklərdən geniş şəkildə bəhs edir. İsmayıl Şıxlının “Dəli Kür” romanı Kürün sahilində yerləşən Göytəpə kəndinin təsviri ilə başlayır. Ədib əsərində çox güclü peyzaj nümunələri yaratmışdır. İsmayıl Şıxlının “Dəli Kür” romanının baş qəhrəmanı Göytəpə kəndinin sayılıb-seçilən adamlarından olan Cahandar ağadır. Cahandar ağa əsərdə ziddiyyətli obraz kimi təqdim olunur. Cahandar ağa xasiyyətcə qorxmaz, cəsarətli, sözünü üzə deyə bilən adamdır. O, əsərdə özünün arvadı ola-ola başqasının arvadı olan Mələyi götürüb qaçması ilə böyük bir səhv edir. Cahandar ağa bütün əsər boyu bu etdiyi səhvin cəzasını ödəyir. Bu hadisədən sonra hər şey Cahandar ağanın əleyhinə işləyir. Cahandar ağanın ağsaqqal yaşında evli olduğu halda evli bir qadın olan Mələyi qaçırması onun bütün etibarını ailəsi və cəmiyyət arasında yox etdi. Cahandar ağa bu hərəkəti ilə qaçırdığı Mələyin əri olan Allahyarın və özünün arvadı Zərnigar xanımın qürurunu ayaqlar altına atmışdı. Cahandar ağanı ziddiyyətli edən bir səbəbdə o idi ki, o, cahillik göstərib, başqasının arvadı olan Mələyi götürüb qaçması ilə yanaşı kiçik oğlu Əşrəfin oxuyub, təhsilli olması üçün əlindən gələni edir. Belə ki, Cahandar ağa yeganə Göytəpə kəndinin sakini idi ki, oğlu Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Cahandar ağa belə bir xarakterdə insan idi ki, özü başqasının namusuna sataşır, lakin özü hər kəsdən namus tələb edir. Cahandar ağa üçün başqasının namusunun bir önəmi yox idi. Onun üçün özünün kişilik qeyrəti hər şeydən üstün idi. Belə ki, Allahyar tərəfindən atı Qəmərin quyruğu kəsiləndə acımadan bir göz qırpımından atı öldürür. İsmayıl Şıxlı “Dəli Kür” romanında Cahandar ağanı qüdrətli insan, çətin zamanda ayaqda durmağı bacaran, çar kazaklarının qabağında duruş gətirə bilən, camaatın havadarı, xilaskarı kimi təqdim edir. Cahandar ağa xaraktercə ailəsinə, namus, qeyrət məsələsinə çox böyük həssaslıqla yanaşan adam idi. Cahandar ağa başqalarından tələb etdiyi namus anlayışına özü qəti şəkildə əməl etmirdi. Belə ki, o, başqasının arvadı olan Mələyi götürüb qaçması Cahandar ağaya baha başa gəldi. Cahandar ağanın ən böyük səhvlərindən biri də bacısı Şahnigarı öldürməsi olur. Bu hadisədən sonra onun qəlbində əvvəllər yaranmayan hisslər baş qaldırır. Bu hadisədən sonra yanıqlı, iniltili, sızıltılı nidalar Cahandar ağanın həyat ahəngini pozmağa və tədricən yox etməyə başlayır. Günahsız bacısının xəyalı onu bir an da rahat qoymur. Daxili iztirab, vicdan əzabı, bəlkə də özünə qarşı çevrilən hiddət hissi Cahandar ağanın sabit həyatına dəhşətli bir narahatlıq, qeyri-müəyyənlik gətirir. Cahandar ağa xaraktercə ziddiyyətli təqdim olunsa da, o, düşməni Allahyarı gizli şəkildə, namərdcəsinə öldürmür. Onu qabaq-qabağa döyüşdə məhv edir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı olan Şamxal bu hadisəyə görə atasından üz çevirmişdi. Ata-oğul bir-birinə düşmən kəsilmişdi. Bu hadisədən sonra qüruru sınan Şamxal evi tərk edir. Daha sonra o, özünə ev tikir və dostunun bacısı Güləsərlə evlənir. Cahandar ağa Şamxalın onun sosial statusuna layiq olmayan bir ailənin qızıyla evlənməsini oğluna bağışlaya bilmir. Şamxal əsərdə çox ləyaqətli, dürüst, əməksevər, mərd, namuslu biri kimi təsvir olunur. Belə ki, o, atasının başqasının arvadı olan Mələyi götürüb qaçmasından sonra o evdə qalmır və eyni zamanda atasından heç bir mülk tələb etmir. Şamxal Cahandar ağadan qorxmayıb, cavan olmasına baxmayaraq, atasının üzünə ağ olub, onun səhvini kişi kimi üzünə deyir. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə Cahandar ağanın digər oğlu Əşrəfdir. Əşrəf İsmayıl Şıxlının “Dəli Kür” romanında ədibin gələcək nəsilləri oxumuş görməyinin göstəricisi idi. Belə ki, Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alırdı. Əşrəf Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini idi. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi qəhrəmanı isə romanda rus Əhməd, poçt Əhməd kimi tanınan ədibin maarifçi fikirlərini yayan obraz idi. Əhməd kənddə öz yaşadığı evdə müəllimlik edib, kənd uşaqlarının oxuması, hərif tanıması üçün əlindən gələni edir. O, Qori Müəllimlər Seminariyasında təhsil alan yeganə Göytəpə kəndinin sakini olan Əşrəfin ilk müəllimi olmuşdu. Bu obraz sadəliyi, savadlılığı, mehribanlığı ilə kənd uşaqlarının sevimlisi olmuşdu. İsmayıl Şıxlının “Dəli Kür” romanının digər bir kişi obrazıda Allahyar idi. Allahyar əsərdə namusu ləkələnmiş şəxsdir. Onunla Cahandar Ağa arasında əvvəlcədən heç bir düşmənçilik olmayıb. Onlar arasındakı bu düşmənçiliyin əsas səbəbi Cahandar Ağanın Allahyarın arvadı olan Mələyi götürüb qaçması idi. Cahandar Ağa ilə Allahyarın düşmənçiliyində Allahyarın heç bir günahı yox idi. Əgər Cahandar Ağa onun arvadını götürüb qaçmasaydı, heç Allahyarda onu tanımazdı. Allahyar Cahandar Ağanın atı Qəmərin quyruğu kəsdirməklə, qızı Salatını qaçırtmaqla, onun evinə gecə hücüm etməklə oda bacardığı qədər onun namusuna sataşır. Yazıçı əsərində Allahyara haqq qazandırır, çünki Cahandar Ağanın elədiyi böyük qəbahət idi. Onun etdiyi bu hərəkət heç bir əxlaqa sığmırdı. Cahandar ağa qolunun gücünə güvənib, cəmiyyətin nizamını pozub, başqasının arvadını evinə gətirmişdi. Allahyarın Cahandar Ağa ilə tək problemi arvadı Mələyi qaçırması idi.  İsmayıl Şıxlı “Dəli Kür” romanında Çernyayevski ilə Kipiani xətti ilə maarifçilik fikirlərini əsərində yaymışdır. Onlar Göytəpə kəndinə gəlib, oradakı sakinlərlə danışıb, təhsil vermək üçün Qori Müəllimlər Seminariyasına uşaq aparmaq istəyirdilər. Lakin onların qarşısına ilk çıxan maneə Molla Sadıq olur. Molla Sadıq elmə, maarifə qarşı çıxan bir adam idi. O, icazə vermir ki, Göytəpə kəndinin sakinləri öz övladlarını Qori Müəllimlər Seminariyasına göndərsinlər. Çünki elmli adamlar Molla Sadığın gözünün düşməni idi. Cahandar ağa oğlu Əşrəfi Molla Sadıqla məsləhət etmədən Qori Müəllimlər Seminariyasına göndərsinə görə onlar arasında ədavət başlamışdı. Molla Sadıqla Cahandar ağa Çernyayevski ilə Kipianinin xahişinə görə yenidən üz-üzə gəlməli olurlar. Belə ki, Molla Sadıq icazə vermirdi ki, kənd camaatı uşaqlarını təhsil almağa göndərsin. Molla Sadıq Cahandar Ağadan daim qisas almağa fürsət axtarırdı. İsmayıl Şıxlı “Dəli Kür” romanında Molla Sadığı məkrli və xəyanətkar biri kimi oxucuya təqdim edir. Beləliklə, Molla Sadıq Cahandar Ağadan qisas almaq üçün onun düşməni olan Allahyarla birləşib, Cahandar Ağanın qızını qaçırdır. Həmçinin, o, kazaklarla əlbir olub Cahandar Ağaya arxadan zərbə vurur. Molla Sadıq Cahandar Ağaya oğlunu Qori Müəllimlər Seminariyasına oxumağa göndərməsinə, elmə-təhsilə verdiyi dəyərə, kəndə uşaqları təhsilə cəlb etmək üçün gələn Çernyayevskiyə köməklik etdiyinə görə düşmən olmuşdu. Beləliklə də, Molla Sadıqla Cahandar Ağa əzəli düşmən oldular. Amma Molla Sadıq Cahandar Ağadan intiqamını mərd şəkildə almadı. O, Cahandar Ağanın dul bacısı Şahnigarı meyxanaya aldadıb, gətirdib, rüsvay edir. Buna dözməyən Cahandar Ağa bacısını öldürür. Əsərdə təsvir olunan qadın obrazları hər biri öz-özlüyündə böyük bir yükü daşıyır. Yazıçı bu qadınların iç dünyasını əsərdə çox dolğun bir şəkildə əhatəli təsvir etmişdir. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Zərnigar xanım, Şahnigar, Mələk, Salatın, Güləsər kimi qadın obrazları yaratmışdır. Bu qadın obrazların hər biri öz xarakterinə görə bir-birindən fərqlənir. Bu qadın obrazlarının hər biri əsərdə öz talehini yaşayır. Ədib hər birinin xarakterik xüsusiyyətlərini dolğun şəkildə əks etdirmişdir. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının hər biri Cahandar ağanın ailə üzvüdür. Zərnigar xanım həyat yoldaşı, Şahnigar bacısı, Mələk götürüb qaçırtdığı qadın, Salatın qızı, Güləsər gəlinidir. Əsərdəki bütün qadın obrazlarının hər biri Cahandar ağaya bağlıdır. Cahandar ağanın birinci həyat yoldaşı olan Zərnigar xanım əsilli bir nəslə mənsub ailədən idi. Zərnigar xanım Cahandar ağanın onun üzərinə günü gətirilməsini heç cür qəbul edə bilmirdi. O, qadınlıq qürurunu tapdaladığı üçün Cahandar ağanı heç cür bağışlaya bilmirdi.  Zərnigar xanıma Cahandar ağanın bu hərəkəti o qədər pis təsir etmişdi ki, o hətta oğlu Şamxalın adam öldürməsinə belə razı idi. Gözlərinə artıq heç nə görsənmirdi. Zərnigar xanım oğlu Şamxaldan Mələyi xəncərlə vurub öldürməsini tələb edir. İsmayıl Şıxlı “Dəli Kür” romanında bu səhnəni elə dolğun bir şəkildə təsvir edir ki, oxucunun gözü qarşısında bu qüruru ayaqlar altına atılmış qadının bütün hisləri canlanır. Zərnigar xanıma ən çox təsir edən o idi ki, Cahandar ağanın onun üzərinə günü kimi gətirdiyi qadın başqasının arvadı idi. Cahandar ağa Zərnigar xanımın üzərinə günü gətirməklə ona özünün gözəlliyini, gəncliyini, təravətliliyini itirdiyini bildirir. Zərnigar xanıma ən çox təsir edənlərdən biri də o idi ki, Cahandar ağa başqasının arvadı olan Mələyi onun xanımlıq etdiyi evə gətirmişdi, həm də o evə ki, orada onun evlənməli yaşda olan qızı və oğlu yaşayırdı. Bu məsələdə Zərnigar xanım çox aciz idi. Onun düşdüyü vəziyyət olduqca ağır idi. Gəlin gətirmək istədiyi evə əri günü gətirmişdi və bu günü başqasının arvadı idi. Başqasının arvadını qaçırtmaq düşmən qazanmaq demək idi. Ona görə də, Zərnigar xanım oğlu və qızı üçün çox qorxurdu. Zərnigar xanım bu məsələdə tamamilə günahsız idi. İsmayıl Şıxlının  “Dəli Kür” əsərinin qadın obrazlarından biri də Mələk idi. Əsərdə Mələkdə talehsiz qadın kimi təsvir olunur. Mələyin əri olan Allahyar ona sözün əsl mənasında gün verib işıq vermirdi. Evində yaxşı gün görməyən Mələk Cahandar ağanın onu götürüb qaçmasından olduqca məmnun idi. O, ümid edirdi ki, qaçırıldığı evdə xoş bir gün görəcək. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın bacısı olan Şahnigar xanımdır. Şahnigar xanımın çox ağrılı-acılı həyatı olub. O, həyat yoldaşını itirəndən sonra qardaşı Cahandar ağanın evində yaşamağa başlayır. Şahnigar xanım xasiyyətcə şən, deyib-gülməyi sevən bir qadındır. O, qardaşı Cahandar ağanın evində yaşadığı müddətdə onun qanunları ilə yaşayır. Lakin Cahandar ağanın düşməni olan Molla Sadığın oyununun qurbanı olur. Belə ki, Cahandar ağadan qisas almaq istəyən Molla Sadıq onun bacısı Şahnigar xanımı aldadıb, mürid məclisinə aparır. Cahandar ağanıda ora çağırıb, Şahnigar xanımın ölümünə səbəb olur. Bacısı Şahnigarı bağışlamayan Cahandar ağa onu Kürdə boğub, öldürür. İsmayıl Şıxlı “Dəli Kür” əsərində Şahnigar xanımın öldürülməzdən əvvəl gözü önündən keçən görüntülərin təsvirində çox güclü  psixologizm yarada bilmişdir. Bacısından namus tələb edən Cahandar ağa özü bütün tabuları, qandan gələn ata-baba qaydalarını, namus məsələsini ayaqlayıb, başqasının arvadını götürüb, qaçırtmışdı. Cahandar ağa özü çox yaxşı bilirdi ki, bacısı Şahnigar xanımı ondan qisas almaq üçün tora salıblar, lakin o yenə də bacısını öz eqoizminin qurbanı edir. İsmayıl Şıxlının “Dəli Kür” əsərinin digər bir qadın obrazı Cahandar ağanın qızı Salatındır. Salatın xasiyyətcə şıltaq, saf, mehriban, təmiz qəlbli gözəl bir qızdır. Salatın əsərdə evlənmək yaşındadır. Onun bu yaşında ailəsində yaranan gərginlik ona çox pis təsir edir. Zavallı qız anası ilə atası arasında yaranan bu uçuruma görə çox böyük stress keçirir. Salatının gəlin köçmək yaşında başına gələn bu müsibət ona çox ağır gəlir. Anasının bütün günü dərd, qəm çəkməyi, qardaşının evdən baş götürüb getməsi, atasının başqasının arvadını qaçırdıb, özünə düşmən qazanması zavallı qızı məhv edirdi. Salatının həyatı Zərnigar xanıma təsəlli verməklə keçir. Zavallı qız özündən çox atasının başqasının arvadını qaçırdığı üçün bunun qisasını qardaşı Şamxaldan alacaqlarından qorxub, qayğı və düşüncə içində məhv olurdu. Zavallı Salatın atasının başqasının arvadını qaçırtmasının qurbanı olur. Onu atasının qaçırtdığı qadının əri olan Allahyar qaçırdıb, zavallı qızın namusunu ləkələyib, atası Cahandar ağadan qisas almaq istəyir. Beləliklə, Salatın Cahandar ağanın səhvinin qurbanı olur. Salatını qaçırmağa nail olsa da, Allahyar iyrənc planını həyata keçirə bilmir. Allahyarın Salatını qaçırdığı ev Cahandar ağanın dostunun evi olur, məsələdən agah olan ev sahibi qızı qoruyub, atasına təhvil verir. Bacısı Şahnigar xanımı Kürdə boğub, öldürən Cahandar ağaya atalıq duyğusu qalib gəlir və o qızı Salatını öldürə bilmir. Cahandar ağa qızı Salatının rüsvay olmasında, bacısı Şahnigar xanımın ölümündə birbaşa günahkar idi. İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki qadın obrazlarının digər biri isə Cahandar ağanın böyük oğlu Şamxalın həyat yoldaşı Güləsərdir. Güləsər kasıb bir ailənin qızıdır. Onu Cahandar ağa kasıb bir ailənin qızı olduğu üçün böyük oğlu Şamxala layiq bilmirdi. Güləsər çox təmiz, saf qəlbə sahib gənc bir qız idi. Cahandar ağa kasıb bir ailənin qızı olan Güləsəri özünün zəngin mülkədar ailəsinə layiq görmürdü. Güləsər əsərdə dözümlü, iradəli, ailəsinə bağlı bir qadın kimi təsvir olunub. İsmayıl Şıxlının bir yazıçı kimi böyük şöhrət qazanmasında bu əsərin çox böyük rolu vardır. Ədibin yaratdığı obrazların müsbətidə, mənfisidə olduqca canlı qələmə alınmışdır. İsmayıl Şıxlının “Dəli Kür” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru