SƏNSİZLİK
Sən gedəndə anladım ki, bu ömrü
Tək başına olmur sənsiz yaşamaq.
Gözlərindən yanağına süzülən,
Ürəyində nifrət dolu yaş olmaq.
* * *
Yoxluğundan qüvvət alan bu hicran
Hər gün üzür ürəyimi yerindən.
Ahu-fəqan qoparanda küləklər
Nəfəsini hiss edirəm dərindən.
* * *
Sən saçını darayanda gecələr,
Mən içirəm sənsizliyin şərbətin.
Susuzluqdan quruyanda boğazım
Dodağımda çata dönür həsrətin.
* * *
Günü-gündən əriyirəm içimdən,
Saçlarıma ağ dən salır sənsizlik.
Gözlərimi bağlayıram-açıram ,
Otağıma yenə dolur sənsizlik.
* * *
Nəyim var ki quru candan savayı?
Can alaram, qan tökərəm uğruna.
Üz tutmuşam sənə sarı, qapından
Qovma məni ayrılığın bağrına…
YENİ SƏHİFƏ
Sənsiz halım pərişan,
Ürəyim qan ağlayır.
Səssizliyin içimdə
Tufan kimi çağlayır.
* * *
Sən axı görməmisən
Yoxluğunun sərt üzün.
Üstümdə ətrin qalıb,
Pərdələrdə əl izin.
* * *
Gecəyə kölgən düşür,
Ağrılar sancı çəkir,
Nəmli divarlar boyu
Xatirələr yaş tökür.
* * *
Dodağın qanlı bıçaq,
Gözlərin dar ağacı.
Tərsliyimə bağışla,
Bir az halıma acı.
* * *
Sənsizliyin dibində
Bu dərdin əlacı yox,
Bircə dəfə zəng eylə,
Bu dəli inadı yıx.
* * *
Hörümçəklər tor salıb
Pəncərəmə, qayıt, gəl.
Qollarında qucaq aç,
Olanları unut, gəl…
GETMƏ QAL
Yağış altda islananda saçların
Baxışların ürəyimdə köz olur.
Dodaqların sinəm üstə nəm çəkir,
Nəfəsin eşq, gülüşlərin söz olur.
* * *
Gözlərinin sehri nədir? Baxanda
Dil quruyur, səsi əsir adamın.
Səndən uzaq qan ağlayan könlümü
Ovutmağa yetir adi salamın.
* * *
Gecələrin boynu bükük, hüznlü,
Yoxluğuna danışıram yuxumu.
Qayıt gəl ki, yox edəsən ömürdən
Bu sənsizlik adlı qara qorxumu.
* * *
Dodağımda çata dönən həsrətə,
Ürəyimdə yanan oda nəzər sal.
Ömrüm-günüm, qucaqlayım, yaxın gəl,
Saçlarına pıçıldayım: “Getmə, qal…”
SƏNSİZ OLMAZ
Gəncliyimin üstünü
Duman alanda gəldin.
Könlüm yarpaq tökəndə,
Ömrüm solanda gəldin.
* * *
Təqvimlərdə susayan
Bir eşq dil açdı səndə.
Susdu bütün ağrılar
Öpüb sığal çəkəndə.
* * *
Qaranlıq təkliyimə
Gözündən nur ələdin.
Bu toz basmış ruhuma
Bir azca su çilədin.
* * *
Dodağımda çırpınan
Duatək sevdim səni.
Varsa bir şübhə yerin,
Al, çarmıxa çək məni.
* * *
Bir gün getmək istəsən,
Gözlərimin qarası,
Sənsiz olmaz, biləsən,
Yoxdur səndən sonrası!
AYRILIĞIN İLK GÜNÜ
Bir axşamüstü ayrıldıq,
Boğazımda
soyuq qəhərə döndü gedişin.
Təsəlli üçün
son vida, son görüş olmadı.
Bu evin hər küncündə yerin göründü,
Soyuq divarlar boyu xatirələr
kölgə kimi süründü,
Həzin mahnılarda da
açdığın boşluq dolmadı…
* * *
Otağım bir az dağınıq,
pərdələr kirli,
döşəməni toz alıb.
Sən gedəli –
depressiya… yuxu həbləri…
Həkimlər deyir ki,
tərgit siqareti, içmə qəti.
Qorxma, ömrüm-günüm,
Bir az rəngim saralıb…
* * *
Unuduram təqvimlərdə
günlərin düzümünü,
Dolub-boşalan külqabı
çəkir içimin yanğısın.
Bir yerdən sonra
ağrıkəsicilər belə
götürmür yoxluğunun küt ağrısın…
* * *
Bilirəm,
yenə əlləri qoynunda
pəncərə önündə dayanıb
hardasa qayğımı çəkirsən –
“Axırı necə olacaq bu axmağın?”
Bu şəhərdə
əlimin tərsiylə itələdiyim
qadınlar var,
Ayağının tozuna dəyməyən.
Bir də…
Ovuclarımda saçlarının
xatirəsi var bir yığın…
* * *
Bilirəm,
dönüşü yox bu ayrılığın,
Amma nə vaxt gəlsən,
qapım açıqdır,
Aid olduğun yeri yaxşı bilirsən.
Yenə də sızıldayır sümüklərim,
Uyuşur barmaqlarım,
Əsir dizlərim…
Hələ də gözləyirəm…
Gəlirsən?
Müəllif: Azər AĞAYEV
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru