Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə YAZARLAR.AZ saytı idarəçiliyindədir.
ZAUR USTAC YENİ ŞEİRLƏR
İPLƏR
O tayda cəzadır;
Yağlı, təmtəraqlı
Günahsız iplər…
Başqası keçirir
Zorla boynuna yurddaşın…
Bu tayda qəzadır;
Quru, pıtraqlı
Pənahsiz iplər…
Özü keçirir
Öz xoşu ilə boynuna yurddaş…
05.07.2023. Bakı.
ANAM
Adına palaz deyib,
Atdı ayağımızın altına dünyanı…
Adına gəbə deyib,
Asdı gözümüzün qabağına dünyanı…
Dünyamız gəbə qaldı,
Biz anlayana qədər naxışlarda…
Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ata sözünü cejimlərə toxuyub,
Xurcunlara doldurdu Anam…
Övladlara sovqat olsun deyə…
İlmə-ilmə, fərş-fərş, xalı-xalı
Gözümüzün önünə sərdiyi dünyanın
İpliyi, yunu olduğunu anlatdı Anam…
Kimi anladı, kimi yüz ildən sonra anlayacaq…
Hər iki halda fayda var Anamın sözündə,
Sirli tarixim yatır;
Anamın hər ilməsində,
Hər naxışında,
Hər palazında,
Hər gəbəsində…
Ərşi ərişlərə köçürdü,
Zəmini bükdü dükcələrə…
İpin ucunu biləyimizə bağladı,
Kələfin ucunu itirməyək deyə…
Bir nişanı min dəfə kirkidlədi,
Qulağımızda sırğa olsun deyə….
Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam…
Simgə-simgə, damğa-damğa
Anamın arğacından keçdi dünya…
Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya…
Dünya hər zaman gəbədir yeni dünyaya!!!
05.07.2023. Bakı.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru