TANRI KÖLGƏ
Başının üstündə gecə, ayağının altında yer qaçırdı. Adama elə gəlirdi ki, yeriyən o deyil, dünyadı. Məchulluğa üz tutub gedirdi qaranlıq qarışıq. Yaxasını açmışdı. Ürəyinə hava çatmırdı sanki. Təngnəfəs idi. Özü də bilmirdi ki, yolu hayanadı. Hərdən əllərini cibinə salıb dəmir pulları sayırdı.Pulları tanıyırdı barmaqları.”Bu 5 qəpiklikdi, bu 20, bu 50″.Beynində əlli kərə saymışdı qəpikləri ən azı. Gecənin səssizliyində cingildəyirdi pullar . Yorulmuşdu adam. Arada ətrafına nəzər salırdı ki, görsün bir daşdan zaddan yoxdu ki, üstündə oturub bir hovur dincini alsın.Heç nə gözünə dəymirdi. Ayağını sürüyürdü dalınca. Bu yol harda bitəcəkdi , onu da bilmirdi. Köhnə, qupquru çəkmələrdə ayaqları suluqlamışdı.Göynəyirdi barmaqları.Yeridikcə ufuldayırdı. Bircə onu bilirdi ki, tək- tənhadı bu boyda dünyada.
…Qaranlıqda qurda quşa yem olmaqdan qorxdu birdən-birə. Üşəndi. Özünə sığındı. Telefonunu da unutmuşdu evdə. Guya unutmasaydı nə olacaqdı? Gecə yarısı hansı nömrəni yığıb köməyə çağıracaqdı? Hamı şirin yuxudaydı bu vaxt. Adam evdə təkliyin əlindən otura bilməmişdi.Özünü atmışdı çöllərə gecə yarısı. Birdən Tanrı düşdü yadına. Nəsə pıçıldamağa başladı. Dua edirdimi? Yox.Ömründə dua etməmişdi.Heç Tanrı da yadına düşməmişdi axı ömür boyu. İndi gecənin qaranlığında, bu tənha yolda, zülmətin içində Tanrı hardan düşdü yadına? Ömründə ilk dəfə Onu düşünməyə başladı. Nədənsə adama elə gəldi ki, Tanrı da onunla birgə addımlayır. Qorxusu yavaş-yavaş yox olurdu. Üzündə doğma nəfəs hiss edirdi.Əl atıb yanaqlarını ovuşdurdu. Sonra Tanrı adamdan qabağa keçdi. Yox, dəli olmamışdı. Kölgəni görürdü açıq -aydın. Bir az da ürəkləndi. Addımlarını yeyinlətdi. Artıq tək deyildi. Tanrı onunlaydı. Qorxusu keçib getmişdi. Birdən ayağı çökəyə düşdü.Səndirlədi. Tez müvazinətini toplayıb yoluna davam etməyə başladı.Kölgəni gözündən qoymamağa çalışırdı. Qarabaqara izləyirdi kölgəni. Göy üzünə baxdı.Aydınlıq idi. Hiss etdi ki, bir az uyuşan kimidi. Yəqin soyuqdan idi. Birdən gözünün önündə kölgələr çoxalmağa başladı.Bir, iki, üç…10, 20… Gözlərinə inanmadı. Əlləriylə gözünü ovxaladı. Yuxu deyildi. Qarşıda saysız-hesabsız kölgə var idi. “Bu necə ola bilər axı? Axı Tanrı təkdi. Bu kölgələr hardan çıxdı? Məni hara gətirib çıxarıb Tanrı? Bura haradı?. Qorxsa da gücünü toplayıb irəliləməyə başladı. Yaxınlaşdıqca heyrətə gəldi. Hər tərəfdən daş adamlar baxırdı gözünün içinə . Uşaq, gənc, yaşlı .Hamısı da daşlaşmış, bir boyda. Birdən qulaqlarına qəhqəhə səsi gəldi.. Ayaqları yerə kilidlənmişdi. Nə irəli gedə bilirdi, nə geri. Əllərini cibinə saldı. Dəmir pullarl barmaqları ilə saymağa başladı bir də. 20, 40, 50….Pullar əlinin təmasından cingildədikcə içindəki qorxu bir az da artmağa başladı. Başını qaldırıb göy üzünə baxdı qorxa-qorxa. Gözünə heçnə dəymədi. Təklikdə gecənin səsi də yeknəsək olurmuş sən demə. Əllərini cibindən çıxarıb qulaqlarına tutdu. Heçnə eşitmək istəmirdi. Səs bir az da artdı. Bu dəfə başının səsi qulaqlarını batırdı. Nə fikirləşdisə yerindən götürüldü və var qüvvəsi ilə geri qaçmağa başladı. Arada ayağı daşa ilişdi.Üzüqoylu yerə yıxıldı və durub təzədən qaçmağa başladı . Qəribəydi. Bayaqkı yorğunluğundan əsər-əlamət qalmamışdı. Ayaqlarının suluğu da incitmirdi daha onu. Heçnə hiss etmirdi. Eləcə qaçırdı. Zəhri yarıla-yarıla qaçırdı. Kölgəsi də onunla qaçırdı adamın. Bir addım özündən irəli. Sanki ona yol göstərirdi kölgəsi. “Bəs Tanrı hanı? O ki, mənlə birgə idi. Hara yoxa çıxdı” . Çevrilib arxasına baxdı. Sonra ətrafına. Gözünə görünmədi Tanrı…Sonra öz kölgəsi də yoxa çıxdı..
Müəllif: Təranə DƏMİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru