Turan Novruzlu – KİŞİ QÜRURU

KİŞİ QÜRURU

(Esse)
Təxminən on beş il bundan əvvələ aiddir bu xatirəm. Söz vaxtına çəkər deyiblər, elə bu vaxtlar idi. O vaxtlar demək olar ki, bütün yayı kənddə keçirdirdim. Kəndin ki, bir tərəfi Qarayazı meşəsi, bir tərəfi günəş rəngində təpələr ola, Kür çayı da ki, qolunu kəndin boynuna dolaya, sən də ki, nənənin sevimli nəvəsi olasan. O kəndə getməmək günah olardı.
Bir gün xalam dedi ki, sabah qohumlarımızdan biri oğluna toy edir, hazırlaş səni də toya aparacam. Əvvəl getmək istəmədim, nənəmlə qalmaq istədim. Nənəmin öz uşaqlıq illərindən, keçmişdən danışdıqları toylardan maraqlı idi. Həm də bizim kəndin mağar toyları günorta saat ikidə başlayar axşam saat beşə, altıya kimi davam edərdi. Axşam bər-bəzəkli şax qaldırardılar və saat doqquzdan gecə saat on ikiyə, birə kimi mağar davam edirdi. Mağarda da dava düşərdi, mahnı sifariş verməyin, ana- bacıya baxmağın və s. üstündə. Ərləri toyda Novruz bayramında yumurta döyüşdürən uşaqlar kimi bir birilə “rumka döyüşdürən” arvadların gözləri dörd olardı mağarda ki, görəsən ərim kimlə dalaşacaq kimi şil küt edəcək. İş ondadır ki, bu ərlər toyda heç kəsi döyməsələr də evə gedəndə arvadlarını döyürdülər. Adam bilmirdi, bunların toyda dava salmağına sevinsin ya üzülsün. Toyun səhəri mağar təəssüratları avtobuslarda, yollarda, mağazaların önündə davam edirdi. Hələ arvadların sərçə balası kimi cikkildəşmələri olmaya da, “az gördün filankəsin qızı şalvar geyinmişdi, az hə hələ sən keçən il instuta girif Bakıya gedən tayını görmədin, əməllijə şəhər dili danışer, elə bil buralı döylü, az hələ o yaxşıdı o Bakıdan gələn qız var e filankəsin qohumu gədələrlə elə baxışerdıkı, gəlini də yaxşı bəzəməmişdilər, kamplekti ucuzuydu, bəyin əti tökülsün qıza tort yidirtdi ” Bax elə bu
abu havaya görə özümü heç vaxt o mühitə aid hiss etməmişəm. O kəndin toylarını sevməmişəm. Nə isə, xalamın israrından sonra o toya getdim. səhər saat on iki olardı bəyin atası evinə getdik. Hərə bir tərəfdən süfrəni hazırlayırdı. Manqaldakı kababların qoxusu Gəmiqaya tərəfdən gələn həzin mehə qarışıb gül-çiçək ətri kimi ətrafa yayılmışdı. Qadınların səsi- küyü toy evini götürmüşdü. Kim kimi görsə iş dalınca buyururdu ki, iş tez getsin. Qadınlardan biri cavan oğlanlardan birini çardaqdan qazan çıxarmaq üçün buyurmuşdu. Oğlan nərdivanı divara söykəyib yuxarı çıxmağa başladı. Döşəmə torpaq olduğu üçün kələ kötür idi. Nərdivan tərpənəndə mən cəld nərdivandan tutdum və “yıxıldı” deyə qışqırdım, sonra oğlan müvazinətini saxladı və işinə davam etdi, o, düşənə kimi nərdivanı buraxmadım. oğlan heç nə demədi heç səsini də çıxarmadı. Sadəcə minnət dolu baxışlarla üzümə baxıb gülümsədi. Sonradan bildim ki, bu oğlan nitq qüsurlu imiş.
Artıq mağardaydıq. Hərə öz yerini tutmuşdu. Toy, çal-çağır axşamçağı yenidən başlamışdı. Hamı oynayır, hərə öz mahnısını sifariş edir, qohumunlarını oynamağa dəvət eləyir, başından şabaş tökürdü. Mən sakitcə oturub müşahidə edirdim. Qohumlarımız oynamağa çağırdı. Arvadlı- kişili, uşaqlı- böyüklü hamı oynamağa çağırdı oynamadım. Xalam da neçə dəfə çağırdı. Yanımda oturanda da böyrümdən dümsüklədi yenə oynamadım. Bir də gördüm günorta nərdivanla çardağa çıxan oğlan gətirib mənə bir qalaq pul uzatdı. Mən götürmək istəməyəndə anası işarə etdi ki, götür. Oğlu gedəndən sonra qulağıma pıçıltı ilə dedi ki,” a qızım mənim oğlum danışa bilmir, uşaqlar qırağa çəkib döyüb əlindən almaqdansa sən götür o pulları”. Dedim, ” xala mən istəmirəm, gəl, otur yanımda, sənə verəcəm pulları. ” Oğlan hər dəfə pulu gətirirdi, mən də o gedən kimi pulu anasının ovcuna basırdım. Bir də gəldi ki, sənə verdiyim pulları göstər ( onun işarələrinin mənasını anası deyirdi mənə) mən də xalamın günorta mənə verdiyi bir şirvan pulu şalvarımın arxa cibindən çıxarıb göstərdim. Oğlan inandı. Yenə getdi şabaş yığmağa, yenə gətirib hamısını mənə verdi. Mağarın axırlarına yaxın gördüm beş -altı gənc həmin bu oğlanı kənara çəkib mübahisə edirlər. gənclərin dediklərindən eşitdim ki( hamı qulaqlarımdan şikayət edir ki darı dəlir) ” duxun çatır oynamağa çağır, görək səni sayib oynayacaq.” Öz aralarında mərc gəldilər. Bir neçə dəqiqə sonra həmin o nitq qüsurlu oğlan mənə yaxınlaşdı. Oynamağa çağırdı. Mən də dəvəti tezcə qəbul edib oynadım. O an onun gözlərindəki xoşbəxtlik qığılcımları, yerə- göyə sıxmayan sevinci məni sevindirdi və qürurlandırdı. Ərtafdakı mərci uduzmuş gənclərin məyus və qəzəbli baxışları isə hələ də xatirimdədi. İstədim ki, Allahın bu gözəl bəndəsinin kişi qüruruna toxunmaq istəyən gəncləri həmin oğlanın qələbəsi ilə cəzalandırım. Xoşbəxtəm ki, indiyə kimi heç kəsin qüruruna toxunmamışam, heç kəsin duyğularına qarşı sayğısızlıq etməmişəm vicdanım rahatdı…
Siz təsəvvür belə edə bilməzsiniz ki, toyun səhəri kənddə nə nağıllar, nə əfsanələr danışılmadı. El ozanlarının eşq dastanları kənd arvadlarının dastanlarına çata bilməz….Bu arada xalam da çox əsəbləşmişdi ki, mən çağırdım gəlmədi, o lal uşaq çağıranda oynadı, indi camaat ağzına gələni danışacaq. Gecə evə gəldim, bu olanları əziz nənəmə danışdım. Dedi düz etmisən. Qəlbimin dərinliyində bilirdim ki, düz etmişəm. Amma nənəmin dəstəyi və anlayışını ondan başqa heç kəsdə görmədim. Məkanın cənnət olsun. Ruhun qarşısında baş əyirəm, Şafanam…
Hər dəfə o oğlan yadıma düşəndə xoşbəxt olmağı üçün dua edirdim. Bu yaxınlarda eşitdim ki, bir nitq qüsurlu qızla ailə qurub. sağ- salamat , nitq qüsuru olmayan ekiz uşaqları var, bir qız , bir oğlan. Sevincdən gözlərim doldu. Ürəyimdə sadəcə “şükürlər olsun, Tanrım ” dedim…


Müəllif: TURAN NOVRUZLU

MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir