Samir Arifoğlu – Qisas

QİSAS

 (hekayə)

Külək səngiyən kimi qonşu həyətdən boğuq bir səs gəldi:

– Bu dəqiqə səni öldürəcəm, itin qızı, neçə dəfə demişəm o donqar adamla danışma?

Ardınca da Çiçəyin səsi ətrafı başına götürdü:

– Kömək edin, ay qonşular, bu vicdansız məni öldürmək istəyir…

Aydın səsi eşidən kimi küçəyə çıxdı. Anası narahat halda dedi:

– Hara gedirsən, ay bala, gecə düşür, hava da soyuyub.

Aydın arxaya baxmadan dedi:

– Ana, geciksəm, bu kopoyoğlu qızı öldürəcək.

– Hansı qızı, ay bala, sən nədən bəhs edirsən? – Səmayə xala indi daha bərk narahatçılıq keçirtdi.

Aydın əlinin işarəsi ilə anlatdı ki, qoy gedim o qızı xilas edim, gəlim, hər şeyi sənə başa salacam.

Aydın sürətlə qonşu həyə qaçdı. Elə getdi ki, deyərdin, yanından sürət qatarı ötdü. Həyətə çatanda gördü ki, Səməd bıçağı bacısının boğazına endirir. Cəld hərəkətlərlə özünü ona çatdırdı, məqsədi bıçağı onun əlindən almaq idi. Səməd dirsəyi ilə onu itələmək istədi, ancaq bıçaq bacısının yanağını cızdı. Aydın güclü bir həmlə ilə Səmədi sanki ağuşuna aldı, sağ əli ilə onun biləyini sıxdı, gücün təsirindən Səməd bıçağı əlindən atdı. Bu dəfə bacısına yalın əllə zərbə endirmək istədi, lakin Aydın bu həmləyə də qarşılıq verdi, Aydını tamamilə tərksilah etdi. Həyətə doluşan digər qonşular yanağından qan axan Çiçəyi küçəyə çıxartdılar. Aydının anası da orada idi, o, Çiçəyi sanki qonşu qadınların əlindən dartıb aldı, qoluna girib evinə apardı. Aydın və digər qonşu kişilər Səmədi sakitləşdirməyə çalışırdılar. O da özünü kimlərəsə göstərirmiş kimi deyirdi:

– Buraxın məni, onu tikə-tikə doğrayacam.

Aydın qəfildən dilləndi:

– Ayıbdı, görən-eşidən bacın haqqında nə düşünər? Utanmırsan?

Başqa bir qonşu kişi soruşdu:

– Axı sən o qızı niyə öldürmək istəyirsən? Axı o, neyləyib ki?

Səmədin ağzı köpük bağlamışdı, ağzını marçıldada-marçıldada dedi:

– Nə edəcək, neçə dəfə dedim ki, o donqar oğraşla danışma, bayaq gəlib görürəm ki, yenə onunla danışır.

Yaşlı qonşu kişi dedi:

– Ay oğul, bəlkə bir-birlərini sevirlər?

Səməd dəli kimi oldu:

– Nə? Nə sevmək? Yüz bacım ola, yüzü də yurdda qala, birini də o itə vermərəm.

Kişi dedi:

– Günahdı, bala, belə eləmə. Özünü qoy o it dediyin adamın yerinə, sənə qarşı belə sözlər deyilsə, xoşun gələr?

Səməd bir az susdu, sonra dedi:

– Mən heç kimin qızına, anasına-bacısına söz demirəm ki, nəsə də desinlər.

Aydın dedi:

– Yaxşı, sakitləş, hirsin soyusun, sonra bir yerə yığışıb məsələyə aydınlıq gətirərik.

Səməd acı baxışlarla Aydını süzdü, ancaq nədənsə bir söz demədi, qəfildən süstləşdi. Qonşular da onu evə apardılar ki, daha dərindən sakitləşdirə bilsinlər. Beləcə, aradan iki saata qədər vaxt ötdü. Aydın hiss etdi ki, Səməd bacısının harda olduğunu bilmək istəyir, dərhal dedi:

– Sən narahat olma, Çiçək bizdədir, onu anam apardı bizə. – Gözlərini Səmədə bərəltdi: – Nə baxırsan, o da mənim bacım. Hara getməli idi, küçədə qalmalı idi, ya da burda qalmalı idi ki, sən də vurub öldürəsən?

Səməd susdu. Ancaq gözlərindəki məna ilə Aydına minnətdarlıq etmək istədi. Aydın bunu hiss etdi, gözlərini qıyıb ona baxdı, dedi ki, narahat olma, bacın bizdə qalacaq anamla, mən də burda qalacam səninlə sabaha qədər.

Vaxt sürətlə ötdü. Gecə necə keçdi, bilən olmadı. Qonşular çoxdan evlərinə dağılışmışdılar. Səmədin yanında təkcə Aydın qalmışdı. Xoruzun ilk banı hər ikisi yuxudan ayıldı. Səməd dedi:

– Aydın, sağ ol, yuxuna  haram qatıb burda mənimlə qaldın. Məni bacı qatili olmaqdan qurtardın. Minnətdaram. İndi get evinizə, Çiçəyə də de ki, gəlsin. Söz verirəm, ona toxunmayacam.

Aydın qəribə tərzdə Səmədi süzdü:

– Sənə necə inanım, Səməd?

Səməd özünə inam qazanmaq üçün dedi:

– Yaxşı, qoy ananla, səninlə birlikdə gəlsin. Ona əlimi də toxundurmayacam.

Aydın dedi:

– Bax, mənə söz verdin. Sonra bir peşimançılıq yaratma.

– Narahat olma, Aydın. Sənə kişi sözü verirəm.

Aydın tam əmin olduqdan sonra evlərinə getdi. Aralarında cəmi iki ev vardı. Evə çatanda gördü ki, anası süfrəyə çay düzür, Çiçək də ufuldaya-ufuldaya yanağının yarasına örtük qoyur. Qapını möhkəm örtdü ki, onun gəldiyini hiss etsinlər. Çatan kimi dedi:

– Sabahınız xeyir. 

Anası salam vermədən soruşdu:

– Neylədiniz, ay bala? O dəlini necə sakitləşdirə bildiniz?

Aydın dedi:

– Birtəhər, ana. Sabaha qədər yanında keşik çəkdim ki, bir dəlilik etməsin.

– Yaxşı etdin, ay oğul, qorxdum, sənə bir xətər toxunar.

– Narahat olma, sənin Aydının o qədər də əfəl deyil.

Anasının gözlərinə təbəssüm qondu. Çiçək də gözləri ilə Aydına minnətdarlıq etdi. Birlikdə çay içdilər. Bir tikə çörək yeyəndən sonra Aydın üzünü Çiçəyə tutub dedi:

– Çiçək, qardaşın dedi ki, evə gəlsin. And içdi ki, əlimi də toxundurmayacam ona.

Çiçəkdən qabaq səmayə xala dilləndi:

– Sən deyirsən, ay oğul, o, dəlinin biridir, ona inanma, çox da söz verib, and içib.

Çiçək də evə getməkdən qorxdu. Ancaq ömrü boyu burada qalmalı deyildi. Dedi:

– Qoy nə edir-etsin, mən evə gedəcəm.

Aydın dedi:

– O, səni nə üçün öldürmək istəyirdi? Nə xətan var axı?

Çiçək başını aşağı salıb dedi:

– Bir-iki dəfə Akif mənə zəng vurub müəyyən məsələlər barədə nəsə soruşmuşdu. Ona görə məni öldürmək istəyir.

– Hə, nə olar, adam adamdan söz soruşar da. Buna görə mütləq bıçağa əl atılmalıdır?

Səmayə xala təlaşla dedi:

– Yox, qızım, mən səni o dəlinin yananı buraxmaram.

Aydın dedi:

– Ana, narahat olma, biz də onunla bərabər gedəcəyik.

Səmayə xala duruxdu, dedi:

– Nə deyirəm, ay bala. Necə məsləhətdir.

Beləliklə, Aydın, anası və Çiçək təxminən bir saatdan sonra Səmədin yanına getdilər. Darvazanın qapısı açıq idi. Aydın içəri keçən kimi möhkəm səslə Səmədi səslədi:

– Səməd, evdəsən? Biz gəlmişik.

Səməddən səs gəlmədi. Aydın bir də soruşdu:

– Səməd, evdəsən? Biz gəlmişik.

Yenə səs gəlmədi. Aydın bu dəfə narahat oldu, düşündü ki, Səməd özünə nəsə edər. Cəld hərəkətlərlə evə qalxdı. Otaqları bir-bir gəzdi. Evdə heç kimi görmədi. Eyvana çıxıb dedi:

– Səməd evdə yoxdur. Görəsən, səhərin bu çağı hara gedə bilər?

Səmayə xala da çiyinlərini çəkdi. Qəfildən Çiçək qışqırdı:

– Akif… O, tam əminəm ki, Akifi döyməyə gedib. – Üzünü Aydına tutdu: – Qurban olum, qardaş, özünü tez Akifgilə yetir, amandır, durma.

Aydın sanki indi ayıldı, Çiçəyin səsi qulaqlarında əks-səda verdi. Anasına dedi:

– Sən qızdan muğayat ol, onu burada tək qoyma. Apar bizə. Mən gedim görüm bu dəli hardadır.

– Yaxşı, ay bala, ancaq ehtiyatlı ol.

Aydın küçəyə çıxan kimi üzüaşağı götürüldü. Beş-on dəqiqədən sonra Akifgilin evinə çatdı. Burada əməlli-başlı sakitlik idi. Küçədə heç it də yox idi. Aydın düşündü: bu axmaq hara gedə bilər axı? Elə bu fikirdə ikən Səmədin yuxarı küçə tərəfdən gəldiyini gördü. Tez onun qarşısına keçdi:

– Hara getmişdin? – Qəfil onun gözlərinə baxdı: – Səndən soruşuram, harada idin?

Səməd arxayın şəkildə, heç nə olmamış kimi dedi:

– Harda olacam, getdim o iti gəbərtdim.

– Sən nə danışırsan, kimi gəbərtdin?

– O donqar oğraşı – Akifi.

– Axı niyə? Onun nə günahı var idi ki?

– Bacıma zəng vururdu tez-tez. Neçə dəfə hər ikisinə xəbərdarlıq etdim, məni adam yerinə qoymadılar. Mən də etməli olduğumu etdim.

– Sən heç bilirsən, nə etmisən? İndi camaat bacın haqqında nə düşünəcək? Nədən onun adına söz çıxartdın?

– Mən lazım olanı etdim, kim nə düşünür düşünsün.

Aydın yuxarı küçəyə sarı boylandı:

– Yaxşı, sən Akifi doğrudan gəbərtmisən?

– Bəs necə, məndə nə vaxt yalan görmüsən?

– Harda?

– Bax o təpənin dalında. Axşamdan demişdim ki, səhər tezdən ora gəlsin. O da gəldi.

Aydın yuxarı küçə tərəfdəki təpəyə sarı qaçmaq istəyəndə qəfildən Səməd dedi:

– Dayan, əvvəlcə məni dinlə.

Aydın dayandı. Səməd cod sifətini ovuşdura-ovuşdura dedi:

– Mən burdan birbaşa polis idarəsinə gedirəm. Könüllü təslim olacam. Anana de ki, Çiçək ona əmanətdir. – Baxışlarına məsum bir acizlik çökdürdü.

– Yaxşı, deyərəm. – Bir anlıq duruxdu, dedi: – Niyə özünü bədbəxt elədin Səməd? Allah bilir, nə qədər iş verəcəklər sənə.

Səməd başını yellədi, dedi:

– Sən məni boş ver, bacımdan muğayat olun.

Aydın hiss etdi ki, Səməd daha nəsə demək istəyir, soruşdu:

– Sözlü adama oxşayırsan. Hiss edirəm ki…

– Hə, Aydın, düz hiss etmisən, mən o donqar oğraşı bacıma görə öldürməmişəm.

Aydını təəccüb götürdü:

– Nəyin üstündə öldürdün onu?  

– Sirac kişinin qızına görə. Mən onu sevirəm. O kopoyoğlu da imenni gedib o qıza eşq oxuyub. Neçə gün idi qız da nə zəngimə cavab verir, nə də görüşə çıxmırdı. Bu, bəs etmirmiş kimi, o donqar oğraş bu yandan da mənim bacıma zənglər vururdu. Neynim, dözə bilmədim, şeytan məni çaşdırdı. – Gözlərini küçənin o ğaşındakı boşluğa zilləyib dedi: – Nə isə. Olan oldu. Səndən son ricam, bacımdan muğayat olun. Onun məndən başqa heç kimi yoxdur. Onu sizə əmanət qoyuram.

Aydın dedi:

– Allah köməyin olsun. Gərək sən bu səhvi etməyədin. Bu boyda kəndə qızmı yox idi?

– Get, gör o itin leşini çaqqal-çuqqal yeməyibsə, ailəsinə xəbər et, aparıb atsınlar çuxura-zada.

Aydın sürətlə təpəyə sarı qalxdı. Aranı zəif duman basdı. Akifin meyitini görəndə tam inandı ki, Səməd dediyini edib. Özünü itirmədi, tez anasına zəng vurdu, dedi ki, təcili Çiçəyi kənddən çıxart, Səməd o donqabel Akifi bıçaqla qətlə yetirib. Bəlli ki, bu dəqiqə onun adamları evi basacaq. Qurban olum, təcili kənddən çıxın. Yoxsa qızın başına oyun açarlar.

Səmayə xala da ötkəm qadın idi, özünü itirmədi, Çiçəyə dedi ki, qardaşın şəhərdə iş tapıb, bir müddət orada qalacaq. Mən də səni burada saxlaya bilmərəm, camaat nə deyər. Gəl səni Bakıya – bacımgilə aparım, bir müddət orada qal. Bacım da təkdir, bir-birinizə həyan olarsız.

Çiçək xoşagəlməz bir hadisənin baş verdiyindən duyuq düşdü, and-aman etdi ki, Səmədə nə olub, ya da o, nə edib? Səmayə xala da dedi ki, bu dəqiqə dialoq qurmağa vaxt yoxdur, biz təcili buranı tərk etməliyik. Yolda sənə nə olduğunu deyərəm.

Çiçək təlaş içində üzüldü. Səmayə xala maşını işə saldı, Çiçəyi də götürüb sürətlə şəhərə doğru şütüdü.

Səməd isə könüllü polisə təslim oldu.

Kəndi ağlaşma səsləri bürüdü. Akifin adamları elə ah-nalə qopartdılar ki, eşidənin bağrı yarılırdı. Qohumlardan bir qismi dərhal Akifin yaşadığı evə cümdü, evi sanki bombardman etdilər, həyətdə-baca bir islahat qalmadı. Fəqət nə Akifi tapdılar, nə də Çiçəyi.

Aydın yol boyu öz-özünə dedi:

– Çox şükür, qızı tapmadılar. Allah bilir, nə edərdilər.

Gizli baxışlarla şəhərə doğru şütüyən maşının arxasınca baxdı…

Müəllif: Samir ARİFOĞLU

SAMİR ARİFOĞLUNUN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir