
Unutmağa nə var ki…
Unutmağa nə var ki
Bir az kömək eləsən
Mənə yeni xatirələr lazımdı
Dünənimi unutmağa…
Yenə bulud gözlərin lazımdı
Qəmimi ovutmağa…
Hardasan, pambıq adam,
Köksümsəki yaran qübar eləyir
Saçlarıma çən düşüb
Qocalıq tellərimi nübar eləyir…
Unutmağa nə var ki
Bir az kömək eləsən
Bir ovuc nar dənəsi qədər
Dodaqların…
Əllərimin içi boyda yanaqların
Çərpələng qolların…
Bir də bir neçə dəqiqəlik
Şirin- şirin məzəmmət eləyib
Məni danlamaqların…
Unutmağa nə var ki,
Bir az kömək eləsən…
Bilirəm, yuxusu gəlsin deyə
Divdən yağ yaxması istəyən Cırtdan kimi danışdım…
Amma Sən də lap
Dığırlana-dığırlana
Nənədən, babadan
Eldən- obadan
Ayıdan, dovşandan
Qaçan Qoğal kimisən
Mənim kiçik nağılım…
Unutmağa nə var ki
Bir az kömək eləsən
Mənə yeni xatirlər lazımdı
Sənimi unutmağa…
MÜƏLLİF: TURAN NOVRUZLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru