USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
“MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA, Bir dağlıq QUM əyalətindənəm!” Nizami Gəncəvi Bu ifadə onun hansı əsərindədir, deyə bilmərəm. Qax rayonunun Qum kəndində böyük şairin büstünün yanında vurulmuş lövhədə belə yazılıb. Bəzən kiçik işlərə vaxt ayırsaq da, böyük işlərə vaxt tapmırıq. Nizami Gəncəvinin büstünü 5 sentyabrda – yay tətilimin son günündə ziyarət etdim. Onun QUM kəndində doğulduğu barədə hələ orta məktəbdə oxuduğum dövrdə ədəbiyyat müəllimimdən eşitmişdim. Burda ağızdan-ağıza ötürülən məlumata görə şair burada anadan olub. Hələ uşaq ikən Gəncədə zəlzələ nəticəsində evlər dağılıb. Bölgələrdən bənnalar Gəncəyə axışıb. Nizaminin atası (İlyasın atası Yusif) da bənna imiş. Yusif bir müddət Gəncədə işlədikdən sonra gəlib ailəsini də ora köçürüb. Qumdan Gəncəyə 80 kilometrlik fayton yolu varmış. Balaca İlyas Gəncədə 1141-ci ildə qeydə alınıb. Bu tarix onun anadan olduğu kimi göstərilib. Əslində isə həmin vaxt İlyasın 3-5 yaşı var imiş. NİZAMİ GƏNCƏVİNİN QUM KƏNDİNDƏKİ büstü hər zaman ziyarət olunur. Ziyarətçilər arasında yeniyetmələrin, gənclərin, turistlərin çoxluğu qürurvericidir. Bir də Qaxda Şəhidlər Xiyabanı da şairin büstü ilə yanaşı salınıb. Bax, belə!