
Xankəndini ziyarət etdikdən sonra Şuşaya qayıtdıq. Qala qapısının yaxınlığında yastana yerdə qoyulmuş heykəllərlə şəkil çəkdirib qaladivarları ilə üzü aşağı Şuşa yazılan girişə endik. Yerdə əmənkömənciyə rastladım, qayıdanda bir topa yığıb özümlə götürdüm. Amma o yerləri gəzdikcə igidlərin ayaq izlərini gəzirdim. Yuxarı qalxıb Qövhər Ağa məscidinə ordan da Cıdır düzünə tərəf yollandıq. Cıdır düzü bir tərəfi meşəlik, bir tərəfi sıldırım qayalıq. Mən ondan iri qayalıqlar, düzəngahlar gördüyümə görə mənə elə də təəcüblü göz oxşayan görünmədi. Sadə bir təpəlik. Səməd Vurğunun göyəzən dağına yazdığı şeirini xatırladım. Olsun, dedim ürəyimdə. Bəzən toponimlər öz müəllifləri ilə əbədiyyət qazanır və bir də igidlərimizin ayaq səsləri azadlıq yaratmışdı daşlarda. Min illər keçəcək, bu günlərin əziz xatirəsi unudulmaz qalacaq. Bir vaxtlar at çapılmış bu yastana ayaq izləri ilə öz yaşarlığını tapmışdı. Bundan sonra da igidlərimizin canı qanı ilə müqəddəsliyinə davam edəcək. Orda bir neçə şəkil, qısa video çəklişi edib Vaqif məqbərəsinə yetişdik. Poeziya günləri keçirilən yerdə şəkil çəkdirmədim. Mən bu yerdə kürsüyə qalxıb şeir səsləndirəndə şəklim çəkilib tarixə düşər. Əks halda özümə haqsızlıq etmiş olardım.



Əzəmətli bayrağın dalğalanan uca Şuşası sən bizim ağrılarımızın şahidisən. Sənin hər daşını öpüb göz üstünə qoysaq yenə də azlıq edəcək. Gün qaralmadan Laçına çatıb, Mərkəzi kitabxanaya kitablarımızı bağışlamalıydıq… Ordan ayrılanda Şuşanın ətri burnumdan uzun müddət getmədi. Laçınla Şuşa arasından Qubadlıya çəkilən dolama yollar uzaqdan selə oxşayırdı.

Yolqırağı böyürtkən kolları, turşsu, insanların əllərində dopba ilə baş ucunda gözləyib növbə ya da növbədən kənar su qablaşdırıb içmələri adama sevinc bağışlayırdı. Biz də elə burada nahar edib, torbamıza çəmənlikdən qantəpər, qaraçörək otu toplayıb yolumuza davam elədik.
Ardı var.
Müəllif: GÜLNARƏ İSRAFİL
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru




