
Dövrünün ən məhşur aşıqlarından olmuş, bir neçə aşıq dastanının və aşıq havasının yaradıcısı, o cümlədən “Koroğlu” dastanının ən mahir bilicisi olmuş ustad Aşıq Hüseyn Bozalqanlı aşıqlar arasında Azərbaycanın ilk Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş və Yazıçılar Birliyinin ilk aşıq üzvü olmuşdur. “Əli qılınclı şair” hesab olunmuş aşıq Hüseyn Bozalqanlı “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Bugün Ustadın anım günüdür. Məkanı cənnət olsun. Ruhu şad olsun. Şeirlərindən bir neçəsini sizlərə təqdim edirik..
“Yaxşı sat”
Mərd igidi üç şey çəkər qabağa,
Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad.
Bir ayə var, min ayədən əfzəldir,
“Be”ydi, “hey”di, yaxşı “lam”dı, yaxşı “sad”.
Bədöy mənzili kəhər at yetirməz,
Nanəcibə öyüd versən, götürməz,
Ölənədək nişanını itirməz,
Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.
Hüseyn sözün nə gizləyə, nə dana,
Nə yaranar, daha doğar nə də ana.
Gövhər mətahını açma nadana,
Tök bazara, sərrafına yaxşı sat.
“Talib oldum”
Talib oldum, bir ustaddan dərs aldım,
Mənim dərsim əlif, beydi, ayindi..
Tiği-düsər qilabında zikr eylər,
Səməndi var əsən baddan yeyindi.
Cəbrayıl vəhy gətdi ərş aləmindən,
“Əhsən!” – səsi gəldi ruyi-zəmindən.
Qeyzə gəlib qılınc çəksə qınından,
Görən deyər ruz əl-məhşər bu gündü.
Aləmi-zərrədə islam dinliyəm,
Sadiqib qövlündə bənd divanlıyam.
Mahalım Tovuzdu, Bozalqanlıyam,
İsmim xəbər alsan aşıq Söyündü.
“Düşməmiş”
Deyirlər dayanıb zərli qanadı,
Gedirəm tərlanım tor düşməmiş.
Özüm də bilmirəm bu nə sevdadı?
Alışıb yanıram qora düşməmiş.
Zənanə mərdanə danışan zaman,
Onun məclisinə gəlməyin yaman.
Mərd igid çəkərmi aman, əl-aman?!
Qabaqda ən böyük zora düşməmiş.
Bülbül qəfəsdədir, ürək döyünü,
Qarı düşmən deyib, gülüb, öyünü.
Dar gündə çağırıb aşıq Söyünü,
Gərək çatam qəm-küdara düşməmiş.
“Dərdin alım”
Bu dünyanın hər sirrini,
Məm bilərəm, dərdin alım.
Könüllərin küdurətin,
Mən silərəm, dərdin alım.
Dayanaram, meydanda nər,
Heç qoxmaram mən sərasər.
Elə billəm külək əsər,
Tez gələrəm, dərdin alım.
Mən görmüşəm özlərini,
Bənd eylərəm yüzlərini..
Aşıq Hüseyn, sözlərini,
Mən ələrəm, dərdin alım.
“Oynar”
Bu nazlı dilbərin toy büsatıdır,
Ağ əllərdə hənalar oynar.
Döşündə döşlüyü, belində kəmər,
Qulağında qızıl tanalar oynar.
Məclislər düzülər saz zamanında,
Gözəllərin işvə, naz zamanında.
Qızılgül açılar yaz zamanında,
Bağda bülbül, göldə sonalar oynar.
Anlamaz yanında lal olan Hüseyn,
Sərraflar yanında ləl olan Hüseyn,
Kotan bərkiyəndə kəl olan Hüseyn,
İndi qabağında danalar oynar.
“Dolandığım”
Səhər-səhər çıx qarşıma,
Dur, başına dolandığım!
Oğrun-oğrun qıyqacı bax,
Gör, başına dolandığım!
Tellərin dönüb kəməndə,
Gözəllər olub şərməndə,
Qara saçın dar gərdəndə,
Hör, başına dolandığım!
Hüseynin aldın canını,
Apardın din, imanını,
Əsirgəmə müjganını,
Vur, başına dolandığım!
“Bilən deyiləm”
Şair cərgəsində adım çəkilir,
Hərcayı sözləri bilən deyiləm.
Öz yerimdə sakit başım saxlaram,
Uzaq yerə gedib-gələn deyiləm.
Hərçəndi aşiqəm, tərki-vətənəm,
Sərrafına ləli-gövhər satanam.
Təklif olan yerdə qırx gün yatanam,
Bitəklif yerlərdə qalan deyiləm.
Bu peşə Hüseynə köhnə adətdi,
Hər sözüm məclisdə xoş ixtilatdı.
Gecədə dövranım beş yüz manatdı,
Bir cəm qardalıya çalan deyiləm.
“Ya dəyə”
Nə lazımdır naqabilə söz deyəm,
Xatirinə ya dəyməyə, ya dəyə?
Sizin olsun eyvan, otaq, alaçıq,
Bizə bəsdir ya kölgəlik, ya dəyə.
Pis övlada öyüd verər yaxşı ata,
Yaxşı igid, süvar olar yaxşı ata.
Kamil ovçu bərəsində yaxşı ata,
Keçirəndə ya dəyməyə, ya dəyə.
Hüseyn deyər, mail oldum Gülxara,
Geyinibdir zəri, ziba, gülxara.
Qorxuram ki, qismət olar gül, xara,
Bağban ölə, dal, budağı yad əyə.
“Oynar”
Duman qalxar alçaq dağın dalından,
Zimistan qəhrində qarınan oynar.
Yayın ortasında sədri xallanar,
Dörd fəsildə boran, tarınan oynar.
Tülək-tərlan şikar verərmi sara?
Mümkün olmaz caynağından qurtara.
Laçın neylər ərşdə şahın-şonqara?
Göydə durna olar, qatarnan oynar.
Şair qəzəl yazar xuba, gözələ,
Dil xoşlaya, könül sevə, göz ala.
Yanaq lalə, buxaq büllur, göz ala,
Qoşa xallar zülfü marınan oynar.
Axtarırdı Hüseyn, tapdı dər, indi,
Bağ salıbsan, gir, barını dər, indi.
Mən qəvvasam, bəhrlərim dərindi,
Qəvvaslar dəryada dürrünən oynar.
“Bu gecə”
Qəm çəkmə, qəm yemə, divanə könlüm,
Yetirərəm səni yara, bu gecə!
Üzümü sürtərəm telə, buxağa,
Çəksələr dilimdən dara, bu gecə.
Hürküşdü sonalar, boş qaldı göllər,
Dağıldı ahular, ağladı çöllər.
Kül başına olsun şeyda bülbüllər,
Gülün mehman oldu xara, bu gecə!
Hüseyn, sınmış dilin yara dəyərsə,
Təbib neştər vurar, yara dəyərsə.
Əgər əğyar əli yara dəyərsə,
Sübhədək çəkərəm nərə bu gecə.
“Şirin-şirin”
Talib oldum bir bağbanın bağına,
Bağban bəsləyibdir bar, şirin-şirin.
İstəsən ki, mətləbinə çatasan,
Qul ol, qulluğunda dur, şirin-şirin.
Kamil bağban çəkər bağın cəfasın,
Gülün iylər, sürər zövqü səfasın.
Bir gözəlin başdan görsən vəfasın,
İstəsə canını, ver, şirin-şirin.
Canım qurban ala gözün məstinə,
Nə durubsan şirin canın qəsdinə?
Üzüm qoyum o gül üzün üstünə,
Qarışsın bir-birinə tər, şirin-şirin.
Hərcayi sözləri Hüseyn eşitməz,
Haqdan bəla gəlsə, dosta tuş etməz.
Girsən yar qoynuna yəqin üşütməz,
Yağsa zimistanda qar, şirin-şirin.
“Dağlar”
Ərzaq mövsümünü başa vurmamış,
Düşdü güzarımız sizlərə, dağlar.
Çıxdı canımızdan yayın bürküsü,
Sərinlik verdiniz üzlərə, dağlar.
Bozallar yurdudur, Murğuzun dağı,
Kirkit, Gözəldərə – rivzanın bağı.
Kövsərə bənzəyir dürlü bulağı,
Məlhəmdi canlara, gözlərə dağlar.
Arançılar gəlib dəyə çatdılar,
Mərd igidlər çəkib at oynatdılar.
Gah qurşaq tutdular, güllə atdılar,
Düşdülər dastana, sözlərə dağlar.
Mirzə saz götürdü qaralanda qaş,
Camaat yaylıma dağıldı obaş.
Açdı mücrüsünü kalvayı qardaş,
Çox hörmət eylədi bizlərə, dağlar.
Cavanlar güllərdən yığıb əllərə,
Bafa bağladılar şux gözəllərə.
Hüseyn vəsfinizi yayıb ellərə,
Düşüb mahallara, düzlərə dağlar.
“Ayazam indi”
Qəm, hicran əlindən bihuş olmuşam.
Bilmirəm asmandı, ayə, zəmindi?
Dostu gördüm, bulud könlüm dağıldı,
Açıldı, ağardı, ayazam indi.
Mərd igidi tək-tək doğar hər ana.
Zənburun dəsdində işlər bir ana.
Uca dağda əcəb düşdüm borana,
Qorxuram yolumu ay azam indi.
İstəmirəm bu cahanda qalam mən,
Hər bir yerdə qovğa mənəm, qalam mən.
Axtarıram kağız, davat, qələm mən,
Dostlara dərdimi a yazam indi.
Hüseyn deyər, xəttim döndü düm ağa,
Yuyar qəssal, qəddim bükər dümağa.
Şirin sözüm ləzzət verər damağa.
Şəhd ilə şəkərim ay əzəm indi.
“Qırmızı geyindi”
Bahar gəldi, çiçək açdı.
Güllər qırmızı geyindi,
Çırtıq dəydi, üz qanadı,
Xallar qırmızı geyindi.
Yarım yuxudan oyandı,
İncidi, küsdü, usandı,
Barmaq buxağa dayandı,
Əllər qırmızı geyindi.
Mayiləm mina gərdəna,
Ağ bədənə, gül əndama.
Zülfünə, qoyubdur xına,
Tellər qırmızı geyindi.
Qaş oymatdı, qıya baxdı,
Könlümün evini yıxdı.
Al geyindi, seyrə çıxdı,
Çöllər qırmızı geyindi.
Yarpaqları güldən təzə,
Ağzı qaymaq, dili məzə,
Hüseyn, canan gəldi bizə,
Yollar qırmızı geyindi.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru