Keçmişdə yunan filosofu Sokratdan: “Bu qədər kitab oxuyaraq nə öyrəndiniz?” – deyə soruşanda, o, “Heç nə bilmədiyimi öyrəndim!” – cavabını vermişdi. Bu sözlər yalnız onun təvazökarlığını deyil, həm də elm və bilik dünyasının sonsuz olduğunu dərk etdiyini göstərir. Doğrudan da, insan nə qədər çox oxuyur və öyrənirsə, onun elmə olan susuzluğu artır, özünü dərk etmə və özünə olan tələbləri də artır. Elm insanı təvazökar edir, onun “Bilən mənəm” adlı qürurunu düşüncəsindən silib atmağa məcbur edir. Elə buna görə də kiminsə “Hər şeyi bilirəm” dediyini eşitsəniz, bilin ki, həmin adam heç nə bilmir.
İnsanın ömrü – axtarış, anlama və dərk etmə yoludur. Bu dünya o qədər genişdir ki, burada oxuyub öyrənə biləcəyimiz şeylərin sayı-hesabı yoxdur. Bu həqiqəti Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) “Beşikdən qəbirədək elm axtarın” kəlamları daha dərindən başa düşməyimizə yol göstərir. Elm yolu insanın hikmət və mərifətə çatma yoludur. Kitablar isə bu yolda ən mühüm bələdçilərdir.
Kitab – bütün elmlərin xəzinəsi, düşüncə üçün açılmış zənginlik qapısıdır. Lakin bu zənginliyin dəyərli olması üçün onu yalnız açmaq kifayət deyil, oxumaq, anlamaq və mənimsəmək vacibdir. Kitab oxunduqca insanın mənəvi sərvətinə çevrilir, mənəvi inkişafı üçün görünməz xəzinələr bəxş edir. Bu xəzinələr zənginlik kimi əllərə deyil, qəlbə daxil edilir.
Amma etiraf etməliyik ki, bu gün kitab oxumağa olan maraq, oxucu səviyyəsi xeyli azalıb. Bəzi insanlar mənəvi aləmdən çox sosial şəbəkələrə üstünlük verirlər. Həyatda hər şeyin öz yeri və dəyəri var. İnternetin sürətli inkişafı əlbəttə, yaxşıdır, amma bu, kitab oxumağı kənara atmaq demək deyil. Təəssüf ki, çoxları telefon və sosial şəbəkələrdə həddindən artıq vaxt sərf edərək yaradıcılıq potensiallarını məhv edirlər. Ən dəhşətlisi isə budur ki, öz əllərimizlə yaratdığımız ixtiralarımıza tabe olur, onların qurbanına çevrilirik. Bəzən düşünürəm: görəsən, həyat yalnız sosial şəbəkələrdənmi ibarətdir?
Şükür ki, kitablar var! Onlar hər zaman insana faydalı səyahətlər, yeni anlayışlar və yeni dünyalar kəşf etmək imkanı təqdim edir. Səyahət hər bir insan üçün vacibdir. Səyahət insanı zənginləşdirir, digər millətləri, onların həyat təcrübəsini və mədəniyyətini öyrənməyə imkan yaradır. Lakin hər kəsin real səyahət etməyə imkanı yoxdur.
Amma… kitablar bizə mənəvi səyahət imkanı verir. Kitablar vasitəsilə mən sevincli və kədərli qəhrəmanları tanıyır, onların hisslərinə şərik oluram. Qəlbim və düşüncəm onlarla birlikdə uzaq diyarlara, keçmişə və gələcəyə səyahət edir. Hər səhifə – bir yenilik, hər fəsil – bir gəzinti. Kitablar insan ruhunu təzələyir, düşüncəsini azad edir və daim axtarışa səsləyir.
Ona görə də hər bir insan üçün kitaba olan sevgi yalnız vərdiş deyil, həyat ehtiyacına çevrilməlidir. Eləcə də təfəkkür və təsəvvür dünyamızı inkişaf etdirmək üçün kitablarla səyahəti vərdişə çevirməliyik. Heç olmasa, ayda bir dəfə kitab dünyasına dalmaq, onun sonsuz nurundan faydalanmaq insanın mənəvi inkişafında ən mühüm addımlardan biridir.
Kitablar – insanlığın ən qiymətli xəzinəsidir, onları əldən buraxmaq olmaz. Sizdə elə bir imkan var ki, onu əldən verməyin! Vaxtı boşa sərf etməyin, kitablarla səyahət edin. O zaman qəlbinizin üfüqləri yeni fikirlər və ideyalarla dolacaq, qəlbiniz nurlanacaq. Hər səhifədə mənəvi zənginliyin yeni cəhətlərini kəşf edərək, ruhunuz gözəllik və dərinliklə dolacaq, həyata baxışlarınız daha da zənginləşəcək. Hər oxunan kitab, hər başa düşülən fikir həyatınıza yeni mənalar bəxş edəcək, qəlbinizdə coşqu və parlaq arzuların qığılcımını alovlandıracaq.
Müəllif: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Vasif Sadıqlının sayca 7-ci, əvvəlkilərdən fərqli, 644 səhifəlik “Füzuli. Qəzəllər” adlı kitabı çap olunub. Kitabda Azərbaycan şairi Məhəmməd Füzulinin azərbaycanca divanındakı 294, “Leyli və Məcnun” poemasındakı 24 qəzəl müasir dilimizdə izah edildiyindən, bəzi misralar qısaca şərh olunduğundan oxucuların işi asanlaşıb.
…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
MƏMMƏD ƏMİN RƏSULZADƏNİN PEDAQOJİ FƏALİYYƏTİ VƏ İDEYALARI
Məmməd Əmin Rəsulzadə Azərbaycan milli azadlıq mübarizəsinin öncül liderlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın təhsil və maarif sahəsində əvəzolunmaz xidmətlər göstərmişdir. O, milli təhsil ideyalarının həyata keçirilməsində, xüsusilə də məktəblərin milli xarakter alması və ana dilində tədrisin genişləndirilməsi istiqamətində mühüm töhfələr vermişdir. Rəsulzadənin fikirləri onun dövrünün təhsil problemlərini dərindən dərk etdiyini və bu problemlərin həlli üçün orijinal yanaşmalar təklif etdiyini göstərir.
M.Ə.Rəsulzadənin Azərbaycan Milli Şurasındakı fəaliyyəti-M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olmaqla, 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri seçilmiş və Azərbaycanın müstəqillik aktının elan olunmasında mühüm rol oynamışdır. Parlamentin formalaşması və Cümhuriyyətin ilk hökumət böhranının həllində göstərdiyi liderlik keyfiyyətləri onun siyasi və dövlətçilik bacarıqlarını nümayiş etdirir.
Maarifçilik və Bakı Dövlət Universitetinin yaradılması – Rəsulzadə Bakı Dövlət Universitetinin təsis edilməsini milli maarif və təhsilin inkişafı baxımından dövlətin əsas vəzifələrindən biri hesab etmişdir. Universitetin təsisində onun oynadığı rolu vurğulayan mənbələrdə bildirilir ki, o, maarifçilik missiyasını hər zaman prioritet olaraq görmüşdür. V.İ.Razımovskinin qeyd etdiyi kimi, onun təşəbbüsləri ilə universitetin təsisində qarşı duran maneələr aradan qaldırılmışdır.
Milli məktəblərin vacibliyi – Məmməd Əmin Rəsulzadə milli məktəblərin təhsil sistemində əsas rol oynamasının tərəfdarı olmuşdur. O, dövrünün təhsil ocaqlarında çatışmazlıqları açıq şəkildə göstərmiş və onların islah olunması üçün real həll yolları təklif etmişdir. “Tərəqqi” qəzetində dərc olunan məqalələrində o, ana dilində tədrisin və milli məktəblərin vacibliyini vurğulamış, bu məktəblərin cəmiyyətin tələblərinə uyğun olmasının vacibliyini bildirmişdir.
Müəllim kadrlarının hazırlığı – Rəsulzadə müəllim hazırlığı məsələsinə xüsusi diqqət yetirmiş, bu sahədə əsaslı dəyişikliklərin zəruriliyini qeyd etmişdir. Onun fikrincə, həqiqi milli müəllimlər yalnız ana dilini bilən, milli dəyərlərə bələd olan kadrlar ola bilərdi. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin ölkə daxilində köçürülməsi təklifini irəli sürən Rəsulzadə, müəllimlərin milli ruhda hazırlanmasının təhsil üçün mühüm olduğunu vurğulamışdır.
Təhsil islahatları və məscid məktəbləri – Rəsulzadə məscid məktəblərinin dövrün təhsil tələblərinə cavab vermədiyini, lakin onların milli xarakterini qoruyaraq modernləşdirilməsinin zəruriliyini bildirirdi. O, “məscid məktəblərinə xor baxmamağın” və bu müəssisələrin təhsil sistemində uyğun şəkildə islah olunmasının vacibliyini qeyd etmişdir.
Məmməd Əmin Rəsulzadənin pedaqoji ideyaları və təhsil sahəsində fəaliyyəti bu gün də aktualdır. Onun milli təhsil konsepsiyası, müəllim hazırlığına dair yanaşmaları və təhsildə ana dilinin önəmi ilə bağlı vurğuladığı məqamlar hər bir cəmiyyətdə dəyərləndirilməli və tətbiq edilməlidir. Rəsulzadənin irsi, həm siyasi, həm də pedaqoji baxımdan, milli inkişaf və tərəqqi üçün qiymətli bir mənbədir.