Qanımın səsini Əbildən sonra eşitməyə başladım. Canımın içində ağrıyan, ağlaya-ağlaya başını daşdan-daşa çırpan nədir? Ruhumun içində göynəyən kimdir? Bunu Əbildən soruşmaq istəyirəm. Ancaq onu əbədi yuxusundan ayırmaq, bu dünyanın ahəngində olan səsimlə onu səksəndirmək istəmirəm. Qoy Əbil öz əbıdi yuxusunda rahat yatsın.O bir də İsrafilin suru səslənəndə oyanacaq. Onda mən də onun torpaqdaşı olacağam. Allah bilir,nə zamandan sonra İsmillidəki məzarlarımızdan qalxıb bir yerdə kəpənəklər kimi Tanrının dərgahına uçacağıq… Bilmirəm, böyük məşhərdə adamlar bir-birini tanıyacaqmı? Milyon yaşlı aləmlər, adəmlər… adamlar… Rəbbin hüzuruna tələsəcək… Göy üzü ağ qanadlı kəpənəklərlə-ruhlarla, yaxud cisimlərlə dolu dərgaha gedən yola çevriləcək… Böyük bir yola..Tək yola.Ağ yola. Dünyada bundan başqa bir yol qalmayacaq, olmayacaq… Balaca dünya o zaman tamamlanacaq. Sözünü tamam edib sonsuzluğa yuvarlanacaq.
Amma mən Əbili tanıyırdım. Bilirdim ki, balaca canına hopdurduğu misilsiz düşüncə dalğası, böyük türklük sevdası, şahzadə ədaları, irfan işığı- narın vücuduna sirdaş qıldığı Mövlana, Nəsimi, Bəyazid Bistami ona inandırıb ki,aşiqlər ölməz. O da aşiq idi… Bakı Dövlət Universitetinin sufiməşrəb məzunu,Azərbaycan ordusunun müharibəyə lənət, türkün savaş ruhuna -Amin! söyləyən əsgəri, Şərqşünaslıq İnstitunun Əbil boyda bir mövlanəsi idi. Və təpədən-dırnağa kimi bir intellekt burulğanı idi… Hardasan Əbil? Səndən soruşduğuma Tanpınar cavab verir: Yıldızların altın bahçesindeyiz, Ebediyyetinlə geldik dizdizə.
Ulduzlarla dopdolu göyüzü… Ulduzların qızıl baxçası… Əbilin çox sevdiyi Tanpınar “Göylər yaxınlaşdı bizə”- deyir. Əbil də Göy Adamı olandan sonra göyləri mənə yaxınlaşdırdı … Göylərə baxıram.Göylərə gedən oradan qayıdarmı? …Yazıq yerüzü… Hamıdan balaca ola-ola özünü hamıdan böyük bilən yer… Bizə dağ çəkən yer… Əbili istəyirəm. Göylər onu mənə verərmi? Göstərərmi? Yox. Bir dəfə vermişdi. Alıb apardı. İkinci dəfə verməz.Əbil göylərin aşiqi idi. Göylər də onun bu sevgi dolu sirrindən agah olub onu özünə çəkdi. Sən əvvəllər hardaydln, Əbil? Ola bilməzdi ki,sən qəfil bu dünyaya gəlib, sonra Əbil olub,bir az böyüyüb Göy Tanrıdan, “Şahnamə”dən, Böyük Dəmirçidən,Tolstoydan yazıb, sonra bizi belə amansca tərk edib gedəydin. Sənin üzündə iki min illik tarixin iztirabı vardı…Təbəssümündə də o iztirab gizlənmişdi. Nə idi sənə əzab verən, Əbil? …Sən onda balacaydın, körpəydin. Mənim bu dünyada sevdiyim ən gözəl ətir sənin ətrin idi.İndi o ətirdən ötrü garıxıram, Əbil.Qeybindən qızılgül ətri gəlir .Qeybinin rayihəsində behişt havası var… Yazdıqların indi qeybin sədası kimi gəlir mənə. Ya da qeybdən əsən meh kimi: “Damardakı qan kimi burula-burula bir çay axır sehr dolu bir ölkədən. Zamanın özü qədər qədim olan bu çayın sahilində hələ də bir əfsanə anılmaqdadır- Züleyxanın Yusifə olan sevgi əfsanəsi…”
Sən də əfsanəsən artıq.. Nə yapdınsa, necə etdinsə,məni yeriyən, danışan, düşünən bir daşa çevirdin. Mənə tilsim vurub dünyanı dəyişdin. Səndən sonra mənim də dünyam dıyişdi, Əbil. Əlimdən nə gəlir, Əbil. Bəlkə dünyaya dünyanın tərs vaxtında gəlmişdin, ona görə iztirab nişanəsi qonmuşdu cöhrənə. Amma əmin ol, nə vaxt doğulsaydın,elə belə olacaqdın.İztirablı uşaq. Heç İsa Məsihin yaşına çatmadın. Əbil, sənin heç otuz yaşın olmadı… Amma mən otuz il bundan əvvılki günlərimi xatırlayıram. Elə bil dünən olmuşdu.Dünya necə də balacadır … Ömür necə də qısadır? İstər 80 il olsun, istər 25 il… Bütün hallarda dünyanın vaxt qismətindın bizim payımıza düşən illər azdlr, cox azdır. Burada bir göz qırpımıdır. Orada, Sənin indi olduğun aləmdı bəlkə bu bir göz qırpımı da yoxdur… Bəlkə sən orada, oranın öz gecələrində yatıb iyirmi beş illik, səksən illik bir ömür görürsən yuxularında. Səhərlər yenə ayılırsan. Yuxuda sənə tanış olmayan adamlar gördüyünü, kim bilir, bəlkə də bərxəzdəki Azərbaycan türklərinin içərisində hamıdan çox sevdiyin Nəsimiyə danışırsan. Gördüyün, amma sənə tanış olmayan o adamlardan biri də mənəm, Əbil. Məni unutma, Əbil.
Əbilin gündəliyindən: 21 iyul 2007: İnsan başını qaldırıb göyə yenidən baxdı və “Çingiz xanın ağ buludu”n (Çingiz Aytmatovun əsəri) yazdı.Kahin xəbər vermişdi bu buludu XIII əsrdən. Göy Tanrı əvəzinə,boz qurd türkə yol göstərir. XIII əsrdə kahinlik dövrü çoxdan bitmişdi.Kahin isə son sözünü elə son nəfəsi kimi dedi.Günəşin qərbdən diğması son günəş doğuşu olacaq. Simurq quşunun Qaf dağındakı sirli yaşam tərzi çox maraqlıdı. Kramerə görə tarix hər nə qədər Şumerdə başlayırsa da,əslində,tarıx Allah inancının insanın başı üzərində olduğu gündən başlayır.
Əbilin gündəliyindən: 27 iyul 2007: İndi Az.tv-də Azər qağa (Əbilin əmisi Azər Turan) danışırdı.Qərbləşmək mövzusuna toxundu və dedi ki,alman Hegel Şərqdən yazır.Avropanın -Qərbin Şərqdən çox şey götürməli olduğunu qeyd edir.Biz özümüz şərqi cəhalət dünyası adlandıranda,qərbin ən böyük alimi Şərqdən yazırdı.Demək Şərq heç də tam mövhumata bürünməmişdi.Verməyə yaxşı dəyərləri həmişə olub,indi də var.Sadəcə biz üzümüzü Avropaya tutmuşuq və gözümüz qarşısında canlanan hədsiz gözəlliyi tək varlıq kimi qəbul edirik.Ancaq gəlin unutmayaq,İsgəndər uca Himalay dağın aşıb vadidəki Hindistana can atırdı. Bizim bu günki halımız, arxasında işıq yanan adamın üzünü çevirdiyi tərəfə bənzəyir.Adamın arxasında işıq yanır və önündəki uzaqlığı aydınladır.Bu uzaqdakı işıqlı dünya qərbdi.Bir az yaxına gəldikdə isə öz kölgəmizi görürük.Əslində biz üzümüzü- səmtimizi dəyişsək bu dəfə başqa cür olacaq.Bizim arxamızı çevirdiyimiz tərəf Şərqdi.Bizim xəbərimiz yoxdur ki,əsl nur qaynağı Şərqdədir.Məhəmməd İkbalın bir sözü var: Qərb zahirə baxıb mənaya baxmamış,Şərq isə mənaya baxıb zahirə baxmayıb. Hər halda günəş Şərqdən doğur.Ən azından indilik.Çünki böyük gündə- qiyamət günü günəş Şərqdən doğmayacaq,qərbdən doğacaq.Təsəvvüf inanışında da itirilmiş cənnət məhz Şərqdədir.Qaf dağının Simurğu hər səhər qərbdən göyə qalxır ki, bu cənnəti tapsın.Ona da inanılır ki,bu cənnəti yalnız Simurq tapacaq.Ona görə də lazımdır ki,bu cənnəti tapmaq üçün Simurqla sən də göylərə qalxasan.Buna görə də ilk öncə Simurğun yaşadığı Qaf dağının yerləşdiyi qərbə getməlisən.Qaf dağının yerini tapdıqdan sonra,yalnız bu zaman Herman Hesse’nin dediyi kimi “Şərq Səfəri”nə başlaya bilərsən. Rəvayıtə görə Simurğu tapmaq üçün 30 quş göndərirlər.Bütün dünyanı gəzən bu quşlar sonda öyrənirlər ki, 30 quş- si murğ olduğu üçün,yənu 30-si, murg -quş (farsca) Simirğ elə bu quşların özləridir. Simurğu axtaran Kamillik zirvəsinə qalxanda anlayacaqlar ki,Simurğ onların özləridir.İtirilmiş cənnəti axtardıqları üçün Simurğ özləri olduğu üçün demək itirilmiş cənnəti də özlərində axtarıblar.Və sonda Arif olan cənnəti öz içində tapır. Azər qağa bir də Mövlanədən sitat gətirdi.Mövlanə deyir: İnsanın sevdiyi hər şey gözəldir,lakin hər gözəli sevmək olmaz.Sevgidə də dərəcə olmalıdır.Hz.Əlinin bir sözü var,deyir,bir adamın gözünü sevdiyi şey örtər…Eyni zamanda Ərzurumlu İbrahim Hakkı da deyib ki,”Eşq insanın ona zərər olanı sevməsidir”. Həqiqətən,Pərvanənin mumun alovunu sevməsi gözəldir.O sevgisi uğrunda canından keçib özünü oda atır.Bu,sevgi də irəliyə (məhvə) gedən yoldur.Alova atıldığı zaman pərvanənin həyatı bitir,əvəzində əfsanəsi doğulur.
Səlim Babullaoğlunun “İyul” şeiri onun 13 şeirlik “İlk hərfi itmiş cümlə” kitabında xüsusi imtiyazlı, 7-ci yer tutur; bu anlamda simmetrikdir. Elə indi bir neçə vacib qeyd də eləmək lazımdır: əvvəla kitab həm də “poetik təqvim”dir, ikinci başlıqları miladi kalendardakı ayların adını daşıyan 12 şeirdən başqa hicri təqvimin xüsusi ayının – “11 ayın sultanı” Ramazanın adıyla da bir şeir var ki, həmin şeirin əsas adı, başılığı belədir: “Əvvəlinci ayın şeiri”. Nəzərə alsaq ki, hicri təqvimdəki hər bir ay bizim işlək, cari miladi kalendarda hər il 10 gün yer dəyişdirir, onda bu dediklərimiz, yalnız bir şeirindən bəhs edəcəyimiz kitabın orijinal strukturu ilə bağlı ilk və bəlkə də ən vacib qeyd olacaq.
Şeirin süjeti ilk oxuda çox adi görünür, sadədir: şair kafedə əyləşib və dostuna məktub yazır, bir az özündən, bir az onu və bizi əhatə edən məişətdən yazır, dostunun işləriylə, sağlamlığı, qayğılarıyla maraqlanır, hansısa tövsiyyələr verir, nəsihət edir. Amma 190 misralıq bu uzun şeirin son sətirləri qəfil üzə çıxarır ki, şair güzgü qarşısında əyləşib özünə məktub yazırmış:
“Mənsə həmin kafedə, Qarşıda kirli güzgü, Sənə yazırdım, dostum…”
Beləliklə biz dərin refleksiv mətnlə (qədim latınca “reflexio” – “geriyə, keçmişə ismarış”dir) üz-üzə qalırıq ki, burdakı refleksiya yalnız şüurun öz-özünə müraciəti, qayıdışı deyil, həm də şeirin oxucunu təkrar, ikinci, bu dəfə isə final puantı – tapmacanın mabədini ağlında tutaraq oxuya sövq etməsi(ndə)dir. Yaxşı şeir (“İyul” isə məhz belədir) həm də həmişə ötürülən informasiyanın vacibliyini nişan verən təkrarlar sistemi kimi təşkil olunan şeirdir. Struktur səviyyəsində ritmik payların təkrarı— ölçü, fonemin təkrarı — alliterasiya, misranın sonunda səsləşmənin təkrarı— qafiyə, qafiyə sxeminin təkrarı— bənd, “yad sözlər”— intertekstuallıq yaradır. Hər şeyi bir qədər sadələşdirsək belə demək olar ki, yaxşı mətn təkrar oxumaq istədiyin mətndir. “İyul” yeddiliklə yazılıb, Azərbaycan şeirinin ən nəğməli, xəlqi, “uşaq” ölçüsüylə. “Ölçüylə hüdudlanmış, ram edilmiş kədər barışqanlıq və təvazönün, hətta bəlkə də bütün şeir sənətinin cari təyini, adı deməkdir”. Oden haqqında Brodskinin bu sözlərini Səlim Babullaoğluya, xüsusən də “İyul” şeirinə aid eləmək olar.
Yeri gəlmişkən, “İyul”un strukturu, bəlkə bir az da arxitektonikası ilə bağlı daha bir neçə qeydi də yazının elə bu yerindəcə qeyd eləmək yerinə düşər. Artıq deyildiyi kimi bu uzun şeir “ənənəvi yeddilik”lə yazılıb; amma məsələ budur ki, Babullaoğlu həm də ənənəni pozub, adətən çarpaz və ya paralell qafiyə sxemi ilə yazılan yeddilik və 4 misralıq bəndlərə 5-ci misranı əlavə edib. Yox, bunun Azərbaycan şeirində, ədəbiyyat tarixində rast gəlinən “beşliklə” əlaqəsi yoxdur. Bu sonuncu, beşinci misra ilə 4 misranın (vərdiş edilmiş bəndin) arasında birsətirlik ara, interval var. Məhz o “təklənmiş” beşinci mirsa çox vaxt (demək olar həmişə) əvvəlki dörd misralıq bəndin əsas əqlinəticəsini ya ifadə edir; ya da əgər etmirsə, demək bir sətir əvvəl söylənmiş bəzən sual, bəzən qətiyyətli nida kimi əvvəlki mətləbləri mütləq hədsiz gücləndirir; yaxud ona xəfif ironiya dolu kədər gətirməklə hissi mənada bitkinləşdirir. Hərçənd maraqlıdır ki, “İyul” həmin o tək misralar da olmadan oxuna bilir, amma oxunarsa şeirin ovqatı, hissi çaları mütləq dəyişmiş olur. Sanki müəllif özü o tək misradadır, bütün şeirin canına hopmuş tənhalıq o tək misrada həm də vizual olaraq görünür. Elə bil, dünya o dörd misra, təklənmiş, tənha adam— müəllif isə o tək misradır, dünyadan bir sətirlik ara ilə uzaqda dayanıb. Məqamıdır deyim: Səlim Babullaoğlu əvvəlki poetik təcrübələrində bəzən 21-lik, 25-lik, 27-lik və daha artıq hecalarla qafiyəli şeirlər və verlibrlər yazıb (4 versiyada qələmə alınmış uzun “IX hissə”də olduğu kimi) ki, bu da Azərbaycan şeirində ona qədər rastlanmayan hadisədir. Elə həmin “IX hissə”də Səlim Babullaoğlu ənənəvi yeddilikdə yazılmış formalarla, konkret desək, onların ən bilinən növlərindən olan bayatıyla eksperiment edib, uzun misraların xeyli “yorucu” oxusundan sonra oxucu üçün balaca, fərqli nəfəslik açıb:
“Dağlarda duman var, Bir özgə güman var. Yun kimi didilər, Hələki aman var”.
Sanki bayatıdır, amma 7-lik yox, 6-lıqdır. Deyilənləri belə ümumiləşdirmək olar: Babullaoğlunun poetik kredosu həm də milli şeir vərdişlərini, klişe halını almış ölçü və sxemlərini inkarla yox, onlara əlavələr etməklə pərvəriş tapır ki, “İyul” da bütünlüklə belədir.
Və biz “İyul”u ikinci, bu dəfə isə ismarış kimi yox, özünəismarış, özünün özünə məktubu kimi oxuyuruq. “Polkovnikə heç kim yazmır”da (təkcə Markesin povesti yox, Səlim Babullaoğlunun şeir toplularından biri və o topludakı bir şeir də belə adlanır) o özü özünə yazır. Özün üçün gələcəyə məktub – psixoterapevrik metodlardan biridir. Amma şairçün gələcək – bu daim(i)dir, “çünki şeir heç vaxt köhnəlməyən xəbərdir” (deyəsən Ezra Paunddandır). Xəbərlə bağlı bu sitatın “İyul”un ilk bəndində bəraəti də var:
“Bu adi sətirləri Sənə həmin kafedən Qəzet üstdə yazıram…”
Bu sətrlər həm də eyham edir ki, qarşımızdakı palimpsestdir – qədimdə daha əvvəl bir dəfə eyni məqsədlə istifadə edilmiş perqamentdəki yazı, əlyazma məhz belə adlanırdı. Postmodern çağda isə palimpsest ümumiyyətlə mədəniyyətin sinoniminə çevrilib. “İyul”un birinci və sonuncu bəndləri, sətirləri məna qafiyələri təşkil edir: daha əvvəl ağ, təmiz kağız olmuş qəzet səhifəsi “kirli güzgü” ilə qafiyələnir. Özünəisamrış janrı avtoepitafiya (=özünə ağı) ilə qohumdur. “Avtoepitafiya daha çox səyyaha, yolçuya, yoldan ötənə müraciətdir ki, yaxınlıqdan ötənlərə xitablarla bəzənən məzar daşları hələ antik dövrdə dəbdəydi…” . “İyul” da belədir, həm müəllifin öz-özünə, həm də kitabı tən ortadan açan təsadüfi oxucuya müraciətdir. Refleksiflik/reflektivlik , keçmişə ismarış, güzgülülük “İyul”un bütün quruluşuna sirayət edib. İkinci bənddə oxuyuruq:
Beş milyonluq bir şəhər: Yəni çoxalmışıq biz. Sayımızla sərasər Artıbdı təkliyimiz.
“Güzgülər və cinsi əlaqə iyrəncdir, çünki adamları çoxaldır” deyə Borxes yazırdı. Oxuya davam edirik:
“Efirdə nə ikona, Nə Quran yazısı var. Reklam olunur kola, Mavilər, narıncılar,
Okey, mersi mikonəm…”
Televiziya, televizor peyda olandan sonra güzgünün daha bir görünən metaforası aşkarlandı. Fars dilindəki “mikonəm”, Quranın və kolanın xatırlanması, on-on beş ilə əvvəl yayılmış bir “memi” yada salır: İranda bir konspiraloji nəzəriyyə, fikir meydana atılmışdı ki, guya “geriyə, yəni güzgüvari oxunan “Coca cola” yazısı, “Məhəmməd yoxdur, Məkkə yoxdur” sözlərini əmələ gətirir.
Bir bənd sonra oxuyuruq:
“Otuz gümüşə satdı, Eh, Məsihi İuda”.
Bu sətirlər “İyul”un “güzgülüyü” anlamında “Varnava İncili”ni xatırladır. Bu apokrifə görə İsa çarmıxa çəkilməmiş, onun yerinə həbs zamanı özünün də xəbəri olmadan İsanın görkəmini almış , hətta onun səsiylə danışan İuda (İskariotlu Yahuda) edam edilmişdi ; İsanın özünü isə dörd mələk diri, sapsağlam üçüncü göyə (göyün üçüncü qatına) götürmüş, qaldırmışdılar (215 fəsil).
İki bənd sonra oxuyuruq:
“Dost dostun güzgüsüdür”.
Dərin inanca sahib şairin şəxsiyyəti, kimliyi bu sətirləri sufiyanə yozuma yol açır: Allah və ona iman edən – bir-birini əks edən güzgülərdir. Üstəgəl Rumi və Şəmsin də dostluğu yada düşür. Bu alluziya bir neçə bənd sonra rast gəlinən “aşıq” və “məşuq” sözləri ilə təsdiq olunur. Növbəti bənd xüsusən diqqət çəkir:
“Yazma, qonşu otaqda Həmkarların… hər nəysə… Təki onlar yarısın: Hətta yanlış xəbərlər
Ünvanına düz çatsın…”
Semiotik nöqteyi nəzərdən əlaqə kanalından keçərkən “səs-küy basqısı”na məruz qalmaqla təhrif olunan istənilən informasiyanı “göndərən” və “qəbul edən” vardır. Göndərilən sözlə qəbul edilən söz prinsipial olaraq bərabər deyillər. Amma yalan, yalnış informasiyaya tuşlanmış əyri güzgü metaforası parodoksal şəkildə bu yalanı həqiqətə çevirir.
Növbəti bənddə şair yazır:
“Yaz ki, qadının susur, Deməli sevir hələ. İkiməchullu düstur Pozulmayıb məhlədə,
yaz ki, səndə sevirsən”.
Qadın və kişi fiqurundan ibarət tənlik: x=y. Yenə də bərabərlik işarəsinin yaratdığı güzgü effekti. Başqa tərəfdən, gənc, yeniyetmə sevgililərin öz adlarının baş hərflərinin yazıqları, bərəbarəlik işarəsindən sonra ürək şəkli cızılan divar yazılarına az rast gəlməmişik… Allah və insan arasındakı sevginin güzgü əksi ər-arvad arasındakı sevgidir həm də.
Bir bənd sonra oxuyuruq:
“Söylə, yenə xəritədə Öz ölkəni görürsən”.
Çoğrafi xəritə – müəllifin çox sevdiyi vətəninin kiçildilmiş miqyasda əks olunan daha bir güzgüsüdür.
Çoxşəkilli güzgü simvolikası “İyul”da özünü bütünlüklə faş edir. Bu simvolu, bu rəmzi həm müsbət, həm də mənfi tərəfdən yozmaq olar. Məhz bu çoxşəkillilik, hətta bəzən təzadlılıq yaxşı şeiri yalnız biryozumlu olan pis şeirdən fərqləndirən cəhətdi və öz növbəsində şeiri poeziya məkanından alıb birgünlük qəzet yazısı (informasiyası) olmaqdan qoruyur da. Bəzən güzgü “İyul”da bəd, öz sonunu tanımayan məchul sonsuzluq kimi də çıxış edir. Ancaq Babullaoğlu inanclı adamdır, Başlanğıca və Sona inanır. Bu bəd sonda və sonsuzluqdan qaçışın yerüstü imkanlarından biri də imtinadır:
“Eləcə gözünü yum…”
Ya da:
“Suyu bağla və yetər…”
Sona doğru güzgülülk yeni yarımçalarlar qazanır. Bir ailənin üç nəsli— şairin atası, anası, özü və xanımı, oğlu və qızı birini əks edirlər. Güzgü arxasında saflıq boylanan açıq qapılara dönür:
“Yaz ki, hələ qapılar Açılır və örtülür. Qapıların dalında Totuq körpələr gülür,
Yatır yumaq qarılar…”
Bu uzun şeirin bütününə sakit bir alicənablıq, vasitəli nitqlə ifadə olunan ritorika xasdır: şair özü haqqında “mən”siz danışır, sayıqlıqla məsafə saxlayır, xoşagəlməzliklərdən “yazma ki” deyərək bəhs edir. “İyul”da sualla bitən bir neçə poetik fraza var ki, onlardanən vacibi budur:
“Bəlkə, qaçaq günahdan?”
Bu sual daha əvvəl rast gəlinən, yerüstü, məişət zəminində – borcların yazıldığı dəftəri nəzərdə tutaraq xatırlanan “qara dəftər”lə möhkəmlənir. Amma şairin böyüklüyü ondadır ki, o adi, yerüstü detallar və ifadələrlə daha böyük ideyalara, şəraitə işarə edir. Və belədə “qara dəftər” mələklərin sol çiyinlər üzərində qeydə aldığı günah siyahısına allüziya kimi görünür. Beləliklə, əsas sual səslənib, verilib. Amma ona cavab da verilib. Dostluq, Allaha, yaxınlara, vətənə və sözə sevgi şairin qəlbini kamillik dərəcəsində işıldadır, dünyanı eybsiz göstərən, görən ilahi güzgüyə çevirir. Bunun sonuncu əlaməti isə haqqında geniş bəhs etdiyim “İyul” şeirinin şairin 38 yaşında 38 (4+1 misralıq) bənddə yazmasıdır. Yəni, sonuncu güzgü: ya ömrün mətndə inikası; ya da Mətnin ömürdə əksi.
İYUL Səlim Babullaoğlu Adətən şeirləri yazırlar ağ səhifədə. Bu adi sətirləri sənə həmin kafedən
qəzet üstdə yazıram.
Beş milyonluq bir şəhər: yəni çoxalmışıq biz. Sayımızla sərasər artıbdı təkliyimiz –
xüsusən də gecələr,
adamlar köç edəndə yerin həndəvərindən vəhşi yuxularına, anlayırsan dərindən
onların xorultusu sözütək mənasızdır.
Yalquzaqtək bir ağız ulamaq keçir onda könlündən, amma kağız yazıqdır və dilsizdir.
Və beləcə batırıb səsini öz içində –
o böyük, qərib Çində söz edirsən söyüşü. Bilirsən ki, çoxunun öz-özüylə döyüşü
bitibdi başlamadan, indi isə bax budur
efirdə nə ikona, nə Quran yazısı var. Reklam olunur kola, mavilər, narıncılar,
okey, mersi mikonəm.
Məddahlar bağ evində, Nəsimi Hələbdədir. Həyatda və “fm”də yalnız səs-küy dəbdədir,
ucuz rep və meyxana.
Otuz gümüşə satdı, eh, Məsihi İuda. Maliyyə böhranıdı ölkədə və dünyada –
şərhə varmı ehtiyac?
Düzü, kefim və halım, Əslində, belədir, bax. Şükür ki, sağdır hamı. Qalanı hamam və tas,
şəhər…tünlük…basabas…
Odur ki yazma sən də dünyadan və ölkədən. Kefim bir az düzələr belə olsa, bəlkə də:
dost dostun güzgüsüdür.
Söhbətə başqa söhbət dostum, qatıb da yazma. Yaz: uşaqlar necədir, keçib getdimi astma?
Dərmanların bitdimi?
Yaz ən adi şeylərdən, qızılgül gərdisindən. Nəbadə yazmayasan fələyin gərdişindən,
bunu nənəm də bilir.
Yaz ki, saçın uzanıb, tüklənib arıq üzün. Tükənibsə də pulun, qara dəftər ki durur,
hər gün bərbər günüdür.
Yazma, açıq krandan gecə su damcılayır; tappatuplar, qorxular içini qamçılayır –
suyu bağla və yetər.
Bəlli ki, hər saz çalan Ələsgər, Cünun deyil. Yediyimiz çörəkdə hər şey su və un deyil,
od, zəhmət, Yaradan var.
Sanma, səni bir kimsə nə anlayır, nə duyur. Hər bir bilməyin altda bir az günah uyuyur;
bəlkə, qaçaq günahdan?
Onsuz da döyənəklər iş nədir – yaxşı bilir. Ürək – döyünməkdirsə, yalnız saatdır demək –
olmasaydı ağrılar.
Yaz ki, uşaq paltarı, bax, hələki ipdədir, guya qara sancaqlar paltarları dişlədi
və sən də ufuldadın.
Yazma, qonşu otaqda həmkarların… hər nəysə… Təki onlar yarısın: hətta yalan xəbərlər
ünvanına düz çatsın.
Sorma insan haqları, terror, rejim və sair. Nolar, yaz Müşfiq kimi bir az aşiqə dair,
bir az məşuqa dair.
Yaz ki, qadının susur, Deməli, sevir hələ. İkiməchullu düstur pozulmayıb məhlədə,
yaz ki, sən də sevirsən.
Yazma ki, qan axıtdıq, demə buymuş istiqlal. Yaz ki, göydə hilal var, var yerdə isti qumsal.
dərin bir ayaq izi yazma ki, yoxdu dostum.
Söylə, yenə xəritədə öz ölkəni görürsən. Sən də Sərhəd kişitək bundan qürrələnirsən.
Bundan yaxşı nə var ki…
Yazma, qonşu hasardan görünən kənd evləri kasıb, nimdaş, uçuqdur, dərdlidir sakinləri.
Yaz ki, xoşbəxtdir onlar.
Yazma, mavi Mərmərə dönüb qan çanağına. Ay, qumsallıq, mənzərə insan qanacağına
hələ çox umudludur.
Yaz ki, günəbaxanlar sarıdır, qürurludur. Yaşıl boranı tağda dünya kimi yumrudur,
Müharibə illərində Bakı yaralıların bərpa mərkəzinə çevrildi və 1,5 milyondan çox insanı cəbhəyə qaytardı. Hərbi hospital kimi mədəniyyət sarayları, institutlar, məktəblər və sanatoriyalar ayrıldı. Müharibədən sonra bəzi hospitalar tibbi müəssisələrə çevrildi. Onların bir çoxu bu gün də fəaliyyət göstərir.
Azərbaycanın hospitallarında Qırmızı Ordunun döyüşçüləri müalicə olunurdu. İkinci Dünya Müharibəsi dövründə Bakıda ümumilikdə 31,4 min yerlik 41 hərbi hospital fəaliyyət göstərirdi.
Məşhur cərrah, akademik Mustafa Topçubaşovun rəhbərliyi ilə böyük bir həkim qrupu 440 mindən çox sovet əsgər və zabitini sağaldaraq cəbhəyə qaytardı. Onlar, o cümlədən öz inkişaf etdirdikləri müasir müalicə üsulları ilə həyatları xilas edirdilər.