İlahə Səfərzadə – Biri varmış, biri yox

İlahə Səfərzadə haqqında

Biri varmış, biri yox

(esse)

Həmişə istəmişəm ki, həyatımın elə bir çağı gəlib çatsın ki, artıq plansız yaşayım. Hər an, hər saniyə önümü görmədən, başıma nə gələcəyini, bir saat sonra nə edəcəyimi bilmədən. Dil ilə hər gün yenidən qurduğumuz bu aləmdə düşüncələr bir xəyal imiş, ya da xəyallar həqiqət, doğrularsa nağıl imiş. Xülasə, biri varmış, biri yox…

Uşaqkən nənəm hər axşamçağı bizi başına yığıb nağıllar danışardı. Mən orada olan ağlasığmaz əcaib hadisələrə heç təəccüblənməz, belə də olmalı imiş kimi hamısına şübhə etmədən istisnasız inanar, ancaq bütün nağıllardakı birinin var olanda o birinin niyə yoxa çıxdığına təəccüblənməklə qalmayıb həm də üzülərdim. Niyə bütün dünya birinin var, o birinin yox olmağına susur? Kor bir qaranlıqdayıqsa, bu gözlər niyə? Bütün ədalətsizliklərə gözdən pərdə asan səssiz və kar kainatdayıqsa, bu dil, bu sözlər niyə?

Payızın bir şüası var ikən o birinin buludun arxasına gizlənən günəşi, rəngi solmuş taxtalarının biri var olub o biri qırılmış köhnə skamya, arada biri var olub o biri olmayan dişləriylə ağzında nəyisə çeynəyib tənbəlcə uzandığı yerdən parkı seyr edən gözlərindən yorğunluq yağan yaşlı it, çörək qırıntılarının bir yerdə var, bir yerdə yox olan yeri acgözlüklə dimdikləyib ürkəkcə havaya qalxan qayğısız göyərçinlər, ağacın arxasında babasından gizləndiyini düşünən xoşbəxt uşaq, səmada bir-birini qovub yağış yağdırmaq üçün ikisinin var, digərlərinin yox olduqlarının fərqində olan iki balaca şən bulud…

Biri varmış, biri yox. Sonra necə oldusa, tək sətrlik ədalətsiz cümlələri sevməyə başladım. Qədim çağların qürurlu aristokratlarını xatırladırlar. Birinin yox olduğuna görə əsla üzr istəmir və heç vaxt heç nəyi açıqlamırlar. Nə üzləri qızarır, nə peşmanlıq duyur, nə də utanc.

Sürətlə parkı keçib gedərək harasa tələsən qadın göyərçinlər narahat olmasın deyə onların yanından ehtiyatla keçir, itin yatdığı yerə yaxınlaşanda isə fobiası ucbatından yolunu tamam dəyişir, üzünü qaldırıb səmadakı buludlara bir anlıq baxdıqdan sonra tez də saatına baxıb yeyin addımlarla tələsdiyi istiqamətə doğru gedir.

Sürətlə hərəkət edənlər, yəqin ki, nələrdənsə qaçırlar. Birinin var, birinin isə yox olduğunun fərqinə varmaq istəməyib boşluqda vurnuxur, kim bilir, bəlkə də, özləri ilə tək qalmaq onlara da dözülməz zülmət və can sıxıntısı gətirir. Güman ki, bütün bu qeylü-qal, qaçhaqaç, hər saniyəsini nə iləsə doldurmaq həşiri öz dəyərsizlikləri ilə üzləşməyin qorxusundandır. Sürət xoşbəxt olmağı bacarmayanların ardına sığındıqları kədərli bəhanədir. Özümüzə etdiyimiz haqsızlıqlar bir bəhanənin ardından daha sevimli görünür, şübhəsiz.

Biri varmış, biri yox… Ən birinci hansı yox olmuşdu, görən? Bəlkə, elə əvvəldən heç biri yoxuymuş? Yox olanın getdiyi məkan haraydı? Sonsuz kainatda heç bir nəsnə heç bir yerə irəliləyə bilmədiyi kimi sonsuz zamanlı bir dünyada da heç bir ulus, insan və ya tarix irəliləmir. Mövcud olan hər şey başıboş dönməkdə və zaman isə sürətlə axıb getməkdədir. Ona görə qədim çağların insanları qum saatını ixtira etdilər ki, zamanın yoxa çıxdığını gözləri ilə görsünlər. Təbiət məqsədsiz, kainat bikar və sərsəridir. Və ən əsası həyatda mütləq biri varkən, o biri də birdəncə yox olur.

Baba nəvəsinin əlindən yerə düşmüş çörəyi balacanın ağlamağına baxmayaraq göyərçinlərin önünə atır. Uşağın üzündə əvvəlki xoşbəxtlikdən əsər qalmır artıq. Tanrıdan ədalət umaraq etdiyimiz yaxşılıqlar ucbatından ya cəzalandırılacaq, ya da bağışlanacağıq. Ancaq etdiyimizə inandığımız yaxşılıqlara görə, yəqin ki, cəhənnəm qurulacaq daxili dünyamızda. Çünki Tanrı axmaq deyil.

İçimdən bir səs – yaxşılıq məhz bu səbəbdən pisliyə qarışdı – deyəndə həmişə özümlə danışan iç səsim dadıma gəlmədi bu dəfə. Yenə də biri var ikən o biri yox oldu. Sözlər də bir nağıldır. Varmış və yoxmuş…

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA -TANKALAR

TANKALAR

(Yapon şeir növüdür, mənaca qısa mahnı deməkdir, 5 misradan və 31 hecadan ibarət olur)

(5+7+5+7+7)

Uzandıqca yol,
Yaxınlaşır uzaqlar.
Yorulur adam,
Günəş enir qüruba,
Gündüz dönür axşama…


Salam, köhnə dost,
Necəsən, qoca palıd?
Təzə nə xəbər?
Gəlirmi balta səsi,
Sağ-salamatlıqdımı?…


Üzü qışadır
Qırov düşüb qar kimi…
Soyuyub günəş,
Payızın son ayında
Ayazıyıb havalar.


Kimsən, nəçisən?
Səni gözləyirəm, səni…
Ey tanımadığım,
Ey bilmədiyim adam…
Hardasan, kimsən axı?


Bir payız günü,
Uzanır qəmli gecə.
Sabaha çox var…
Qısalıb ömür kimi
Günün işıqlı vaxtı.


Bayırda yağır,
Pəncərə su içində.
Damır ürəyim
Köhnə, uçuq daxma tək…
Dünya başdan-başa su…


Əl boyda kağız,
Sevincdir dünya boyda.
Məktubdur, amma
Oxuya bilmir adam…
Nə yazılıb və kimə?


Aydınlıqdır su,
Yuxunu söyləməyə.
Pıçıltılarla…
Su dilə gəlib dedi:
Susmaq deyil susamaq…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“SİZDƏ MƏNİM HEYRƏTLƏRİM VAR…”

“SİZDƏ MƏNİM HEYRƏTLƏRİM VAR…”

Sevimli şairəm, ustadım Xosiyyət RÜSTƏMOVAya…

Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır… Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır. Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. “Qəlbi anlayan insan dünyanı da anlayar” deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır. Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur.
Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır. Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.


Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var… Şeir əskikliyi…

Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm… Bu hiss yalnız yaradıcı insanlara məlumdur… Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, “şair ruhum”u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. “Ruhu ruhuna yaxın olan ilhamlanar” deyimi fikirlərimin aydın sübutudur.
Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur.
Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır.
Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə “Nicat” günəşi kimi parlayın.

MüəllifCihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

1.11.2024


XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ NOYABR – 2024 № 11 (47)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB – PDF: Yazarlar-47


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Mən Feyerbaxam” monotamaşasının premyerası olub

2 noyabr tarixində Respublikanın Əməkdar artisti Şövqi Hüseynovun təqdimatında “Mən Feyerbaxam” monotamaşasının premyerası baş tutdu.
Tamaşa bir aktyorun həyatında yaşanan çətinliklərdən bəhs edir.

Feyerbaxın səhnəyə gəlişi, “İşıqlar niyə yanmır?… Bəs tamaşaçılar hanı?… Mən heç kimi görə bilmirəm…” və sair kimi ifadələri və onların səmimi şəkildə tamaşaçıya çatdırılması artıq tamaşaçının diqqətini çəkir. Bir məşq otağında Feyerbaxın dilindən öz həyat hekayəsini eşidirik, görürük…

Feyerbax bir teatr səhnəsində rejissor asistenti ilə danışır, tez-tez ona müraciət edib rejissorun nə vaxt gələcəyini soruşur, öz səhnə fəaliyyətindən, keşməkeşli həyatından, rejissorların münasibətindən və sair bəhs edir, müxtəlif səhnə əsərlərindən monoloqlar ifa edir, bəzən söhbətdən monoloqa gözlənilməz keçidlər olur, bəzən isə hətta onun hansısa bir əsərdən monoloq dediyini ifasının sonunda öyrənirik. Qeyd etmək istəyirəm ki, bu keçidləri Şövqi müəllim çox məharətlə ifa edib.
Düzü tamaşanın sonlarına doğru, xüsusən də Feyerbaxın 7 il psixi dispanserdə olduğunu öyrənəndən sonra məndə belə bir düşüncə baş qaldırdı o doğurdan da mı kiminləsə söhbət edirdi? Yoxsa bunların hamısı sadəcə onun fikrindən keçənlər idi? Bilmirəm…
Ətrafdakıların laqeyidliyi onun mənəvi sarsıntısına səbəb olur. Son da Feyerbax ömrünün son pilləsi kimi baxdığı pilləyə doğru addımlayır…

Tamaşaya əvvəldən axıra kimi heç yorulmadan, diqqətlə baxdım, Feyerbaxın iztirablarını hiss etdim, acı gülüşündən təsirləndim, sonuna təəssüfləndim…
Bütün bu hissləri möhtəşəm şəkildə təqdim etdiyi üçün Şövqi Hüseynova təşəkkür edirəm və bol yaradıcılıq uğurları arzulayıram!

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru