30 iyun 2007. …Neçə gündür Nəsimi haqqında yazmağı düşünürəm.İnşallah müvəffəq olaram.Nəsimi haqda yazmaq üçün gərək ilk öncə özün bir sufi həyatı yaşayasan.Daha haram dünya işlərindən iki saat vaxt ayırıb yazı stolu arxasına keçməyəsən.Çünki Nəsimi qeyrilərindən fərqlənir.Bəlkə başqası haqda yazanda bunlar tələb olunmur.Ancaq Nəsimidə bu şərtdir.Çünki Nəsimi vəhdəti- vücudu ən doğru şəkildə anlayan və anladandır.Nəsimi yaradıcılığında digərlərindən fərqlənən əsas xüsusiyyət onun vəhdəti vücud nəzəriyyəsinə tam dolğun şəkildə baxmasıdır. Nəsiminin həyatı keşməkeşli kecsə də bütün bunlar yaradıcılığına qətiyyən təsir etmir.O,daim nikbindir.Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyıt də budur.Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görülən neyin inləyişi,aşiqin məşuqu üçün axıtdlğı hicran göz yaşlarına da rast gəlinmir.Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi və yaxud gül- bülbül sevğisindən söz açılmasın.Mövlanə həyatı boyu neyin gəldiyi qamışlığın özləmini çəkməsindən yazdı,Bəyazid Bistami ilahi eşqdən,Yunis Əmrə də elə ney mövzusu,bir də ilahi dost.Nəsimidə isə bütün bunlara demək olar ki,heç rast gəlinmir. Ancaq tarix də sübut edir ki,Nəsimi,Rumu kimi kimi böyük şairlər quru,boş yerə yaranmırlar.Nəsimidən öncə Həllac Mənsur,Mövlanə,Nizami olmasaydı,bəlkə İmadəddin Seyid Əli də heç bir zaman Nəsimi (olmayaçaqdı) kimi dahiyə çevrilməyəcəkdi.Nəsimi yaradıcılığı hər nə qədər onlardan fərqlənsə də,onlar Nəsimiyə tam da yabançı deyil. Dünyaya ağlayaraq gələn Qeysin nə üçün gözəl sənəmin qucağında sakitləşdiyi sirrini Nəsimi aləmə faş eylədi.Qurani-Kərimin “Tin” surəsinin 4- cü ayəsində Allah Təala buyurur ki, “Biz insanı ən gözəl biçimdə yaratdıq”. Bu artıq ilahi sevgi deyil,ən gözəl şəkildə xəlq edilən insanda Allahın təcəssümüdür Əgər ruh gəldiyi yerin özləmi ilə ağlayırsa onda qucaqda sakit olmazdı.Xeyr,böyük yaradıcı ilə dost vüsalı üçün ağlayırdı.”Yerı göyə sığmadım,mömin qulumun qəlbinə sığdım” ilahi xəbərini Nizami və Nəsimidən başqa kim daha yaxşı anlayardı. Həllac Mənsur İbn Arabiyə qədər sadəcə Ənəl Həqq deyən biriydi.Ancaq əslindı,Bəyazid Bistaminin əkdiyi Tovhid ağacını öz qanıyla sulayan eşq şəhidiydi.Bu ağacın meyvəsini isə insanlığa Vəhdəti Vücud nəzəriyyəsini quran İbn Arabi verdi.Vəhdəti Vücud nəzəriyyəsinə,elə İbn Arabiyə də daha sonra Nəsimi sahib çıxdı.Qüdsi hədislərin birində Allah Təala buyurur: ” Mən gizli xəzinə idim və insanı yaratdım”. “Qaf” surəsinin 16-cı ayəsində “Biz insana şah damarından daha yaxınıq” buyurulur.”Ənəl Haq” deyən Mənsur da əslində,gizli xəzinənin insanın içində- özündə olduğunu deyirdi.Bilinmək istəyən Allah- yaradıcını insanlara göstərirdi Həllac.Nəticəsi o oldu ki,qafillər Həllacı öldürməklə bilinmək istəyən Allahı özlərindən uzaq tutdular.Həllacdan sonra Mövlana,Yunus Əmrə kimi şairlər bu mövzuya toxunsalar da. “Bir ben vardır bende, benden iceri”. Ancaq yenə də ən cəsarətli addımı “Həq məndədir daim Ənəlhəq söylərəm” deyən Nəsimi atdı.
Vətənə xidmətdə qüsursuz olan, Düşməni lərzəyə, qorxuya salan, İgidlik göstərib tarixdə qalan, Şirinov Kamildir-şəhid kapitan!
Vətənə məhəbbət qanda dolaşan, Ruhunda, qəlbində, canda dolaşan, Axır nəfəsində, anda dolaşan, Şirinov Kamildir-şəhid kapitan!
Şəhidlik musiqi, şeir, bəstəsi, Sözləri dilində bəzəyən səsi, Solmayan şəhidlik istək, həvəsi, Şirinov Kamildir-şəhid kapitan!
Füzuli uğrunda döyüş zamanı, Yetişdi cismani ayrılıq anı. Qazanan bu yolda şərəfi, şanı, Şirinov Kamildir-şəhid kapitan!
Yetən şəhidliyə igid dizində, Gözləri gələcək şəhid üzündə, Camal İsmayılov adı sözündə, Şirinov Kamildir-şəhid kapitan!
Camalın, sözünə, şöhrət gətirən, Şeirinə dəyərin, qiymət gətirən, Fikir nümunəsinə izzət gətirən, Şirinov Kamildir-şəhid kapitan! 29 Sentyabr 2024
Sevginin gözəlliyi
Olmayır gözləri, qaşları, üzü, Sevgi, gözəllikdir, sevgi yaraşıq! Həlimdir sevənin cümləsi, sözü, Sözlər də sevgiyə olubdur aşiq!
İncitək bəzəsə cümlələr dili, Sevgi duyulmayan sözlər əbəsdir! Sevginin olmayır, həftəsi, ili, Sevgi bir ömürlük olan nəfəsdir!
Sevgi fəsillərdə yamyaşıl ürək, Sevgi yığışan yanaq, gülən dodaqdır. Sevgi təmənnasız arzular, dilək, Könüldən car çəkən səsdir, soraqdır.
Bürüsə sevginin ətri ürəyi, Yayılar könüldən üzə görünər. Əsərsə qəlblərdən sevgi küləyi, Sevgi rəftar ilə gözə görünər.
Camal, ürəyinin həssas telləri, Sevgi notlarıyla bəstəyə dönsün! Yayılsın ruhuna sevgi yelləri, Sevgi yaşamında istəyə dönsün!
30 Sentyabr, 2024
Ürək danışır
Ürək də danışır sanma susubdur… Danışır ürəklər içdən səsiylə, Danışır gözlərə yansıyan sözlə, Baxışlar yol çəkir parlayan gözlə… Ürək öz hissini ötürür zehnə, Düşüncə qatında yaranır səhnə… Axı ürək danışır… Bəzən küskün halda, bəzən sevincək, Bəzən xəyallarla, bəzənsə gerçək, Gətirir hisləri sözə ürəklər… Yetişir könüldə neçə diləklər… Sanma ki, ürəklər danışmır susub! Danışır ürəklər üzlərə qonan, Şirin təbəssümlə, xoş gülüşlərlə Səslənir ürəklər bir an içində, Sevimli kəslərin gəlişləriylə… Camal, neçə kəsin ürəyinə sən, Bir şirin sözünlə sevinci payla… Payla ki, sevinsin ürəklər sənlə, Barışıq testin et səndən küsənlə.
24 Oktyabr 2024
Şəhid Qoşqar
Məktəbdən cəbhənin yolların seçən, Müəllim peşəsindən daşınan, keçən, Şəhidlik şərbətin bal kimi içən, Şəhid müəllimdir, Ömərov Qoşqar!
Səmimi, mehriban, gülərüz olan, Qəlblərdə sevgiylə yerini alan, Tarixdə ən uca isimlə qalan, Şəhid müəllimdir, Ömərov Qoşqar!
Hər bir şagirdinə yetən qayğısı, Böyükdən-kiçiyə çatan sayğısı, Qəlbini bürüyən hissi, duyğusu, Şəhid müəllimdir, Ömərov Qoşqar!
Füzulidən tutmuş Şuşaya qədər, Canını düşmənə eyləyən sipər, İstəyi, hədəfi getməyən hədər, Şəhid müəllimdir, Ömərov Qoşqar!
Həyatda ömrüylə saxlayan izin, Şəhadətin nuru parladan üzün, Camal, milyonlara sevdirən özün, Şəhid müəllimdir, Ömərov Qoşqar!
5 Noyabr, 2024
Ürək dolu
Vətən üçün xidmət edən dizin-dizin, Hər daşına, cığırına salan izin, Torpağına vüsal eşqli qoyan üzün, Şəhidlərə sevgi dolu salam olsun! Salam olsun Vətən üçün yumub gözün, Üstün, uca məqamlara çatanlara. Salam olsun pak Cənnətə salan özün, Ruhlarını pak ruhlara qatanlara. Salam olsun damla-damla tökən qanın, Axıdaraq şəhadətə yetənlərə. Ürəkdəki niyyətinə zəvvar olub, Qumlar üstə tapşıraraq verən canın, Səmalarda şərafətə yetənlərə! Dağlarına əli yalın çıxanlara, Düşmənini üzü üstə yıxanlara, Zirvələrdən qalib olub baxanlara, Sevgi dolu, ürək dolu salam olsun! Camal, dünənində, bu gün, bu anda, Ümidlə yetişən sabah olanda, Sevginlə baş-başa qalan zamanda, Şəhidlərə ürək dolu salam olsun! Şəhidlərə dilək dolu salam olsun! 8 Noyabr, 2024
Duyğulu xəyal
İfadə eyləmək çətindir, çətin! Qapının zəng səsi eşidiləndə Hissini onlarçün dilə gətirmək Qapı dəstəyindən səslər gələndə. Kaş! Yenə də o günlər olaydı indi! Kaş yenə qapıdan cüssəli oğul Əyilib qapıdan evə girəydi! Yenə də səsləyib yorğun səsiylə, Mən gəldim! Deyərək evə gələydi! Nəyin var, Anacan, Yeməyə mənə? Şirin-şirin sual edə biləydi. Yenə! Gələ bilsə o səslər yenə! Hər axşam evinə gələn oğullar, Şəhidtək Cənnətə sakin oldular. Qohuma, qardaşa gülən oğullar, Yaddaşda, ürəkdə daim qaldılar. Müqəddəs şəhidlər tərbiyə edən, Vətənə bu yolla xidmətin edən, Könül, qəlbinizə məhəbbətimiz Sevgimiz sizinçün qurban ay Ana! Saygimiz sizinçün qurban, ay Ata! Camal, qələmindən gələn mürəkkəb, Yazsın Şəhidlərin cəsarətindən. Şəhidlər olacaq hər zaman məktəb, Danış Şəhidlərin şücaətindən. 13 Noyabr, 2024.
Pəncərələr yaşla dolu kimə baxır, görəsən ? Kimin üçün azadlıqdır, kimin üçün qənimdir. Sənin də azadlığın burdan keçir biləsən, Bəlkə də pis sabahlar, ən gözəl dünənindir.
Nə qədər ümid etsək, gəlməyəcək o günlər, Həyat uğur yolunda bitirər kolu, kosu. Baxır uzaqdan bizə doğmayacaq günəşlər, Baxır uzaqdan bizə məsum ömür, doğrusu.
Kimi çörəyə həsrət, kimi işığa, suya, Kimi ölüm arzular, kimi dirilmək dilər. Kiminin ürəyində deyilməmiş dərdi var, Kiminin əllərində açılmamış çiçəklər.
2021
TƏNHALIĞIN ELEGİYASI
Sıxır ürəyimi tənhalıq yenə, Pəncərə ruhuma səpilir yağış. Bezdim bu yolların, bu küçələrin, Əlindən getməmiş, uçub, qaçmamış, Bir ölüm haqlayar, bir ölüm məni. Yığıla dünyanın bütün sevinci, Gəlib qabağımda dura, nə fayda?! Mənəm xoşbəxtlikdə sondan birinci. Baxım aynalara, qalıb o tayda. Güzgülər əlimdə paralanmamış, Bircə görə bilim, səni bu tayda. Sarılır fikirlər ümid qoluna O qol quruyacaq elə deyilmi? Üzümün hirsinə, qırışlarına, Bu acı həftələr batan deyilmi? Darıxır ayağım, ayaqqabım da O yollar, cığırlar, skamyalar da Onlar da pas atıb, alaq almamış, Tərpənim, bir gedim, bir görüm yəni.
2021
ÜMİD
Arzular asıldı dar ağacından, Gülüşüm boğuldu quruda, suda. Hələ də umuram nəsə həyatdan, Ümidim kədərə məğlub olsa da.
Məhərrəm Danayi – “21 Azər” hərəkatının fəalı, inqilabçı, Xalq artisti, gözəl sənətkarımız Valeh Kərimovun atası.
(Bu rubrikanı babam İsmayıl Paydarın timsalında bütün güneylilərimizə, həmşərilərimizə ithaf edirəm)
Bir payız axşamı…Teymur Salahovun (Xalq rəssamı Tahir Salahovun atası) ömür-gün yoldaşı Sona xanımın mənzili…Məhərrəm Danayi ilə Sona xanımın mənzilində qədim ailə dostlarının ürəkodlayan, canyaxan, qəlbsızladan görüşü…Vaxtilə Teymur Salahovla dostluq edən, sovetlərin ilk dönəmlərində müxtəlif vəzifələrdə çalışanların aqibəti fərqli olmuşdu.Teymur Salahov repressiyanın qurbanı olarkən, Məhərrəm Danayi canını qurtarıb gəldiyi yerə – Güney Azərbaycana sığına bilmişdi. Gəlin ondan başlayaq ki, bu tayda Seyfulla Kərimov kimi tanınan, Məhərrəm Danayi hələ gənc yaşlarından quzeyə pənah gətirib. Sovetin ilk dövrlərində milis orqanlarında çalışan müxtəlif rayonlarda – Laçında, Ağsuda sistem işçisi – milis rəisi kimi fəaliyyət göstərən Məhərrəm Danayi “Fədailərimizi tanıyaq!” rubrikasının baş qəhrəmanıdır.Stalin repressiyalarının “Trotskiçi” “pantürkist”, “panislamist”, “Kirov qatili”, fəhlə ya mühəndis, şair ya alim – ağına- bozuna baxmayıb hər kəsi xışlayanda Məhərrəm başa düşür ki, azacıq da geciksə, onu da göndərəcəklər gedər-gəlməzə.Danayi soyadlı Məhərrəm kişi elə soyadına layiq – əsl alim kimi, arif kimi davranır.Teymur Salahovun həyat yoldaşı Sona xanımın bu sayaq xəbərdarlığını qulaqardına vurmur:
-“Teymuru apardılar.Özünü qoru!” Prokrorluq binasının axasınca, evlərin damları ilə, “asta qaçan namərddir”- deyibən yollanır düz Biləsuvara, ordan da Güney Azərbaycanına – gəldiyi yerə qayıdır.Məhərrəm kişi gəldiyi yerə getməyində olsun, biz onun həyat tarixçəsini səhifələyək! Quzeydə Seyfulla Kərimov, güneydə Məhərrəm Danayi – Belə ikili ömrü iki sahilin balaları çox yaşayıblar. Biz – həmşərilərə tanış ömürdür bu ömür.Gündüz bir adda, axşam bir adda yaşamaq, könlünü hürriyyətə bağlayanların bəzən adəti olmuş, bəzən səadəti. Əsas odur ki, içimdən hayqırmağım gəlir: -“Yaşasın İnqilab!”
-Yaşasın!
-Yaşasın! -Yaşasın da, amma öz balalarını yeməsin. -Necə? Axı “inqilab” deyənin daha qulağın kəsmirlər, bilmərrə yox edirlər.Yoxluq yoxdur, varlıq var, yaşamaq var! Yaşamaq üçünsə öncə doğulmaq lazımdır. Məhərrəm Danayi 1905-ci ildə Güney Azərbaycanın Sərab mahalında doğulub.Kipriyi ilə od götürüb yeniyetməliyindən, zülm-zillət, İranın təbəddülatlı dövrü, müxtəlif ictimai-siyasi formasiyaların bir-birini əvəzləməsi, güneydəki aclıq, səfalət Məhərrəmə də təsirsiz ötüşmür, ancaq günlər sürətlə ötüşürdü.Güclü iradəli, çevik təfəkkürlü Məhərrəmin əyninə üsyanlar biçilmişdi.Sığmırdı Səraba, gəlir şimala sarı.Axı guya şurəvidə krandan su əvəzinə süd axırmış, çoxu aldanır bu şirincə nağıllara, guya dağarcıq çuvaldan böyük olmuşdu.Guya güneydə tapmadıqlarını quzeydə bulacaqdı Məhərrəm.Amma qonaq umduğunu deyil, bulduğunu yeyər.Məhərrəmin bulduğu isə qorxu oldu, hürkü oldu, təlaş oldu, təşviş oldu. Dediyim kimi, tutatut və qaçaqaç zamanı şimaldan qaçır Təbrizə.O zaman yeniyetməliyini sovet Azərbaycanında keçirən istənilən yurddaşımız “21 Azər” hərəkatına asanlıqla qoşulurdu.Çünki dünyanınn gərdişindən hali idilər.Ona görə belə inqilabçılar – Əli Tudə, Balaş Azəroğlu, Mədinə Gülgün və başqaları Pişəvəri üçün əsl göydəndüşmə idilər.Amma onlar zənbillə göydən düşməmişdilər.Min bir ənvai-müsibətlə yetişmiş, püxtələşmişdilər.Məhərrəm də olsun onlardan biri.Əvvəlcə Miyanə şəhərində kök salırlar.Elə Valeh Kərimov da həmin şəhərdə, 1944-cü ildə anadan olub.Sonra digər fədailər kimi Danayi ailəsinin də taleyi Təbrizlə bağlı olur.Zira Təbriz inqilab mərkəzi kimi hərəkata yön verir, bütün məmləkəti idarə edirdi.Məhərrəm Danayinin digər oğlu Sabir elə Təbrizdə doğulur.Bəli, həmin çağlarda Təbrizin çiçəyi çırtlayırdı, günü-gündən Demokratik Hökumət güclənməkdə idi.Bir gündə 14 min fəalın Demokratik Firqəyə qoşulması güneylilər üçün böyük xülyalar yaratmışdı.Kim deyərdi ki, bir il sonra, yarandığı gün süqut edəcək Pişəvəri Hökuməti? Asılanlar, kəsilənlər, öldürülənlər, məhbəsdə çürüdülənlər, ayağına at nalı vurulanlar, Gülüstan xiyabanında asılanlar, ehhh daha kimlər, kimlər… Asılmaqdan söz düşmüşkən, Firudin İbrahiminin asılmağını gözləri ilə görmüşdü Danayi ailəsi. (Valeh müəllimin anası bu olayın şahidi oub) 12 dekabrın səhərisi gün isə Məhərrəm yoxa çıxır.Fəal kimi qanına qəltan olunacağını düzgün proqnozlaşdıraraq dübarə quzeyə pənah gətirir. 2 yaşlı Valeh, qardaşı Sabir, anası Nəcibə xanım(burada Xanım kimi tanınır) bir müddət Tehranda yaşamalı olurlar.O məşəqqətli günlərdə Valehin dayısı onlara hamilik edir.
Qeyd: Xalq artisti Valeh Kərimov indi də arabir çocuqluq xatirələrini körükləyir və Tehranda yaşadıqları evi yadına salır: “Balaca, xudmani bir ev idi.Evin qarşısında dəmiryolu var idi.Yadımdadır ki, yanımızda çit fabriki və karxana da işləyirdi.Onu da xatırlayıram ki, yayda qapı-qapı gəzib buz gətirib camaata satırdılar.Bəzən dünənki hadisə yaddan çıxır, amma uşaq ikən Tehranda dayımgildə qaldığım günləri yaxşı xatırlayıram.Bəlkə bu xatirələri unutmağa həyəcanımız, yaşadıqlarımız qoymayıb.”
Məhhərəm Danayinin ailəsi isə 4 il sonra – yalnız 1950-ci ildə quzeyə keçə bilir.Dövlət sərhədini pozduqları üçün Məhərrəmin qardaşı, həyat yoldaşı və oğlanları 3-4 ay müddətində məhbəs həyatını da dadırlar.Masallı ilə Cəlilabad arasında, indiki Göytəpə adlanan kənddə həbsdə qalıblar.Sonra məhbəsdən qurtulub Samuxa göndərilirlər.Samux rayonunun Qaraarx kəndində birotaqlı mənzillə təmin olunurlar.Məhərrəm Danayinin Seyfulla Kərimova dönüşü yenidən başlayır.Stalinin ölümünə kimi gizli ömür yaşayır, gizlincə evdən gedir, səssizcə, kirimişcə gecənin gec vədəsində evə dönürdü.Stalinin ölümündən sonra Məhərrəmin başı üzərindəki qara buludlar rəngini dəyişir, təhlükə peydərpey sovuşur.Məhərrəm kişi Demokratların Daşkəsəndəki, Bərdədəki komitələrində sədr kimi işləyir. Valeh Kərimovla dialoqumuzda bir az da məhrəmanə söhbətlər edir, o əsnada daha da doğmalışırıq.Doğma ünvanlar biz həmşərilər üçün birdir – keçmiş “İskra” küçəsi – 6 Nizami metrosu yaxınlığında, Karamel fabriki tərəfdəki doğma komitəmiz. -Bəli sizi – “Paydarlar”- ı da tanıyıram söyləyir Valeh müəllim.Xeyli danışdıqdan sona Çavuşinin, Rübabə Muradovanın (İşraqinin), Siyavuş Kəriminin də həmin ünvanlarda olduqlarını söyləyirik.Valeh müəllim Çavuşnin adını unudur, onun yadına salıram: “Mir Mehdi idi” Dərhal yadına düşür.Sonra Göyçayda da komitə sədri işlədiyini vurğulayır.Mən də onun Quba həyatından danışıram. Yeri gəlmişkən, Qulam Yəhya ilə atasının, əsas da əmisinin dostluq etdiklərni də vurğulayır.Həsən Əblucla bir kursda oxuduğunu, dost olduğunu, həmçinin şair Məhəmməd Biriya, Söhrab Tahirlə olan ülfətindən danışır.Hətta gəncliyində Şamaxıda, 6 – cı sovxozda qastrol səfəri zamanı Biriyanın orada olduğunu bilib, onunla görüşə də getdiyini də xatırladı gözəl sənətkarımız. Bu insanların haqqını vermək naminə demək olar, çox fədainin adını çəkir, maraqlı söhbətimiz uzandıqca uzanırdı.Bəs necə olub ki, bu qədər keşməkeş içində Məhərrəm Danayi sağ qalıb? Maraqlı sualdır, fəqət cavabsız deyil. Ölümə meydan oxuyan inqilabçını Haqq özü qoruyurmuş.Necə də gözəl deyib İmam Əli (əs) : “Haqlısansa, Haqq səni qoruyar!” Fədaimizin haqqa qovuşma anı isə belə olub: Dost-aşnanın dostanə şəkildə “Məhi” çağırdıqları – fədai Məhərrəm Danayi 83 yaşında – 1988-ci ildə Bakıda vəfat edib.Dəqiq gününü də deyim sizə – avqustun 29 -da.Sağlam kişi idi, heç nəyindən şikayətlənmirdi, gecə yatır səhər durmur.Yəni mərəzi filan yoxmuş. -Əcəba, səmimiyəmmi bu qənaətimdə? -Əsla! -Necə yəni mərəzi yoxmuş? Necə yəni şikayət eləmirmiş? Güneydə doğulub, “21 Azər” hərəkatının şanını görənin, şöhrətini dadanın, arzusu, murazı, idealı hürriyyət olanın ən böyük mərəzi xiffət deyilmi, hicran, hüsran deyilmi?! -Necə yəni ağrımırdı? -Necə yəni sızlamırdı? Bəs Təbrizdə yarımçıq qalmış ideyaları? Ürəyi göyüm-göyüm göynədən, sızladan Təbriz həsrəti Məhərrəmin boğazına əngəl-kələf olmamışdımı?! -Elə olmuşdu! O tayda doğulanların bu tayda vəfat etmələri epizodunu görəndə babam İsmayılın aqibəti və minlərlə güneylimizin qədəri, taleyi yadıma düşür.Həmin insanların həyat kitabçaları ancaq bu adla başlayır: İKİ SAHİLİN BALASI. Siz də bu cür oxumağa başlayın. -İKİ SAHİLİN BALASI – MƏHƏRRƏM DANAYİ Ağrılı-acılı, fərəhli-sevincli bu kitabı birnəfəsə, fasiləsiz oxuyacağınıza tam əminəm. Yeri gəlmişkən, bu kitabın səhifələrində əlfəcinə rast gəlməyəcəksiz. Çünki bir udum su kimi içilən ömür kitablarına əlfəcin qoyulmur!
(Bu araşdırma-yazıda Məhərrəm Danayi – Seyfulla Kərimovun oğlu – Valeh Kərimovun xatirələrinə, habelə şəxsi faktlarıma söykənmişəm)
Dövrünün ən məhşur aşıqlarından olmuş, bir neçə aşıq dastanının və aşıq havasının yaradıcısı, o cümlədən “Koroğlu” dastanının ən mahir bilicisi olmuş ustad Aşıq Hüseyn Bozalqanlı aşıqlar arasında Azərbaycanın ilk Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş və Yazıçılar Birliyinin ilk aşıq üzvü olmuşdur. “Əli qılınclı şair” hesab olunmuş aşıq Hüseyn Bozalqanlı “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Bugün Ustadın anım günüdür. Məkanı cənnət olsun. Ruhu şad olsun. Şeirlərindən bir neçəsini sizlərə təqdim edirik..
“Yaxşı sat”
Mərd igidi üç şey çəkər qabağa, Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad. Bir ayə var, min ayədən əfzəldir, “Be”ydi, “hey”di, yaxşı “lam”dı, yaxşı “sad”.
Bədöy mənzili kəhər at yetirməz, Nanəcibə öyüd versən, götürməz, Ölənədək nişanını itirməz, Yaxşı əsil, yaxşı nəsil, yaxşı zat.
Hüseyn sözün nə gizləyə, nə dana, Nə yaranar, daha doğar nə də ana. Gövhər mətahını açma nadana, Tök bazara, sərrafına yaxşı sat.
“Talib oldum”
Talib oldum, bir ustaddan dərs aldım, Mənim dərsim əlif, beydi, ayindi.. Tiği-düsər qilabında zikr eylər, Səməndi var əsən baddan yeyindi.
Cəbrayıl vəhy gətdi ərş aləmindən, “Əhsən!” – səsi gəldi ruyi-zəmindən. Qeyzə gəlib qılınc çəksə qınından, Görən deyər ruz əl-məhşər bu gündü.
Aləmi-zərrədə islam dinliyəm, Sadiqib qövlündə bənd divanlıyam. Mahalım Tovuzdu, Bozalqanlıyam, İsmim xəbər alsan aşıq Söyündü.
“Düşməmiş”
Deyirlər dayanıb zərli qanadı, Gedirəm tərlanım tor düşməmiş. Özüm də bilmirəm bu nə sevdadı? Alışıb yanıram qora düşməmiş.
Zənanə mərdanə danışan zaman, Onun məclisinə gəlməyin yaman. Mərd igid çəkərmi aman, əl-aman?! Qabaqda ən böyük zora düşməmiş.
Bülbül qəfəsdədir, ürək döyünü, Qarı düşmən deyib, gülüb, öyünü. Dar gündə çağırıb aşıq Söyünü, Gərək çatam qəm-küdara düşməmiş.
“Dərdin alım”
Bu dünyanın hər sirrini, Məm bilərəm, dərdin alım. Könüllərin küdurətin, Mən silərəm, dərdin alım.
Dayanaram, meydanda nər, Heç qoxmaram mən sərasər. Elə billəm külək əsər, Tez gələrəm, dərdin alım.
Mən görmüşəm özlərini, Bənd eylərəm yüzlərini.. Aşıq Hüseyn, sözlərini, Mən ələrəm, dərdin alım.
“Oynar”
Bu nazlı dilbərin toy büsatıdır, Ağ əllərdə hənalar oynar. Döşündə döşlüyü, belində kəmər, Qulağında qızıl tanalar oynar.
Məclislər düzülər saz zamanında, Gözəllərin işvə, naz zamanında. Qızılgül açılar yaz zamanında, Bağda bülbül, göldə sonalar oynar.
Anlamaz yanında lal olan Hüseyn, Sərraflar yanında ləl olan Hüseyn, Kotan bərkiyəndə kəl olan Hüseyn, İndi qabağında danalar oynar.
“Dolandığım”
Səhər-səhər çıx qarşıma, Dur, başına dolandığım! Oğrun-oğrun qıyqacı bax, Gör, başına dolandığım!
Tellərin dönüb kəməndə, Gözəllər olub şərməndə, Qara saçın dar gərdəndə, Hör, başına dolandığım!
Hüseynin aldın canını, Apardın din, imanını, Əsirgəmə müjganını, Vur, başına dolandığım!
“Bilən deyiləm”
Şair cərgəsində adım çəkilir, Hərcayı sözləri bilən deyiləm. Öz yerimdə sakit başım saxlaram, Uzaq yerə gedib-gələn deyiləm.
Hərçəndi aşiqəm, tərki-vətənəm, Sərrafına ləli-gövhər satanam. Təklif olan yerdə qırx gün yatanam, Bitəklif yerlərdə qalan deyiləm.
Bu peşə Hüseynə köhnə adətdi, Hər sözüm məclisdə xoş ixtilatdı. Gecədə dövranım beş yüz manatdı, Bir cəm qardalıya çalan deyiləm.
“Ya dəyə”
Nə lazımdır naqabilə söz deyəm, Xatirinə ya dəyməyə, ya dəyə? Sizin olsun eyvan, otaq, alaçıq, Bizə bəsdir ya kölgəlik, ya dəyə.
Pis övlada öyüd verər yaxşı ata, Yaxşı igid, süvar olar yaxşı ata. Kamil ovçu bərəsində yaxşı ata, Keçirəndə ya dəyməyə, ya dəyə.
Hüseyn deyər, mail oldum Gülxara, Geyinibdir zəri, ziba, gülxara. Qorxuram ki, qismət olar gül, xara, Bağban ölə, dal, budağı yad əyə.
“Oynar”
Duman qalxar alçaq dağın dalından, Zimistan qəhrində qarınan oynar. Yayın ortasında sədri xallanar, Dörd fəsildə boran, tarınan oynar.
Tülək-tərlan şikar verərmi sara? Mümkün olmaz caynağından qurtara. Laçın neylər ərşdə şahın-şonqara? Göydə durna olar, qatarnan oynar.
Şair qəzəl yazar xuba, gözələ, Dil xoşlaya, könül sevə, göz ala. Yanaq lalə, buxaq büllur, göz ala, Qoşa xallar zülfü marınan oynar.
Axtarırdı Hüseyn, tapdı dər, indi, Bağ salıbsan, gir, barını dər, indi. Mən qəvvasam, bəhrlərim dərindi, Qəvvaslar dəryada dürrünən oynar.
“Bu gecə”
Qəm çəkmə, qəm yemə, divanə könlüm, Yetirərəm səni yara, bu gecə! Üzümü sürtərəm telə, buxağa, Çəksələr dilimdən dara, bu gecə.
Hürküşdü sonalar, boş qaldı göllər, Dağıldı ahular, ağladı çöllər. Kül başına olsun şeyda bülbüllər, Gülün mehman oldu xara, bu gecə!
Hüseyn, sınmış dilin yara dəyərsə, Təbib neştər vurar, yara dəyərsə. Əgər əğyar əli yara dəyərsə, Sübhədək çəkərəm nərə bu gecə.
“Şirin-şirin”
Talib oldum bir bağbanın bağına, Bağban bəsləyibdir bar, şirin-şirin. İstəsən ki, mətləbinə çatasan, Qul ol, qulluğunda dur, şirin-şirin.