Ədəbiyyat və poeziya elə bir müqəddəs dünyadır ki, ona yalnız ürək insanları və söz həvəskarları qədəm qoyur. Qələmimi ilk dəfə əlimə alıb, söz adlı çəmənliyin astanasında dayananda, “Şeirlərində coşqu var, ruhunda Üsman Nəsirin üsyanları hiss olunur. Amma taleyi ona bənzəməsin…” deyərək mənim yaradıcılığımı yüksək qiymətləndirən, bənzərsiz şairə, alim və əziz bacım Gülçöhrə Zokirovanın dəstəyi həyatımda mühüm yer tutur. Həyatım boyunca çox müəllimləri, böyük şair və yazıçıları tanıdım. Amma onların arasında Gülçöhrə bacımın yeri bənzərsizdir. Onun istedada və insaniyyətə verdiyi dəyər hər zaman mənim üçün zirvədə olub. Ədəbiyyata gəldiyim bu illər ərzində onun mənə göstərdiyi inam və mənəvi dəstəyi heç vaxt unutmayacağam. Ən çətin anlarımda, hər şeydən əl çəkib getmək istədiyim vaxtlarda, o, mənə bir ümid çırağı kimi yol göstərdi. Belə bir insan necə qəhrəman, necə dəyərli olmasın?!
Bacımın alimliyi, şairəliyi və insaniyyəti qarşısında sözlər həmişə aciz qalar. Mən onun elmindən, yaradıcılığından çox, insani dəyərləri qarşısında təəccüb və heyranlıqla dayanmışam. Məvlana Rumi demişkən: “Libas geyinmiş, amma içində insan olmayanları gördüm, İnsan olanları gördüm ki, üstlərində libas yox idi.” Ədəbiyyat aləminə qədəm qoyduğum illər ərzində çox şair və yazıçı ilə tanış oldum. Onların arasında hörmət və istedad sahibi olanlar var idi. Amma insanlığı olmayanlar da az deyildi. Bu sözlərlə hamını pisləmək niyyətində deyiləm, çünki hər kəlmə öz sahibini tapar. Əgər məndən ən yaxşı insan necə olmalıdır deyə soruşsalar, tərəddüdsüz deyərdim ki, Gülçöhrə bacım kimi. İnsanların sevgisini və hörmətini qazanmaq üçün yalnız əməli yardım göstərməklə kifayətlənmək olmaz. Hər kəs bunu edə bilmir. Mənim Gülçöhrə bacıma qarşı sonsuz hörmətimin və sevgimin səbəbi odur ki, o, məni həmişə sözsüz anlayıb, ruhən mənə dəstək olub və özümə inamımı artırıb. Bu gün mənim əziz bacımın, əsl mənada müəllimim və yol göstərən ulduzumun doğum günüdür. Allahdan arzum budur ki, onun ömrü uzun, hər günü işıqlı və sevinclə dolu olsun. Bacımın mənəvi dəstəkləri, ədəbiyyat aləmində göstərdiyi əvəzsiz yardımları üçün ona bir ömür təşəkkür borcum var. Şair və ya yaradıcısı kimi deyil, bu gün mən bacıma qardaşı kimi sevgimi və hörmətimi ifadə etmək istəyirəm. Onun gözəl insani keyfiyyətləri qarşısında mən şairliyimi unuduram. Kim olmağımdan asılı olmayaraq, mən həmişə onun qardaşı, o isə mənim əziz bacım olacaq. Həyatımda mənəvi olaraq yanımda olduğunu bilmək, dualarımda onun üçün ən yaxşılarını arzulamaq mənim üçün böyük xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, əziz bacım! Allah sizə bütün yaxşılıqları nəsib etsin!
Müəllif: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Soruşursuz ki, mütaliəmi vacibdir, istedadmı? Bir digərinə köməkmi edir, manemi olur? Sualınız gözəl bir esse üçün əsas veirir. Kim yazacaqsa ona əhsən. Mütaliənin yazıçıya xeyri və ziyanı sualında yəqin, siz bədii mətnin mütaliəsini nəzərdə tutursuz. Hər halda mənə elə gəlir. Gəlin şərti olaraq ilk yazıçını təsəvvür etməyə çalışaq. Dünyadakı ilk yazıçını, romançını… Əlbəttə ki, o mütaliə eləməmişdi, çünki ilk yazıçıydı. Bu mümkündürmü. Əlbəttə. Dünya nəsri (=romançılığı) tarixinin ilk romançısını tanımasam da, hərdən mənə gəlir ki, bu Daniel Defo da ola bilərdi, Servantes də. Robinzon Kruzo da, Don Kixot da ilk roman qəhrəmanları kimi olduqca maraqlı görünürlər. Razılaşın, bu romanları yazmaq üçün əvvəlki bədii irsi bilmək o qədər də vacib görünmür. Amma tutalım biz Coysun “Uliss”i haqqında eyni şeyi deyə bilmərik. Daniel Defonun variantında ”mütaliəsizlik”, Coysun variantında “mütaliəlilik” eyni qədər vacib, çəkici, inandırıcı görünür.
Ədəbiyyat tarixində çoxlu yazıçılar var ki, keçmiş tarixlə öz yaradıcı bioqrafiyaları üçün dərin təəssüf hissi keçiriblər. Tolstoy məsələn. Yaxud yazıçılar olub ki, bir və ya bir neçə əsərdən sonra susublar. Özlərini müəyyən mənada sükuta ithaf ediblər. Selincer, tutalım. Bu və ya bunabənzər misalllarda sizin suallar üçün o qədər əhəmiyyətli cavablar gizlənib ki. Düzü, indi mən düşüncəmi işğal edən bütün cavabları yığıb-yığışdıra bilmirəm. Bir az da həvəssizəm.
Çağdaş dünyamızda məqsədi ədəbiyyat olanlar üçün daimi mütaliə qaçılmazdır, həyatları boyu davam edən proses olmalıdır. Məqsədi həqiqət olan adamlar üçün kəmiyyət vacib deyil. Bütün dövrlər üçün də, indi də. Bir böyük kitabı oxuyub bütün ədəbiyyatları hiss etmək qabiliyyətini formalaşdıra bilərsən, on minlərlə kitab oxuyub “quru yurdda”da qala bilərsən.
İnam məsələsində qoca qarı istənilən filosofdan çox bilir. Ədəbiyyat həm də inam və iman işidir.
Uilyam Batler Yeyts “Anima Mundi”də Hötenin bir məktubunu sitat edərək yazır: “Bir gənc dostum hədsiz intellektualizmdən və “yaradıcı sonsuzluq”dan əziyyət çəkirdi. Halbuki obrazlara doğuracağı müxtəlif assosiasiyalarla birgə formalaşmaq imkanı vermək lazımdır, yalnız bundan sonra intellektualizmin doğurduğu tənqidi yanaşma bacarığı işə salına bilər. Əgər sonuncu qabağa düşsə obrazlar ümumiyyətlə doğulmayacaq. Amma tənqidi yanaşma bacarığı vaxtında boğularsa (ola bilsin dualar, meditasiyalar vasitəsi ilə), obrazlar sel kimi axmağa başlayacaq, hətta təkcə o bacarıq deyil, üstəlik həmin obrazlara münasibətdə şəxsi arzular da boğula bilsə, obrazlar mütləq azadlıq və bütünlük, parlaqlıq qazanmış olacaqlar…” Düşünürəm Yeytsin Höte təcrübəsindən gətirdiyi nümunədə də sizin sualınıza cavabın bir hissəsi gizlənib.
Oktavio Pas yazır ki, şeir sözün gücsüzlüyü, acizliyi qarşısındakı təşvişdən yaranır ki, axırda sükutun hakimi-mütləq olduğu qarşısında baş əysin.
Mütaliə- unikal sükut prosesidir, biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik. Onun vasitəsilə biz sanki ”Ümümdünya sükutu” içində öz sükut ərazimizi yaradır, oranı mütaliə vasitəsilə o vaxta qədər bizə çox da tanış olmayan sözlərlə, mənalarla doldururuq. Amma həmin sözlər o əraziyə yazıldığı kimi düşmür, bizim hisslərimizin, qavrayışımızın süzgəcindən keçərək düşür. Bir gün biz öz mətnimizi yazanda ola bilsin ki, mütaliə vaxtı əxz elədiyimiz sözlər-amma dəyişmiş, başqalaşmış sözlər, bizimki olmuş sözlər ordan yavaş-yavaş qələmin ucu ilə vərəqlərə axır. Əlbəttə, bizim hamımızı əlifba kitabından və şifahi nitqdən plagiatda ittiham eləsələr yanılmazlar…
Şəksiz ki, mütaliə təsir altına salır. Amma havaya çıxıb da həmin havanı udmamaq öldürücü bir şeydir, bunu iddia etmək isə gülüncdür. Məqsədi ədəbiyyat yazmaq olanlar bundan qorxurlar, məqsədi həqiqət olanlar bilir ki, bu qızılca kimi şeydir, peyvənd yoxdur, qəbirdə də olsa yaşayacaqsan bu mərəzi. Yaxşı olar tez keçsin.
İstedad verilir. Bu mənada hamı seçilmiş, hamı istedadlıdır. Bütün körpələr gözəl olan kimi. Amma istedad cilalanır. Əlbəttə ki, zəhmətlə. İstedad hamıda cilalanmır.
Yazarın ən böyük işi sükutdur- mütaliə ilə sükut, düşüncə ilə sükut. Yalnız bundan sonra yazmaq kimi başqa bir sükut gəlir (yazmaq da sükutdur). Yaxşı olar ki, biz düzgün kitabları düzgün oxuyaq. Düzgün sükut edək. Bilirsiz, bir var pəhriz, bir də var oruc…. Ikisi də xeyirlidir, amma başqa-başqa şeylərdir. Məsələn, mənə hərdən elə gəlir ki, Borxes oruc tuturdu, Koelyo isə pəhriz saxlamağa cəhd edir.
04 oktyabr, 2015-ci il
Bu yazı “sim-sim.az”/ Ömər Xəyyamın sorğusuna cavab kimi yazılıb.
Əbilin gündəliyindən: Füzuli haqqında 20 aprel 2007: – Füzulinin böyüklüyünü kim anladı? Çoxları dedi mən! Əslində, heç kəs. Füzuli zirvədi. Elə bir zirvə ki, bizim dünyamızla o zirvə arasında bir tək yol var. O yol gözə görünməz, bilinməz. O hiss edilir. Aşiq olmayanlar o yolu görməzlər. Tutaq ki, aşiq oldun və o yolu gördün, tapdın. Ancaq bu da yetməz. İş orasındadır ki, o yolu aşiqlər görsə də gedə bilməzlər. O yolu yalnız və yalnız aşiqliyi dərk edənlər gedə bilər. Dərk etmək üçün isə Məcnun olub, onun yaşadıqlarını hiss etməlisən. Allahı dərk edib Leyli kimi gözəli yaratdığı üçün ona həmdü sənalar etməlisən. Sevginin Məcnununa çevrilməyi bacarmalısan. Bax bu zaman Füzulini dərk edə bilərsən. Əgər bütün bunlar səndə yoxdursa o zaman sən Füzulini dərk edı bilməzsən. Sevsən, aşiq olsan belə Məcnina çevrilə bilməmişsən. Füzuli sənin üçün yalnız uzaqdan seyr edilən əzəmətli bir zirvədir. Zirvələr hər zaman gözəldir, onun gözəlliuindən feyz alanlar üçün. Zirvələr gözəldir,fəqət, zirvələri sevən, yuvaları zirvədə olan qartallar üçün.