
ƏDƏBİYYAT SEVDALILARI
Atlaz Rzayi və Rüfət Abbasovun söz dünyası
Yaddaşımızda Rəsul Rza və Nigar Rəfibəyli ədəbiyyat sevdalısı olan cütlük kimi yaşayır. Buna qədər belə bir ənənə olubmu, daha doğrusu, klassik ədəbiyyatda ailə sütununu təşkil edən ərlə arvadın birlikdə şeir, yaxud hekayə yazması faktı ilə qarşılaşmışıqmı? Bəlkə də olub, amma yaşam qazana bilməyib. Bu yaşamı Rəsul və Nigar ədəbiyyata gətirdi. Bir nəsildə bir neçə mərhələ ədəbiyyat adamı yetişə bilir, məsələn, Səməd Vurğundan sonra övladlarından biiri –Yusif nəsr əsərləri yazdı, digər oğlu – Vaqif isə gözəl lirik nümunələr yaratdı. Böyük şairin qızı Aybəniz də ədəbiyyata biganə deyildi, məqalələr yazırdı. Amma ədəbiyyat sevdalı cütlüklər az olub. Belə cütlüklərdən biri haqqında söhbət açmaq istəyirəm: Atlaz Rzayi (Abbasova) və Rüfət Abbasov. Atlazla Rüfət 2022-ci ildə ailə həyatı qurub, Elif adlı övladları var.
Atlaz Rzayi 26 oktyabr 1991-ci ildə, Rüfət Abbasov 30 oktyabr 1989–cu ildə dünyaya göz açıb. Hər ikisi Əqrəb bürcü altında doğulub. Əqrəblər mövqelərini güzəştə getməyən, lakin qarşı tərəflə razılaşa bilən şəxslərdir, həmişə nail olduqlarından daha böyük arzularla yaşayırlar. Atlaz Rzayinin ata yurdu Cəlilabaddır, lakin o, valideynlərinin işlədiyi Salyanın Yenikənd yaşayış məntəqəsində anadan olub. İndi ailəsi ilə birlikdə Bakıda yaşayır. Rüfət Abbasov Lənkəranda doğulsa da, Bakıda tam orta məktəbi bitirib.
Atlaz yaxşı qiraətçidir, öz şeirlərini məharətlə səsləndirir. Çoxlu şeirinə musiqi bəstələnib. Atlazı həmkarlarına və oxucularına sevdirən çağdaş poeziya nümunələrini öz ifasında internet səhifələrində yayımlamasıdır. Gənc xanım şairin “Atlaz sətirlər” adlı ilk poetik toplusu “Gənclik” nəşriyyatında işıq üzü görüb. Kitabın redaktoru və korrektoru Sevil Gül Nur, ön sözünün müəllifi Gün Ay Ümiddir.
Fırtına qoynunda
sevginin ətəyindən
yapışmaq da hünərdi.
çarpışmaq da hünərdi.
Qəhrəman əsgər kimi
nifrətimlə döyüşdüm
ən sonuncu görüşdə.
Özümə qalib gəldim,
ürəyimi dəyişdim.
o sonuncu döyüşdə
Gedən çox şey öyrədir
arxada qalanlara…
Şeirə bu cür təlatümlü, üsyankar fikirlərlə gələn Atlaz xanımın qınaqları da sərtdir. “İnsafsız” şeiri iddialar və ittihamlar üzərində qurulub:
Yaman insafsızsan,
mənə bir iynənin ucu qədər
ümid vermədin
sənə gələn o qaranlıq yollarıma şam olsun.
Qoymadın ki, öz ömrümü yaşayım,
mənimçün də gündüz olsun,
axşam olsun.
Əvvəllər hansı üzlə
insafına and içmişəm?
Səni kimim bilmişəm?
Hələ sənə “sevgim” deyə ad seçmişəm.
Yerdə yeriməyə ayağımı qırarkən
mən kor olmuş
səni uçmağa qanad seçmişəm.
Sevgi yelləncək kimi…
mən də uşaq,
əyləncə kimi
alıb göyə
çırpdı yerə.
Sevən ürək qanadı.
ürkək-ürkək qanadı.
Sənin könül pəncərəndən
qara pərdə asılıb
O pərdələr indi mənə dərd olub,
mənim gözəl arzularım
həmin dərdə asılıb.
Atlas xanımın şeirlərindəki sərt üzün arxasında həyat acıları, ağrıları durur. Xanım olaraq çiyinlərini verdiyi yükün ağırlığını çəkməkdən çəkinmir, dərdini çəkənlərin qayğısını çəkir. “Biz bir şəhərə sığa bilmədik, bir şeirə sığdıq” deyir, qəmini öz acılarında gizlədir:
Bir ürəyə sığdıq.
Kamına çatmayan arzularımızı
gizlətmək üçün göz yaşına yığdıq.
Gizləndik öz acılarımızda
kimlərisə sevindirməmək üçün
özümüzü şad göstərdik.
Hamının yanında
özümüzü özümüzə yad göstərdik.
Rəngimiz bir heyva misalı,
asıldı payız vaxtı budaqdan.
Yaza çıxa bilmir
əhvalımız o vaxtdan..
Sən demə, hicranın odunda dəmlənən çay imiş bu sevgi… Amma haçansa “əllərinin içindən qızıl günəş doğulur”, həsrəti, hicranı, ağrılı yaşantıları ana sevgisi əvəzləyir. Qadın narahatlığı ana qüruru ilə kədərə-qəmə meydan oxuyur:
Bir ana sevgisinə
sığışıbdı bu aləm,
Bir na baxışında
yox olur dərd-qəm.
Böyük sevgi həyat eşqidir, həyat eşqi bəhrə versin deyə yaşam ruhu yüksək olmalıdır. Adi sözlə ifadə edilməyənlər incə, zərif misralara köklənəndə şeir də “kövrək” olur:
Əllərindən uçmağa
Ruhum kəpənək deyil.
Belə yemə ömrümü
Yağlanmış çörək deyil.
Yolların da uzunu,
Yolların qısası var.
Elə ayağının da
Səndə öz qisası var.
Hara getsən dalınca
Çiyin-çiyin yük verər.
Bir baş hədiyyə vədin
Əvəzinə tük verər.
Taleyim qarğa deyil
Gəlib qonsun çiyninə.
Sevgimi libas etsən,
Böyük olar əyninə.
Atlazdan fərqli olaraq, Rüfət nəsrlə məşğuldur və kiçik hekayələr yazır. Rüfət də yaxşı qiraətçidir, hekayələrini səsləndirib internet çəbəkələrində yayımlayır. Qələmə aldığı yazılarda günümüzün actual mövzularına toxunur, cəmiyyətin narahatlığına səbəb olan mövzuları qabardır. Bəri başdan deyim ki, bəzən həcmi bir səhifəni aşmayan bu hekayələrdə iri həcmli romanların mövzusu qoyulur və məharətlə xırdalanır. Belə kiçik hekayələr oxucu səbrinə hesablanır, desəm, yanılmaram. “Qapı zəngi” hekayəsində yeni ili tənha qarşılayan Kamala qonşunun qızı Aysel şirniyyat payı gətirir və anasının göndərdiyini bildirir. Kamal bağlamanı açanda içərisindən bir vərəq də çıxır. Vərəqdə isə Kamalın nəinki ovqatını, hətta həyat haqqında düşüncəsini dəyişən bir cümlə yazılmışdı: “Həyatda hər qapını açmaq üçün sevgi ən güclü açardır”.
Açığını deyim, bu hekayə məni kövrəltdi. Səbəbi budur ki, oxşar anları mən də yaşamışam. Evdə tək olduğum hallarda qonşularımın biri çörək, o biri yemək, hətta süd, qatıq göndərib. Humanist münasibətlərin ölmədiyi cəmiyyət ən güclü cəmiyyətdir. İlk anda hekayə oxucuya və dinləyiciyə yarımçıq görünür, birdən birə tamamlanır, halbuki oxucu bağlama əhvalatından sonrakı hadisələr üçün müəllif şərhi gözləyir. Bu gözləmə ənənəsi klassik nəsr ənənəsindən gəlir. Rüfət bu ənənəni pozur, oxucuya imkan verir ki, baş verənlərin gerisini özü üçün götür-qoy etsin.
İnternetdə “Bir hekayə dinlə” rubrikasında təqdim olunan hekayələr qısa olsa da dərin mənalıdır. “Ata mirası” hekayəsində Orxan illər sonra boş qalmış ata evinə dönür, mizin üstündə atasının onunçün yazdığı vəsiyyətnaməni görür və oxuyur. Cəmi bir neçə cümlə sözdən ibarət ümidverici və inamverici mətn Orxanın həyatını dəyişir. Vəsiyyətnamə-məktub bu cümlələrlə başlayır: “Əgər bu dəftəri oxuyursansa, demək, mən həyatda yoxam”. Orxan başa düşür ki, atası ona mal-mülk miras qoymağı deyil, aldığı tərbiyəni üstün tutur.
Rüfətin “Sual”, “Qırmızı şərf”, “Bir an”, “Cəsur sərçə”, “Şəhidlərin səsi”, “Gecələr kraliçası”, “Bir qəribə hədiyyə”, “Qəfil zəng”, “Qəribə tanışlıq”, “Yeni kitab” və başqa hekayələri də belə yığcam məzmunludur. Ən təsirli hekayələrdən biri “Son görüş” adlanır. Tanıdığı Lalə adlı tələbə qızın birdən-birə çəkilib getməsi, yoxa çıxması hekayənin qəhrəmanının narahatlığına səbəb olur. Həmişə gözlərindən kədər oxunan Lalənin həyat haqqında sualları da düşündürücüdür. Lalənin həmsöhbəti Kamranın cavabı isə mükəmməldir: “Bir gün Lalə qəfil dedi:
-Kamran, səncə, insan həyatda həmişə xoşbəxt ola bilərmi?
Kamran gülümsədi:
-Həmişə yox. Amma bəzən bir anlıq xoşbəxt olmaq da bəs edir”.
Gözlərini dənizə dikən Lalə susur. İllər sonra Kamran Laləni xatırlayır və həmişə onunla dənizkənarı gəzintidə olduğu yerə gedir və Laləni burada görür. Lalə də Kamranı görəndə donub qalır. Son görüşdə Lalə Kamrana xəstə olduğunu deyir və bildirir ki, onu görməyinə xoşbəxtdir. Sonra Lalə çıxıb gedir və izdihamın içində yox olur. Həmin gecə Kamran onun adını internetdə axtarır və görür ki, Lalə on il bundan qabaq xərçəng xəstəliyindən dünyasını dəyişib. Onu fikir götürür, bəs bu gün görüb-danışdığı kim idi?
Müəllifin sualı oxucunu da düşündürür: “Ölmüş biri ilə danışmaq mümkündürmü?”
Rüfət Abbasovun hekayələri bir az da folklor motivlidir, məsəlləri xatırladır. Amma kontominativ xarakterlidir, hadisə nağıl olunur, mühakiməsi oxucunun ixtiyarına verilir.
Sonda oxucu kimi bir münasibətimi də bildirmək istəyirəm. Əlbəttə, ədəbiyyat sevdalısı olan bu cütlüyün yaratdıqları şedevr deyil, çağdaş ədəbi proseslə ayaqlaşa bilən nümunələrdir. Mənə maraqlı gələn isə ciddi iş yerləri olmayan, açığını deyim, bir qədər də ehtiyac məngənəsində vurnuxan, üstəlik, hələ dil açmamış körpənin qayğısını çəkən bir ailənin hər iki başçısının romantik dünya yaşaması, birinin şeir, o birinin hekayə yazması və hər ikisisinin öz əsərlərini mükəmməl səviyyədə səsləndirib internet məkanında yayımlamasıdır. Təqdirəlayiq işdir.
Şübhəsiz, ədəbi yaradıcılığa meyil edən digər cütlüklər də var. Necə deyərlər, romantik bir dünyanın təmsilçiləri olan, lakin realda romantik həyat yaşamayan belə yaradıcı şəxslərə oxucu auditoriyası da ehtiramla yanaşmalı, ən azından, layiq olduqları dəyəri verməlidir.
Bilal Alarlı (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
NDU-nun elmlər doktorluğu üzrə dissertantı,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyin üzvü, “Qızıl Qələm” və Beynəlxalq Rəsul Rza mükafatları laureatı