“TUT AĞACI”na HƏKK OLUNANHƏZİN-KÖVRƏK XATİRƏLƏR

“TUT AĞACI”na HƏKK OLUNAN
HƏZİN-KÖVRƏK XATİRƏLƏR

Bu günlərdə eşidəndə ki, Zakirə xanımın yubileyidir, xəyalım illər öncəyə – Zakirə xanımın redaksiyamıza ilk dəfə gəldiyi günlərə qayıtdı. Onda hər şey gözəl idi. Ata-analı günlərim idi. İnsanlar daha mehriban, saf, qayğıkeş idi. Zəmanə bu qədər korlanmamışdı hələ… Böyüyə-kiçiyə hörmət vardı… Kövrəldim nədənsə…
Çox az adam olar ki, Zakirə xanımın şah əsəri olan “Tut ağacım” mahnısını eşitməsin, tez-tez zümzümə etməsin. Yəqin içinizdə gənclik illərində gizli-aşkar sevdiyinin adını, baş hərfini və ya nakam sonluqla bitən sevgisinin işarəsi kimi oxlanmış ürək rəsmini tut ağacının köksünə çalın-çarpaz həkk edənlər də az deyil. Ağacların köksü insanların təsəlli yeri olmuşdu sanki. Bu da saflığın bir nümunəsi idi…
Bu qədər insanların sevincini, kədərini sinəsində gəzdirən bu ağacın nə zamansa həssas bir ürək sahibinin qələmi ilə əbədilik qazanacağını isə heç ağlımıza da gətirməmişdik, deyilmi?
Nə qədər həssas duyumlu ürək sahibi olmalısan ki, belə bir əsər yaradasan.
Sevda Əlibəylinin sözləriylə desəm, üç abşeronlu xanımın – Zakirə Allahverdiyevanın, Aygün Səmədzadənin, Aygün Bəylərin (ruhu şad olsun!) birgə layihəsi olan bu əsəri kövrəlmədən dinləmək mümkün deyil…
Zakirə xanım sanki hamımızın yerinə üzrxahlıq edir gənclikdə yaraladığımız o ağaca… Könlünü almaq istəyir…
İllər keçəcək… Bu əsər daha çox insanın qəlbinə yol tapacaq… Ülvi hisslərin getdikcə cılızlaşdığı dövrə gəldikcə, bu cür əsərlərə daha çox təşnə olacaq insanlar…
Mən Zakirə xanım haqda çox yaza bilərdim. “Söz” jurnalının bir sayı onun həyatından, yaradıcılığından, Qarabağın, qarabağlıların ən ağır günlərində məcburi köçkünlərə göstərdiyi maddi-mənəvi dəstəkdən bəhs edir.
Mən sadəcə onun xarakterindən bəzi vacib cizgiləri qabartmaq istərdim.
Zakirə Allahverdiyeva çox tanınmış vəzifəli bir şəxsin həyat yoldaşı idi nəşriyyatımıza gələndə (Ruhu şad olsun Rəfail Allahverdiyevin). Çox darısqal kompyuter otağımızın, son dərəcə məhdud imkanlı texniki avadanlıqlarımızın olmasına baxmayaraq, o bir dəfə də bunu büruzə vermədi. Gülər üzlə, mehribanlıqla gəlib-gedirdi. Bir kitabını çap elətdirdik. Razılıqla getdi. Düşündüm ki, ona bütün qapılar açıqdı, yəqin bir də gəlməz. Amma o, yenə gəldi. İkinci kitabını da işlədim. Artıqlaması ilə ödəniş etdi.
Son dərəcə sadə, mehriban, ürəyəyatımlı bir Azərbaycan xanımı kimi qəlbimdə özünə yer qazandı Zakirə xanım. Biləndə ki, sıradan biri deyil, digər tanıdıqlarımla müqayisədə təəccübləndim də hətta, hörmətim daha da artdı. Zərrə qədər təkəbbür yoxdu bu xanımda.
2016-cı ilin may ayında Sevda Əlibəyli məni BDU-nun qiyabi şöbəsini bitirməklərinin ildönümünə dəvət etdi. Onlardan 10 yaş böyük olan, “mamaşa” adlandırdıqları bu xanımın “övladları” tərəfindən necə sevildiyinin də şahidi oldum. Elə yenə də “mamaşalıq” missiyasından qalmırdı. Baba-nənə olmalarına baxmayaraq, hamısı yenə də problemlərini ona danışır, o isə təmkinlə onları dinləyir, məsləhətlərini əsirgəmirdi.
Bir rahatlıq, əminamanlıq tapır insan bu xanımın səsindən, qarşısındakına münasibətindən…
Nə yaxşı ki, həyatımızda az da olsa yaxşı insanlar var. Onların varlığı uzaqdan-uzağa da olsa, bizə stimul verir…
Həmişə var olun, Zakirə xanım! Yaradıcılığınız bitib-tükənməsin…

Mənim sizə bir minnətdarlıq borcum da var… Qəbul edin! Sizi Qarabağa – Qubadlıma dəvət edəcəyəm. Növbəti yubileyinizi orada qeyd edərik… Axı Siz də Qarabağ sevdalısısınız, bilirəm!
Nə xoş bu günümüzə, yubileyinizi azad Qara-bağlı Vətənimizdə qeyd edirsiniz…
Bu da taleyin töhfəsidir Sizə…

Hörmətlə,  Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir