
ANAR: “ELÇİN ÇOX VƏFALI, ETİBARLI DOST İDİ… ”
“Ağırdır, çox ağırdır. Ədəbiyyatımız böyük yazıçısını itirdi, xalqımız böyük ictimai, siyasi xadimini itirdi. Yaxınları qayğıkeş ailə başçısını itirdi. Mən ən yaxın dostumu itirdim (qəhərlənir). Bağşlayın. Bu, bilmirəm taleyin nə cəzasıdır ki, mən dostlarımın dəfn mərasimində çıxış eləməli oluram. Danışa bilmirəm. Hisslərimi güclə boğaraq bir neçə kəlmə demək istəyirəm. Hər şeydən əvvəl mənim üçün Elçin çox vəfalı, etibarlı dost idi. Altmış ildir biz demək olar ki hər gün ya görüşürdük, ya yazışırdıq, ya telefonla danışırdıq. İndi heç kəs qalmayıb. Mən bilmirəm, indi kimə zəng eliyib, ən məhrəm sözümü deyə biləcəm. Bu da görünür taleyin cəzasıdır ki, mən dostlarımı dəfn eliyirəm və onların dəfnində çıxış eliyirəm, daha doğrusu çıxış eliyə bilmirəm. Allah Elçinə rəhmət eləsin.”
Başınız sağ olsun, Allah sizə səbr versin, Anar müəllim…
Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin, mədəniyyətinin görkəmli nümayəndəsi Elçin Əfəndiyev dünyasını dəyişdi. Bu acı xəbər təkcə ədəbi-mədəni cəmiyyəti deyil, bütün Elçinsevərləri, onun əsərlərinin mənəvi, əxlaqi dəyərlərindən bəhrələnən, ədəbi qəhrəmanlarının yaşadığı həyatdan dərs alan neçə nəsil oxucularını kədərləndirdi. Bu əsilzadə, kübar, mədəni, ləyaqətli İnsanın itkisi cümləmizi sarsıtdı. Ancaq bir təskinliyimiz var: yazıçının əsərləri, irsi ədəbiyyatımızın, mədəniyyətimizin varlığı boyunca Onu yaşadacaq…
Elçin qələmlə ülfət bağladığı vaxtdan, fiziki yoxluğuna qədər ondan ayrılmadı. Özünə, Sözünə güvənən yazıçı ədəbiyyatın bir çox növ və janrında əsərlər yazdı. Nəsri, dramaturgiyası, tədqiqatları, tənqidi və publisistik əsərləri böyük bir dövrün ictimai-ədəbi-mühitini əks etdirdi. Elçin həyatımızın keşməkeşli, təbəddülatlı çağlarında belə, əqidəli yazıçı olaraq həqiqi ədəbiyyata xidmət etdi…
Altmışıncılar nəslinin nümayəndələrindən söz düşəndə ilk olaraq Anarla Elçinin adı çəkilir. Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nasirlərini göz önünə gətirəndə öncə düşüncəmizin aynasında yenə də Anarı, Elçini görürük. Bu minvalla altmışıncıların ədəbi mövqeyindən danışanda başdan, yenə də yadımıza bu iki yazıçının adı düşür. Bir də yazıçıların onillərlə qırılmayan dostluğundan söz düşəndə Anarla Elçini misal çəkirlər…
Bu gün Elçinin fiziki yoxluğuna ən çox yanan, ağrı-acısıyla sızlayan zənnimcə, ailəsi, bir də Azərbaycan ədəbiyyatının ustad yazıçısı Anardır. Elçinin ən yaxın dostlarından bəlkə də birincisi, həm də ən çox ünsiyyətdə olan Anar. Elçinlə Anarın münasibətilərində dostluq, doğmalıq körpüsü heç vaxt sınmadı. Onlar ədəbiyyatın yükünü qoşa qanadlar kimi sevərək, vicdanla çəkdilər…
Anar 60 illik dostunu itirdi. Bəlkə də Elçin Əfəndiyev Anar Rzayevin neçə onilliklər birgə olduğu dəyanətli dostlarından sonuncusu idi. Elçinin itkisi ahıl yazıçının ürəyini qanatdı, yaddaşını ağrıtdı…
Səhv etmirəmsə, may ayı idi. Anar müəllim ağır və yorğun yerişlə Fəxri xiyabanda uyuyan dostlarının (Vaqif Səmədoğlu, Fikrət Qoca, Emin Sabitoğlu…) məzarını ziyarət edirdi. Həmin kadrları izlədikcə Anar müəllimin dostlarına etibarı, sədaqəti məni çox duyğulandırdı…
Deyir, gələn qalmaz, gedən dönməz… Dostların, doğmaların itkisi əzizlərini ona görə sızladır ki, aralığa əbədi həsrət düşür… Allah Elçin Əfəndiyevə rəhmət eləsin. Doğmalarına, dostlarına səbr versin.
Müəllif: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru