Yeni nəslin, gənc istedadı- Cavidan İsaqlı!

Yeni nəslin, gənc istedadı- Cavidan İsaqlı!

Yaradıcı insanlar xəyalpərəst olur, oxumağa, yazmağa, çəkməyə bir bəhanə axtarır.Bu, sanki onları əhatəsində olan insanlardan daha da xoşbəxt edir.Amma hər yaradıcı insanda insani keyfiyyətlər, həqiqi şəxsiyyət kimi formalaşmaq, vicdan və mərdlik anlayışı olmur.Ən azından insan yaşadıqca, yaşa dolduqca bu qənaətə gəlir.
Barəsində yazacağım şəxs 29.08.1998-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olan, Cavidan İsaqlıdır.Onun şəxsi həyatı barədə çox yazmayacağam.Amma oxucuların nəzərinə çatdırım ki, 27 yaşlı gəncin həyatda gördüyü hadisələri, içində özünü tapdığı nüansları 10-umuzdan 5-imiz görməmişik.Hər şeyə rəğmən isə Cavidan məğrur dayanmağı, həyatla mûbarizə aparmağı bacarıb, hələ də bacarır.Çoxları kimi, qeyri-səmimi rəftarla, “day-day” kimi mənasız və şablon, iyrənc məsələlərlə bu yerlərə gəlib çatmayıb.Öz əməyi, xüsusi səs tembri, əzmi ilə daim qazanıb.Ayağından bassalar da, yoluna tikan əksələr də hər kəsə qalib gəlib.
Gəlin, onun ilk yaradıcılığa başladığı illərdən yazım, siz də oxuyun.Şeirləri ilə sinif yoldaşların, müəllimlərinin qəlbini ovsunlayırdı.Musiqiyə olan həvəsi isə onu daha da inkişaf etdirirdi.Şagird olduğu, tələbə olduğu dövrdə müxtəlif dôvlət tədbirlərində, müsabiqələrdə iştirak etdi.Fəxri fərmanlar, sertifikatlarla təltif olundu.Bəli, baxın, indi isə o Qaxın gənc və yenilməz starına çevrilib.Hərçənd ki, yenə vurğulayıram, o bu zirvəyə öz iradəsi ilə çatıb.
Bu yaxınlarda sôzləri, şairə Şəlalə Məmmədovaya məxsus “sevgi qadını” mahnısının təqdimatı oldu.Mən deyərdim ki, Qaxda belə bir formatda, maraqlı bir klip yayınlanmayıb…

Mən sadəcə dəyərli gənc dostumuza uğurlar arzu edirəm.Daha da yüksəklərə, lap yüksək zirvələrə ucalsın!Ədəbi, tərbiyəsi, əxlaqi keyfiyyətinin göstəricisi kimi!

Hörmətlə: Aytac İbrahim

Yazarların redaksiya heyəti üzvü, Qax təmsilçisi.

AYTAC İBRAHİMİN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmirin yeni şeirləri


Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.

Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq ola-ola
Kökümüz kəsilib gedir.

Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.


Səni yeyib bitirdilər,
Bizsə sənin yemin olduq.
Böldülər ata malıtək,
Kimin idin, kimin oldun,
Belə vətən olmur axı.

Bir belə dar ağacların
Kimin üçün qurdun, Vətən?
Medal-medal, alqış-alqış
Üzümüzə durdun,Vətən,
Belə vətən olmur axı.

Tikələndin, parçalandın,
Torpağın göyə sovruldu.
Sən ki, tərtəmiz mələkdin,
Nə vaxt şeytana vuruldun,
Belə Vətən olmur axı.

Halal harama qarışdı,
Gözünü qan örtdü, Vətən.
Sənin daşın, qayan olmaq
İndi ağır dərddi, Vətən,
Belə vətən olmur axı.


Yadımdadı,
Balacaydım,
Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam)
Uşaq ağlımla göy üzüylə haqq-hesab çəkirdim hər gün,
Hər gün məktub yazırdım Allah babaya anamın adından,
Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya.
Hər gün bir az da inanırdım dualarıma,
hər gün bir az da aldanırdım.
…Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar,
Üstündə süd qoxusu, bir də anamın göz yaşı.
Hər gün təkliyə çəkilib,
bağrıma basırdım, ciyərimə çəkirdim qoxusunu .
Bulaşırdı üstüm, başım anamın
göz yaşına.
Sonra gizlətdilər məndən süd qoxulu papağı,
Axtardım, çox axtardım, tapmadım.
Yavaş-yavaş öyrəşdim onsuzluğa,
Öyrəşdim, amma unutmadım,
Unutmağa qoymadılar axı –
Sağ olsun dırnaq içindəki qohumlar, yadlar,
yaxınlar, uzaqlar.
Bir də uzun-uzadı gecə darıxmaqları vardı,
Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı.
Girərdim qucağına, qoxumu içinə çəkərdi, ovunardı.
Vaxt keçdi, bütün qızların qardaşları böyüdü,
Bircə mənim qardaşım həmişə süd qoxudu.
Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran –
Başında qovğa, qolunda təklik, gözündə intizar, ürəyində həsrət.
Sonra başıma nə çox “qardaş” yığıldı, İlahi –
İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət.
Yavaş-yavaş keçdim bütün qaranlıqları, töhməti, tənəni,
Küləyi də keçdim, yağışı da, sazağı da.
Sonra bütün bütlər sındı, dağıldı,
Gözəl-göyçək, bərli-bəzəkli ayrılıqlar gəlib tapdı məni –
Qatı açılmayan, təptəzə.
Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum,
Aşdım bütün divarları,
hasarları aşdım,
Beləcə barışdım –
Özümlə, taleyimlə, təkliyimlə…
Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı,
yeridim bütün ağrıların, əzabların üstünə əliyalın, ürəklə –
Burnumda süd qoxusu, bir də üstümdə anamın göz yaşı…


Köhnə kənd ,
Kərpic evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar, quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar,
Yolun qırağında tum satan qarı
ovcunda qabar,
qabarın üstündə dəmir pullar,
Pulların üstündə dualar…
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli arzular.
Ulduzlu gecələr,
Tər-tərtəmiz xəyallar…
Lampa işığı, kitablar…
Eh, nələr, nələr..
Sonra təyyarə biletləri,
Uzaq şəhərlər,
Binalar, küçələr,
Limanlar, dənizlər,
ayrılıqlar, əzablar…


Yana-yana külüm qalıb,
Yağır külümün üstünə.
Səssiz-səmirsiz gedirəm,
Hər gün ölümün üstünə,
Nədi közümdən çəkdiyim?

Dörd tərəfim qaranlıqdı,
Mən də tənha yalquzağam.
Hardan tapdı bu Söz məni,
Mən ki, hamıdan uzağam,
Nədi sözümdən çəkdiyim?

Neynirəmsə çiçəkləmir,
Ürəyim daş yuvasıdı.
Çöldə günəş gülümsəyir,
Ruhumda qış havasıdı,
Nədi özümdən çəkdiyim?

Xəyallarım baş aldadır,
Aldadır dərə, dağ məni.
Görək harda azdıracaq
İçimdəki uşaq məni,
Nədi üzündən çəkdiyim?


Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.


Nə gözəl parlayır günəş bu səhər,
Gözləri alışır səhərin bu gün.
Qonub pəncərəmə yaz təbəssümü,
Sevgiyə açılıb səhərim bu gün.

Uçuram ruhumun qanadlarında,
Mənimdi bu çəmən, bu çöl, bu orman.
Gəzirəm baharı xəyallarımda,
Dərə dolaşıram, düz dolaşıram.

Duyğular qaldırıb göylərə məni,
Ayağım üzülüb yerdən bu səhər.
Günəşi çəkirəm ciyərlərimə,
Dadıram işıqdan, nurdan bu səhər.

Basmışam bağrıma bəxtəvərliyi,
Könlümdən təptəzə arzular keçir.
Bu səhər gözündə ümid doğulub,
Payızın içindən bir bahar keçir.


Bu bahar da bitəcək,
Dəyişəcək yerini günəşlə ayaz.
Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək,
Köçəcək hər şey zamanın yaddaşına:
Siyah, bəyaz…
Gecəylə gündüz yarışa çıxacaq yenə,
Günlər aylara, aylar illərə qarışacaq.
Sonra unudulacaq köhnə sevdalar,
Köhnə albomlardakı köhnə şəkillərin yaddaşına hopacaq köhnə duyğular,
Üstünü toz basacaq xatirələrin,
Sonra büsbütün yaddan çıxacaq hər şey,
təzə sevdalar doğulacaq –
Payız qoxulu, külək saçlı,
Yağış gözlü, ayrılığa sevdalı,
ürkək, qorxaq.
Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək.
Təzə arzular baş qaldıracaq payız rəngdə, payız dadda,
Boğulacaq hicran yağışında rəngli xəyallar,
Təzə ümidlər boylanacaq torpaq altdan,
Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər.
Sonra təzədən bahar gələcək,
Qırıldığı yerdən birləşəcək könüllər,
Göz yaşı içində tərtəmiz duyğular göyərəcək –
baxışlarında nida, saçlarında sığal,
Yarı həsrət, yarı vüsal.


Eyni payız,
Eyni şəhər,
Eyni ayrılıq,
Eyni həsrət,
Eyni qədər,
Eyni peşmanlıq,
Eyni kədər…
Xəyallar, xəzəllər, küçələr.


Əyilib beli, buxunu,
Bu ev nə yaman köhnəlib.
Bu evdə zaman dayanıb,
Köhnəlib, aman, köhnəlib.

Tökülübdü üstü-başı,
Üz-gözü cırmaq yeridi.
Ağlayır divarı, daşı,
Bura yalquzaq yeridi.

Quş uçur, qulaq tutulur,
Bağlanıb bağı, bərəsi.
İlahi, burdakı sükut
Adamın nəfəsin kəsir.

Bu evin yiyəsi hanı,
Hanı bu evin qonağı?
Son dəfə kim söndürübdü
Görən bu evin çırağın?


Asılmışam pəncərədən ,
Bu küləkdən, bu gecədən,
Yenə də zülmət küçədə
Dolaşır ruhum, dolaşır.

Mən tənhayam, gecə tənha,
Külək tənha, küçə tənha,
Ürəyimdə neçə tənha
Düyünüm, dağım dolaşır.

Başımda yüz qara fikir
Gecəni canına çəkir,
Şeir-şeir, şəkil-şəkil
Dilimdə ahım dolaşır.

Həm yaxınsan, həm də uzaq,
Bu sevgidi, yoxsa sınaq?
Divar-divar, otaq-otaq
Üstümdə qoxun dolaşır.


Çiynimdə qəbir yükü var,
Sus yükü,səbir yükü var,
Yükümü tutub o ki,var
Gedirəm üzü sabaha.

Zamandan, vaxtdan keçirəm,
Qismətdən, baxtdan keçirəm,
Hələ sınaqdan keçirəm,
Gedirəm üzü sabaha.

İnanma çıxım əlindən,
Bu dərdin, ahın əlindən,
Tutmuşam yoxun əlindən,
Gedirəm üzü sabaha.


Bu dünyanı bölgələrə bölmüşük,
Qitələrə, ölkələrə bölmüşük.
Tayfalara, nəsillərə, soylara,
Savaşlara, hikkələrə bölmüşük.
Oynamışıq şəhər belə, kənd belə,
Hasar belə, çəpər belə, bənd belə.
Uduzmuşuq, qumar-qumar bölmüşük,
Cənub cənub, şimal şimal bölmüşük.
Ayırmışıq məzhəb ayrı, din ayrı,
Mələk ayrı, şeytan ayrı, cin ayrı.
Çörəyindən, havasından almışıq,
Dədəsindən, babasından almışıq.
Qoymamışıq daş üstündə daş qala,
Eləmişik sinəsini daş qalaq.
İşığından, ocağından etmişik,
Anasının qucağından etmişik.
Bölüb-bölüb axırına çıxmışıq
Bir birinə vura-vura dünyanı,
Dağıtmışıq qura qura dünyanı.


İçimdə bahar həvəsi,
Çölümdən ayrılıq keçir.
Alışıram öz odumda,
Külümdən ayrılıq keçir.

Ruhumda küləklər əsir,
Gah yubanır, gah tələsir,
Baxışlarım sevgi gəzir,
Dilimdən ayrılıq keçir.

Gözlərimdə qəm yükü var,
Kirpiyimdə nəm yükü var,
Saçlarımda dən yükü var,
Telimdən ayrılıq keçir.

Yaman yorur xəzan məni,
Nə ağırmış cəzam mənim,
Hara çəkir qəzam məni?
Yolumdan ayrılıq keçir.

Nəyi var gələn payızın?
Üzümə gülən payızın,
Dərdimdən ölən payızın
Könlündən ayrılıq keçir.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Rəhimov və qızı Rəfiqə xanım – Foto

Azərbaycan SSR ilk Xalq yazıçısı, ilk Sosialist Əməyi Qəhrəmanı, XX əsr Azərbaycan ədəbiyyatında roman – epopeya janrının bünövrəsini qoymuş Süleyman Rəhimov və qızı Rəfiqə xanım.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İnsan taleyi – ibrətamiz

Polkovnik-leytenant Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan “Kalvavəllər” Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.

Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.

1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi “qoşun kəşfiyyatı” ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.

2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən “leytenant” rütbəsi ilə Bakıda yerləşən “N” saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.
2002-ci ildə dinləyici kursunu bitirmiş və “N” saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə “baş leytenant” rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona “kapitan” rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə “mayor” rütbəsi verilmişdir.
2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl “polkovnik-leytenant” rütbəsi verilmişdir.
Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək “N” saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.

Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.
Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.

Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında “təməl paraşüt” kursunda, 2005-ci ildə Macarıstanda “ingilis dili” kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada “sülhməramlı əməliyyatlar üçün təlimatçı” kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında “qış dağ” kursunda, 2009-cu ildə Rumıniyada “hərbi əməkdaşlıq və təcrübə mübadiləsi”, həmçinin, həmin ildə Türkiyədə keçirilən “sərbəst paraşüt” kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada “təkmilləşdirilmiş qış-dağ” kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi – 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.

2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev “Şücaətə görə” medalı ilə təltif edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin, Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev Vətən müharibəsində iştirak etməyə başlamışdır. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Həmin gün Anar Əliyev “N” saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır. 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.

Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, “772 metr” yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.

23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru