Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevin vəfatından 1 həftə ötür.
Azərbaycan Milli Kitabxanasında bununla əlaqədar “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.
Görkəmli Xalq yazıçısı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/elchinin-xatiresine
Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Yadımdadı , Balacaydım , Qardaşım mələk olub uçmuşdu göy üzünə ( elə deyirdi atam) Uşaq ağlımla göy üzüylə haqq -hesab çəkirdim hər gün , Hər gün məktub yazırdım Allah babaya anamın adından, Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya. Hər gün bir az da inanırdım dualarıma , hər gün bir az da aldanırdım. ..Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar , Üstündə süd qoxusu , bir də anamın göz yaşı. Hər gün təkliyə çəkilib , bağrıma basırdım , ciyərimə çəkirdim qoxusunu . Bulaşırdı üstüm , başım anamın göz yaşına. Sonra gizlətdilər məndən süd qoxulu papağı, Axtardım , çox axtardım , tapmadım. Yavaş -yavaş öyrəşdim onsuzluğa , Öyrəşdim ,amma unutmadım, Unutmağa qoymadılar axı — Sağ olsun dırnaq içindəki qohumlar , yadlar , yaxınlar , uzaqlar. Bir də uzun -uzadı gecə darıxmaqları vardı , Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı. Girərdim qucağına , qoxumu içinə çəkərdi , ovunardı. Vaxt keçdi , bütün qızların qardaşları böyüdü , Bircə mənim qardaşım həmişə süd qoxudu. Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək , nigaran – Başında qovğa , qolunda təklik , gözündə intizar , ürəyində həsrət. Sonra başıma nə çox “qardaş” yığıldı , İlahi — İçlərində qaranlıq , baxışlarında sazaq , salamlarında minnət. Yavaş -yavaş keçdim bütün qaranlıqları , töhməti, tənəni , Küləyi də keçdim , yağışı da , sazağı da . Sonra bütün bütlər sındı , dağıldı, Gözəl -göyçək , bərli -bəzəkli ayrılıqlar gəlib tapdı məni — Qatı açılmayan , təptəzə . Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum , Aşdım bütün divarları , hasarları aşdım , Beləcə barışdım – Özümlə , taleyimlə , təkliyimlə .. Qurdlar , köpəklər çıxdı qarşıma hər addımbaşı , yeridim bütün ağrıların , əzabların üstünə əliyalın, ürəklə — Burnumda süd qoxusu , bir də üstümdə anamın göz yaşı…
**** Baş açmırıq sözümüzdən , Əyrimizdən , düzümüzdən , Hər gün bir az özümüzdən Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala , Əyilirik sağa , sola, Yada calaq ola -ola Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında, Dil yatıb düyün altında, Bu boyda göyün altında Yer necə əzilib gedir.
****
Nə çətinmiş bu payızın sevgisi, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən. Saçlarını payız yeli dağıdır, Küsər deyə, “o yana dur” demirsən, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Bulud tökür sellərini üstünə, Aradabir günəş baxır uzaqdan. Bir ümidə sığınırsan, onda da Göy gurlayır, şimşək çaxır uzaqdan.
Gündüzləri küçə küçə atırsan Gecələrin həsrətini gözündən. Yavaş yavaş şeirləşir bu sevgi, Varaq varaq tökülürsən özündən.
Nə sevgini gizləməyə bir yuva, Nə dərdini ovutmağa yer olur. Nə getməyə yol tapırsan özünə, Nə təzədən qayıtmağa yer olur.
Nə çətinmiş bu payızın sevgisi, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən. Saçlarını payız yeli dağıdır, Küsər deyə, “o yana dur” demirsən, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
****
Köhnə kənd , Kərpic evlər , Yollar , ağaclar ,kölgələr. Yalına yalmanan itlər , Qoyunlar , quzular , atlar. Araba cırıltısı , Qurbağa qurultusu. Dəryaz səsi , Ot xışıltısı. Aynabənddən sallanan arı pətəsi , Qarışqalar , çəyirtkələr , İlanlar , pişiklər, siçanlar. Sərçə yuvasına daş atan uşaqlar , Yolun qırağında tum satan qarı ovcunda qabar , qabarın üstündə dəmir pullar , Pulların üstündə dualar.. Havada torpaq qoxusu , İçində rəngli -rəngli arzular. Ulduzlu gecələr , Tər- tərtəmiz xəyallar .. Lampa işığı , kitablar .. Eh , nələr , nələr.. Sonra təyyarə biletləri , Uzaq şəhərlər , Binalar , küçələr, Limanlar , dənizlər, ayrılıqlar , əzablar…
**** Hərə bir daş atıb qaçdı , Qismətimi daş apardı. Ürəyimi şübhə yedi , Ömrümü təlaş apardı.
Durdu duman , çən üzümə, Tapmadım bir çəm özümə , Aşiq oldu qəm gözümə , Yanağımı yaş apardı
Əlimi üzdüm hamıdan , Umduqca küsdüm hamıdan, Yarımadım vaxt sarıdan , Hər günüm bir kaş apardı.