Milli təəssübkeşlik hər bir xalqın mənəvi varlığının, milli kimliyinin qorunmasının əsas dayaqlarından biridir. Bu duyğu insanın mənsub olduğu millətə sevgi, vətənə sədaqət, mədəniyyətə hörmət və tarixə bağlılıq hissindən doğur. Ədəbiyyat tarix boyu milli dəyərlərin yaşadılması və təbliği üçün ən güclü vasitələrdən biri olmuşdur. Müasir Azərbaycan ədəbiyyatında bu missiyanı öz yaradıcılığı ilə layiqincə daşıyan qələm sahiblərindən biri də şair, yazıçı və publisist Zaur Ustacdır.
Zaur Ustac yaradıcılığında milli kimliyin qorunması, vətənə məhəbbət və milli köklərə bağlılıq xüsusi yer tutur. Onun əsərlərində oxucu həm tarixi yaddaşın canlı təcəssümünü, həm də bu günümüz üçün aktual olan milli birlik çağırışlarını görür. Zaur Ustac üçün vətən yalnız coğrafi məkan deyil, həm də dəyərlər məkanıdır. O, milli təəssübkeşliyi sadəcə bir hiss kimi yox, həm də xalqın gələcəyini müəyyən edən güc kimi dəyərləndirir.
Şairin poeziyasında Azərbaycan torpaqlarının gözəlliyi ilə yanaşı, bu torpaqlar uğrunda aparılan mübarizələrin, şəhidlərin xatirəsinin uca tutulduğunu müşahidə edirik. Bu, oxucuda həm qürur, həm də məsuliyyət hissi yaradır. Onun qələmi milli birliyin, milli qürurun carçısına çevrilmişdir.
Zaur Ustac həmçinin “Kitab adam” obrazı ilə milli şüurun formalaşmasında ədəbiyyatın rolunu xüsusi vurğulamışdır. Onun fikrincə, milli təəssübkeşliyin ən böyük dayaqlarından biri məhz kitabdır. Kitab xalqın yaddaşı, dilin qoruyucusu, milli-mənəvi sərvətlərin daşıyıcısıdır. Bu baxımdan, onun əsərləri gənclərdə milli dəyərlərə hörmət, köklərə bağlılıq və vətən sevgisini daha da gücləndirir.
Zaur Ustacın yaradıcılığında milli təəssübkeşlik həm bədii sözün gücü, həm də vətəndaş mövqeyi ilə ifadə olunur. O, öz əsərlərində xalqını daha mübariz, daha ümidli görmək istəyir və bu yolda ədəbiyyatı mənəvi silah kimi istifadə edir.
Nəticə etibarilə, Zaur Ustac yalnız müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi deyil, həm də milli təəssübkeşliyin sadiq carçısıdır. Onun yaradıcılığı milli ruhun, vətən sevgisinin və milli kimliyin qorunmasının parlaq nümunəsidir.
Sözün və Vətən sevgisinin daşıyıcısı – Yazıçı Samir Abdullayev haqqında
Azərbaycan ədəbiyyatının müasir nəsr mənzərəsinə nəzər salanda görürük ki, yeni nəsil yazarlar arasında milli duyğunu, vətən sevgisini, şəhidlik məfkurəsini qəlbinin səsinə çevirmiş imzalar var. Onlardan biri də Samirdir. O, həm bədii sözün estetik gücünü, həm də milli düşüncənin ucalığını əsərlərində və həyat yolunda yaşatmağı bacaran qələm sahibidir.
Samir qədim və müqəddəs Göyçə mahalında dünyaya gəlmişdir. Taleyin hökmü ilə dörd yaşında ailəsi ilə birlikdə Bakıya köç etsə də, Göyçənin dağları, bulaqları, o torpağın kökü onun yaddaşından heç zaman silinməmişdir. Paytaxtın mədəni mühitində böyüməsi, 47 saylı orta məktəbdə aldığı təhsil, ədəbiyyata olan marağını erkən yaşlarından gücləndirmişdir. Ali məktəb illərində də o, həm təhsilini davam etdirmiş, həm də milli düşüncəsinə sahib çıxmağı özünə həyat amalına çevirmişdir. 2004-cü ildə əsgərliyə yollanaraq Vətən qarşısında borcunu yerinə yetirmiş, dönüşdə isə əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə EHM zavodunda müdir müavini vəzifəsində çalışmış, sonrakı illərdə isə SOCAR ailəsinin bir üzvü olaraq ətrafının sonsuz hörmətini qazanmışdır. Samir gənc yaşlarından qələm dostluğunu həyatının ayrılmaz hissəsinə çevirmişdir. Onun yaradıcılığı Azərbaycan və türk ədəbiyyatının ortaq ruhunu daşıyır. Yazıçının əsərlərində üç əsas mövzu daim ön plana çıxır: Vətən sevgisi, şəhidlərə ehtiram və dövlətçiliyə sədaqət.
2007-ci ildə tanınmış yazıçı Dilara Nağıyevanın kitabında Samirin yaradıcılığından geniş bəhs olunması, onun artıq 2015 -ci ildə özünün povest və hekayələri ədəbi mühitdə fərqli bir səs kimi duyulduğunu təsdiqləyir.
Samir müxtəlif janrlarda – hekayə, povest, publisistika sahəsində məhsuldar qələm sahibidir. Onun “Son nəfəsdə bayraq”, “Ruhuna xəyanət etmərəm”, “Unudulmayan gecə” (Xocalıya həsr olunmuş), “Ümidlər ölmür”, “Acı sevgi”, “Qisas” kimi əsərləri oxucuya həm tarixi gerçəklikləri, həm də insan talelərinin dərinliklərini yaşadır. Xüsusilə “Ümidlər ölmür” povesti Türkiyənin “Ədəbiyyat dərgisi”-də çap olunaraq qardaş oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Onun yaradıcılığında qəhrəmanlar yalnız bədii obraz deyil, həm də xalqın yaddaşında yaşayan, tariximizdə iz buraxan insanlardır. Bu mənada Samirin əsərləri yalnız bir yazıçının qələmi ilə yox, həm də bir vətəndaşın vicdanı ilə yazılmışdır. Samirin əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə, Qırğızıstan, Özbəkistan kimi ölkələrdə də yayımlanmış, həmin dillərə tərcümə olunmuşdur. Onun yaradıcılığı türk xalqlarının ədəbi-mədəni birliyini gücləndirən bir körpü rolunu oynayır.
Bu fəaliyyətlər onu Azərbaycan Yazıçılar Birliyi ilə yanaşı, Qırğızıstan Yazıçılar Birliyinin də üzvünə çevirmişdir. Samir eyni zamanda Avrasiya Sanat Kültür və Ədəbiyyat Federasiyası – ASKEF-in Səs sənətçisi və ASKEF-in Qərbi Azərbaycan təmsilçisinin müşaviridir. Bu qurum vasitəsilə o, milli ədəbiyyatımızı beynəlxalq miqyasda layiqincə təmsil edir.
Samirin yaradıcılığında diqqətçəkən cəhətlərdən biri də onun bədii üslubudur. Hekayələrində sadə, anlaşılan, lakin poetik gücə malik dil seçimi oxucunu hadisələrin içinə aparır. Povestlərində psixoloji təsvirlər, insan xarakterlərinin dərin qatları açılır. Məqalə və esse janrında yazdıqları isə onun yalnız yazıçı deyil, həm də ictimai fikir adamı olduğunu göstərir. Samir müasir Azərbaycan ədəbiyyatında gənc nəslin fəxarəti, vətənpərvər ruhun təcəssümü, milli kimliyə sadiq söz adamıdır. Onun yaradıcılığı yalnız bir bədii mətn toplusu deyil, həm də gələcək nəsillərə ünvanlanmış vətəndaşlıq məktubudur.
Tezliklə işıq üzü görəcək kitabı isə oxuculara yeni duyğular bəxş edəcək, milli ədəbiyyatımızın çağdaş mərhələsində Samir Abdullayevin imzasını daha da möhkəmləndirəcək.
Maraqlı fikirləri var , eyni zamanda orijinal. Gözəl şeiri ədəbiyyat hadisəsi adlandırır. Ümumiyyətlə gözəllik vurğunudu. İçində kin , küdurət saxlamaz, paxıllıqdan min il uzaqdı. Açıqsözlüdü . Həqiqətləri deməkdən çəkinmir. Sözü sevir , poeziya qanına hopub. Düşüncələri fərqlidi . Elinə , obasına çox bağlıdı. Özünü gürzəli şoran torpaqların şairi adlandırır. Bununla da fəxr edir. Üzünü doğma elinə , obasına tutub :
-Nə qarlı dağların , buz bulaqların , Nə yaşıl nəğməli meşələrin var. Nə mavi suların , qağayıların , Nə dilbər qucaqlı guşələrin var, Bəs niyə bu qədər şirinsən mənə? -deyir şair Zabil Pərviz.
Vicdanlıdı . Pisə yaxşı , yaxşıya pis deməz. Dünyaya işıq tərəfdən baxar. Ədalət həyat amalıdı. Xaqaniylə , Saib Təbriziylə yola çıxar hərdən. Əlbəttə xəyalən. Bəzən onu anlamazlar. Sözünün dərinliklərində yatan fikirləri çox vaxt qaranlıq qalar bəzilərinə. Amma özü sözünün min il sonra da eyni dəyərdə qalacağına inanar. Haqlıdı da. Sözünə arxayındı axı. Təkliyiylə danışar çox vaxt..Özünü kiməsə etibar etməz. “Adamlar da maşın kimidi. Gərək məsafə saxlayasan. Yoxsa qəza olar”- deyir. Bu fikirləriylə də şərikiəm. Yaşıyla hərəkətləri bir -birini tamamlayır . Hər sözü zamana görə seçir.
Haçan ki ,”ev bizim , sirr bizim olar” Baharın yolunu qışla bağlarıq. Dostlarla qırılan əlaqəmizi Bəhanə gətirib işlə bağlarıq , Onda gəncliyimiz tərk edər bizi
— deyən şair ömrün bütün fəsillərini ürəyi dolu qarşılayır. Axı ömrün qışı bəhanələrin dolu olduğu fəsildi. İnsanın yorulan , dizinin gücdən , təpərdən düşən vaxtıdı. Zabil Pərviz bütün fəsillərdə sözünə söykənən şairdi. Demək qışdan da qorxusu yoxdu. Eyni zamanda çox maraqlı və zəngin daxili aləmi var. Arada telefon söhbətlərimiz olur. O özü də bilmədən oxumağa çalışıram onu. Hər söhbətimizdə bir az da yaxından tanıyıram Zabil Pərvizi. Bu söhbətlərin hərəsi bir ədəbi hadisədi deyirəm özünə. Ara -sıra qələmə alın , yazın , itib batmasın , heyfdi, deyirəm. Oxunmalı , nəticə çıxarılmalı , ibrətamiz söhbətlərdi hamısı. Kitab oxumağ , mütaliəni sevir. Oxuduğu kitab qəhrəmanlarına bənzədir özünü . Elə ləqəbi də özünə Xosrov Pərvizin eşqinə götürüb . Gözəl ədəbiyyatçı , səviyyəli oxucudu həm də. Sözə çox bağlıdı. Susayanda şeir yazır, darıxanda şeir yazır .Elə küsəndə , inciyəndə də. Antik ədəbiyyatı , xarici ədəbiyyatı , klassikləri heç vaxt yaddan çıxarmır. Müasirliyin də qətiyyən əleyhinə deyil, yetər ki, əndazəni aşmayasan. Əsl Sözə sufi sevgisi var. Saatlarla ədəbiyyat söhbətləri edir , yorulmur. Bir sözlə xəmiri sözlə yoğrulub. Titul , medal dalınca qaçmaz. Əsl titulu şairlikdi. Onu da Tanrı verib(özü demiş) Bundan böyük mükafat ola bilərmi? . Dopdolu şükranlığı var Yaradana. Ovucları duadan , ürəyi sevgidən asılıb. İddiası da böyük deyil. Sözdə çəkisini və yerini gözəl bilir. Məsləhət verir, məsləhət alır. Özünü qaldırıb dağ başına qoyanları sevmir. Adamı gendən-genə tanıyır. Sözündən. Vətəni ürəkdən sevir .Sözünün bu başı da Vətəndi , o başı da:
Mənim damarımda axan qan deyil , Vətən cövlan edir damarlarımda -deyir .
Şairdən gözəl şeir gözləyir . ” Mən əlahəzrət oxucuyam – deyir, zəhmət çək mənim zövqümü oxşayan şeirlər yaz. Sənin ixtiyarın yoxdu məni yorasan və incidəsən”. Zabil Pərviz kədəri də , qəmi də olduğu kimi qəbul edənlərdəndi. Ağrıların gözünə dik baxan şairdi :
Yüz sevincə qatılsa da , Yüz gülüşə qarışsa da Yeyilməyən yavan kədər.. Sən babamdan qalan sərvət , sən atamdan qalan dövlət . Mən bələdəm dəyərinə , dəyməzinə yüngülünə , ağırına , Çeynədiyin oğulların varisiyəm , Çıxacağam axırına.
Bu misralarda böyük əzm , dəyanət və inam var – sabaha , gələcəyə , sevgiyə .. Şoran torpaqların şairi susuzluğunu sözlə yatırır . Ciyəri yananda sözlə ovunur. İlan mələyən torpaqların şairi olmağıyla həmişə fəxr edir. Bilir ki, onsuz da harda olsa səsi bütün Azərbaycana çatır. Bu sarıdan da xoşbəxtdi.
Bülbüllər oxuyar Kür sahilində , Bülbüllər oxuyar gecə sübhəcən. Xuraman ləpələr , xumar ləpələr Nəğmə yarışından keçər sübhəcən.
Başdan ayağa duyğu yüklü şeirdi . Oxuduqca gözümüzün önünə Kür sahili , gecənin qoynunda bir -birilə sevişən ləpələr gəlir , qulağımızda bəxtəvər bülbüllərin səsi cingildəyir.
Nə vaxtsa bu yoldan keçmişəm atlı, Tanışdır qarsımış çiçəklər mənə. Bir muğam oxuyur doğmalıq adlı Qarğılar , qamışlar , küləklər mənə.
Dizimi göynədən tikanlar tanış, Burda qarışmışam yovşan ətrinə. Doğma halalına haram qatmamış Biçənək ətrinə, kövşən ətrinə …
Bu misralarda nə gizlənməyib ? Həsrətin , ayrılığın , saflığın , doğmalığın havası uzaqdan vurur adamı. Dipdiri , dupduru hislərin təcəssümüdü bu lirik şeir. Qızmar kənd , yollar , çəpərlər , küləklər , tikanlar , kollar , yovşanlar , otlar dil açıb danışır adamla Zabil Pərvizin diliylə.
Ümumiyyətlə Zabil Pərviz lirikası qaynardı , od kimidi. Hamının ürəyindən keçənləri şeirə çevirmək məharəti var bu şairdə. Özünü əsrlər sonra Nizami , Nəsimi , Xaqaniylə eyni məkanda görəcəyinə çox inanır. İlham pərisi həmişə oyaq olan bu şairin özünün Söz dünyası var. Tərtəmiz , qalsız, qeybətsiz , bütün münaqişələrdən və intriqalardan uzaq dünyasında həmişə özüylədi. Söhbəti sevir. Ədəbiyyat söhbətlərində saatlarla adama yoldaşlıq edə bilir. Hər mövzuda dialoqa girməyi bacarır . Bir sözlə sözünə sadiq şairdi. Sözünə toxunan olmasa min il yoldaşlıq etmək olar Zabil Pərvizlə. Ürəyi istəməyən heç nəyi danışmaz. Yalançı tərifləri və alqışları sevməz. Sözü urvatdan salanlara qarşı qalxanı elə özü demiş əlahəzrət Sözüdü. Orta həddi sevmir. Onunçun ya var olmalısan , ya da yox. Dostluqda da elədi. Tələbkardı və eyni zamanda ona bildirilən iradlara da daim qapısı açıqdı. Kökdən çıxmır. Obrazlı , poetik ifadələrlə zəngin şeirləri oxucuyla tez dil tapır . Ən çox heca vəzninə vurğundu. Deyir o vəznin özünün xüsusi ahəngi , ritmi var . Amma bütün vəznlərdə yazılan əsl şeirlərə də hörmət və ehtiramla yanaşır. Ütülü danışmağı xoşlamır , amma pərakəndəliyində də bir nizam var. Onunçun Azadlıq anlayışı bəşəridi, amma onun da sərhəddi olmalıdı. Keçdinsə azadlıq deyil. Məmməd Araz , Xəlil Rza sevdalısıdı. Tez -tez onlardan söz açır , kövrəlir , qürurlanır . Deyir vaxtilə ədəbiyyata məni nəhəng söz adamları uğurlayıb. Ustadlarını daim məhəbbət və ehtiramla xatırlayır. Sinədəftərdi. Zaman -zaman sevdiyi şeirləri hafizəsinə köçürüb. Hansı mövzuda desən şeir tapmaq olar Zabil Pərvizdə. Gözəl şeir görəndə sevinir. Uşaq kimi safdı. Ürəyində həsrət yaşayan şair bəzən sükutun diliylə də danışır adamla. Səssizliyində gizlədər bəzən ürəyindən keçənləri. Bilirəm ki, deməsə də bu yazını da çoxdan gözləyirdi məndən. O da gözləyirdi , mən də. O da darıxırdı , mən də. Axı bu yazı da doğulmalıydı. Şeir kimi . Nəhayət ki, doğuldu– Gecənin aydınlığında , ay işığında , başında külək , gözlərində işıqla doğuldu. Əsl Zabil havasında. Bütün şeirlərimi muğam üstündə yazıram deyir şair. İstədim bu yazı da muğam üstə doğulsun. Xəmiri ədalətdən və həqiqətdən yoğrulan bu yazının da öz oxucuları olacağına inanıram. Ömrünün payızında könlündə bahar çiçəkləri açan şairin oxucuları da özü ruhda olmalıdı axı . Ruhu yorulmasın nə şairin , nə əlahəzrət oxucunun.