Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

15 avqust tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil bütün Türk dünyasının ən sevimli şairi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı Sərəncama müvafiq olaraq Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Azərərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirlərdən bəhs edib.

Qeyd edib ki, artıq fevral ayının 24-də Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatı və Azərbaycan Milli kitabxanası Ankarada TÜRKSOY-un iqamətgahında “Bəxtiyar Vahabzadə ili”nin açılış mərasimini edib, Ankaradakı Bəxtiyar Vahabzadə adına məktəbdə “Türk dünyasının Bəxtiyarı” adlı ədəbi bədii kompozisiya keçirib. Eyni zamanda Mədəniyyət Nazirliyinin Milli kitabxana ilə birgə layihəsi olan “Görkəmli şairin ilk kitabı” seriyasından Bəxtiyar Vahabzadənin 1949-cu ildə nəşr olunan “Mənim dostlarım” adlı kitabının təqdimatı da keçirilib. İlin sonuna qədər belə tədbirlərin nəinki Azərbaycanda bütün türk dünyasında keçiriləcəyini bildirib. Azərbaycan Milli Kitabxanası tərəfindən “Bəxtiyar Vahabzadə. Biblioqrafiya” kitabının hazırlandığını vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Bəxtiyar Vahabzadəni şəxsən tanıdığını söyləyərək, Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti yaşadıqca Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacağını söyləyib. Onun elmi və pedaqoji fəaliyyəti, vətəndaşlıq mövqeyi və dostluq münasibətlərinə toxunub, “Gülüstan” poemasını ilə Ümummilli lider Heydər Əliyevin sevgisini qazandığını söyləyib. Əlavə edib ki, alim və şair kimi Bəxtiyar Vahabzadəyə münasibət hər zaman yüksək olub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı bəhs edib. Bəxtiyar Vahabzadənin Türk dünyasının, Turanın əbədiyaşar şairi olduğunu söyləyib. Bəxtiyar Vahabzadənin bu gün aktual olduğunu və gələcəkdə də aktual olacağını deyib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli çıxışında Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib. Bəxtiyar Vahabzadə poeziyasının təməlində Azərbaycançılıq, Türkçülük və Turancılıq ideyasının və insanlıq konsepsiyasının danaydığı əlavə edib. Bəxtiyar Vahabzadənin ucalıq şairi olduğunu deyib.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının və “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı virtual və ənənəvi sərginin təqdimatı olub.

Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər şair haqqında”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Ədəbiyyat və sənət haqqında fikirləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Filmoqrafiya”, “Nəşrlər”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətni ilə təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Bextiyar_Vahabzade/index.html linkindən istifadə edə bilərlər.

Virtual sərgi ilə tanış olmaq istəyənlər isə https://anl.az/el/vsb/Bextiyar_Vahabzade/index.htm linkindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub.

Qeyd edək ki, “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisində rəsmi sənədlər, fotolar, şairin Milli Kitabxanaya təqdim etdiyi imzalı kitabları, görkəmli şəxslərin fikirləri, əsərləri, həyatı və ictimai fəaliyyəti haqqında məqalələr, Bəxtiyar Vahabzadənin poeziyasının dili, dramaturgiyası, dilçilik görüşləri, tərbiyə məsələləri və s. yaradıcılığı haqqında monoqrafiyalar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Mənbə və ətraflı:

https://www.millikitabxana.az/news/xalq-shairi-bvahabzade

Azərbaycan Milli Kitabxanası

Atakişiyeva Həcər yazır

NİZAMİ GƏNCƏVİ VƏ DÜNYA ƏDƏBİYYATI

Əsərləri ümumbəşəri mahiyyət daşıyan və ecazkar poetik qüvvəyə malik olan Nizami Gəncəvi yaradıcılığı ilə dünya ədəbiyyatına öz adını əbədi yazdırmışdır. O, əsərlərinin poetik gücü ilə Şərq bədii təfəkkürünü dünya miqyasında elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və ədəbiyyatı görünməmiş yüksəkliklərə qaldırmışdır. Dahi Azərbaycan şəxsiyyəti Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün dünya ədəbiyyatında yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Dünya ədəbiyyatının ondan sonra yaşamış görkəmli nümayəndələri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq dərsi öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirləri tərənnüm edib, onu özlərinə böyük ustad bilmişdirlər. Nizami Gəncəvinin ölməz ədəbi irsi dünya ədəbiyyatına humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə, bilik, dərin fəlsəfi fikir aşılamışdır. Nizami Gəncəvinin zəngin yaradıcılığı dünya ədəbiyyatına qüvvətli təsir göstərmişdir. Dünya ədəbiyyatının bir çox məşhur simalarını Nizami Gəncəvi şeirinin ən yaxşı davamçılarındandırlar. Onun yaratmış olduğu ədəbi məktəb dünya ədəbiyyatına humanizm, insana məhəbbət, cəmiyyətdəki eyiblərin tənqidi, dostluq və məhəbbət ideyalarını aşılayır.                                                                                                    Qədim tarixə və çoxəsrlik inkişaf yoluna malik olan Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında körpü rolunu oynamaqdadır. Nizami Gəncəvinin adı dahi dünya ədəbiyyatının nümayəndələri olan Homer, Dante,  Bokkaçio, Şekspir, Bayron, Puşkin, Lev Tolstoy ilə birgə çəkilir. Dahi şəxsiyyət dünya ədəbiyyatında əlçatmaz bir zirvə olaraq qalmaqdadır. Nizami Gəncəvinin “Xəmsə”si Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatınada əbədiyaşar, pozulmaz poetik naxışlar vurmuşdur. Nizami Gəncəvinin “Xəmsə”si dünya yazılı və şifahi xalq ədəbiyyatının zirvəsidir. “Xəmsə” Azərbaycan ədəbiyyatının şah əsəri olduğu qədər, eyni dərəcədə dünya ədəbiyyatının da möhtəşəm ədəbi abidəsidir. Nizami Gəncəvi “Xəmsə”ni dünya ədəbiyyatına ən böyük sənət ərmağanı yazmışdır və onun əsərləri dünya ədəbiyyatı hadisəsidir. Nizami Gəncəvinin yaradıcılığını dünya ədəbiyyatı miqyasında tədqiq və təbliğ edilməsi məsələsinin daim gündəmdə saxlanılması bütün ədəbiyyatşünasların vəzifə borcudur. Dahi ədibi dünya ədəbiyyatında Azərbaycan şairi kimi tanıtmaq, əsərlərindəki ədalət və humanizm ideyalarını ölkəmizdə və beynəlxalq aləmdə təbliğ edib, nizamişünaslıq elmini inkişaf etdirmək hər birimizin borcudur.                                                                         İsa Həbibbəyli “Nizami Gəncəvidən iqtibas” məqaləsində dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Nizami Gəncəvinin yaradıcılığından etdikləri iqtibasları geniş bir şəkildə şərh etmişdir. “Dahi şairin məşhur “Xəmsə”si əsasında Hindistanda Əmir Xosrov Dəhləvi (XIII-XIV əsr), Tacikistanda “Əbdürrəhman Cami (XV əsr), Özbəkistanda Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin ustad sənətkar kimi xidmətlərini yüksək qiymətləndirməklə və ondan ilham alaraq yeni ideya-məzmunda “Xəmsə”lər yaratmaqla Şərq ədəbiyyatı tarixində iz qoymuşlar. Ümumiyyətlə Şərq ədəbiyyatı və eyni zamanda Azərbaycan ədəbiyyatı uzun əsrlər Nizami Gəncəvinin sənət ideallarının və ictimai ideyalarının işığında yol getmişdir. Türk-müsəlman dünyasında “Sirlər xəzinəsi” poemasına 46, “Leyli və Məcnun”a 92, “Xosrov və Şirin” əsərinə yüzdən çox nəzirə yazılmışdır. Bütövlükdə Nizami Gəncəvinin əsərlərinə yazılmış nəzirə və bənzətmələrdən, böyük şairin yolunu yaradıcı şəkildə davam etdirən sənətkarların əsərlərindən möhtəşəm bir kitabxana yaratmaq mümkündür. Bu cəhətdən Nizami Gəncəvi ilə bəhsə girmək mümkün deyildir. Nəinki Şərqin böyük dühaları, hətta Höte kimi məşhur Qərb mütəfəkkiri də özünün məşhur “Şərq-Qərb divanı”nda Nizami Gəncəvidən bəhs etmiş, “Xəmsə”nin işığında əsərinə yeni bölmələr əlavə etmişdir” [3, s.2].                                                                                                         Nizami Gəncəvinin şeir yaradıcılığı dünya klassik lirikasının nadir mirvarilərindəndir. Azərbaycan poeziyasında süjetli lirikanın yaradıcısı olan Nizami Gəncəvinin əsərləri ecazkarlığı və bənzərsizliyi ilə təkrarsız möhtəşəmlikdir. Nizami Gəncəvinin zəngin yaradıcılığı mükəmməl və təkrarsız sənət nümunəsidir. Onun “Leyli və Məcnun” poemasını dünya ədəbiyyatının nümunəsi olan “Romeo və Cülyetta”dan əvvəl yazılmış romantik məhəbbət macərası adlandırırlar. “İskəndərnamə” poeması dünya ədəbiyyatının yeni tipli şahnaməsidir. Tədqiqatçılar dünya ədəbiyyatının ölməz əsərlərini Nizami Gəncəvinin əsərləri ilə eyniləşdirirlər. Belə ki, “İqbalnamə”ni  Aristotelin “Ritorika”sı, “Şərəfnamə”ni isə “Poetika”sı ilə eyni səviyyədə dəyərləndirirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri ilə nəinki Şərq aləmində, hətta Qərb ölkələrində də siyasi hakimiyyət uğrunda mübarizənin fərqli yolunu və müsbət nəticələrini göstərmək baxımından tamamilə yeni bir yanaşmanın ifadəsi idi. Nizami Gəncəvinin yaradıcılığı ümumdünya qavrayışının cazibədar ədəbi təqdimatıdır. O, eşq və hikmətdən yoğrulmuş yaradıcılığı ilə dünya sənət dünyasını daha da zənginləşdirmişdir. Nizami Gəncəvinin ədalətli hökmdar mövzusu dünya ədəbiyyatında daim aktual mövzu kimi qalmaqdadır. Nizami Gəncəvinin eşqdən hikmətə doğru inkişaf dialektikası keçən əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ideal insanlıq nümunəsidir. Belə ki, ədib əsərlərinin baş qəhrəmanlarının timsalında dünya ədəbiyyatında sözün həqiqi mənasında insanlıq manifesti yaratmışdır. O, dünya ədəbiyyatında ədalətli hökmdar formatında həyat nəfəsi gətirərək, mənəviyyat motivləri daxil etmişdir. Geniş dünyagörüşə və dərin biliklərə malik olan Nizami Gəncəvi şah əsərləri olan “İskəndərnamə” ilə siyasi-fəlsəfi, “Yeddi gözəl” ilə isə ədəbi-mənəvi ensiklopediya yaratmışdır. Nizami Gəncəvinin yaradıcılığı hadisələr üzərində maraqlı müqayisələr aparması, əhəmiyyətli nəticələr çıxarması və düşündürücü ideyalar irəli sürməsi ilə olduqca böyük əhəmiyyətə malikdir. Onun əsərlərinin ideyaları dünya intibahının ən mühüm və əsas çağırışları kimidir.                                                                                                                                  Ramidə Yaqubqızı Respublika qəzetində dərc olunan “Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi” məqaləsində böyük Azərbaycan şairi Nizami Gəncəvini dünya klassikləri ilə müqayisə etmişdir. “Nizami Gəncəvi yaradıcılığından, poeziyasından təkcə Şərq deyil, Qərb şairləri də bəhrələnmişdir. Nizami poeziyasının ilahi qüdrətindən yan keçə bilməyən klassiklərdən Dante,  Bokkaçio, Şekspir, Şiller,  Höte, Bayron, Puşkin və digərləri bəhrələnmişdir. Həmin klassiklər təkcə Nizami poeziyasından yararlanmamış,  həm də şairi təbliğ, tərənnüm etmişlər” [4, s.3].     Nizami Gəncəvinin millətlərəyanaşma tərzi həm öz xalqına, həm də dünya xalqlarına eynidir. Onun yaradıcılığında insanı düşündürmək, mənəvi cəhətdən saflaşdırmaqla onu dəyişdirib inkişaf etdirmək ən zəruri mətləblərdən biri kimi təqdim olunur. Dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkar olan Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlatmışdır. Onun misilsiz əsərləri və onun qabaqcıl ideyaları böyük sürətlə dünya ədəbiyyatı tarixində yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir. Nizami Gəncəvinin yaradıcılığı dünya ədəbiyyatında ideal qadın obrazının yaradılması baxımından da yüksək mövqeyə sahibdir. Əsərlərində ağıllı və tədbirli qadın obrazları yaradan Nizami Gəncəvinin qadın obrazlar geniş mənada dünya intibah ədəbiyyatının ideal sadə insan surətləridir. Nizami Gəncəvi yaratdığı qadın obrazları ilə dünya ədəbiyyatında Azərbaycan qadınlığının abidəsini yaratmışdır. O, əsərləri ilə türk-müsəlman dünyası ədəbiyyatına ciddi surətdə təsir etmişdir. Nizami Gəncəvinin dünya ədəbiyyatında tanıdılması və onun əsərlərinin geniş miqyasda yayılmasında Şərq ölkələrində qəbul edilmiş ədəbi ənənə olan fars dilində yazmasının böyük rolu vardır. O, dövrünün ənənələrinə əsasən fars dilində yazıb-yaratdığı üçün dünya ədəbiyyatında özünə çox asanlıqla özünəməxsus xüsusi yer tuta bilmişdir.                                                                                 Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı eşq, insanlıq və hikmət dastanı kimi bu gün Azərbaycan və dünya ədəbiyyatı üçün əhəmiyyətlidir. Nizami Gəncəvinin əsərləri yüksək milli və bəşəri simaları ilə dünya ədəbiyyatına təkrarsız Şərq cazibəsini gətirmişdir. Ədib əsəri ilə dünya ədəbiyyatının ən nadir və möhtəşəm gözəllik qalereyasını yaratmağa nail olmuşdur. Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında şöhrət tapmış bir sənətkar kimi əsərləri vasitəsilə gələcək nəsillərə hörmət, ləyaqət, savad, müdriklik kimi həmişəyaşar dəyərlər qoyub getmişdir. Nizami Gəncəvi məhz o dahilərdəndir ki,  onun fikirləri, düşüncələri, əvəzolunmaz əsərləri dünya ədəbiyyatını inkişaf etdirə biləcək gücdədir. Onun məktəb yaratmış zəngin və rəngarəng yaradıcılığı dünya ədəbiyyatının inkişafına təkan verən amillərdən hesab edilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı Yaxın və Orta Şərqdə, Avropada böyük bir nüfuza sahibdir. Nizami Gəncəvinin Fransa, Almaniya, İngiltərə və Rusiya kimi ölkələrdə də tədqiqatçıları əsərlərini tədqiq edib, onun haqqında müxtəlif elmi-kütləvi məqalələr və onun əsərlərindən tərcümələr edərək nəşr etdirmişdirlər. Onlar tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, həndəsə, coğrafiya və digər elmləri mükəmməl şəkildə bilən Nizami Gəncəvinin yaradıcılığına xüsusi maraq göstərirlər. Böyük Azərbaycan şairi Nizami Gəncəvi Azərbycan dili ilə yanaşı, fars, ərəb, pəhləvi dillərini mükəmməl bildiyi üçün bu dillərdə danışmağı və mütaliə etməyi sayəsində dünya ədəbiyyatının nümayəndələrinin əsərlərini orijinallarından dəyərləndirirdi.

Ədəbiyyat:

  1. Ağayev Ə. Nizami və dünya ədəbiyyatı. Bakı, Azər    baycan Dövlət nəşriyyatı, 1964, 172 s.
  2. Gəncəvi, N. Yeddi gözəl /  Ön sözün müəl. və elmi red. X.Yusifli / N.Gəncəvi. – Bakı: Lider nəşriyyat,- 2004.- 336 s.
  3. İsa Həbibbəyli / Nizami Gəncəvidən iqtibas / Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun.- 2 s.
  4. Ramidə Yaqubqızı / Dünya ədəbiyyatının dahi klassiki: Nizami Gəncəvi / Respublika qəzeti. – 2023.- 8 avqust.- 3 s.
  5. Vüqar Əhməd.  Nizami  Gəncəvi  yaradıcılığı  fəlsəf i-irfani kontekstdə. “Elm” qəz.,Bakı, 2021,16 aprel, № 14 (1276), 5 s.
  6. Yusifov, X. Nizaminin lirikası / red. M. Quluzadə / X. Yusifov. – Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, -1968. -273 s.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əli Bəy Azəri yazır

“ŞƏLALƏ” FƏALİYYƏTİNİ DAYANDIRACAQMI?

Qaxdayam. Bölgələrə gedəndə ilk ziyarətim Şəhidlər Xiyabanı olur. Sonra kitabxana, ardınca da yerli mətbuat…
Hər rayonun öz qəzeti var. Pis-yaxşı fəaliyyət göstəriblər. Əlbəttə ki, yerli icra orqanının köməkliyi ilə. Mən həmişə “İSMAYILLI XƏBƏRLƏRİ” qəzetini nümunə göstərmişəm. Rayon ərazisində yaşayan müxtəlif xalqların, azsaylı etniklərin də maraqları təmsil olunur.
Qaxda da belədir. “Şəlalə” qəzeti gürcü dilində də məqalələr verir.
Qəzetin son nömrəsi 2025-ci ilin iyul ayında çıxıb. Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə ərsəyə gəlib. Baş redaktor Qax ziyalılarına müraciət ünvanlayıb. Qəzetin fəaliyyətinin dayanacağı barədə həyəcan təbilini döyəcləyib. İndiyə kimi şəxsi vəsaitləri, təqaüdləri hesabına qəzetə abunə olaraq yaşadanların da siyahısını dərc edib.
Son on ildən artıqdır ki, Qax turizm bölgəsinə çevrilib. Rayona gələn qonaqların ardı-arası kəsilmir. Otellərin, restoranların sayı bilinmir, yağışdan sonra artan göbələk kimi çoxalır. Gündəlik kirayə evlərin qiyməti əlli manatdan yuxarıdır. Nədənsə, qəzetə abunə olanlar siyahısında bircə nəfər də sahibkar, yaxud orta sahibkar yoxdur. Qəzetin son nömrələrini səhifələdim. Bircə tənqidi yazıya rast gəlmədim. Tənqidi yazısı olmayan qəzeti hansı sahibkar saya salar?
Rayonun girişindəki “Gənclik” parkı bərbad gündədir. Bircə dənə salamat oturacaq yoxdur ki, turist oturub şəkil çəkdirə bilsin.
Rayonda olan parkların ədəbxanalarına girmək mümkün deyil. İşıqları yanmır. Təbii ifrazat yerləri dolub, gələn turisti qapının ağzında qarşılayır.
Şəhərin bir neçə yerində Yaşıllaşdırma idarəsi uğursuz budama əməliyyatı aparıb. Ondan çox ağac neçə ildir ki, quruyub, təhlükə mənbəyinə çevrilib. Onları çıxardıb yerində yenisini əkmirlər.
Rayon mərkəzində fəaliyyət göstərən heç bir otel turistə ödəniş qəbzi vermir. Vergidən yayınma halları kütləvidir. Pullar hara axır?
Bir sözlə, SOYĞUNÇULUQDUR!
Belə olan halda rayon qəzeti fəaliyyətini davam etdirə bilərmi?
Rəhmətlik Həsən bəy Zərdabi bir qəzeti yaşatmaq üçün çəkdiyi əziyyəti indi müstəqil mətbuat çəkir. 58 min əhalisi olan Qax rayonu bir qəzeti yaşada bilmir.
“Şəlalə” qəzeti Medianın İnkişafı Agentliyində reyest qeydiyyatına alınmış qəzetdir.

Əli bəy Azəri

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.

Əli bəy Azərinin yazıları

Ziyadxan Budağın yazıları

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru