
TƏRƏKƏMƏLƏRDƏ XAM ATIN ÖYRƏDİLMƏSİ
Atın xırda balasına qulun, bəzən də kürük(x’) deyərlər. Bir neçə aylıq olandan sonra dayça deyilir. İki yaşından sonra erkəyinə day, dişisinə qulan deyilir. Yaş yarımlıq dayçaya verilən şilxor adı da var. Bu ad çox işlənməz, bəzən isə arıq, yöndəmsiz və dəyərsiz mənalarında işlənir.
Tərəkəmələr adətən dayçaları bağlamaz, ilxıda, ya da hörüklü olan analarının yanında buraxma saxlayarlar. Çox vaxt belə açıq buraxılan dayçalar yarımvəhşi olur, insana yaxınlıq vermirlər. Ona görə də onları əhliləşdirib yükə və miniyə öyrərmək xeyli zəhmət tələb edir. Adətən dayçaları iki yaşını tamam edəndən sonra öyrədirlər. Çünki tez öyrədilən dayçaların qolu alınar – yəni ön qıçları zədələnər. Qolu alınmış at şikəst sayılır, arxda-bərədə, bərkdə-boşda tez büdrəyər, yıxılıb üstündəki süvarinin də zədə almasına səbəb olar. Ona görə də atalarımız deyib:” atı birində bəslə, ikisində gözlə, üçündə min. Oldu at, olmadı sat!”
Üç yaşında olan gümrah xam atı elə belə öyrətmək olmaz. Onu boğmasan, əzməsən xamto qalar ki, belə atlara da kələday deyilir. Bu ifadə məcazi olaraq qaba, özbaşına, baştuşuna iş görən cavanlar üçün də işlənir.
Gələk at öyrətməyə. Xam atı kəməndlə, ya da göz (yerdə kəndirdən qurulan halqa-tələ) vasitəsilə tutur, başına uzun bir siyirtmə kəndir salırlar. İki nəfər qolubərk cavanın hərəsi ipin bir ucundan tutub dartır, kəndir dartıldıqca at boğulur. Boğulmuş at sakitləşib müti bir hal alır. Köhnə kişilər deyərdi ki, atın iki qanadı olur, onun biri at doğulanda sınır (adətən at ayaqüstə doğur, qulun hündürdən yerə düşdüyünə görə), o birisi at boğulanda. Ona görə də atı boğmadan öyrətmək mümkündürsə, bu lap yaxşıdır. At sonralar narahatlıq yaratsa da ürəkli, cəsarətli olur.
Bundan sonra atı yüyənləyir, belinə alıq qoyurlar. Çünki, üzəngili və metal konstruksiyalı yəhər xam at üçün o qədər də münasib deyil. Atın belinə əvvəl keçə tərlik, sonra keçə borulardan düzəlmiş qom, axırda da üstdən çul qoyulub doğanaqlı örkənlə alıqlanır. “Örkən nə qədər uzun olsa gəlib doğanaqdan keçər” məsəli də burdandır. Öyrətmə zamanı ağır yük olmayacaqsa qomsuz da ötüşmək olar. Ancaq yük üçün qom əvəzsizdir. Çünki qom alığı hündürdə saxlayıb atın bel tirinə toxunmasını əngəlləyir, həm də o üz-bu üzə aşmanın qarşısını alır. Xam ata quşqunu da quyruq altından yox, aşağıdan, buddan, öküz quşqunu kimi verirlər. Bu da onun üçündür ki, həm xam atın dərisi zədələnməsin, həm də canı ağrıyan at soncuqlayıb üstündəki adamı yıxmasın. Alıqlamadan sonra at minməyə imkan vermirsə onun belinə iki kisə torpaq yükləyib sonra minirlər. Belindəki yükün ağırlğından at narahatçılıq yarada bilmir. Əvvəl-əvvəl yüyəni yerdəki piyada adam tutub çəkir. Sonra yüyən süvariyə verilir. Təbii ki, süvari də cəld və cavan bir adam olmalıdır. Bu yeni öyrədilən atı sürmək üçün minici qamçıdan, çubuqdan, hətta adi əl ağacından da istifadə etməz, yoxsa canı ağrıyan bişməmiş at şıllaqlayar, təpik atar, üstündəki adamı yerə atmağa çalışar. Ən azı bəd vərdişlərə yiyələnər. Bunun üçün 70-80 sm-lik bir hamar taxtadan istifadə edər və taxtanı boynuna, yanına ehtiyatla yastısına vurarlar ki, onu incitməsin. At bir qədər yüklə sürülüb yorulandan sonra yük belindən alınar. Minici eləcə siyato (yüksüz) minər.Bu iş fasilələrlə bir həftə davam edər. Bu müddətdə atı bərkə-boşa salar, kolluğa, daşa, palçığa salar, qaraltıdan, itdən hürküb-hürkmədiyini də yoxlayarlar. Yeni öyrənmiş ata yük vurmaq lazım olsa ilk zamanlar ona yüngül çəkidə mitil, keçə, un kimi rahat yüklər yükləyərlər. Xam ata danqıldayan, şappıldayan metal, qab-qacaq, cığara və s. kimi yüklər yükləmək təhlükəli olduğundan bir müddət onu belə yüklərdən uzaq tutarlar. Əks təqdirdə hürküb özünə və ətrafına xəsarət yetirə bilər. Beləcə öyrədilib yetişdirilən bir at mükəmməl at olar.