İki aydır şeir yaza bilmirəm, Təbim uzaqlaşıb, tanımır məni. Vaxtmı əngəl olub buna, bilmirəm, Sanki hər ötən gün sınayır məni.
Neçə kağız yazılmağı gözləyir, Məlul-məlul baxır yazı masası. Şeirsiz ürəyim ancaq qəm yeyir, Axı sözdür hər anımın mənası!?
Düşünürəm bəzən mən öz-özümə, Bəlkə, bir az dinclik istəyir ürək? Axı şeir dinclikdir mənə görə!? Şeirə dönməyən duyğu nə demək?
Nə mavi göy üzü cəlb edir məni, Nə çöldən, çəməndən alıram ilham. Qəsbkar duyğular qəsb edir məni, Axı mən nə vaxtdan şeirə yadam?
Axı hələ qələm tutur əllərim, Amma aram dəyib kağız-qələmlə. Niyə yazmağa yanaşmır ürəyim? Keçir günlərim fərəhsiz, ələmlə.
Qəlbimin böhranını son günlərdə, Özümə ən böyük dərd hesab etdim. Bürkülü keçən bir yay gecəsində, Bir söz həsrətiylə yuxuya getdim.
Bir anda elə bil bulaq qaynadı, Axdı ordan şeirlər sətir-sətir. Yazacağım şeirlərim dil açdı: “Eşit, gör ilham pərisi nə deyir?”
“Ey sözün quluna çevrilən insan!” İlham pərisi başladı sözünə: “Sən ki olmamısan şeirə nadan, Niyə əziyyət verirsən özünə?
Şeir şəkər deyil, gəzmir ağızda, Şeir əlçatmazdır, dürrdür, incidir. O, şairi qovurur öz nazında, Bir sətir üçün nə qədər incidir.
İttifaqdır şeirlə şair təbi, O, sınayır dəfələrlə şairi. Gərək sakit olsun şair əsəbi, Yazanda bir-iki sətir şeiri.
Şeir yazmaq asan gəlməsin sənə, Bu yolla yerisən, çək əzabını. Onda dəyərli olar şeirin də, Bir düşün, götür özün hesabını.
Şair təbi nadir qaynayan bulaq, Şeir alın təri, şeir əməkdir. Bircə sətir cızma-qara da olsa, Onu yazmaq üçün səbir gərəkdir.
Odur ki, heç nədən narahat olma, Həsrətə dözməyi öyrənməlisən. Şeir özü gələcəkdir yanına, Sən onu gözləməyi bilməlisən.
Bu sözüm hamının ünvanınadır, Heç kəs narahat olmasın heç nədən. Dünya əbədi yox, fani dünyadır, Heç nə önəmli deyil öz ömründən.
Sən ki sazsız-sözsüz almırsan nəfəs, Şeir sənə hər an nəfəs verəcək. Şair, səndə olan şeirə həvəs, Səni son anda da tərk etməyəcək”. 23.08.2025 (saat 20:00).
“Azərbaycan” jurnalının 9-cu nömrəsi qatarla gəlib. Zəngəzur və Ağdam qatarını xatırladır. İşığını yandərıb, qaranlıqdan aydınlığa çıxıb. Dumanı yara-yara gəlir. Bu qatarın vaqonlarında maraqlı sərnişinlər var. Məsələn: Birinci vaqonda 100 yaşlı Bəxtiyar Vahabzadə əyləşib. Sevinc Mürvətqızının qonağıdır. Yaqub Babayev də Bəxtiyar Vahabzadənin “Dil və İstiqlal sevgisi”ndən danışır. Vüsal Nuru “Zəhmli eynək” li adama mülayim bir esse həsr edib. Onun bədii portretini gördüyü kimi yaratmağa çalışıb. Növbəti “Ədəbi irs” adlı vaqonda 90 yaşlı Fikrət Qoca əyləşib. Güldəniz Qoca xatirə danışır. Poeziyada Əlizadə Nuri rəqəmli misralar təqdim eləyib. Barat Vüsal, Mahcamal, Nazim Hüseynli poeziya axşamı qurublar. Nəsr vaqonunda qotik ab-hava yaşanır. Vüsal Nurunun təqdim elədiyi “Ölü yuxusu” adlı romanı yolçuluğa başladı. “Ədəbi söhbətlər” i bu dəfə çox hörmətli tənqidçi Nergiz Cabbarli Nizami Cəfərovla aparıb. Ədəbi problemlərə diqqət çəkib. Təhsin Mütəllimov xatirələrini danışıb, duyğulanıb. Növbəti vaqonda 90 yaşlı Əlibala Hacızadə var. “Yeni tərcümələr” vaqonunda Azad Yaşar Stefan Sveyqlə yol gedir. “Tənqid və Ədəbiyyatşünaslıq” vaqonunda Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış” pəncərəsindən baxır. Hacı Firudin Qurbansoy “Axtarışlar, tapıntılar” vaqonunda yenə nəsə aşkarlayıb… Bu qatarın sərnişini olmaq üçün jurnalı əldə etməyiniz kifayətdi.
Son illər Azərbaycan xalqının tarixdə yetişdirdiyi qəhrəmanlar barədə məqsədli şəkildə yayılan uydurmalar içində ən çox qıcıq doğuranlardan biri də Qaçaq Nəbinin həyat yoldaşı Həcər xanım haqqında deyilənlərdir. Xüsusilə də “Həcər Nəbinin 40-ı çıxmamış erməniyə ərə gedib, sonra da 7 dəfə ərə gedib” kimi əsassız, heç bir sənəd və mənbəyə söykənməyən iddialar xalqımızın yaddaşına, milli dəyərlərinə atılan çirkabdır.
Əgər kimsə həqiqəti bilmək istəyirsə, ciddi mənbələrə baxmalıdır. Həcər xanım haqqında ən dolğun və dəqiq məlumatı Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi və maarifçi Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsərində tapmaq mümkündür. Bu kitabı yazan şəxs Nəbinin və Həcərin müasiri olub, onların dövrünü görüb və çoxlu şahidlərin xatirələrini qeydə alıb. Orada bircə kəlmə də Həcərin “7 dəfə ərə getməsi” haqqında söz yoxdur. Əksinə, bütün yazılanlardan görünür ki, Həcər Nəbinin ən yaxın silahdaşı, həm həyat yoldaşı, həm fədakar ana, (bu barədə sonra) həm də mübarizə dostu olub.
Bundan başqa da həm sovet dövründə, həm də müstəqillik illərində alimlər və tədqiqatçılar Həcər xanımın həyatını yazıblar. Onlardan əsaslarını qeyd edirəm: 1. Hüseyn Baykara – “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabında Qaçaq Nəbinin mübarizəsini izah edir və Həcəri onun ən yaxın silahdaşı kimi təqdim edir. 2. Rəfail Rüstəmzadə – “Azərbaycan tarixi qəhrəmanlıq dastanları” əsərində Həcərin igidliyini, qadın qəhrəmanlıq ənənələrini zirvəyə qaldırdığını xüsusi vurğulayır. 3. Füzuli Bayat – “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” (2019) monoqrafiyasında Həcərin xalq yaddaşındakı yerini geniş şəkildə göstərir, onu Azərbaycan qadınlarının qəhrəmanlıq simvolu kimi dəyərləndirir. 4. P.Vostrikov – Qori müəllimlər seminariyasının məzunu, Zəngəzur məktəblərinin müdiri olmuş tədqiqatçı, Həcərin döyüşkənliyi və silah işlətməkdəki məharəti barədə yazır. 5. “Qafqaz” qəzeti (1895-ci il, 25 oktyabr) – Həcərin həbsə salınmasına baxmayaraq mübarizəsindən dönmədiyini yazır. 6. Məhəmmədhüseyn Şəhriyar – “Qaçaq Nəbi” şeirində Həcər xalqın qəhrəman qadın simvolu kimi tərənnüm olunur. 7. Mehmet Əl Turan – Qaçaq Nəbi və Həcərin nəticəsi. AZƏRTAC-ın əməkdaşına verdiyi müsahibədə qeyd edir ki, Qaçaq Nəbi və Həcər xanım yalnız döyüş meydanında deyil, ailə həyatı və nəsil davamçılığı ilə də xalqın yaddaşında yaşayırlar. Qaçaq Nəbinin iki oğlu (Əhməd və Xəlil) və bir qızı (Zeynəb) olub; Həcər xanım oğullarına özünün toxuduğu kilimləri verərək yadigar saxlamış və onları Nəbinin yolunu davam etdirməyə təşviq etmişdir. Mehmet Əl Turan Avstraliyada yaşayır və hazırda nəvəsinə Nəbinin adını verib. O, iki il öncə Azərbaycana gələrək Aşağı Molluda Həcərin məzarını ziyarət edib. Onun dediklərinə görə, Həcər xanım Mehmet Əl Turana söyləyib ki, sovet dövründə onların adı hər yerdə yasaq edilib. Mənfur qonşuların (!) səyi ilə yaranan uydurma şayiələr – məsələn, Həcərin 7 dəfə ərə getməsi də buradan qaynaqlanır.
Sərdar Cəlaloğlunun Həcər xanım barədə səsləndirdiyi bu sözlər göründüyü kimi heç bir elmi qaynağa əsaslanmır. Onun cavabı isə bu idi: “Məndən deməkdi, gedin araşdırın də…”
Buyurun, Sərdar bəy, araşdırdıq.
Bunun adı məsuliyyətsizlikdir. Tarixi şəxsiyyətlər haqqında danışanda “dedim, oldu” prinsipi ilə yox, sənədlərlə, mənbələrlə danışmaq lazımdır. Sizin dediklərinizin əksinə, xalqın yaddaşında Həcər xanım həmişə mübariz qadın, Nəbinin silahdaşı kimi qalıb. Onun qəhrəmanlığı dastanlara, şeirlərə, mahnılara düşüb. Hətta “Qaçaq Nəbi” dastanında bəzi yerlərdə Həcərin obrazı Nəbidən də uca tutulur. Çünki xalq onun qəhrəmanlığını, sədaqətini yüksək qiymətləndirib.
Bütün ciddi mənbələrdən aydın görünür ki, Həcər xanım Nəbi şəhid olduqdan (bəli, məhz şəhid. Çünki tarixi mənbələr göstərir ki, Qaçaq Nəbi 1896-cı ildə arxadan pusquya düşürülərək öldürülüb. Bəhlul Behcət, Hüseyn Baykara və digər tədqiqatçılar qeyd edir ki, Nəbinin ölümündə məqsəd xalq arasında onun nüfuzunu azaltmaq və çar hökumətinə xidmət edən erməni və rus dəstələrinin intiqamını almaq idi.) sonra yalnız bir dəfə yaxın qohumuna ərə gedib. Bunun səbəbi də çox sadə idi: xalq arasında “dul qadın” damğasından yaxa qurtarmaq və düşmənlərin böhtanlarına son qoymaq. Bu, həmin dövrün sosial-ictimai mühitindən doğan bir hal idi. Əslində, bu da Həcərin yenə də öz qeyrətini, şərəfini qorumaq üçün atdığı addım idi.
“Həcər 7 dəfə ərə gedib” deyənlər isə xalqın qəhrəman qadın simvolunu aşağılamaq, onu gözdən salmaq istəyənlərdir. Bu, sadəcə, qara piar və xalqın mənəvi dəyərlərinə hücumdur.
*Tarixi faktlar yalnız keçmişi göstərmir, eyni zamanda bu gün üçün də mesaj daşıyır: Qaçaq Nəbinin arxadan pusquya düşürülərək şəhid edilməsi, onun azadlıq mübarizəsini dayandırmaq məqsədini əks etdirirsə, indi də onun və Həcər xanımın yolunu davam etdirənlərin qarşısına daş qoymaq istəyən qüvvələr mövcuddur. Sərdar Cəlaloğlunun uydurma iddiaları da elə bu məqsədə xidmət edir: xalq qəhrəmanlarını gözdən salmaq, onların nüfuzunu zəiflətmək və tarixi yaddaşı təhrif etmək.
Son söz olaraq demək istəyirəm ki, Qaçaq Nəbi və Həcər xanımın adı Azərbaycan xalqının milli yaddaşına qəhrəmanlıq, azadlıq sevgisi, mərdlik və fədakarlıq rəmzi kimi yazılıb. Onların obrazı heç bir yalanla, heç bir uydurma ilə zədələnə bilməz.
Sərdar bəy, unutmayın ki, xalqın yaddaşında yaşayan tarixi şəxsiyyətlər barədə danışmaq məsuliyyət tələb edir. Burada “deyilənlər” yox, yalnız sənəd və fakt danışa bilər. Siz isə Həcər xanım barədə söylədiyiniz cəfəng sözlərə hələ də heç bir mənbə, arxiv, kitab, səhifə göstərə bilməmisiniz. Bəs hanı sübut? Haradadır istinad etdiyiniz qaynaqlar?
Biz xahiş etmirik, tələb edirik: əgər iddianız düzdürsə, fakt gətirin. Əks halda, “Həcər yeddi dəfə ərə gedib” kimi uydurmaların bütün məsuliyyəti yalnız və yalnız sizin üzərinizdə qalır.
Xüsusi qeyd: Əslində, mənim Sərdar Cəlaloğluna hörmətim var, onun siyasi və ictimai fəaliyyəti bəzi sahələrdə dəyərlidir, amma tarixi faktları təhrif edən, xalq qəhrəmanlarını gözdən salan yanlış fikirlərinə etiraz etmək məcburiyyətindəyəm. Bu etiraz həm tarixi həqiqətin qorunması, həm də nəsillərə düzgün irs ötürülməsi üçün vacibdir.
50 yaşlı magistr: İnsanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır
Bəzən insanın ömrü boyu arzuladığı bir iş, illər sonra da olsa, öz yolunu tapır. Artıq 50 yaşını haqlayan Ruhiyyə Dünyamalıyeva üçün də bu belə olub. Uzun illər musiqi müəllimi kimi fəaliyyət göstərən Ruhiyyə xanım həyatın qayğıları, ailə məsuliyyətləri və gündəlik çətinliklərə görə öz arzusundan ayrı qalıb, elə bu ilədək. Hazırda o, Bakı Dövlət Universitetinin Xoreoqrafiya ixtisasına magistr kimi qəbul olub. Öz dilindən bu uğur hekayəsini eşitmək üçün Ruhiyyə xanımın evinə yollandıq. – Ruhiyyə xanım, bu yaşda yenidən tələbə olmaq xəbəri sizə hansı duyğuları yaşatdı? – Bu xəbər, əlbəttə, məndə böyük sevinc və həyəcan yaratdı. Çünki necə ki öyrətməyin yaşı yoxdur bir müəllim üçün, eləcə də öyrənməyin. Və hər yeni mərhələ insana həm motivasiya, həm də özünü sınamaq imkanı verir. Bu addım mənim üçün, sadəcə, bir təhsil deyil, həm də şəxsi inkişaf yolumdur. Özümü yenidən gənc tələbələr arasında görmək xoşdur. Nəzərə alsaq ki, hər yaş qrupundan tələbələrlə çalışıram, amma yenidən illər sonra gənclər arasında gənc tələbə kimi hiss etmək, əlbəttə, bir başqadır. – Bəs magistr təhsili almaq qərarını necə verdiniz? – Uzun müddət düşündüm və sonra anladım ki, biliklərimi daha da təkmilləşdirməliyəm. Qeyd etdiyim kimi, müəllim olmaq axı, sadəcə, öyrətmək deyil, daim öyrənmək də deməkdir. Bu qərarı verərkən, sadəcə, peşəkar inkişafımı deyil, həm də mənə inanan tələbələrimin də inkişafını nəzərə aldım. Eyni zamanda düşündüm ki, öz sevdiyi ixtisasdan uzaqlaşan tanıdığım və tanımadığım tələbələr var ki, bəlkə, bu addımım onlara da bir motivasiya olar. Mənim üçün bu gələcəyə atılan dəyərli bir addımdır. Bu yolda ən böyük dəstəyim, əlbəttə ki, ilk olaraq ailəmdən gəldi. Onların mənə olan inamı məni daha da möhkəmləndirdi. Gənclər arasında yenidən təhsil almaq üçün isə gənc tələbələrimin də dəstəyini hiss etmək mənim üçün çox önəmli oldu. Xüsusilə bəzi tələbələrimi qeyd etmək istəyirəm, mərhum tələbəm Sərvət İbrahimov hər zaman böyük həvəslə mənim qəbul olunmağımı arzulayır, hətta araşdırmalar apararaq məni məlumatlandırırdı. Digər tələbələrim Nicat Əliyev və Aynur Əliyeva da eyni səmimiyyətlə yanımda oldu və hər ikisi mənim bu yoluma əlavə bir pillə qoydular. Bu isə bir müəllim üçün ən qiymətli hədiyyədir. – Ruhiyyə xanım, uyğunlaşmaqda çətinlik çəkəcəyinizi düşünürsünüz? – Əslində, hər bir başlanğıcda müəyyən qədər çətinliklər olur. Amma tədrisə və elmə olan sevgimin bu çətinlikləri asanlaşdıracağını düşünürəm. Müasir gənclərlə bir yerdə oxumaq isə mənim üçün əlavə üstünlükdür. Mən buna bir çətinlik kimi yox, imkan kimi baxıram və inanıram ki, uyğunlaşmaqda problem yaşamayacağam. – Ətrafınızda bu addımı atmağınıza inanmayanlar oldumu? – Bəli, belə fikirlər səsləndirənlər oldu. Onların bir qismi bu yaşda təhsilə qayıtmağın gərəksiz olduğunu, bu yaşdan sonra Bakıya gedərək oxumağın artıq lazımsız və gec olduğunu düşünürdü. Amma mən inanıram ki, insanın məqsədi güclüdürsə, heç bir yaş, heç bir maneə önəm daşımır. Əksinə, deyilən inamsızlıq dolu cümlələr mənə bu yolda addımımı daha möhkəm və inamla atmağa bir növü dəstək oldu desəm, yanılmaram. –Bu uğurunuzla gənclərə hansı mesajı vermək istəyərsiniz? – Mən gənclərə demək istəyirəm ki, təhsil və öyrənmək heç vaxt yarımçıq qoyulmamalıdır. Həyatın hansı mərhələsində olursunuzsa olun, biliklər sizi daha da güclü edəcək. Məqsəd qoymaq və o məqsədə doğru addımlamaq isə ən böyük uğurdur. Heç zaman vaxtı bəhanə etməsinlər, vaxt insanın öz əlindədir. – Sizə “gecdir” deyənlərə nə cavab verərdiniz? – “Gec deyil, əksinə, indi tam vaxtıdır”, – deyərdim. Çünki hər yaşın öz üstünlükləri, öz təcrübəsi var və təhsil bu təcrübə ilə daha da qiymətli olur. Əsas olan ürəkdən istəmək və addım atmaqdır. Həyatda gecikən yeganə şey sınanmayan fürsətlərdir. Mən müəllim olaraq özümü təkmilləşdirməliyəm ki, tələbələrin elm, təhsil yoluna işıq sala bilim. Henri Fordun belə bir sözü ilə məhz elə imtahana hazırlaşdığım zamanda qarşılaşdım: “Öyrənməyi dayandıran insan, istər iyirmi yaşında olsun, istər səksən yaşında – qocadır”. Bu mənə daha da motivasiya verdi. Ruhiyyə xanım göstərdi ki, yaş, sadəcə, bir rəqəmdir, əsl vacib olan isə insanın içindəki sevgidir, istəkdir. O, “Oxumaq üçün artıq gecdir” deyənlərə bir daha sübut etdi ki, arzulamaq üçün heç vaxt gec deyil. Ruhiyyə Dünyamalıyevanın hekayəsi bir daha göstərir ki, həyat yalnız gəncliyin arzuları ilə məhdudlaşmır. İnsanın ürəyində inam və istək varsa, o bir gün öz yolunu tapır. Bəzən illərlə təxirə salınmış xəyalların gerçəkləşməsi daha dəyərli, daha qiymətli olur.
Adına palaz dedi, Ayağımız astına saldı dünyanı… Adına gəbä dedi, Közümüz aldına asdı dünyanı… Dünyamız gəbä qaldı, Biz naxışlarda añlağança… Atam sözün öz tilində jetkizdi bizge Anam… Kime jetti, kime äli jüz jıldan soŋ jetedi… Ärbir halda payda bar Anamnıñ sözünde, Sırlı tarihm jatadı; Anamnıñ är ilmäsinde, Är naxışında, Är palazında, Är gəbäsendä…
Atam sözün cejimlerge toqıp, Xurjundarğa toltırdı Anam… Bala-baqdır sovğat bolsın dep… İlmäsin ilmäsin, färş-färş, xalı-xalı Közümüz aldına jayğan dünyanıñ İpliğin, jünin añlattı Anam… Kim añladı, kim jüz jıldan soŋ añlaydı… Ärbir halda payda bar Anamnıñ sözünde, Sırlı tarihm jatadı; Anamnıñ är ilmäsinde, Är naxışında, Är palazında, Är gəbäsendä…
Ədəbiyyatımızın ən incə və ən müqəddəs mövzularından biri ana obrazıdır. Ana həm həyatın başlanğıcı, həm də övlad üçün müqəddəs dayaqlardan biri kimi həmişə yazıçı və şairlərin diqqət mərkəzində olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən tutmuş Səməd Vurğuna qədər saysız sənətkarlar bu mövzunu poetik gücü ilə işləmişlər. Müasir poeziyada isə Zaur Ustacın “Anam” şeiri (Zaur Ustac – Anam şeiri) bu silsilənin parlaq nümunələrindən biri kimi seçilir.
Şairin “Anam” şeirindəki poetik çalarlar adi bir duyğunun ifadəsi deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır. Ana yalnız bioloji mənada övlad dünyaya gətirən varlıq deyil, həm də dünyanı övladına sevdirən, onu sirli-sehirli həyataın (yaşamın) ecazkar məna çalarları ilə tanış edən, keçmişi və gələcəyi anladan böyük müəllimdir. Şair “palaz” və “gəbə” metaforaları ilə ananın övlad üçün yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan xalqının məişətindən, adət-ənənəsindən gələn məna qatları var. Çünki xalça, palaz, gəbə – həm evin istiliyini, həm də həyatın bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi övladının ayağı altına sərən müqəddəs varlıq kimi təqdim olunur:
Adına palaz deyib, Atdı ayağımızın altına dünyanı… Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı… Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda… Ata sözünü öz dilində çatdırdı bizə Anam…
Şeirdə diqqəti cəlb edən mühüm məqam odur ki, ana övladına yalnız həyat bəxş etmir, həm də sözün, dilin və düşüncənin daşıyıcısıdır. Şair bunu belə ifadə edir: “Ata sözünü öz dilində çatdırdı bizə Anam”. Bu misra həm milli dəyərlərin, həm də mənəvi irsin qorunmasında ananın rolunu açır. Əslində ata ocağının da, ana dilinin də övlad şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici olur:
Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam… Övladlara sovqat olsun deyə… İlmə-ilmə, fərş-fərş, xalı-xalı Gözümüzün önünə sərdiyi dünyanın İpliyi, yunu olduğunu anlatdı Anam…
Zaur Ustacın “Anam” şeiri yalnız fərdi hisslərin təzahürü deyil, həm də kollektiv yaddaşın poetik inikasıdır. Burada ana obrazı təkcə şairin anası deyil, bütövlükdə Azərbaycan qadınının simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını görə bilir, öz həyat yolunda aldığı sevgi və qayğını xatırlayır:
Ərşi ərişlərə köçürdü, Zəmini bükdü dükcələrə… İpin ucunu biləyimizə bağladı, Kələfin ucunu itirməyək deyə… Bir nişanı min dəfə kirkidlədi, Qulağımızda sırğa olsun deyə…. Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam… Simgə-simgə, damğa-damğa Anamın arğacından keçdi dünya…
Maraqlıdır ki, şeirin bədii yükü sadə sözlər üzərində qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu da şairin poetik gücündən xəbər verir. Sadə məişət sözləri – palaz, gəbə, naxış – yüksək poetik assosiasiyaya çevrilir. Beləcə, şair oxucunu gündəlik həyatın içində gizlənən əbədiyyətə aparır:
Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində…
Nəticə olaraq demək olar ki, “Anam” şeiri həm milli, həm də bəşəri dəyərlərin poeziyada təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə ailənin mərkəzi kimi deyil, həm də xalqın yaddaşı, sözün qoruyucusu, mənəvi varislik simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız ədəbi əsər deyil, həm də publisistik gücə malik bir çağırışdır: ananı sevmək, onu ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq.
Zaur Ustacın “Anam” şeiri əsas türk dillərinin əksəriyyətinə uyğunlaşdırılmaqla yanaşı alman, ingilis, ispan, fransız, rus və digər əcnəbi dillərə də tərcümə olunaraq yayımlanmışdır.
Ömrü boyu yol gedirık. Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Fəaliyyətinə nəzər salmaq istəyəndə onun insanlığa xas olan ən vacib xüsusiyyətlərini sadalamaq istəyirik: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan! İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyatsa mübarizədir…
Sadə, mehriban, qətiyyətli, fəaliyyətində Vətənə sevgisi , nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik keyfiyyətlərinin daşıyıcısı, 2000-ci ildən Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Əli qızı Abdullayevanın yubiley yaşı qeyd olunur.
1986-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Yol- inşaat fakultəsini bitirib.
1998-2002-ci illərdə BDU hüquq fakultəsində təhsil alıb.
1985-1993 –cü illərdə Azəraqroyol layihə inşaat birliyində mühəndis vəzifəsində çalışıb.1993-1998-ci illərdə 11 N və 12 N Rayonlararası İstismar Təmir Tikinti Trestində mühəndis vəzifəsində, 1998-ci illərdə Azərbaycan Respublikası Qizil Aypara Cəmiyyətində,Yasamal rayon icrayə Komitəsində sədr müavini vəzifəsində işləyib.1999-2005- ci illərdə Vektor Beynəlxalq Elm Mərkəzində,Beynəlxalq layihələr üzrə direktor vəzifəsində çalışıb.
anıdığımız, daim təmasda olduğumuz insanların iç dünyası, daxili aləmi, istək və arzularını haqqında bilgilər onların həyat hekayəsinı bizlərə açıqlayır. Keçdiyi həyat yolları haqqında Mehriban xanım Əli qızı Abdullayevanın həyat hekayəsi müxtəlif rakurslardan onu görmək imkanı verir. İnsanın vətən sevgisi, Yaradanın yaratdıqlarına olan sevgisi daha güclü olur. Vətəndaş mövqeyi, İnsanlığın xilasına xidmət, İlahi Eşq daşıyıcısı kimi, ətrafında olan sağlam düşüncəli, Vətən sevdalı gənclərlə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət göstərməsi, daim onların yanında olması onun iç dünyasından gəlir! Sağlam düşüncə, xeyrhaqq xislət, məram, məqsəd, əməl və xidmət onun həyat fəaliyyətinin əsas göstəricisidir. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Amma hər kəsin ürəyində bir arzusu olur! Hər dəfə ötən günləri yada salanda xatirələr adamı doğma yerlərə çəkib aparır. Yaşa dolduqca həmin xatirələr daha da şirinləşir, doğmalaşır insan üçün. Elə bir insan yoxdur ki, uşaqlıq, gənclik illərini xatırlamasın, şirin xəyallarının qanadlarında dolanmasın. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Yubiley yaşlarıda bu yaşlara daxildir. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi yaşlandıra bilməz. İnsan yaşadıqca həyatdan gözləntiləri, arzuları da yenilənir, istəkləri bitib tükənmir. Hər yaşın öz gözəlliyini unutmamalıyıq. Siz daim özününüzü cavan, gümrah və xoşbəxt hiss etsəniz heç bir yaş sizi qocaldabilməməz.Mehriban xanımın 2 övladı, 3 nəvəsi var.
Azərbaycan ədəbiyyatında təbiət motivləri həmişə xüsusi yer tutub. Çünki bu torpağın dağları, düzləri, çayları, meşələri yalnız coğrafi məkan deyil, həm də milli kimliyimizin, yaddaşımızın ayrılmaz hissəsidir. Xalqımız əsrlər boyu dağlarla nəfəs alıb, dağlara söykənib, dağlardan güc alıb. Bu baxımdan müasir ədəbiyyatımızda dağ obrazını canlı şəkildə yaşadan şairlərdən biri də Zaur Ustacdır.
Zaur Ustac üçün dağ yalnız fiziki məkan deyil, həm də milli dirənişin, əzəmətin, ucalığın və əbədi mövcudluğun simvoludur. Onun poetik dünyasında dağlar həm qəhrəmanlıq tariximizin şahidi, həm də xalqımızın sərt, dözümlü xarakterinin təcəssümüdür. O, dağlara baxanda yalnız qayaları, zirvələri deyil, həm də o zirvələrin qoynunda yaşanan həyat hekayələrini, unudulmaz taleləri, igidlik dastanlarını görür:
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
Ustacın dağlara yanaşmasında publisistik ruh da hiss olunur. Çünki o, dağlara təkcə şair gözü ilə baxmır, həm də ictimai-siyasi məna axtarır. Azərbaycan reallığında dağ həm işğalın acısını, həm də azadlığın sevincini simvolizə edir. Bu baxımdan Zaur Ustacın yaradıcılığında dağ obrazı bir çağırışdır – “özünə qayıt, gücünü tanı, dağların təkcə daşdan yox, ruhdan ibarət olduğunu unutma!”
Ədəbiyyatın gücü ondan ibarətdir ki, oxucunun hisslərinə toxunaraq onu düşündürür. Zaur Ustac dağları vəsf etməklə oxucunu həm təbiətlə, həm tarixlə, həm də öz mənəvi kökləri ilə birləşdirir. Onun qələmi ilə yazılan dağ obrazı təkcə gözəlliyin təsviri deyil, həm də dirənişin fəlsəfəsidir.
Beləliklə, Zaur Ustacın yaradıcılığında dağlar milli yaddaşın, vətən sevgisinin, mübarizə əzminin canlı simvolu kimi təqdim olunur. Bu dağlar yalnız təbiət mənzərəsi yox, həm də xalqın ruhunu daşıyan əbədi dayaqlardır.